Məhkəmə qərarları › İş №1(010)-473/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-473/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-473/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X17 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X6 və onun qanuni nümayəndəsi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X15, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, “Mərkəzi Bank”-da menecer işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 07 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 may 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 03 mart 2025-ci il tarixdə, axşam saatlarında ünvan 3 ünvanında yerləşən X1 yaşadığı mənzildə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı Gülbəyaz Məhərrəmovanın qəsdən sol qoluna və ayaqlarına bir neçə yumruq və təpik zərbələri vurmaqla mənzildə olan bıçaq ilə sonuncunun kürək və bilək nahiyələrinə vuraraq sol bazunun bayır səthinin yumşaq toxumasının hematoması, sol bazunun arxa səthinin və sağ bud nahiyəsinin yumşaq toxumalarının qançırları, sol milbilək oynağı nahiyəsinin ön səthinin kəsilmiş yarası, kürəkarası nahiyənin kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, Gülbəyaz Məhərrəmovanın qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, 16 aprel 2025-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Stomotologiya” klinikasının yaxınlığında idarə etdiyi avtomobilin içərisində X6 ondan icazəsiz evdən çıxmasını səbəb gətirərək şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı Gülbəyaz Məhərrəmovanın qəsdən ayaqlarına bir neçə dəfə bıçağın dəstəyi ilə vuraraq sağ baldırın 1/3-nin arxa səthinin yumşaq toxumasının hematoması, sağ budun orta 1/3-nin bayır səthinin, sol budun yuxarı və orta 1/3-nin ön səthlərinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin çoxsaylı qançırları, sol baldırın orta 1/3-nin ön səthinin xətşəkili sıyrığı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, Gülbəyaz Məhərrəmovanın qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, X9 tanıyır və onlar birikdə qeyri-rəsmi olaraq onun kirayə tutduğu ünvan 5 və sonuncu dəfə ünvan 4 ünvanında ər-arvad kimi yaşamışlar. Onların əvvəllər münasibətləri yaxşı olmuşdur. Gülbəyaz Məhərrəmova qadın xəstəliyi ilə bağlı əziyyət çəkir və həmin xəstəlik ilə bağlı olan müalicələrinə onun özü maddi yardım göstərmişdir. Təxminən son 6 ay müddətdir ki, onun Gülbəyaz Məhərrəmova ilə aralarında münasibətləri pisləşdiyi üçün artıq Gülbəyaz Məhərrəmova ilə birlikdə yaşamır. 03 mart 2025-ci il tarixdə, Gülbəyaz Məhərrəmova yaşadığı ünvan 5 ünvanında yerləşən mənzildə olduqları zaman Gülbəyaz Məhərrəmova ilə aralarında yaranan mübahisə zamanı əsəbləşib Gülbəyaz Məhərrəmovanı bir dəfə sillə ilə sifətindən vurmuş və Gülbəyaz Məhərrəmova yıxılaraq dolaba dəymişdir. Bundan sonra isə 16 aprel 2025-ci il tarixdə, saat 19 radələrində Gülbəyaz Məhərrəmova ondan icazəsiz Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən diş həkiminin yanına getdiyi üçün o, həmin vaxt Gülbəyaz Məhərrəmovanın arxasınca getmişdir. Gülbəyaz Məhərrəmova həkimin yanından çıxdıqdan sonra, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı, idarə etdiyi avtomobilin içərisində əsəbləşdiyi üçün Gülbəyaz Məhərrəmovanı bir dəfə əli ilə ayağına vurmuşdur. Gülbəyaz Məhərrəmovaya bıçaqla xəsarət yetirməmiş, ümumiyyətlə onun bıçağı olmamış, sadəcə Gülbəyazı avtomobilinin içərisində bir dəfə ayağından əli ilə vurmuşdur. Gülbəyaz Məhərrəmovadan 8000 manat götürməmiş, belə ki, X12 rayonunda 6 sot torpaq sahəsi olmuş və Gülbəyaz xəstəlikdən əziyyət çəkdiyi üçün həmin torpaq sahəsini onlar birlikdə 8900 manata satdıqdan sonra, həmin pulları Gülbəyazın xəstəliyinə və borclarına xərcləmişlər, həmin pullardan heç bir məbləğ götürməmişdir. “İphone 16 Pro” markalı mobil telefonu o, Gülbəyaza hədiyyə olaraq öz bacısının adına kredit yolu ilə götürüb vermiş, mebeli isə Gülbəyaz öz adına kredit yolu ilə rəsmiləşdirmişdir. X18 adına rəsmiləşdirdiyi “JAC 4” markalı avtomobilin Gülbəyaz Məhərrəmovaya heç bir aidiyyəti olmamış, həmin avtomobili öz pulu ilə özünə almış və hazırda da həmin avtomobili idarə edir. Gülbəyaz Məhərrəmova ilə ər-arvad kimi yaşadıqları zaman o Gülbəyaza dəfələrlə pul göndərmiş və həmin pulları göndərməyi barədə qəbzləri də var. Gülbəyaz Məhərrəmovanın bütün xərclərini o, özü ödəmiş, Gülbəyazdan bir dəfə də olsun pul götürməmiş və pulunu ələ keçirməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməmiş, ümumiyyətlə bıçağı yoxdur. 16 mart 2025-ci il tarixdə zərərçəkmiş şəxslə arasında mübahisə olmuş, Gülbəyazı vurmuşdur. Lakin hansı xəsarətləri yetirdiyini xatırlamır. 03 mart 2025-ci il tarixdə aralarındakı mübahisənin səbəbi xəyanət idi. Zərərçəkmiş şəxslə əvvəllər mübahisələri olmamışdır. Barışıq üçün lizinq müqaviləsinə əsasən aldığı, atasının adına rəsmiləşdirdiyi “JAC 4” markalı avtomobili zərərçəkmiş şəxsə vermiş, indiyədək olan ödənişləri özü həyata keçirmiş, qalan məbləği isə zərərçəkmiş şəxs özü ödəyəcəkdir, həmçinin, Gülbəyazın istifadəsində olan mobil telefonu da o almış və həmin mobil telefon Gülbəyazda qalmışdır. 03 mart 2025-ci il tarixdə olan mübahisədən sonra birlikdə yaşamamışlar, lakin həmin mübahisədən sonra da danışmağa davam etmişlər. 03 mart 2025-ci il tarixdə o, Gülbəyaz və oğlu evdə olmuş, 16 aprel 2025-ci il tarixdə isə avtomobildə o və Gülbəyaz var idi. O, ***-***-**-** saylı mobil telefon nömrəsini, Gülbəyaz isə ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edir. Sonda isə özünü təqsirli bilməsini, törətdiyi əməldən peşman olmasını zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini və ona qarşı şikayət və ya tələbin olmamasını nəzərə alaraq barəsində aparılan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 19 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxs X13 ilə barışmasını, buna görə də cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin dekabr ayından Təqsirləndirilən şəxs həmin vaxt işlədiyi “Decode 13” adlı kafeyə tez-tez müştəri kimi gəlib getməsi səbəbindən tanıyır. Bir müddət sonra Təqsirləndirilən şəxs ilə aralarında olan münasibətlər daha da səmimiləşmişdir. Təxminən 2024-cü ilin mart ayından etibarən Sinan onun yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilə gələrək o və oğlu Eldar ilə birlikdə yaşamağa başlamışdır. Onunla ilk əvvəl münasibətləri çox normal qaydasında olmuş və bu səbəbdən ona etibar etmişdir. 2024-cü ilin sentyabr ayında avtomobil almaq fikrinə gəlmişdir. Bununla bağlı Sinanla məsləhətləşərkən Sinan ona Ağstafa şəhərində ona məxsus olan 06 sot torpaq sahəsini satmağını və həmin torpaq sahəsindən əldə edəcəyi gəlirlə ilkin ödəniş edib avtomobil almağı məsləhət görmüşdür. O, da Sinana etibar etdiyindən sözlərində həqiqət olduğunu görüb bu təklifi ilə razılaşmışdır. Bunun ardından 2024-cü ilin oktyabr ayında Sinanla birlikdə qeyd etdiyi torpaq sahəsini satmaq üçün Ağsatafa şəhərinə yollanmışlar. Ağstafa şəhərində Sinan ona məxsus 06 sot torpaq sahəsinin şəkillərini çəkərək “Tap.az” saytına elan şəklində yerləşdirdikdən sonra, Sinanla birlikdə yenidən Bakı şəhərinə qayıtmışlar. Həmin vaxtdan təxminən 10 (on) gün sonra tanımadığı bir nəfər müştəri Sinanla əlaqə saxlayaraq torpaq sahəsini almaq istədiyini bildirmişdir. Həmin gündən 10 gün sonra yenə də Sinanla birlikdə torpaq sahəsinin alqı-satqısı barədə sənədləşmə işlərini qaydasına qoymaqdan ötrü Ağstafa şəhərinə getmişlər. Oraya çatdıqları gün torpaq sahəsini müştəriyə 9900 (doqquz min doqquz yüz) manata satmışlar və ardından elə həmin gün Bakı şəhərinə qayıtmışlar. 2024-cü ilin dekabr ayında Sinanla birlikdə avtosalonları gəzərək avtomobil bəyənməyə çalışmışdır. Bu zaman Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən adını xatırlamadığı avtosalonların birində “JAC 4” markalı avtomobili bəyənmiş və 10000 manat ilkin ödəniş etməklə ümumilikdə 28000 manat məbləğin qalan 18000 manat hissəsini 60 aylıq hissəyə bölməklə ödəniş etməyə razılaşmışdır. Lakin avtomobilin bir həftə sonra gələcəyini bildirdiklərindən həmin vaxt 700 manat beh verərək avtosalondan uzaqlaşmışlar. Qeyd etdiyi gündən 3 gün sonra avtosalondan zəng gəlmiş və onlar avtomobilin artıq hazır olduğunu və gəlib götürə biləcəklərini demişlər. Bu müddət ərzində Sinan ona avtomobili daimi iş yeri olmadığından onun adına sənədləşdirməyin mümkün olmayacağını deyərək təkidlə avtomobili özünün adına rəsmiləşdirməyi ondan tələb etmişdir. O, da Sinana inanmışdır. Bu səbəbdən də heç bir etiraz etməmiş və avtosalondan zəng gəldiyi gün Sinan bu məsələni özünün həll edəcəyini bildirib oraya yollanmışdır. Həmin gün axşam saatlarında Sinan ona avtomobilin və onun dövlət qeydiyyat nömrə nişanının şəkillərini göndərərək artıq avtomobili öz X18 adına alaraq rəsmiləşdirdiyini bildirmişdir. O, isə Sinana nə üçün avtomobili onun deyil, atasınının adına aldığını soruşmuşdur. Çünki Sinanın atası Buludxanın da rəsmi və daimi iş yeri olmamışdır. Sinan da bunun heç bir əhəmiyyət kəsb etmədiyini, nəticədə avtomobilin onlara məxsus olduğunu demişdir. O, da Sinana olan etimadından şübhə etməyərək sözlərinə qəti şəkildə inanmışdır. 2024-cü ilin dekabr ayının sonlarında onlar birlikdə yaşadıqları ünvandan ünvan 7zil 1 ünvanına köçmüşlər. Həmin ünvana köçməmişdən təxminən 1-2 gün əvvəl o, Sinana yeni evə mebelin gərəkli olduğunu söyləmişdir. Sinan da bu təklifinə etiraz etməyib onunla razılaşmışdır. Bu səbəbdən elə həmin gün 200 manat ilkin ödəniş etməklə aylıq hissələr ödəniş etməyə razılaşıb bir neçə mebel dəsti almışlar. 2024-cü ilin yanvar ayında Sinan onun evdə 8000 manat pulunun olduğunu bildiyindən həmin pulun 4000 manatını götürüb mebel dəstinin kreditini tam şəkildə ödəməyi, yalnız maşın üçün aylıq ödəməyi təklif etmişdir. O, Sinana olan etimadından heç bir əks reaksiya verməyərək 4000 manat məbləğində pul vəsaitini Sinana vermişdir. Sinan da pulu ondan götürərək həmin günün səhəri evdən çıxıb axşam saatlarında geri qayıtdıqda mebel dəstinin qalıq borcunu tam şəkildə ödədiyini bildirmişdir. 12 fevral 2025-ci il tarixdə Sinana özünə “İphone 16" markalı mobil telefon almaq istədiyini söyləmişdir. Sinan da heç bir problemin olmadığını, evdə qalan ona məxsus 4000 manat pula onun üçün “İphone 16” markalı mobil telefonu ala biləcəyini demişdir. Yenə də Sinana inanaraq qalan 4000 manat pulunu etiraz etmədən ona telefon alması üçün vermişdir. Sinan 13 fevral 2025-ci il tarixdə, onun istədiyi mobil telefonu alıb gətirərək özünə təqdim etmişdir. 16 fevral 2025-ci il tarixdə Sinanla arasında ona xəyanət etməsi səbəbindən mübahisə yaranmışdır. Aralarındakı bu sözlü mübahisə zamanı Sinan ona əsəbi halda nalayiq ifadələr işlədərək danışmadıqları təqdirdə mebel dəstinin, hələ yeri gələrsə, mobil telefonun aylıq kreditini də özünün ödəyəcəyini demişdir. Bu vaxt o, Sinanın bu sözlərindən təəccüblənmişdir. Çünki Sinanın ondan aldığı 8000 manat pulu həm mebel dəstinin qalıq borcunu ödəmək üçün və ona mobil telefon almaq üçün sərf etdiyini zənn etmişdir. Lakin, həmin anda bunun belə olmadığını, yəni Sinanın mebel dəstinin qalıq borcunu ödəmədiyini, mobil telefonu da 1500 manat ilkin ödəniş ödəməklə bacısının adına rəsmiləşdirərək kreditə aldığını anlamışdır. 03 mart 2025-ci il tarixdə, axşam saatlarında Sinanla birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayou, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, bina 13-də yerləşən mənzildə olmuşlar. Bu vaxt Sinan işdən evə gəlmişdir. Həmin vaxtlar onlar Sinanla artıq mütəmadi olaraq şəxsi münasibətlər zəminində mübahisə edirmişlər. Bu səbəbdən münasibətləri pisləşmişdir. Həmin gün yəni, 03 mart 2025-ci il tarixdə axşam saatlarında onlar yenə də səbəbini xatırlamadığı, lakin şəxsi münasibətlər zəminində olan problemlərinə görə evdə mübahisə etməyə başlamışlar. Sinan mübahisə zamanı nalayiq ifadələr işlədərək onu dayanmadan təhqir etmişdir. Biraz bu şəkildə mübahisə davam etdikdən sonra artıq Sinan çox aqressivləşərək onun sol qoluna və ayaqlarına yumruq və təpiklə zərbələr endirməyə başlamışdır. O, qoluna endirdiyi zərbədən sonra özünü qorumaq üçün yerə yıxılaraq əlləri ilə üzünü tutmağa başlamışdır. Bu vaxt Sinan yenə də ona zərbələr endirməyə davam etmişdir. Sinan bununla kifayətlənməyib yerdə uzanmış vəziyyətdə olarkən əynindəki paltarlarını çıxararaq onu ayağa qaldırıb evin qonaq otağında yerləşən divanda əyləşdirib həmin otaqdakı masanın üzərindən mətbəx bıçağını götürərək onun kürək və bilək nahiyələrinə bıçaqla xəsarət yetirməyə başlamışdır. Bu zaman o, qorxudan ağlamış və ona daha da ciddi xəsarətlər yetirəcəyi ehtimalından qorxub heç bir reaksiya göstərməmişdir. Həmin vaxt oğlu Eldar evdə olmuşdur. Lakin, Sinan onların olduqları otağın qapısını kilitlədiyi üçün Eldar otağa daxil ola bilməmişdir. O, da övladı qorxmasın deyə səsini çıxarmamışdır. Sinan bu hərəkətlərinə davam edərkən anidən telefonuna zəng gəlmişdir. Telefona baxdıqda zəng edənin anası olduğunu görmüşdür. Bu səbəbdən telefonu götürüb zəngə cavab vermək üçün otaqdan çıxıb evin mətbəxinə keçmişdir. Mətbəxə keçərkən də Eldarın yanına gəlməməsi üçün qonaq otağının qapısını arxadan bağlamışdır. Təxminən 10 dəqiqə keçdikdən sonra Sinan əlində yapşıqan bərkidici sprey və kimyəvi turşu-kislota ilə gəlmişdir. Yenidən divanda yanına əyləşib əlində gətirdiyi spreyi gözlərinə sıxmağa başlamış və kimyəvi turşunu isə bıçaqla bədəninin xəsarət yetirdiyi hissələrinə tökməyə başlamışdır. Bu vaxt yenə də o, övladı qorxmasın deyə səsini çıxarmadan ağrılara dözmüşdür. Biraz keçdikdən sonra, Sinan yaralarının qanadığını, artıq dözə bilmədiyini görmüşdür. Həmçinin o da halının pisləşdiyini, huşunu itirə biləcəyini bildirmişdir. Buna görə də Sinan artıq sakitləşmişdir. 16 aprel 2025-ci il tarixdə isə, saat 19 radələrində dişinin ağrıması səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən stomatoloqa müraciət etmişdir. Sinan da həmin vaxt onun orada olduğunu bilmişdir. Çünki, Sinanla getməmişdən əvvəl telefon əlaqəsi saxlamışdır. Həkim dişinin müalicəsi ilə məşğul olan zaman Sinan anidən içəri daxil olmuş və həkimə onun yoldaşı olduğunu bildirərək zəhmət haqqının nə qədər olduğunu soruşmuşdur. Sinan həkimin zəhmət haqqısını ödədikdən sonra onu çölə dəvət etmişdir. O, çölə çıxdıqda Sinan əynində olan gödəkçəsinin cibindən bıçaq çıxararaq ətrafdan görünməyəcək şəkildə yan hissəsinə tuşlayıb avtomobilə əyləşməyini tələb etmişdir. O, da qorxub Sinanla birlikdə avtomobilə əyləşmişdir. Sinan avtomobilin ön sürücü hissəsində, o, isə arxada Sinanın əyləşdiyi oturacağın arxasında əyləşmişdir. Bu vaxt Sinan əlini uzadaraq onun ayağından yapışıb özünə tərəf dartmışdır. Daha sonra çöldə yan hissəsinə tuşladığı bıçağı çıxarıb həmin bıçağın dəstəyi ilə ayağına zərbələr endirməyə başlamışdır. Ayağını geri çəkərək Sinanın əlindən çıxmağa çalışmışdır. Sinan onun hər iki ayağına zərbələr endirərək cəhdlərinin qarşısını almışdır. Sinan zərbələr endirərkən əsəbi halda ona dəfələrlə çölə çıxmamağını tapşırdığını, bəs nə üçün bu sözünə əməl etmədiyini soruşmuşdur. O, da ağrılara dözə bilmədiyindən Sinana söz verərək bir daha çölə çıxmayacağını bildirmişdir. Bu səbəbdən Sinan sakitləşib ona qarşı olan bu hərəkətlərinə son vermiş və onu yaşadığı evə aparmışdır. Sinan isə öz yaşadığı ünvana qayıtmışdır. Çünki o, artıq 03 mart 2025-ci il tarixdə onu döyərək xəsarət yetirməsi ilə bağlı polis orqanına müraciət etmiş və həmin gündən etibarən onlar artıq bir yerdə yaşamırlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə mübahisələrinə səbəb qısqanclıq olmuş, Sinana xəsarət yetirməmişdir. Hazırda “JAC 4” markalı avtomobili özü idarə edir. Hadisələr baş verən zaman orada kənar şəxslər olmamış, sadəcə ikisi olmuşdur. 03 mart 2025-ci il tarixdə, evdə həmçinin Eldar var idi. Lakin Eldar digər otaqda olduğu üçün ancaq səs-küyü eşitmiş, hadisəni görməmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. 10 oktyabr 2025-ci il tarixdə, məhkəməyə ünvanladığı telegramda Təqsirləndirilən şəxs yenidən onu narahat etməsi və şikayətçi olmasını bildirməsi valideynlərinin məcburiyyəti ilə olmuş, təqsirləndirilən şəxsdən şikayətçi deyil. Zərərçəkmiş şəxs X13 19 noyabr 2025-ci il tarixdə məhkəməyə yazılı, 15 oktyabr 2025 və 05 noyabr 2025-ci il tarixlərdə isə notarial qaydada təsdiq edilmiş ərizələr ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 07 may 2025-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı X19 tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) X13 tərəfindən 05 mart 2025-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinə ünvanlanan ərizədən görünür ki, təxminən 2 il bundan əvvəl tanış olduğu və qeyri-rəsmi bir yerdə yaşadığı Təqsirləndirilən şəxs ayrılmaq istədiyinə baxmayaraq Sinan ondan ayrılmır və onu narahat etmişdir. Ondan aldığı 10000 manat və 8000 manat məbləğində pulu isə geri qaytarmır. Sinandan ümumilikdə 18000 manat məbləğində pulunun alınmasında köməklik göstərilməsini xahiş etmişdir. (iş.v. 3) İş materiallarına əlavə edilmiş Whatsapp sosial şəbəkəsindən edilmiş yazışmalara dair çıxarışlardan və fotoşəkillərin surətindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı hədə-qorxu gəlmiş, onu narahat edib döyməklə hədələmiş, həmçinin fotoşəkillərin surətindən görünür ki, zərərçəkmiş şəxs Gülbəyaz Məhərrəmovaya müxtəlif bədən xəsarətləri yetirmişdir. (iş.v.8-16) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X21” X29 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 10 mart 2025-ci il tarixli, 148 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, vət.X2 bazunun bayır səthinin yumşaq toxumasının hematoması, sol bazunun arxa səthinin və sağ bud nahiyəsinin yumşaq toxumalarının qançırları, sol mil-bilək oynağı nahiyəsinin ön səthinin kəsilmiş yarası, kürəkarası nahiyənin səthi kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlərdən sol bazunun bayır səthinin yumşaq toxumasının hematoması, sol bazunun arxa səthinin və sağ bud nahiyəsinin yumşaq toxumalarının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 03 mart 2025-ci il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Bədən səthində olan digər xəsarətlər isə kəsici kənara malik əşyanın və ya alətin təsirindən törənmişdir, şəxsin göstərdiyi tarixdə və şəraitdə bıçaqla törənməsi istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (iş.v. 19-20) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X21” X29 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 28 aprel 2025-ci il tarixli, 282 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, vət.X3 baldırın orta 1/3-nin arxa səthinin yumşaq toxumasının hematoması, sağ budun orta 1/3-nin bayır səthinin, sol budun yuxarı və orta 1/3-nin ön səthlərinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin çoxsaylı qançırları, sol baldırın orta 1/3-nin ön səthinin xətt şəkilli sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin göstərdiyi 16 aprel 2025-ci il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. (iş.v. 31-32) 07 may 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X13 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 42) 08 may 2025-ci il tarixli, “təqsirləndirilən şəxsin və müdafiəçisinin vəsatətinin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində X9 əli ilə vuraraq onun dolaba dəydiyini və onun əlində heç bir zaman bıçaq olmadığını göstərməsinə dair özünün və müdafiəçisi X16 verdiyi vəsatəti özünü müdafiə xarakteri daşıdığından və əsassız olduğuna görə ibtidai istintaqda rədd edilmişdir. (iş,v. 91-92) 02 iyun 2025-ci il tarixli, “şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, Şahid yetkinlik yaşına çatmayan olması nəzərə alındığından X13 onun qanuni nümayəndəsi kimi tanınmışdır. (iş.v. 99) 07 iyul 2025-ci il tarixli, “təqsirləndirilən şəxsin və müdafiəçisinin vəsatətinin rədd edilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərçəkmiş şəxs X8 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və məhkəmə-tibbi ekspertizası təyin edilərək rəyi alınmış, cinayət işi üzrə dələduzluq cinayəti öz təsdiqini tapmadığından və Təqsirləndirilən şəxs ilə Gülbəyaz Məhərrəmovanm arasında olan pul məsələsi ilə bağlı mübahisələri mülki xarakter daşıdığından məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulması tərəflərə izah edildiyi üçün X6 bank hesablarının və kartlarının son iki illik çıxarışlarının əldə edilməsi barədə sorğu verilməsi əsassız hesab edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəçisi X16 verdiyi vəsatəti əsassız olduğu üçün rədd edilmişdir. (iş,v. 113-114) 07 iyul 2025-ci il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs təklifi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, bina 13-də yerləşən evə və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən "Stomotologiya” klinikasının yaxınlığına gəlmişlər, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi üzrə cinayəti necə törətdiyini göstərmişdir. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 mart 2025-ci il tarixdə o, Gülbəyaz Məhərrəmova yaşadığı ünvan 5 ünvanında yerləşən mənzildə olduqları zaman Gülbəyaz Məhərrəmova ilə aralarında yaranan mübahisə zamanı o, əsəbləşib Gulbəyazı bir dəfə sillə ilə sifətindən vurmuş və Gülbəyaz Məhərrəmova yıxılaraq dolaba dəymişdir. Bundan sonra isə 16 aprel 2025-ci il tarixdə, saat 19 radələrində Gülbəyaz Məhərrəmova ondan icazəsiz Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən diş həkimin yanına getdiyi üçün o, həmin vaxtı Gülbəyaz Məhərrəmovanın dalınca getmişdir. Həmin vaxtdGülbəyaz Məhərrəmova həkimin yanından çıxdıqdan sonra aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı o, idarə etdiyi avtomobilin içərisində əsəbləşdiyi üçün bir dəfə əli ilə Gülbəyaz Məhərrəmovanın ayağına vurmuşdur. (iş.v. 117-121) 25 iyul 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs izahatında və ifadəsində göstərdiyi xüsusatın özünümüdafiə xarakteri daşıması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və material ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X10 qarşı dələduzluq cinayətini törətməsi faktı kifayət qədər mötəbər dəlillərlə sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs X10 Təqsirləndirilən şəxs tərəfindən işgəncə verilməsi faktı kifayət qədər mötəbər dəlillərlə sübuta yetirilmədiyindən, Sinan Süleymanlmm barəsində Azərbaycan Respublikası CMnin 133-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin, xuliqanlıq niyyətinin əlamətləri olmadığından barəsində CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (iş.v. 122-131) 30 iyul 2025-ci il tarixli, “təqsirləndirilən şəxsin və müdafiəçisinin vəsatətinin rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ona elan olunmuş ittihamla razı olmamasına dair vəsatəti əsassız olduğundan rədd edilmişdir. (iş.v. 137-138) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2025-cü il tarixdə, şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxsin tutulmasına müdafiəçisi O.Bayramov etiraz etmiş və protokola müvafiq qeyd aparmış, 08 may 2025-ci il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 08 may 2025-ci il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs, müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 73, 77-78, 95) “X25” MMC tərəfindən Suraxanı Rayon Məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmış məktub və ona əlavə edilmiş sənədlərdən (əmək müqaviləsi, ona xitam verilməsi, xasiyyətnamə) görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdən 30 iyun 2025-ci il tarixədək MMC-nin əməkdaşı olmuş, 03 mart 2025 və 16 aprel 2025-ci il tarixlərdə isə saat 09:00-dan 17:00-dək işdə olmuşdur. Onun xasiyyənaməsindən görünür ki, Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) təşkilatda çalışdığı müddət ərzində işçi özünü məsuliyyətli və nizam-intizamlı əməkdaş kimi göstərmişdir. Verilmiş tapşırıqları vaxtında və qənaətbəxş şəkildə yerinə yetirmiş, kollektivlə iş birliyində problemlər yaşanmamışdır. İş mühitinə uyğun davranmış və rəhbərliyin göstərişlərinə düzgün yanaşmışdır. Ona həvalə olunan işləri öyrənməyə və inkişaf etdirməyə çalışmışdır. Ümumilikdə, işçi haqqında müsbət fikir formalaşmış və normal işçi kimi dəyərləndirilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş məhkumluqla bağlı tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 98) Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs CM-in 73.2-ci maddəsində sadalanan maddələr üzrə məhkumluğunun olması və barışıq əsasında cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. İş materiallarında zərərçəkmiş şəxsin soyadı Nəsibova kimi qeyd olunsa da, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, soyadını dəyişmiş, hazırda şəxsiyyətini təsdiq edən sənəddə X11r. Odur ki, zərərçəkmiş şəxsin adı, soyadı və atasının adı X4 oxunsun. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə tibbi ekspertizası rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış sübutların məcmusu ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X26 və Müdafiəçi müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aid edilir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil X26 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat, Müdafiəçi isə 03 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X22, 03 iş saatı üçün isə 33 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 43, 321, 344- 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi X23 Təqsirləndirilən şəxsnın hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 manat, Müdafiəçi isə Təqsirləndirilən şəxsnın hüquqlarının müdafiəsinə sərf etdiyi 03 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 33 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar