Məhkəmə qərarları › İş №1(010)-479/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-479/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-479/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi Məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin tərcüməçisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki yaşayan (istifadəsində ***-***-**- ** saylı nömrə olan), 07 oktyabr 2024-cü il tarixdə barəsində ev dustaqlığı haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi xeyli miqdarda 285 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-nin əməkdaşları tərəfindən 01 iyun 2024-cü il tarixdə saat 22:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PByə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən sağ əlində saxladığı, üzərində müxtəlif rənglər və işarələr olan 01 ədəd sellofan torbada təmiz çəkisi 285 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Mətin İsmayılov tərəfindən 03 iyun 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, müstəntiq tərəfindən xx.xx.2024-cü il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Bakı şəhəri Suraxanı Rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı bildirdi ki, işin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin olunması üçün kifayət qədər əsas vardır, aparılan ibtidai araşdırma zamanı CPM-in tələbləri pozulmamışdır. İşin məhkəmə baxışına təyin edilməsini mümkün hesab edərək təklif etmişdir ki, işin məhkəmə baxışına təyin edilməsi barədə müvafiq qərar qəbul edilsin. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə hazırlıq iclası zamanı yazılı və şifahi vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, ibtidai istintaq zamanı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ittiham olunduğu əməllə bağlı düzgün istintaq hərəkətləri aparılmamışdır. İbtidai istintaq zamanı müdafiəçi qismində işə qoşulmaq istəsədə təssüf ki, istintaq orqanı buna maneə yaratmışdır. Bu maneənin təbii ki, açıqlaması vardır. İbtidai istintaq zamanı müdafiəçinin cinayət işinə buraxılmaması və müdafiə tərəfinin verdiyi vəsatətlərin təmin edilməməsi istintaqın mövqeyinin qərəzliliyindən xəbər verir. İbtidai istintaq zamanı hüquqlarını müdafiə etdiyi şəxsin hüquqları kobud şəkildə pozulmuşdur. Təqsirləndirilən şəxs milliyyətcə tatar olduğundan, həmçinin orta məktəbi rus dilində bitirdiyindən Azərbaycan dilini tam anlaya bilmir. Təqsirləndirilən şəxs tutulan zaman istintaq tərəfindən tərcüməçi ilə təmin edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı tərcüməçi formal olaraq görüntülənsədə videogörüntüdən açıq-aşkar görünür ki, heç bir sözü tərcümə etmir. 12 dəqiqəlik çəkiliş zamanı tərcüməçi yalnız yekunda şübhəli şəxsə imza (podpis) sözünü tərcümə edərək, sanki imzalamağa təhrik edir. Görüntülərdə görünür ki, tərcüməçi ilə tutulan şəxs arasında böyük bir məsafə vardır. Tərcüməçi tərcümə etmək istəsə belə arada böyük məsafə olduğundan bu mümkün deyildir. Təqsirləndirilən şəxs tutulan zaman müdafiəçinin köməyindən istifadə edə bilməmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüdən görünür ki, müdafiəçinin imkanlarından istifadə edə bilməmişdir. Necə ola bilər ki, 01 iyun 2024-cü il tarixdə, saat 22.45-də şübhəli şəxsin tutulması haqqında protokola müdafiəçi imza edir, 5 dəqiqə sonra şəxsi axtarış və götürmə aparılan zaman müdafiəçi iştirak etmir və şübhəli şəxs müdafiəçinin iştirak etməsinə etiraz edir. Bu onu göstərir ki, həqiqətəndə Təqsirləndirilən şəxs dediyi kimi müdafiəçi orada olmamışdır. Müdafiəçini yalnız barəsində həbs qətimkan tədbiri seçilən zaman görmüşdür. Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşı ona qarşı qanusuz hərəkətlərə yol vermiş, qeyri insani - insan ləyaqətini alçaldan hərəkətlər edilmiş, polis İdarəsinin əməkdaşları tərəfindən inzibati binada döyülmüş, işgəncələrə məruz qalmış və törətmədiyi cinayət əməlini zorla etiraf etmək məcburiyyətində qalmışdır. 19 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində hüquqlarının müdafiəsi üçün yaxın ailə üzvləri ilə müqavilə bağlamışam. xx.xx.2024-cii il tarixdə yazılı şəkildə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mətin İsmayılova ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ailə üzvləri ilə müqavilə bağlayaraq müdafiəçi qismində işə buraxılmağımı xahiş etmişəm. Həmin tarixdə ərizə Suraxanı Rayon Polis idarəsinin dəftərxanasından rəsmi şəkildə imza edilməklə qəbul edilmişdir. Həmçinin həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə yazılı şəkildə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mətin İsmayılova 8 dəfə vəsatət ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə araşdırmanın aparılmasını xahiş etmişəm. Həmin tarixdə vəsatət Suraxanı Rayon Polis İdarəsinin dəftərxanasından rəsmi şəkildə imza edilməklə qəbul edilmişdir, işə buraxılmağım üçün 2 dəfə Suraxanı Rayon Polis İdarəsinə yaxınlaşmışam, bir dəfə növbətçi hissədən bildirmişlər ki, müstəntiq burda yoxdur, ikinci dəfə isə bildirilmişdir ki, müstəntiq növbədən sonra olduğu üçün işə gəlməyib. Daha sonra təxminən 5-6 dəfə müstəntiq Mətin İsmayılova məxsus mobil telefon nömrəsinə zəng etsə də cavab ala bilməmişdir. Daha sonra o, bu barədə Suraxanı Rayon prokuroru Rəşid Mahmudova rəsmi şəkildə yazılı qaydada vəsatət və ərizə ilə müraciət etmiş, lakin hər hansı bir cavab ala bilməmişdir. Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mətin İsmayılovun ona qarşı qanunsuz hərəkətlərini gördüyü üçün 26 avqust 2024-cü il tarixdə Suraxanı Rayon məhkəməsinə ərizə ilə müraciət edərək, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 sentyabr 2024-cü il tarixdə bitdiyini, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılacağı ilə bağlı vəsatət və təqdimatla məhkəməyə müraciət ediləcəyi təqdirdə müdafiəçi olaraq onun iştirakının təmin edilməsini xahiş etmişdim. Lakin 28 avqust 2024-cü il tarixdə seçilmiş həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakının təmin edilməsini xahiş edən zaman müstəntiq bildirmişdir ki, cinayət işində müdafiəçi dövlət hesabına təyin edilmiş vəkil Eldar Əlyarovdur. Göründüyü kimi müstəntiq tərəfindən dəfələrlə müdafiəçi kimi mənim hüquqlarım pozulmuşdur. Görünür müstəntiqin məqsədi ondan ibarətdir ki, cinayət işinin tezbazar məhkəməyə versin. 22 avqust 2024-cü il tarixdə artıq ittiham aktı hazır olduğu təqdirdə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə vəsatətə baxılmışdır. Lakin müdafiə tərəfi olaraq kifayət qədər sübutlarımız vardır ki, həmin saxtalaşdırılmış sənədləri məhkəməyə təqdim edirik. Hazırkı müraciətimizdə isə məqsədimiz ondan ibarətdir ki, müstəntiqin müdafiəçiyə qarşı bu cür hərəkətlər etməklə müdafiə tərəfinin sübutlarının qarşısını almaqdan ibarət olmasıdır. Halbuki, tərəfimizdən verilmiş olan vəsatət və ərizələr gizlədilərək cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldiyi üçün cinayət işinə əlavə edilmir. Amma ki, həmin sənədlərin qəbul edilməsinə dair sübutlarımızda vardır. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mətin İsmayılovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə müraciət etmişdim. Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 6(010)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin rədd edilməsi qərara alınmışdır. Daha sonra məhkəmənin qeyd edilən qərarından apellyasiya şikayəti vermişik. Bakı Apellyasiya Məhkəməsinin 6(103)-368/2024 saylı qərarı ilə Suraxanı Rayon məhkəməsinin qərarı ləğv edilmişdir. Belə ki, onun müdafiə hüququnun kobud şəkildə pozulmasını nəzərə alaraq barəsində olan cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi dedikləri ilə razı olduğunu bildirdi. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında ilkin dinləmələr aparılmaqla baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması halları müəyyən edilmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müdafiə hüquqlarının müstəntiq və təhqiqatçı tərəfindən kobud şəkildə pozulmuşdur. Məhkəmə hazırlıq iclasında müdafiə tərəfinin vəsatəti əsasında CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, müdafiəçinin iştirakı təmin edilməmiş və eyni zamanda tərcüməçi iştirak etsə də, tərcüməçi tərəfindən hər hansı bir tərcümə halları olmamış, bununla da məhkəmə tərcüməçinin formal iştirak etməsi qənaətinə gəlir. Digər tərəfdən iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 6(103)-368/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şikayəti təmin edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin rədd edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 6(010)-27/2024 nömrəli qərarı ləğv edilmiş və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mətin İsmayılovun hərəkətlərinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs tutulan zaman müdafiəçinin köməyindən istifadə edə bilməmiş, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüdən görünür ki, müdafiəçinin imkanlarından istifadə edə bilməmişdir. Şəxsi axtarış zamanı müdafiəçi orada olmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokola müdafiəçi 01 iyun 2024-cü il tarixdə, saat 22.45-də imza edir, müəyyən müddətdən sonra şəxsi axtarış və götürmə aparılan zaman müdafiəçi iştirak etmir və şübhəli şəxs müdafiəçinin iştirak etməsinə etiraz edir. Bu onu göstərir ki, həqiqətəndə Təqsirləndirilən şəxs dediyi kimi müdafiəçi orada olmamışdır. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan müəyyən olunur, müdafiəçisi Müdafiəçi təqdim etdiyi 03 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar məhkəməyə təqdim edilərkən dəyişdirilmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarda (saat 22:10, əvəllər məhkum olunmuş), müdafiəçisi Müdafiəçi təqdim etdiyi təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarda isə (saat 22:25, məhkum olunmayan və sair) göstərilmişdir. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan müəyyən olunur, müdafiəçisi Müdafiəçi təqdim etdiyi 03 iyun 2024cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol məhkəməyə təqdim edilərkən dəyişdirilmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda (başlama saatı 10:25 dəq və qurtardı saatı 10:50 dəq), müdafiəçisi Müdafiəçi təqdim etdiyi təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda (başlama saatı 10:35 dəq və qurtardı saatı 11:00 dəq) göstərilmişdir. İş materiallarında olan 01 iyun 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan müəyyən olunur ki, şəxsi axtarış başlandı saatı 23:05 dəq göstərilsədə, CD diskə baxış keçrilən zaman müəyyən olunur ki, çəkliş 23:05 deyil, 23:09da olmuşdur. Bu CD diskin parametrlərində öz əksini tapmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(010)-27/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan Müdafiəçi apellyasiya şikayəti verərək, ilkin şikayətin dəlillərinə istinad edərək, qərarın ləğv edilməsi və şikayətin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 6(103)-368/2024 saylı xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şikayətinin təmin edilməsi, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin rədd edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(010)-27/2024 nömrəli qərarının ləğv edilməsi və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mətin İsmayılovun hərəkətlərinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsinin İ bəndinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: 19.4.1. tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; 19.4.2. hüquqlarını izah etmək; 85-ci maddəsinə əsasən müstəntiqin vəzifələridir: 85.2.3. maddəsinə əsasən şəxsin tutulduğu, ittiham elan olunduğu və ya həbsə alındığı andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək (bu Məcəllənin 153.2.5—153.2.8-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq); 85.2.12. Bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək; 85.3-cü maddəsinə əsasən cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 299.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlər sırasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına da baxılır. CPM-nin 300.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.5-ci maddədə qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır. CPM-nin 301.1-ci maddəsinə əsasən Məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; 301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. Belə olan halda, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı cinayət işi üzrə CPMnin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular vardır və bu səbəbdən, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən “Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.” “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən “Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir.” İş materiallarında olan 01 iyun 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı müdafiəçi iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi ola bilər. Müdafiəçinin iştirakı məcburi olan prosessual hərəkətlər aparılarkən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçilərindən hər hansının iştirak etməməsi bu hərəkətlərin qanunsuz hesab edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə; Həmçinin təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində baxış keçirilərkən təcüməçi X2 iştirak etdiyi qeyd olunsa da, məhkəmə iclası zamanı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, tərcüməçi X7 təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən iştirak etmiş lakin heç bir tərcümə aparmamışdır. Bununla da təqsirləndirilən şəxsin tərcüməçidən istifadə etmək hüququ pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26.2.2-ci maddəsinə əsasən dili bilməyən proses iştirakçısının tərcüməçiyə malik olmaq hüququ təmin edildiyi qaydada Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsin də həmin əlifbada tərtib olunmuş sənədləri oxuyan mütəxəssisin köməyindən istifadə etmək hüququ təmin edilməlidir, bunun olmaması isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı maddəsinin tələbinin pozulması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar digər pozuntularla yanaşı aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. İbtidai istintaq dövrdündə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-180/2024 nömrəli 03 iyun 2024-cü il tarixli qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 1(010)- 479/2024 saylı 07 oktyabr 2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş və məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin baş təhqiqatçısı polis kapitanı X8 və Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X5 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi CPM-nin 300.1.5-ci maddəsində qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardan şikayət və ya protest verilməsi qanunda nəzərdə tutulmamışdır. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 299-300, 303, 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(010)-479/2024 saylı cinayət işinin baxılmasına CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin baş təhqiqatçısı polis kapitanı X8 və Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X5 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar