Məhkəmə qərarları › İş №1(010)-47/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-47/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-47/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, nömrəsiz evdə yaşayan, 11 – 13 avqust 2021-ci il tarixləri üzrə tutulmuş, 13 avqust 2021-ci ildə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və 21 aprel 2022-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,268 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində gizlədərək saxlamış və 11 avqust 2021-ci il tarixdə saat 16:30-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1-də saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gətirilərək, orda üzərinə keçirilmiş baxış zamanı, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0,268 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 8 ilə yaxındır narkotik vasitə heroin qəbul edir. Onu həmin pis vərdişlərə bibisi oğlu X1 edib. Özü Suraxanı rayonu 6-cı Mədən küçəsində olan Ramin adlı qaraçı oğlandan heroin alır. Axırıncı dəfə yenə də Ramindən bir büküm heroin almışdır ki, qəbul etsin. 11 avqust 2021ci ildə saat 16:30 radələrində Suraxanı rayonu, Yeni Günəşəli qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1 ünvanında yerləşən evinin yanında olduğu vaxt ona mülkü geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədi olmadığından, üzərində narkotik vasitə olduğu üçün qorxub özünü şübhəli aparmışdır. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasının otaqlarının birində ona hüquqlarını izah etmişlər. Polis əməkdaşları üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. O, bir neçə gün bundan əvvəl Ramindən yaşadığı 6-cı Mədən küçəsində almış olduğu və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən saxlamış olduğu bükümü həmin yerdən çıxarıb büküm halında təqdim etmişdir. Həmin narkotik vasitə onun gözünün qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir. 11 avqust 2021-ci ildə 33-cü polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupunun üzvü 33-cü polis bölməsinin sahə inspektoru Şahidla birlikdə 11 avqust 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1-in yaxınlığında mövqe tutmuşlar və qeyd edilən ünvanı müşahidəyə götürmüşlər. Təxminən 16:30 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs adlı şəxsin həmin Yeni Günəşli yaylası, döngə 1-in yaxınlığında görmüşlər və piyada döngə ilə hərəkət edərək ona yaxınlaşıb polis vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini, üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat verməsini tələb etmişlər. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək şübhəli aparmış və üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət olunmuşdur. Suraxanı RPİ-in 33-cü polis bölməsinin inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları izah edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün 09 saylı vəkil bürosundan növbətçi vəkil dəvət olunmudur. Sonradan təqsirləndirilən şəxsin üzərinə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmiş, ona təklif olunmuşdur ki, üzərində gəzdirilməsi qanunla qadağan olunan əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə olan bağlamanı təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirən zaman orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan «heroin» olmasını və həmin heroini özü qəbul etmək məqsədi ilə bir müddət öncə Suraxanı rayonu, 6-cı Mədən küçəsində yaşayan Ramin adlı qaraçı oğlandan 1 bükümü 10 manat olmaq şərti ilə almasını bildirmişdir. Həmin kütlə qablaşdırılmış, bağlama baxışda iştirak etmiş şəxslər və üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif yaxud vəsatət daxil olmadığı üçün protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 12 avqust 2021-cı il tarixli 6/3443 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 171” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş......” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,268 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir». 07 sentyabr 2021-cı il tarixli 3307 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində birinci qrup əlil olan 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,228 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 – 13 avqust 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 21 aprel 2022-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 02 (iki) ay 08 (səkkiz) gün (ümumilikdə 02 (iki) ay 10 (on) gün) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,228 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar