Məhkəmə qərarları › İş №1(010)-483/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-483/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-483/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda ünvanda yaşamış, Sumqayıt Apellyasiya Məhməməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şüşəli bazarın yaxınlığında Kapital Bank bankomatının qarşısında aztəminatlı ailələrə dövlət tərəfindən hər ay verilən 636 manat sosial müavinətini almaq istəyən bir nəfər şəxsin Kapital Banka məxsus 5103 0716 3455 5029 saylı kartından pul çıxarmaq istədiyini görmüş, ona kartı bankomata salmadan bankomatm üzərində sürtünmə (NFC) hissəyə qoyaraq pul çıxara biləcəyini demiş, həmin şəxs bankomatdan pulu çıxara bilmədən getmiş, o, şəxsin oradan uzaqlaşmasını görmüş və bankomatdan 600 manat pulunu gizli olaraq çıxarıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu zaman Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şüşəli bazar adlanan ərazidə müştəri düşürmüşdür. Daha sonra orada olan “Araz market”dən özü üçün su və siqaret almaq istəmişdir. Cibində pulu olmadığı üçün orada olan Kapital bank bankomatına yaxınlaşmışdır. Öz kart hesabında olan pulu çıxartmaq istəmişdir. Həmin zaman bankomatın qarşısında iki nəfər tanımadığı şəxs olmuşdur. Onlardan biri kartından pul çıxararaq getmişdir. Bir nəfər cavan oğlan tələsərək əsəbi halda orada pulunu çıxartmağa çalışmışdır. Lakin pulunu çıxara bilməyərək kartını götürərək oradan uzaqlaşmışdır. O, bankomata yaxınlaşıb kartını daxil edib pul çıxartmaq istədiyi zaman bankomatın ekranında ondan əvvəlki pul çıxartmaq istəyən şəxsin kartından çıxartmaq istədiyi məbləğin olmamasını və yenidən məbləğin daxil edilməsi üçün olan yazıları görmüşdür. Həmin şəxs tələsdiyi üçün orada yazılan yazıları oxumamış və kartını götürərək oradan çıxıb getmişdir. O, orada olan yazıları oxumuş və ondan əvvəlki şəxsin getdikdən sonra ekranda qalan pulunu çıxartmaq üçün təsdiq et düyməsinə basmışdır. Bankomatdan pulun çıxdığını görmüşdür. Pulu tez götürərək saymadan oradan uzaqlaşıb maşınına minmişdir. Maşınla bir az kənarlaşdıqdan sonra pulu saymış və 600 manat olduğunu görmüşdür. Həmin pulu çıxartmağı barəsində heç kimə heçnə deməmişdir. Maddi ehtiyacları və borcları olduğu üçün həmin 600 manatı öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona məxsus kart hesabına köçmüş sosial müavinəti almaq məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şüşəli bazar adlanan ərazinin yanında yerləşən Araz marketin qarşısında olan kapital Bank bankomatına getmişdir. Həmin zaman bankomatın qarşısında başqa şəxslər olmuşdur. Arxası ilə orta yaşlı bir kişidə bankomata yaxınlaşmışdır. Həmin şəxslər pullarını çıxartdıqdan sonra növbə ona çatmışdır. Ona məxsus olan kapital bank kartını bankomata salmış, lakin pulu çıxarda bilməmişdir. Arxasında olan adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona kartı bankomata salanda pul çıxartmır demişdir. Bankomatın üzərində olan sürtünmə (NFC) yerinə kartını yaxınlaşdıraraq pul çıxarda biləcəyini demişdir. O kartını sürtünmə (NFC) yerinə yaxınlaşdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona bankomatda pul yoxdur demişdir. O geri çəkildikdə Təqsirləndirilən şəxs öz əlində olan kartı yalandan bankomatın üzərində olan sürtünmə (NFC) yerinə yaxınlaşdırmış və bankomatdan pul çıxardaraq getmişdir. O bankomatın yaxınlığında dayanmış, Təqsirləndirilən şəxs getdikdən təxminən 2-3 dəqiqə sonra onun ***-***-**-** saylı mobil nömrəsinə ona məxsus kapital bank kartından 600 manat pulun çıxarılması barədə sms gəlmişdir. O dərhal ətrafa baxmışdır ki, orta yaşlı kişini tapsın. Lakin onu tapa bilməmiş, bilmişdir ki, ona məxsus kart hesabından 600 manat pul oğurlanmışdır. Bundan sonra dərhal DİN-in 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Ona vurulmuş maddi ziyanın ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); iş materiallarına Kapital Banka məxsus “5103 0716 3455 5029” nömrəli debit kartının fotoşəkli əlavə olunmuşdur (i.v. 6); baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan ünvan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şüşəli bazar adlanan yerin arxa tərəfində “Araz” super marketin avtomobil dayanacağında quraşdırılmış Kapital Banka məxsus bankomatdır. Bankomat qızrmızı rəngli, dəmir konstruksiyadan hazırlanmış üzərində böyük hərflərlə “Kapital Bank” sözləri yazılmışdır. Ərazidə 3 ədəd video kamera aşkar olunmuşdur. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-9); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 18-19); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 25); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v. 30); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 46-47); vəsatətin rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilməməsi vəsatət kimi qəbul edilmiş və əsassız olduğundan rədd edilmişdir (i.v. 57-58); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 143.3 və 42-1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və hökmün icrası 02 il təxirə salınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143.4 və 39-cu maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR Milli Məclisinin xx.xx.1992-ci il tarixli amnistiya qərarının 1/3 maddəsinə əsasən cəzası 1/3 qədər azaldılmış, əmlakı müsadirə olunmaqla 04 il azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, xx.xx.1996-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 143.3, 143.4 və 38-ci maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2002-ci il tarixdə AR CM-nin 76-cı maddəsinə əsasən cəzanın 01 il 04 ay 04 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1 və 67-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2013-cü il tarixdə AR Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmiş, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Qaradağ RPİ tərəfindən istintaq olunan cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir.(i.v. 62-66); Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-887/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdən 17 sentyabr 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılmış və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilmiş, cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir (i.v. 77-87); Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 1(060)-887/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin olunmuş cəzaya münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdən 17 sentyabr 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 11 yanvar 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması, qərarın elan edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır (i.v. 88-99); şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 3 nömrəli fotoşəkili göstərib xx.xx.2023-cü il tarixdə ona məxsus bank kartından pul oğurlayan şəxs olduğunu, həmin şəxsi saçının quruluşuna, üz cizgilərinə görə tanıdığını bildirmişdir (i.v. 105-108); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və onlar ifadələrində göstərdiyi xüsusatları bir daha üzləşdirmə zamanı təsdiq etmişlər (i.v. 109- 110); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması; onun hazırda Bakı İstintaq Təcridxanasında saxlanılmasının nəzərə alınması, onun əməlində Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi; təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, tanınmaya təqdim etmə haqqında protokol, üzləşdirmə protokolu və eləcə də digər iş materiallarının ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 111-114); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzanı yüngülləşdirən halı və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslı, qanuni və cəzanın məqsədinə nail olunması üçün daha səmərəli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməli; Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə nəzərə alınmış xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilən 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə nəzərə alınmış xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 09 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunması təklif edilən əmlakın, mülki iddianın, məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar