Məhkəmə qərarları › İş №1(010)-470/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-470/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-470/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 iyul 2023-cü il tarixdə, saat 12:20-də, Bakı şəhərində 13 avqust 1971-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, heç bir yerdə işləməyən, evli, natamam orta təhsilli, İİİ qrup əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 02 may 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)- 188/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı ilə barəsində 02 avqust 2023-cü il tarixədək 03 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-470/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd №-si silinmiş odlu silah hesab edilən, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, 5,6mm kalibirli olmaqla zavod üsuslu ilə “Tula” silah zavodunda 1960-cı ildə istehsal olunmuş, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, öz təyinatını itirmiş TOZ-16 modelli sürgülü ov karabinini və zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli olmaqla “Marqoin” konstruksiyalı tapancalardan və “TOZ” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 12 ədəd patronu qanunsuz olaraq əldə edərək daşımaqla yaşadığı evdə saxlamış, 02 may 2023-cü il tarixdə saat 13:00 radələrində Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı odlu silahın, döyüş sursatının saxlanmasında və gəzdirilməsində şübhəli bilinərək yaşadığı həmin ünvanın yaxınlığında saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin inzibati binasına aparılaraq üzərinə şəxsi axtarış keçirildikdən sonra əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zamanı evin taxta döşəməsinin alt hissəsindən göy rəngli köynəyə bükülmüş həmin bir ədəd №-si silinmiş odlu silah hesab edilən, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, 5,6mm kalibirli olmaqla zavod üsuslu ilə “Tula” silah zavodunda 1960-cı ildə istehsal olunmuş, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, öz təyinatını itirmiş TOZ-16 modelli sürgülü ov karabinini və zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli olmaqla “Marqolin” konstruksiyalı tapancalardan və “TOZ” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 12 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 1 il bundan öncə ailəsi ilə birlikdə yaşadığı Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 17B ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş vermişdir. Həmin yanğından sonra qeyd olunan ünvanda tək yaşamağa başlamışdır. 03 may 2023-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı ünvan 8-nin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli olduğumu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişdirlər. Burada o dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə odlu silah olduğunu səmimi olaraq etiraf etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və heç nə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə gəlmiş və otaqların birində döşəmənin alt hissəsində gizlətdiyi göy rəngli köynəyə bükülmüş TOZ-16 modelli odlu silahı və rəngli qutunun içərisində olan 12 ədəd patronu təhqiqatçıya təqdim etmişdir. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş TOZ modelli silahı ilə birlikdə 12 ədəd patronun özünə məxsus olduğunu, təqdim etdiyi qundağı və lüləsi kəsilmiş TOZ modelli silah ilə birlikdə 12 ədəd patronu təxminən 1 il əvvəl Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində dənizkənarından taparaq yaşadığı evdə gizlətdiyini bildirmişdir. Yaşadığı evdən aşkar olunmuş TOZ modelli silahı ilə birlikdə 12 ədəd patron möhürlənərək götürülmüşdür. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında qismində ifadə vermiş Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı. Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 8-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahın dövriyyəsi ilə məşğul olması və hazırda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsində olması, üzərində və ya yaşadığı evdə odlu silah olması barədə məlumat alıb dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsi ünvanına getmişdir. Həmin vaxtı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsində dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona qanunsuz odlu silahın dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 32-ci PB-nə gəlmişdir. Bundan sonra Suraxanı RPİ-nin 32-ci PBnin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan odlu silah, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Sonuncu da yaşadığı ünvan 7 ünvanında odlu silah saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı Təqsirləndirilən şəxs bir hissəsi olmayan taxta döşəmənin alt hissəsindən açıq göy rəngli köynəyə bükülmüş vəziyyətdə olan odlu silahı və rəngli qutunun içərisində olan 12 ədəd patronu təqdim etmişdir. Bundan başqa evə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı 1 il əvvəl Mərdəkan qəsəbəsi ünvanında yerləşən dənizkənarından tapdığını və silah xoşuna gəldiyi üçün patronlarla birlikdə götürərək özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evindən götürülümüş lüləsi və qundağı olmayan odlu silah və 12 ədəd patron qablaşdırılıb imzalanmış, bu barədə protokol tərtib olunmuş, protokolda yazılanların düzgünlüyü imzalarla təsdiq edilmişdir. Cinayət işinin ibtidai istintaql zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ilə eyni məzmunlu ifadələr vermişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 may 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmur. Lakin Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində odlu silah saxladığını etiraf edir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs otaqların birində döşəmənin alt hissəsində gizlətdiyi göy rəngli köynəyə bükülmüş TOZ-16 modelli odlu silahı və rəngli qutunun içərisində olan 12 ədəd patronu təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi TOZ-16 modelli odlu silah və rəngli qutunun içərisində olan 12 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. İş materiallarına əlavə edilmiş “Diskə baxış keçirilməsi haqqında” protokoldan, məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Əsgər Bayraməliyevin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında odlu silah saxladığını etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və cinayət təqibi üzrə sübut ola biləcək digər əşya və maddələr aşkar edilmir. İş materiallarına əlavə edilmiş “Diskə baxış keçirilməsi haqqında” protokoldan, məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, polis əməkdaşları ünvan 9 ünvanındakı fərdi yaşayış evinə baxış keçirir. Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Əsgər Bayraməliyevin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs bir hissəsi olmayan taxta döşəmənin alt hissəsindən açıq göy rəngli köynəyə bükülmüş vəziyyətdə olan odlu silah və rəngli qutunun içərisində olan 12 ədəd patronu təqdim edir. Aşkar edilmiş odlu silah və patronları qablaşdırılaraq götürülür. Bundan başqa evə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilmir. İş materiallarında olan ballistik ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/340 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, “Tula” silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 5,6 mm kalibirli TOZ-16 modelli sürgülü ov karabinidir, yivli odlu silahdır. Həmin silah quş və xırda heyvanlar ovlamaq üçün nəzərdə tutulmuşdur. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 5.6mm kalibrli yivli ov karabinin kəsiyidir. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 12 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “TOZ” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatı sayılır, istifadə və atəş üçün yararlıdır. Bundan əlavə qeyd edilmişdir ki, Tədqiqata təqdim edilmiş 12 ədəd patronlardan 05 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.120.1ci maddəsi ilə təqsirli bilinib 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi Cinayət Məcəlləsinin 128.1-ci maddəsinə tövsif edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, hazırda məhkumluğunun olmamasını, 05 noyabr 1993-cü ildən 16 aprel 1994-cü ilə kimi Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsini, müharibədə iştirak səbəbi ilə İİİ qrup əlil olmasını, həyat yoldaşının yaxın zamanda vəfat etməsini, himayəsində olmuş uşağının yenicə yetkinlik yaşına çatmasını, çətin həyat şəraitini, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 1993-cü ildən 16 aprel 1994-cü ilə kimi Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan 130949 saylı əlilliyə dair vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibədə iştirak səbəbi ilə İİİ qrup əlildir. İş materiallarında olan AZ-İİ seriyalı 344499 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 11 iyul 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X3 ilə birgə nikahlarından 27 aprel 2005-ci il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsinin yandığı müəyyən edilmişdir. Törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını, 05 noyabr 1993-cü ildən 16 aprel 1994-cü ilə kimi Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsini, müharibədə iştirak səbəbi ilə İİİ qrup əlil olmasını, həyat yoldaşının yaxın zamanda, 11 iyul 2023-cü il tarixdə vəfat etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 02 may 2023-cü il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 may 2023-cü il tarixli qərardan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-188/2023 saylı, 04 may 2023-cü il tarixli və 1(010)-470/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddələri ilə ittiham elan edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-188/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-470/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-188/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı ilə ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 24 (iyirmi dörd) gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan 05 (beş) ay 18 (on səkkiz) gün çıxılmaqla onun üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin saxlanılmasına zərurət olmadığını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, təqsirləndirilən şəxs seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd 5,6 mm kalibirli TOZ-16 modelli yivli odlu silahı və ekspertiza tədqiqatında qalıq qalmış 07 ədəd patron Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir gününə iki gün hesabı ilə hesablanaraq ümumilikdə 05 (beş) ay 18 (on səkkiz) gün müddət Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 06 (altı) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 01 ədəd 5,6 mm kalibirli TOZ-16 modelli yivli odlu silahı və ekspertiza tədqiqatında qalıq qalmış 07 ədəd patron dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar