Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-470/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə saat 13.01 dəqiqədə “B” kateqoriyalı AD 224510 nömrəli sürücülük vəsiqəsi ilə, AE 153214 nömrəli qeydiyyyat şəhadətnaməsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BAİC” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtmobillə Bakı şəhəri, Suraxanı rayonu, Hatəm Allahverdiyev küçəsi, Şəhid Abidəsinin qarşısı ilə Hövsan qəsəbəsi istiqaməti ilə 40-45 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub yolu sağdan sola Şəhid Abidəsi tərəfdən digər tərəfə keçmək istəyən piyada xx.xx.1938-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ tərəfi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs travmatik şokla müşayiət olunan sağ bud sümüyü boynunun qapalı yerdəyişməli sınığı və həmin səviyyədə yumşaq toxumanın qançırı, başın alın nahiyəsinin əzilmiş yarası, qaşarası nahiyənin və burunun sıyrıqları; sağ bazunun sağ diz oynağı nahiyəsinin sağ baldırın və sağ aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq 02 fevral 2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən X9 ölümünüə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11 illik məktəbi Hövsan qəsəbəsində 76 nömrəli məktəbdə Azərbaycan sektorunda oxumuşdur. Subaydır, milliyətcə Azərbaycanlıdır. Azərbaycanca sərbəst yazmağı və oxumağı bacarır. ** ZT *** dövlət qeydiyyat nişanlı “BAİC” markalı avtomobil ona məxsusdur. Texniki şəhadətnaməsi onun öz adınadır. Sürücülük vəsiqəsini 2020-ci ildə almışdır. Sürücülük vəsiqəsi “B” kateqoriyalıdır. 02 fevral 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 5 ünvanından çıxıb qeyd etdiyi özünə məxsus “BAİC” markalı avtomobillə Hövsan qəsəbəsinə gedərkən saat 13:00 radələrində Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində Şəhidlər Abdisənin qarşısı ilə hərəkət etmiş, hava açıq, yer quru olmuşdur. Təxminən 40-45 km saat sürətlə hərəkət etmiş, həmin yol iki istiqamətli, lakin bir zolaqlı olmuşdur. Qarşısında olan 103 nömrəli marşrut avtomobili ani olaraq sərnişin dayanacağında saxlamışdır. Avtobus dayandıqda o gözləmiş və həmin avtobusu öz hərəkət zolağı ilə keçdikdən sonra 40-45 km saat sürətlə hərəkət edərkən abidənin qarşısında ani olaraq avtomobilin nəyəsə çırpıldığını müşahidə etmişdir. Dərhal avtomobili saxlamışdır. Avtomobildən düşdükdə avtomobildən arxa tərəfdə bir nəfər yaşlı şəxsin yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Dərhal DİN-nin 102 çağrı mərkəzinə zəng etmişdir. Sonra ətrafdakı şəxslərdən biri təcili tibbi yardımın çağrı mərkəzinə zəng etmişdir. Hadisə yerinə xalasının əri gəlmişdir. Təcili tibbi yardım maşını həmin şəxsi xəstəxanaya aparmışdır. Xalasının əri də onlarla getmişdir. O özü hadisə yerində polis əməkdaşlarını gözləmişdir. Günorta vaxtı olduğundan, yol düz və hamar olduğundan və qarşısında hər hansı avtomobil olmadığından qarşını aydın görmüşdür. Toqquşduqdan sonra avtomobilinə nəyinsə çırpıldığını hiss etmiş, vurmamışdan qabaq və vurarkən onu görməmişdir. Fikirli olduğundan və ya görmə bucağından bir qədər kənarda olduğundan yalnız Zərərçəkmiş şəxs görməmiş, maşından düşdükdən sonra, yəni Zərərçəkmiş şəxs hadisədən sonra görmüşdür. Avtomobili ilə təxminən 40-45 km saat sürətlə hərəkət etmişdir. Avtomobil həmin vaxtı saz vəziyyətdə olmuşdur. Yol işıqlı, hadisə baş verən yerdə yol örtüyü quru asfalt olmuşdur. Sağında avtobus görmə sahəsini məhdudlaşdırmış, avtobusu ötdükdən sonra, öz zolağı ilə hərəkət edərkən həmin hadisə baş vermişdir. O, həmin yaşlı şəxsi hadisədən əvvəl və hadisə baş verərkən görməmişdir. Yalnız avtomobilə nəyinsə çırpıldığını hiss etmişdir. Səhhətində hər hansı bir problem olmamışdır. O, həmin avtomobili öz adına olan texniki şəhadətnamə əsasında idarə etmişdir. Hadisə yerində olanların heç birini tanımır. Avtomobilində hər hansı yük və ya əşya olmamışdır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Sonda hadisənin bilərəkdən olmadığını bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, 02 fevral 2025-ci il tarixdə Suraxanı rayonu, Hatəm Allahverdiyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən 02 fevral 2025-ci ildə xəstəxanada ölmüş Zərərçəkmiş şəxs onun atasıdır. Atası xx.xx.1938-ci il təvəllüdlüdür və 1997-ci ildən ailəli olduğu Gülşən Kərimova ilə birlikdə ünvan 6 ünvanında yerləşən həyət evində yaşayır. Atası təqaüdçü olmuş, 02 fevral 2025-ci il tarixdə təxminən saat 13 radələrində atasının arvadı Gülşən Osmanova ona zəng edərək, atasını yaşadığı evin yaxınlığında, Hatəm Allahverdiyev küçəsində maşın vurduğunu, təcili tibbi yardımın Zərərçəkmiş şəxs X10 apardığını bildirmişdir. O, dərhal dostu ilə həmin xəstəxanaya getmişdir. X10 gəldikdə atası Zərərçəkmiş şəxs sağ olduğunu görmüşdür. Zərərçəkmiş şəxs maşınla ehtiyatsızlıqdan vurmuş Təqsirləndirilən şəxs qohumları da xəstəxanada olmuşdur. Atasının alınının sol hissəsində təxminən 7 santimetr diametrli 1 santimetr qalınlığında dəri altı qan yığılması, yəni hematoma olduğunu görmüşdür. Ayağının da normal vəziyyətdə olmadığını görmüşdür. Həkim onun reanimasiyaya yerləşdirilməli olduğunu bildirmiş, reanimasiyaya aparmışlar. Yarım saat sonra həkim atasının vəfat etdiyini bildirmişdir. Məhkəmə-tibb ekspertizası müayinəsindən sonra meyiti qəbul edib ertəsi gün qəbristanlıqda dəfn etmişlər. O, xəstəxanada öz qohumları tərəfindən bildirilənlərə əsasən atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğunu, hadisə baş verdikdən sonra təcili tibbi yardım çağıraraq hadisə yerində gözlədiyini öyrənmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, iş icraata qəbul edilmişdir (i.v. 01); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsidir. Baxış günəşli havada aparılmışdır. Hadisə yeri yaşayış məntəqəsidir. Yolun hərəkət hissəsi düzdür. Örtük asfalt betondur və qurudur. Yol örtüyünün eni 12 metr, hərəkət zolaqlarının sayı 1-dir, hərəkət hissəsinin eni 6 metrdir. Hərəkət hissədə nəqliyyat oxunu ayırmaq üçün uzununa nişanlama xətti vardır. Sürücü yerindən faraların işığında görünüş məsafəsi gün işığında 200 metrdir. Toqquşma yeri Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Abidənin qarşısı Hövsan istiqaməti səkidən 2 metr məsafədədir. Piyadanın hadisədən əvvəlki hərəkət istiqaməti – Abidədən Hövsana doğru yolun hərəkət hissəsindən qarşı tərəfə doğru hərəkətdə etmişdir. Nəqliyyat vasitəsi piyadanı vurduqdan sonra yolun orta hissəsində dayanmışdır. Şin izi, tormozlama izi, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələri və ətrafdakı əşyalara toxunma izləri yoxdur. Səkidən 2 metr məsafədə zərərçəkmişin qan izi vardır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 6-15); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, xetçbek tipli, J00998 mühərrikli, qırmızı rəngli, 99ZT026 dövlət qediyyat nişanlı, «BAİC» minik markalı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir (i.v. 20); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 tərəfindən verilən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2025-ci il tarixli, 1/1060 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur (i.v. 21); ifadənin hadəsə yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadəsə yerində yoxlanılmış, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 22-25); baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, «BAİC» minik markalı, 99ZT026 dövlət qediyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, avtomobil qırmızı rəngli, kuzovu xetçbek tiplidir. 2014-cü il buraxılışlı, ban nömrəsi LNBSCBAJ7ER422887-dir. Qapıların sayı dörddür. Avtomobilin qabaq sağ hissəsində buferin küncünün, sağ künc hissədə yerləşən faranın şüşəsinin qırıldığı, avtomobilin ön şüşəsinin sağ hissəsində böyük ölçülü çatların yarandığı görünür. Qabaq kapotun ön sağ hissəsində kapotda batıqların və əzilmiş hissələrin olması müşahidə olunur. Avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 26-30); ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə travmatik şok səbəbindən ölmüşdür (i.v. 31); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X2 Nadir İmaməli oğlunun hüquqi varisi qismində tanınmışdır (i.v. 34); X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət yoxdur (i.v. 41); Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olan AD224510 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır (i.v. 44); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 46); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 xx.xx.2025-ci il tarixli, 17 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər: Travmatik şokla müşayiət olunan sağ bud sümüyü boynunun qapalı yerdəyişməli sınığı və həmin səviyyədə yumşaq toxumanın qançırı. Başın alın nahiyyəsinin əzilmiş yarası, qaşarası nahiyənin və burunun sıyrıqları; sağ bazunun, sağ diz oynağı nahiyəsinin, sağ baldırın və sağ aşıqbaldır oynağı nahiyəsinin qançırları, sol diz oynağı nahiyəsinin və sağ aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də yol nəqliyyat hadisəsi şəraitində xəstəxanaya gətirilməzdən (xx.xx.2025-ci il. Saat 13:15) az əvvəl avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlərlə əlaqədar baş vermiş travmatik şok olmuşdur. Ölüm xəstəxanada xx.xx.2025-ci il tarixdə saat 13.15-də baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqi nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşudu törəmələri, noksiron, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v. 50-54); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 55); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 61); diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində baş verən hadisənin videogörüntüləri DİN-nin X4 Xidməti tərəfindən təqdim olunmuşdur. Həmin videogörüntüyə şahid qismində Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü 02 fevral 2025-ci il tarixli və 16 dəqiqə 01 saniyədən ibarətdir. Saat 13:01:25ci saniyədə qırmızı rəngli avtomobilin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi ilə Hövsan qəsəbəsi istiqamətində hərəkət etdiyi, Zərərçəkmiş şəxs da həmin küçədə Abidənin qarşısında, səkinin piyadalar üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkət etdiyi görünür. Həmin vaxt qırmızı rəngli avtomobil Zərərçəkmiş şəxs təxminən 150 metr aralıda avobusun arxasındadır. Saat 13:01:28 saniyədə qırmızı rəngli avtomobil avtobusu sol hissəsindən ötür düz yolla sərbəst hərəkətinə davam edir. Saat 13:01:32 saniyədə Zərərçəkmiş şəxs yolun Abidə olan hissəsindən yola doğru hərəkətə başlayır. Zərərçəkmiş şəxsla qırmızı rəngli avtomobil arasında məsafə ən azı 20 metrdən az deyil. Zərərçəkmiş şəxs asta addımlarla yolun qarşı tərəfinə doğru hərəkət edir. Zərərçəkmiş şəxs yolun mərkəzinə doğru bir qədər asta sürətlə hərəkət etdikdən sonra saat 13:01:36 saniyədə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində, Abidənin qarşısında yolun Hövsan qəsəbəsi istiqaməti hərəkət hissəsində BAİC markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı qırmızı rəngli avtomobillə Zərərçəkmiş şəxs toqquşması hadisəsi baş verir. Zərərçəkmiş şəxsla qırmızı rəngli avtomobilin sağ ön hissəsi toqquşur və həmin avtomobil təxminən 10 metr irəlidə yolun sağ hissəsində dayanır. Zərərçəkmiş şəxs toqquşmadan sonra hərəkətə başladığı hissəyə səkinin kənarına düşür. Zərərçəkmiş şəxsla toqquşan qırmızı rəngli avtomobildən əynində krem rəngli idman geyimi olan gənc qadın avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşır. Bundan sonra digər şəxslər də, maşınlar da həmin yerdə dayanaraq köməyə gəlirlər. Videonun sonuna yəni 13:15:02 dəqiqəyə qədər qırmızı rəngli avtomobilin və həmin qadının hadisə yerində gözləməsi müşahidə olunur (i.v. 63); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 67); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025ci il tarixli, 8/1036 nömrəli yol-nəqliyyat hadisələri ekspertizasına dair rəyindən görünür ki, BAİC markalı, 99ZT026 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 69-72); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 73); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 75); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 99); toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış materiallar – təqsirləndirən şəxsin etirafedici ifadəsi və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, diskə baxış protokolu, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri sübut kimi qiymətləndirilmişdir (i.v. 100- 106); zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən və eyni zamanda notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən bir neçə halın olması qarşılığında ağırlaşdıran heç bir halın olmaması vəziyyətində ona maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi ədalətli və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmazdı. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 150 (yüz əlli) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyinə görə maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hadisənin baş vermə anının videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınsın və cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-470/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-470/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver