Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-475/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 15 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-689/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 13 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,141 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, saxlanması, istifadəsi və daşınmasında şübhəli bilinərək, xx.xx.2022-ci il tarixdə, saat 10:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Rus qəbiristanlığı adlanan ərazinin yaxınlığında saxlanılaraq, 31-ci polis bölməsinə aparılıb, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,141 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 10:30 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Rus qəbirsanlığı adlanan ərazidə olarkən, PPXB-nin əməkdaşlarının ona tərəf yaxınlaşdıqlarını görmüş və həmin vaxt üzərində narkotik vasitə olduğu üçün tutulmaqdan qorxduğu üçün qaçmaq istəmişdir. Lakin PPXB-nün əməkdaşları onu saxlayaraq qaçmaq istədiyinin səbəbini soruşduqda, o, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu və tutulmaqdan qorxduğu üçün qaçmaq istədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu narkotik vasitəni qanunsuz olaraq əldə etmə və saxlamada şübhəli şəxs qismində 31-ci PB-nə aparmışlar. Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Sonra onu PB-nə gətirən polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir narkotik maddə-vasitə, predmet varsa, onları təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki göy rəngli cins şalvarımın sol yan cibindən qara rəngli, üzərində “Prada” yazısı olan qutunu çıxarıb təqdim etməklə, həmin qutuda narkotoik vasitə heroin saxladığını bildirmişdir. Təqdim etdiyi qutu açıldıqda, içərisindən bir ədəd şəffaf sellofan bükümü aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin şəffaf sellofan parçası açıldıqda, içərisindəki qəhvəyi rəngli narkotik vasitə heroin görünmüşdür. Verilən sorğulara cavab olaraq bildirmişdir ki, həmin sellofan bükümündə olan qəhvəyi rəngli kütlə heroindir, narkotik vasitəni həmin günü şəxsi istifadəsi üçün 10 manata Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını ünvanını bilmədiyi şəxsdən almışdır və istifadəsi üçün üzərində saxlamaqla daşımışdır. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və hər hansı bir başqa maddə-vasitə və ya əşya aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitə onun və polis əməkdaşlarının iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərkən və PB-də olan zaman ona qarşı heç bir fiziki təziq və zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iladəsində göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə, saat 10:30 radələrində o, “5652” çağırışlı avtopatrulla Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Rus qəbiristanlığı adlanan əzazinin yaxınlığında xidmətdə olarkən, bir nəfər kişinin polis patrul avtomobilini gördükdə həyəcanlandığını və uzaqlaşmağa çalışdığını görüb ona çatıb avtomobildən düşərək, özlərini təqdim etdikdən sonra onun da özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmiş, lakin üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onları gördükdə həyəcanlanmasının və qaçmağa çalışmasının səbəbini soruşduqda, Təqsirləndirilən şəxs daha da həyəcanlanmış və sonradan üzərində şəxsi istifadəsi üçün aldığı narkotik vasitə heroin daşıdığını bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə yaxınlıqda yerləşən Suraxanı RPİnin 31-ci PB-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getmişdir. Polis bölməsinə getdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə edib, istifadədə və saxlamaqda şübhəli olduğundan, PB-nə gətirilməsi barədə 31-ci PBnin rəisinə raportla müraciət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Rəşad Quliyev tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuşdur. Sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə, onun təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd, üzərində “Prada” yazısı olan qara rəngli qutunu çıxarıb, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin qutu təhqiqatçı tərəfindən açıldıqda, qutuda bir ədəd şəffaf sellofan bükümü olduğu görünmüşdür. Həmin büküm açıldıqda, içərisində qəhvəyi rəngli kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, narkotik vasitəni həmin günü Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində adını, ünvanını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün aldığını və istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş, içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd sellofan bükümü bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022ci ildə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)- 689/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi ilə bağlı 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/4326 saylı 14 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №195; möhür əksi, “şübhəli şəxs .... Təqsirləndirilən şəxs...” və s sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,141 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərətindən verilmiş 5972 saylı xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,091 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin, başqa cinayət işi üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-689/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,091 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-475/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-475/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver