Məhkəmə qərarları › İş №1(010)-47/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-47/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-47/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 27 – xx xxxxx 2020-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin xx xxxxx 2020-i il tarixli qərarı ilə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həmin qətimkan tədbir dəyişdirilmədən saxlanılıb) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı X3 05 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,239 qr təşkil edən qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək özündə saxlamış, xx xxxxx 2020-ci ildə saat 13 radələrində Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü kağıza bükülmüş halda aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxxx 2020-ci ildə saat 13 radələrində əvvəllər də özü üçün narkotik vasitə aldığı, ünvan 2 ünvanında yaşayan Nurəlinin evinə getmişdir. Çatdıqda Nurəli onu evə dəvət etmiş, o, isə narkotik vasitə almaq üçün gəldiyini bildirmişdir. İçəri daxil olduqda görmüşdür ki, Əmircan qəsəbəsində yaşayan, narkotik vasitə aludəçisi olan və daha əvvəldən tanıdığı Famil də Nurəlinin evindədir. Daha sonra ora Nurəlinin əmisi oğlu Qadir, sonradan isə Mahir də gəlmişlər. Qeyd edir ki, həmin adamlar da Nurəlidən narkotik vasitə almaq üçün gəlmişlər. O, Nurəliyə 05 manat vermiş, bunun müqabilində Nurəli ona evindəki kiçik masanın üzərində olan bükümlərdən birini vermişdir. Həmin narkotik vasitəni sonradan istifadə etməsi üçün əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş, lakin Mahir, Famil və Qadirin narkotik vasitə aldıqlarını görməmişdir. Nurəlidən narkotik vasitəni aldıqdan sonra çıxıb getmək istədiyi vaxt mənzilə mülki geyimli şəxslər daxil olmuş və özlərini təqdim edərək, Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərin tələbi ilə o, Qadir, Famil, Mahir və Nurəli özlərini təqdim etmişlər. Sorğu-sual zamanı Nurəli narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etmiş, o, Qadir, Mahir və Famil isə bildirmişlər ki, bura Nurəlidən narkotik vasitə almaq üçün gəliblər. Daha sonra Nurəli mənzilindəki kiçik masanın üzərində olan 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə olan bükülünü, 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan bükülünü, 1 ədəd kibrit qutusunda yaşıl rəngli ot şəkilli narkotik vasitə olan nəşəni təqdim etmişdir. O, həmçinin masanın üzərində olan iki ədəd kiçik tərəzini də göstərib, həmin tərəzilərdən narkotik vasitələri satarkən istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlər və tərəzilər qablaşdırılaraq götürülmüş, həmçinin, Nurəlinin icazəsi ilə polis əməkdaşları onun mənzilinə baxış keçirmiş, lakin mənzildən başqa qanunsuz heç nə aşkar etməmişlər. Bununla bağlı polis əməkdaşları protokol tərtib etmiş, ucadan oxunduqdan sonra həmin protokol o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Nurəlinin mənzilində polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Bundan sonra, polis əməkdaşları, onu, Qadiri, Famili, Mahiri və Nurəlini Suraxanı Rayon Polis İdarəsinə dəvət etdilər. Suraxanı Rayon Polis İdarəsində xidməti otaqların birində onun, Qadirin, Mahirin və Familin üzərinə ayrı-ayrılıqda baxış keçirilmiş, onun üzərinə videoçəkilişdən istifadə olunmaqla keçirilmiş baxış zamanı o, bir qədər əvvəl Nurəlidən 05 manata aldığı və əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə olan narkotik vasitəni polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin 1 ədəd büküm qablaşdırılaraq götürülmüş, keçirilmiş baxışla bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, o, və digər iştirakçılar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin NMB-nə Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 2, mənzil 34-də qeydiyyatda olan, Əmircan qəsəbəsi, Sabir küçəsi, dalan 3, ev 5-də yaşayan X4 yaşadığı ünvanda narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat Rayon Polis İdarəsinin rəisinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunaraq əməliyyat qrupunun yaradılması barədə əmr verilmişdir. xx xxxxx 2020-ci ildə əməliyyat qrupunun üzvləri ilə birlikdə X4 yaşadığı Əmircan qəsəbəsi, Sabir küçəsi, dalan 3, ev 5 ünvanına yaxınlaşmış, video çəkilişdən də istifadə olunmaqla X4 yaşadığı evin qapısını döymüşlər. Nurəli Ağayev qapını açdıqdan sonra polis əməkdaşları xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, həmin şəxsin X5 olduğunu dəqiqləşdirdikdən sonra ona narkotik vasitələrin qanunsuz satışında şübhəli bilindiyini və evə baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. Nurəli Ağayev buna etiraz etməmiş, şifahi razılıq verərək sonradan bununla bağlı ərizə yazmışdır. X1 iştirakı ilə ünvan 2 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Müəyyən etmişlər ki, evdə Nurəlidən başqa dördə nəfər də var. Onlar xidməti vəsiqələrini göstərməklə özlərini həmin şəxslərə də təqdim etmiş, sonuncular müvafiq suallara cavab olaraq bildirmişlər ki, Nurəlidən narkotik vasitə almaq üçün gəliblər. Otaqda sol tərəfdə olan taburetin üzərində iki ədəd elektron tərəzi, siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində narkotik vasitəyə bənzər maddə olan iki ədəd büküm, şəffaf sellofana bükülmüş, içərisində narkotik vasitəyə bənzər bir ədəd büküm və içərisində ot şəkilli narkotik vasitəyə bənzər kütlə olan bir ədəd kibrit qutusu aşkar edildi. Bundan sonra evdən aşkar edilərək götürülmüş narkotik vasitələr və iki ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Sonda isə X4 evinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar doğruluğunu imzaları ilə təsdiq etmişlər. Saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə gətirilmiş şəxslərdən biri Təqsirləndirilən şəxs üzərinə xidməti otaqlardan birində çəkilişlə baxış keçirilmiş, ondan üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. O, da öz növbəsində əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olan bir ədəd bükümü təqdim etmiş və həmin 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini isə bir qədər əvvəl Nurəlidən 5 manata öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. xx xxxxx 2020-cı il tarixli 6/563 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,239 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir». xx xxxx 2020-ci il tarixli 1486 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində iki nəfər azyaşlı uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 20.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkomaniyadan müalicə kursunu keçmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,169 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 – xx xxxxx 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 20.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkomaniyadan müalicə kursunu keçmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,169 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar