Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-48/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olarq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 21/1 nömrəli yataqxanada qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən nömrəsiz evə pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olaraq, həmin evin təmirsiz saxlanc yerindən 250 manat dəyərində “Bosch” markalı, “FD-9106” modelli tam komplektli təzə ətçəkən maşınını, 200 manat dəyərində “DVD” pleyeri, 100 manat dəyərində elektron çayniki, 150 manat dəyərində qaşıq dəstini, yataq otaqlarından 100 manat dəyərində şəkərölçən aparatını, 50 manat dəyərində təyziqölçən aparatını, 70 manat dəyərində saçqurudan feni, 40 manat dəyərində gümüş bjuteriya əşyalarını, 20 manat dəyərində əl çantasını, 10 manat dəyərində manikür ləvazimatını, 150 manat dəyərində saç ütüsünü, hər birinin qiyməti 25 manat olmaqla cəmi 50 manat dəyərində 02 ədəd saçburan aparatını, 300 manat dəyərində “Zinger” markalı, “8280” modelli istifadə olunmuş ayaqla işləyən mexanizmlə birlikdə paltartikən maşınını və mətbəxdən 70 manat dəyərində elektron ətçəkən maşını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.560 (min beş yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində ünvan 1 ilə gedərkən üzərində qıfıl olan yaşıl rəngli qapı onun diqqətini çəkmişdir. Hasara çıxıb evin işıqlarının yanmadığını gördükdə evdə heç kimin olmadığına əmin olmuş, həyətə keçib evin pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə sıxıb yerindən çıxardaraq mətbəxə daxil olmuşdur. Həmin vaxt səs-küy eşidib geri qayıtmış, həyətdə olan nərdivanı hasara dayayaraq hasarın üzərinə çıxmış, lakin küçədə heç kimin olmadığını gördüb yenidən evə girmişdir. Evin təmirsiz saxlanc yerindən bir ədəd təzə ətçəkən maşınını, bir ədəd “DVD” pleyeri, bir ədəd elektron çayniki, qaşıq dəstini, ikinci mərtəbədəki otaqların birindən bir ədəd şəkərölçən aparatını, bir ədəd təyziqölçən aparatını, bir ədəd saçqurudan feni, gümüş bjuteriya əşyalarını, digər otaqdan bir ədəd əl çantasını, manikür ləvazimatını, bir ədə saç ütüsünü, bir ədəd saçburan aparatını, bir ədəd paltartikən maşınını və mətbəxdən bir ədəd ətçəkən maşını götürüb oradan uzaqlaşmışdır. Oğurladığı əşyalardan ətçəkən maşınını 20 manata tanımadığı bir mağazaya, paltartikən maşını isə 20 manata tanışı Lətifə xanıma, digər əşyaları isə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8 kilometr” bazarına aparıb tanımadığı şəxslərə satmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 04 ildir ünvan 1 ünvanında yerləşən nömrəsiz evdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 08 radələrində yoldaşı ilə birlikdə Masallı rayonuna getmişlər, qızı Sübnaz isə həmin günü təxminən saat 16 radələrində Qum adası qəsəbəsində yaşayan xalasının evinə getmişdir. Həmin gün axşam saat 22 radələrində Bakıya qayıtmışlar və qızını, bacanağının qeyd etdiyi qsəbədə yaşadığı evdən götürüb öz evlərinə gəlmişlər. Evə çatdıqda ilk öncə giriş qapısının açıq olduğunu görmüş, həyətə daxil olduqda nərdivanın sol tərəfdə hasara dayanmış vəziyyətdə, mətbəxin pəncərəsinin isə açıq olduğunu gördükdə evdən oğurluq edildiyi onlara məlum olmuşdur. Buna görə də heç nəyə əl vurmadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra sonuncularla birlikdə evə daxil olmuşlar və həmin vaxt evin birinci mərtəbəsindəki təmirsiz saxlanc yerindən 350 manat dəyərində “Bosch” markalı ətçəkən maşının, 200 manat dəyərində “DVD” pleyerin, 100 manat dəyərində elektron çaynikin, 150 manat dəyərində qaşıq dəstinin, ikinci mərtəbədəki yataq otağından 100 manat dəyərində şəkərölçən aparatının, 50 manat dəyərində təyziqölçən aparatının, 70 manat dəyərində saçqurudan fenin, 40 manat dəyərində gümüş bjuteriya əşyalarının, qızının otağından 20 manat dəyərində əl çantasının, 10 manat dəyərində manikür ləvazimatının, 150 manat dəyərində saç ütüsünün, birinin qiyməti 25 manat olmaqla cəmi 50 manat dəyərində 02 ədəd saçburan aparatının və 350 manat dəyərində “Singer” markalı paltartikən maşının, mətbəxdən 70 manat dəyərində elektron ətçəkən maşının oğurlandığını aşkar etmişlər. Cinayət əməli nəticəsində ona ümumilikdə 1.710 manat ziyan dəymişdir. İbtidai araşdırma zamanı ilkin ərizəsini yazarkən həyəcanlı olduğundan evindən oğurlanan əşyaları tam siyahısını bilməmiş, lakin sonradan, yuxarıda qeyd etdiyi əşyaların oğurlandığı məlum olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Evindən oğurlanmış əşyalardan 250 manat dəyərində bir ədəd ət çəkən maşını, 300 manat dəyərində bir ədəd paltartikən maşını ibtidai istintaq dövründə aşkar edilərək ona qaytarılmış, lakin vurlmuş maddi ziyanın qalan hissəsi halhazıradək ödənilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışalmadığını, ondan şikayətçi olduğunu bildirmiş və sonuncuya ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Cəlal oğlu göstərdi ki, 10 ilə yaxındır Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 21/22 nömrəli evdə yaşayır. Həmin evinin küçəyə tərəf olan hissəsində balaca mağaza açıb orada ərzaq malları satır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında mağazada olduğu zaman əvəllər tanımadığı bir nəfər şəxs əlində sellofan paketlə mağazaya daxil olub ağlamağa başlamışdır. Həmin şəxsdən ağlamağının səbəbini soruşduqda sonuncu evdə xəstə uşağının olduğunu, ona dərman almağa pulunun çatmadığını bildirib ondan borca 20 manat pul istəmişdir. Həmin şəxsi tanımadığından ona pul verməkdən imtina etsə də, sonuncu əlindəki sellofan paketdə olan ətçəkəni mağazada qoyacağını, pul tapan kimi 20 manatı qaytarıb ətçəkəni geri götürəcəyini bildirib yalvararaq ona pul verməsini xahiş etmişdir. Ətçəkən maşına nəzər saldıqda maşının təzə olduğunu görüb oğurluq olduğunu fikirləşmiş və həmin şəxsdən onu haradan əldə etdiyi soruşmuşdur. Həmin şəxs isə ətçəkənin arvadının cehizi olduğunu, uşağının xəstəliyi ilə əlaqədar məcbur qalıb gətirdiyini bildirmişdir. Həmin şəxsə təzə ətçəkəni bazarda baha qiymətə satıb daha çox pul əldə edə biləcəyini dedikdə, sonuncu uşağına təcili dərman almalı olduğunu, ətçəkəni isə tez bir zamanda sata bilməyəcəkdir demişdir. Həmin şəxsin ağlamağı onun ürəyini yumşaltmış, buna görə də ona 20 manat pul vermişdir. Həmin şəxs pulu götürüb ona minnətdarlıq etmiş, tezliklə pulu qaytarıb ətçəkəni geri götürəcəyinə vəd vermişdir. Bahalı olduğuna görə həmin şəxsin 20 manata görə ətçəkəni onun yanında qoymayacağını düşünmüşdür. Lakin bir neçə gün keçməsinə baxmayaraq həmin şəxs gəlib ətçəkəni götürməmişdir. Noyabr ayının 27-də isə mülki geyimdə olan bir neçə polis əməkdaşı mağazaya gəlib həmin ayın 15-də onun mağazasına qoyulmuş ətçəkənin oğurluq olduğunu, maddi sübut əhəmiyyətli olduğundan onu götürülməli olduqlarını bildirmişlər. O da etiraz etməyərək ətçəkəni könüllü olaraq polis əmədaşlarına təqdim etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Vüsalı, qonşuluqda yaşayan sonuncunun bacısı Yeganənin vasitəsi ilə tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam radələrində evdə olduğu zaman Vüsal onlara gəlib bacısı Yeganənin pula ehtiyacı oldğu üçün işlənmiş paltartikən maşınını 20 manata satmaq istədiyini bildirmişdir. Həmin ərəfələrdə öz paltartikən maşınını xarab olduğundan 20 manat ödəyərək Vüsaldan həmin paltartikən maşını almışdır. Bundan təxminən iki həftə sonra mülki geyimdə olan bir neçə polis əməkdaşı gəlib Vüsaldan aldığı paltartikən maşının oğurluq olduğunu bildirmişlər. O da həmin paltartikəni könüllü olaraq polis əmədaşlarına təqdim etmişdir. İş materiallarında olan baxış keçirmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ünvan 1ndə yerləşən nömrəsiz fərdi yaşayış evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin həyətində sağ tərəfdə nərdivanın hasara söykənilmiş, evin birinci mərtəbəsində, sağ tərəfdə mətbəxin pəncərəsinin açıq, ikinci mərtəbəsindəki yataq otaqlarının isə dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1ndə yerləşən Zərərçəkmiş şəxs məxsus nömrəsiz fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin (İHOSMT-dən ADİS məlumat bankına daxil olan), xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə ünvan 1ndə yerləşən nömrəsiz fərdi yaşayış daxil olduğu yeri, habelə həmin evdən hansı əşyaları haradan oğurladığını əyani şəkildə göstərərək, ibtidai istintaq zamanı verdiy ifadəsini təsdiq etmişdir. İş materiallarında olan könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokollardan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə ünvan 1ndə yerləşən nömrəsiz fərdi yaşayış evindən oğurlanmış “Bosch” markalı ətçəkən və “Singer” markalı paltartikən maşınları maddi sübut əhəmiyyətli olduğundan müvafiq olaraq Şahid1 Cəlal oğlundan və Şahid2 götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxxxx 2019cu il tarixli protokollardan görünür ki, cinayət işinin istintaqı zamanı götürülmüş 01 ədəd “Singer” markalı paltartikən və 01 ədəd “Bosch” markalı ətçəkən maşınları eyni növdən olan 04 ədəd paltartikən və ətçəkən maşınları arasında tanınması üçün Zərərçəkmiş şəxs təqdim edilmişdir. Tanınma başlamazdan əvvəl tanınmaya təqdim edilən paltartikən maşın eyni növdən olan 04 ədəd paltartikən maşın arasında 4-cü nömrə, ətçəkən maşın isə eyni növdən olan 04 ədəd ətçəkən maşın arasında 2-ci nömrə altında qoyulduqdan sonra Zərərçəkmiş şəxs tanınma keçirilən otağa dəvət edilmiş, sonuncu əvvəlcə ona təqdim olunmuş 04 ədəd paltartikən, sonra isə 04 ədəd ətçəkən maşınları nəzərdən keçirib 04 nömrə altında qoyulmuş paltartikən maşının və 02 nömrə altında qoyulmuş ətçəkən maşının onun evindən oğurlanmış əşyalar olduğunu, onları üzərindəki yazılarından, ölçülərindən, rənglərindən və digər əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29802 saylı rəyindən görünür ki, təqdim edilmiş 1, 2, 3, 4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 3, 4 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əlbarmaq izi Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından qalmışdır. Təqdim edilmiş 2, 3, 4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq izlərindən qalmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 30986 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda və köhnə əşyaların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilən bir ədəd üzərində “Bosch, model FD-9106, 500W, made in Sloveniya” markalanma sözləri yazılmış, tam komplektli təzə ətçəkən maşının və bir ədəd üzərində “Zinger, model 8280, 85W, made in Vietnam” markalanma sözləri yazılmış, xarici görünüşünə görə istismar edilmiş, ayaqla işləyən mexanizm ilə birlikdə paltartikən maşının xx xxxxxx 2019-cu il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri müvafiq olaraq təxminən 250 manat (“Bosch, model FD-9106, 500W, made in Sloveniya” markalanma sözləri yazılmış, tam komplektli təzə ətçəkən maşını) və 300 manat (“Zinger, model 8280, 85W, made in Vietnam” markalanma sözləri yazılmış, xarici görünüşünə görə istismar edilmiş, ayaqla işləyən mexanizm ilə birlikdə paltartikən maşını) müəyyən olunur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli məlumatından və Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1 və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olarq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən һesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Bosch” markalı, “FD-9106” modelli təzə ətçəkən maşının və bir ədəd “Zinger” markalı, “8280” modelli istifadə olunmuş paltartikən maşının Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə-ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 236 (iki yüz otuz altı) manat 11 (on bir) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X3 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 236 (iki yüz otuz altı) manat 11 (on bir) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Bosch” markalı, “FD-9106” modelli təzə ətçəkən maşının və bir ədəd “Zinger” markalı, “8280” modelli istifadə olunmuş paltartikən maşının ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X3 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-48/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-48/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver