Məhkəmə qərarları › İş №1(010)-484/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-484/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-484/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim, Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1980-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Suraxanı rayon Məhkləməsinin 19 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və dövlət əhəmiyyətli rabitə xətlərini gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ictimai əhəmiyyətli özgə əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin avqust ayı ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 3 saylı yaşayış binasının zirzəmisində quraşdırılmış Zərərçəkmiş şəxs1 ASC-nin balansında olan 07 ədəd, 4042/60-cı məhəllə, 3 saylı binanın zirzəmisində olan 50 ədəd, 5 saylı binanın zirzəmisində olan 20 ədəd, 6 saylı binanın zirzəmisində olan 51 ədəd, Nizami İsmayılov küçəsi, 4 saylı binanın zirzəmisində olan 33 ədəd, 5 saylı binanın zirzəmisində olan 15 ədəd və Zaur Şərifov küçəsi, 26 saylı binanın zirzəmisində 13 ədəd olmaqla, bir ədədi 06 (altı) manat dəyərində olan ümumilikdə 189 ədəd 20 mm diametrli, plasmas və latun materialdan hazırlanmış ventilləri, həmçinin Nizami İsmayılov küçəsi, 5 saylı binanın zirzəmisində olan bir ədədi 08 (səkkiz) manat dəyərində olan 02 ədəd siyirtmənin başlığını vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-yə, ümumilikdə, 1150 (min yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində və 17 senyabr 2022-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindəki “Araz” marketin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Kamaz” markalı “53213” modelli xüsusi təyinatlı avtokranın sağ tərəfində sürücü kabinəsinin arxa hissəsində dəmir qutunun üstündə və içərisində yerləşən bir ədədinin dəyəri 350 (üç yüz əlli) manat olan 02 ədəd “YİĞİT AKÜ 190 AH” markalı akkumulyatorları vahid niyyətlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2, ümumilikdə, 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 dekabr 2022-ci il tarixdə saat 02:00 radələrində ünvan 3 ünvanında yerləşən başqa saxlanc yeri hesab edilən bərbərxananın plastik materialdan olan qapısını itələyib açaraq içəri qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs3 məxsus ABŞ istehsalı olan bir ədəd 300 (üç yüz) manat dəyərində “Wahl” markalı “Magic Clip” modelli, bir ədəd 330 (üç yüz otuz) manat dəyərində “Wahl” markalı “Senior Cordless” modelli elektrikli saç kəsən maşınları, Çin istehsalı olan 25 (iyirmi beş) manat dəyərində “Kemei” markalı bir ədəd saç kəsən və bir ədəd üzqırxan elektrik maşınları, hər biri 40 (qırx) manat dəyərində dəmir materialdan hazırlanmış üç ədəd qayçını, parça materialdan hazırlanmış 25 (iyirmi beş) manat dəyərində bir ədəd kompyuter çantasını və ümumilikdə, 200 (iki yüz) manat dəyərində kişi ətirlərini, Zərərçəkmiş şəxs6 məxsus ABŞ istehsalı olan bir ədəd 300 (üç yüz) manat dəyərində “Wahl” markalı “Magic Clip” modelli, bir ədəd 330 (üç yüz otuz) manat dəyərində “Wahl” markalı “Senior Cordless” modelli, Çin istehsalı olan bir ədəd 25 (iyirmi beş) manat dəyərində “Kemei” markalı elektrikli saç kəsən maşınlarını, Zərərçəkmiş şəxs4 məxsus ABŞ istehsalı olan bir ədəd 300 (üç yüz) manat dəyərində “Wahl” markalı “Magic Clip” modelli, Çin istehsalı olan 25 (iyirmi beş) manat dəyərində bir ədəd “Kemei” markalı üzqırxan elektrik maşınlarını, bir ədəd 40 (qırx) manat dəyərində, iki ədəd isə hər biri 35 (otuz beş) manat dəyərində olmaqla, 3 ədəd dəmir materialdan hazırlanmış qayçıları, Zərərçəkmiş şəxs5 məxsus ABŞ istehsalı olan bir ədədi 300 (üç yüz) manat dəyərində olan iki ədəd “Wahl” markalı “Magic Clip” modelli, Çin istehsalı olan 50 (əlli) manat dəyərində bir ədəd “VGR” markalı saç qırxan elektrik maşınlarını, Çin istehsalı olan hər biri 25 (iyirmi beş) manat dəyərində iki ədəd “KMEİ” markalı üzqırxan maşınları, bir ədəd 40 (qırx) manat dəyərində, iki ədəd isə hər biri 35 (otuz beş) manat dəyərində olmaqla 3 ədəd dəmir materialdan hazırlanmış qayçıları, bir ədəd 07 (yeddi) manat dəyərində plastik materialdan hazırlanmış darağı gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1025 (min iyirmi beş) manat, Zərərçəkmiş şəxs6 655 (altı yüz əlli beş) manat, Zərərçəkmiş şəxs4 435 (dörd yüz otuz beş) manat, Zərərçəkmiş şəxs5 isə 817 (səkkiz yüz on yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3- 2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran şəhərindən işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, bir müddət sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən metal alqı-satqı qəbulu məntəqəsində fəhlə kimi işləməyə başlamışdır. İşlədiyi dövrdə narkotik vasitə heroindən istifadə etmiş, sonradan onda narkotik vasitələrdən asılılıq yaranmışdır. Narkotik vasitə qəbul etdiyi dövrdə pul qazana bilməmiş və gündəlik narkotikə olan tələbatını ödəmək üçün oğurluq hadisələri törətməyə başlamışdır. Belə ki, 2022-ci ilin avqust ayı ərzində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən yeddi ədəd yaşayış binasının zirzəmilərinə daxil olaraq orada quraşdırılmış istilik xətlərinin üzərində olan plastmas və latun materialından olan ventilləri açaraq oğurlamış və onları küçələrdə avtomobillərlə gəzərək metal qəbul edən şəxslərə hazırda dəqiq xatırlamadığı qiymətə satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa əvvəlcədən gördüyü Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Araz” marketin yanında yolun kənarında dayanmış “Kamaz” markalı qaldırıcı kranın sağ hissəsində qutunun üstündə yerləşən qara rəngli akkumulyatoru oğurlamaq məqsədi ilə 16 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində kirayədə qaldığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvani küçəsində yerləşən nömrəsiz evdən bolt açmaq üçün istifadə olunan kəlbətin və digər alətləri götürərək həmin avtomobilin yerləşdiyi yerə yollanmışdır. Ətrafda hər hansı şəxs və ya şəxslərin olmadığını və həmin akkumulyatoru oğurlamasını heç kimin görmədiyini dəqiqləşdirdikdən sonra özü ilə apardığı həmin alətlərin köməyi ilə elektrik naqillərini ayıraraq akkumulyatoru yerə qoymuşdur. Sonra akkumulyatorun altında yerləşən dəmir qutunun qapağını açmış, qutunun içərisində daha bir ədəd qara rəngli akkumulyator olduğunu görmüşdür. İkisinə birlikdə fiziki gücünün çatmayacağını fikirləşdiyindən onları ayrı-ayrılıqda aparıb satmaq qərarına gəlmişdir. Həmin akkumulyatoru Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmış, orada çalışan şəxsə yeni akkumulyator aldığını, bu səbəbdən də özü ilə apardığı akkumulyatoru satmaq istədiyini bildirmişdir. Həmin şəxs akkumulyatoru tərəzidə çəkərək çəkisinin təxminən 25-30 kiloqram olduğu müəyyən etmiş və içərisində olan qurğuşunun bir kiloqramını 03 (üç) manatdan hesab etməklə ona, ümumilikdə, 65 (altmış beş) manat pul vermişdir. Həmin məntəqəni işlədən şəxsin adını bilməsə də, məntəqənin yerləşdiyi yeri xatırlayır. 17 sentyabr 2022-ci il tarixdə təxminən saat 10:30 radələrində qeyd olunan avtomobilin üzərində qalmış digər akkumulyatoru oğurlamaq məqsədilə yenidən oğurluq etdiyi ünvana getmiş, ətrafda onu görən şəxslərin olmadığını dəqiqləşdirdikdən sonra əvvəlki qayda ilə kranın üzərində olan bir ədəd akkumulyatoru götürərək yolun kənarına getmiş və marşrut avtobusuna minmişdir. Əvvəlki metal qəbul edən şəxsin şübhələnməməsi üçün bu dəfə akkumulyatoru Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən digər metal qəbulu məntəqəsinə aparmışdır. Lakin hansı məntəqəyə yaxınlaşdığını hal-hazırda xatırlamır. Həmin akkumulyatoru da, əvvəlki kimi 65 (altmış beş) manata satmışdır. Bundan başqa o, 09 dekabr 2022-ci il tarixdə saat 02:00 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində gəzərkən həmin küçədə yerləşən “Bazarstore” marketin yanında olan kişi bərbəri salonuna getmiş, salonun plastik qapısını itələyib açaraq içəri daxil olub salondan 14 (on dörd) ədəd saç kəsən maşın, qayçı, daraq dəsti, ətirlər və bir ədəd kompyuter çantası oğurlayıb həmin yerdən getmişdir. Əldə etdiyi əşyaları Sabunçu bazarında tanımadığı şəxsə, ümumilikdə, 24 (iyirmi dörd) manata satmışdır. 17 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində saxlanılmış və qeyd olunan oğurluq cinayətlərinin törədilməsində şübhəli olduğu bildirilərək Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparılmışdır. Polis bölməsində törətdiyi cinayətləri etiraf edərək izahat vermiş, həmin vaxtı əlində olan sellofan torbadakı 02 (iki) ədəd oğurladığı siyirtmə başlıqlarını təhqiqatçıya təqdim etmişdir. Belə ki, həmin siyirtmə başlıqları yaşadığı ünvanda qalmış və həmin gün onları satmaq üçün özü ilə götürsə də, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Zərərçəkmiş şəxs Azəristiliktəchizat” ASC-yə vurduğu 1150 (min yüz əlli) manat ziyandan 02 (iki) ədəd oğurladığı siyirtmə başlıqlarını təhqiqatçıya təqdim etdiyi üçün, 1134 (min yüz otuz dörd) manat ziyan ödənilməmiş olaraq qalmışdır. Digər zərərçəkmişlərə vurduğu ziyandan isə heç bir ödəniş etməmişdir. Sonda isə əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, hazırda Zərərçəkmiş şəxs1 ASC-nin 17 saylı X5 sahəsində İ sahə Qazanxana və İstilik Şəbəkələri rəisi vəzifəsində çalışır. 2022-ci ilin sentyabr ayının əvvəllərində xidməti ərazidə tabeliyində olan əməkdaşlarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən yaşayış binalarının zirzəmilərinə baxış keçirilən zaman orada Zərərçəkmiş şəxs1 ASC tərəfindən quraşdırılmış dik dayaqlar üzərində yəni, istilik xətləri üzərində olan ventillərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bu məqsədlə xidməti ərazidə olan "Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təchiz olunmuş bütün binaların zirzəmilərinə baxış keçirilmiş və bu zaman Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən 3 saylı yaşayış binasından 07 (yeddi) ədəd, 4042/60-cı məhəllədə yerləşən 3 saylı binadan 50 (əlli) ədəd, 5 saylı binadan 20 (iyirmi) ədəd, 6 saylı binadan 51 (əlli bir) ədəd, Nizami İsmayılov küçəsindəki 4 saylı binadan 33 (otuz üç) ədəd, 5 saylı binadan 15 (on beş) ədəd və Zaur Şərifov küçəsi, 26 saylı binadan 13 (on üç) ədəd olmaqla ümumilikdə 189 (yüz səksən doqquz) ədəd 20 mm-lik diametrli plasmas və latun materialdan hazırlanmış ventillərin, həmçinin Nizami İsmayılov küçəsindəki 5 saylı binanın zirzəmisində olan bir ədədi 08 (səkkiz) manat dəyərində olan 02 (iki) ədəd siyirtmənin başlığının oğurlanması müəyyən olunmuşdur. Həmin oğurluq hadisəsi nəticəsində bir ədəd ventilin dəyəri 06 (altı) manat, bir ədəd siyirtmənin başlığının qiyməti 08 (səkkiz) manat olmaqla, ümumilikdə, "Azəristiliktəchizat” ASC-nə 1150 (min yüz əlli) manat maddi ziyan dəymişdir. İbtidai istintaq dövründə 02 (iki) ədəd oğurladığı siyirtmə başlıqlarını təhqiqatçı ona təqdim etmiş, hazırda isə dəymiş maddi ziyan tam olaraq ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Kamaz” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtokran özünə məxsusdur və özü idarə edir. 16 sentyabr 2022-ci il tarixində saat 13:00 radələrində hər zamankı kimi avtokranı idarə edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlayaraq yaşadığı evə getmişdir. 18 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində avtokranı saxladığı yerə yaxınlaşmış və mühərriki işə salmaq istədikdə avtomobildə elektrik enerjisinin olmadığını görmüş, avtokranın kabinindən enərək akkumulyatorun olduğu yerə yaxınlaşmışdır. Həmin vaxtı diqqətlə baxdıqdan sonra, naməlum şəxs və ya şəxslər tərəfindən avtokranının mühərrik hissəsində olan 02 (iki) ədəd H 190-lıq “Yiğit Aku” markalı akkumulyatorun oğurlandığını müəyyən etmişdir. Lakin həmin vaxtı işləri olduğundan bu barədə ərizə ilə polisə müraciət etməmişdir. Daha sonra yəni, 23 sentyabr 2022-ci il tarixdə ərizə ilə Suraxanı RPİ-nin 32-ci polis bölməsinə müraciət etmişdir. 01 (bir) ədəd “Yiğit Aku” markalı H 190 akkumulyatoru 01 (bir) ilə əvvəl aldığını, işlənmiş birinin qiymətinin isə 350 (üç yüz əlli) manat olduğunu, ikisinin də bir yerdə oğurlanmasını nəzərə alaraq həmin oğurluq hadisəsi nəticəsində ona, ümumilikdə, 700 (yeddi yüz) manat maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmiş, hazırda şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən kişi salonunda bərbər fəaliyyəti ilə məşğul olur. Həmin salonda özündən başqa Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və İsa Qurbanov da fəaliyyət göstərir. 08 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində həmin salonda işini bitirdikdən sonra salonun plastik qapısını açarla bağlayaraq getmişdir. 09 dekabr 2022-ci il tarixdə saat 07:54 radələrində Asif adlı müştərisi ona zəng edərək salonun qapısının açıq olduğunu, salonun yandırıldığını bildirmişdir. Belə ki, Asif kimdi bu həmin salonun yaxınlığında yaşayır və səhər vaxtı işə gedərkən salonda yanğın olduğunu aşkar etmişdir. O, dərhal salona getmiş, qapının açıq olduğunu görmüş, içəri daxil olduqda əvvəlcədən salonda olan quruducunun üzərində asılmış dəsmalların yandırıldığını, nəticədə tavana vurulmuş lambirinlərin və divardakı “Aux” markalı (60 kv.) 1100 (min yüz) manat dəyərində kondisionerin əriyərək yararsız vəziyyətə düşdüyünü, salonda olan dörd ədəd masanın üzərində və siyirmələrində olan saç və saqqal kəsən elektrikli maşınların, qayçı dəstlərinin, divardakı rəflərin üzərində olan ətirlərin oğurlandığını aşkar etmişdir. Belə ki, salona daxil olmuş naməlum şəxs ona məxsus masadan bir ədəd “Wahl” markalı “Magic Clip” modelli 300 (üç yüz) manat dəyərində olan ABŞ istehsalı olan, bir ədəd “Wahl” markalı “Senior Cordless” modelli ABŞ istehsalı olan 330 (üç yüz otuz) manat dəyərindəki saç kəsən elektrikli maşınlar, bir ədəd Çin istehsalı olan 25 (iyirmi beş) manat dəyərində “Kemei” markalı saç kəsən və bir ədəd həmin markadan olan 25 (iyirmi beş) manat dəyərində saqqal qırxan elektrik maşınları, üç ədəd hər biri 40 (qırx) manat dəyərində olan dəmir qayçılar, bir ədəd parça materialdan hazırlanmış 25 (iyirmi beş) manat dəyərində kompyuter çantasını, divardakı rəfdə yığdığı qramla satdığı ətirlərin təxminən 200 (iki yüz) manat dəyərində olan hissəsini oğurlamışdır. Oğurlanmış əşyalardan “Kemei” markalı saç kəsən maşın masanın üzərində, digər əşyalar isə masanın siyirməsində olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona təxminən 1025 (min iyirmi beş) manat maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmiş, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən kişi salonunda bərbər fəaliyyəti ilə məşğul olur. Həmin salonda ondan başqa, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 də işləyir. xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində həmin salonda işini bitirdikdən sonra getmişdir. Zərərçəkmiş şəxs3 həmin gün saat 23:00 radələrində salonun plastik qapısını açarla bağlamış və getmişdir. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində Zərərçəkmiş şəxs3 ona zəng edərək fəaliyyət göstərdikləri kişi bərbər salonundan naməlum şəxsin oğurluq etdiyini və yanğın törətdiyini bildirmişdir. O, dərhal salona getmişdir. Salona daxil olduqda əvvəlcədən salonda olan quruducunun üzərindən asılmış dəsmalların yandırıldığını, nəticədə tavana vurulmuş lambirinlərin və divardakı “Aux” markalı (60 kv.) 1100 (min yüz) manat dəyərində olan kondisionerin əriyərək yararsız vəziyyətə düşdüyünü, salonda olan dörd ədəd masanın üzərində və daxillərində olan saç və saqqal kəsən elektrikli maşınların və qayçı dəstlərinin oğurlandığını, divarda olan rəflərin üzərində olan ətirlərin açılaraq salondakı divanın üzərinə töküldüyünü, bir hissəsinin isə oğurlandığını aşkar etmişdir. Bundan sonra o, iş yoldaşı Zərərçəkmiş şəxs4 zəng edərək hadisə barədə məlumat vermiş və daha sonra özünə məxsus masaya nəzər yetirmişdir. Salona daxil olmuş naməlum şəxs həmin masadan 02 (iki) ədəd 300 (üç yüz) manat dəyərində ABŞ istehsalı olan “Wahl” markalı “Magic Clip” modelli, bir ədəd Çin istehsalı olan 50 (əlli) manat dəyərində “VGR” markalı saç qırxan elektrik maşını, 02 (iki) ədəd Çin istehsalı olan hər biri 25 (iyirmi beş) manat dəyərində “KMEİ” markalı saqqal qırxan maşın, 01 (bir) ədədi 40 (qırx) manat, 02 (iki) ədədi isə hər biri 35 (otuz beş) manat olmaqla, ümumilikdə, 03 (üç) ədəd qayçı və 01 (bir) ədəd 07 (yeddi) manat dəyərində plastik materialdan hazırlanmış daraq oğurlamış və ona hadisə nəticəsində 817 (səkkiz yüz on yeddi) manat maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmiş, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən kişi salonunda bərbər fəaliyyəti ilə məşğul olur. Həmin salonda ondan başqa, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 də işləyir. xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində həmin salonda işini bitirdikdən sonra getmişdir. Zərərçəkmiş şəxs3 həmin gün saat 23:00 radələrində salonun plastik qapısını açarla bağlamış və getmişdir. xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində Zərərçəkmiş şəxs5 ona zəng edərək fəaliyyət göstərdikləri kişi bərbər salonundan naməlum şəxsin oğurluq etdiyini və yanğın törətdiyini bildirmişdir. O, dərhal salona getmişdir. Salona gəlib içəri daxil olduqda əvvəlcədən salonda olan quruducunun üzərindən asılmış dəsmalların yandırıldığını, nəticədə tavana vurulmuş lambirinlərin və divardakı “Aux” markalı (60 kv.) 1100 (min yüz) manat dəyərində olan kondisionerin əriyərək yararsız vəziyyətə düşdüyünü, salonda olan dörd ədəd masanın üzərində və daxillərində olan saç və saqqal kəsən elektrikli maşınların və qayçı dəstlərinin oğurlandığını, divarda olan rəflərin üzərində olan ətirlərin açılaraq salondakı divanın üzərinə töküldüyünü, bir hissəsinin isə oğurlandığını aşkar etmişdir. Bundan sonra özünə məxsus masaya nəzər yetirmişdir. Salona daxil olmuş naməlum şəxs həmin masadan 01 (bir ədəd) “Wahl” markalı “Magic Clip” modelli 300 (üç yüz) manat dəyərində olan ABŞ istehsalı, Çin istehsalı “Kemei” markalı 01 (bir) ədəd 25 (iyirmi beş) manat dəyərində saqqal qırxan elektrik maşını, 01 (bir) ədədi 40 (qırx) manat,02 (iki) ədədi isə hər biri 35 (otuz beş) manat olmaqla, 03 (üç) ədəd qayçı oğurlamış və ona hadisə nəticəsində 435 (dörd yüz otuz beş) manat maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmiş, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən kişi salonunda bərbər fəaliyyəti ilə məşğul olur. Həmin salonda ondan başqa, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 də işləyir. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində həmin salonda işini bitirdikdən sonra getmişdir. xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs4 ona zəng edərək çalışdıqları salonda yanğın və oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. O, dərhal salona getmişdir. Salona gəlib içəri daxil olduqda əvvəlcədən salonda olan quruducunun üzərindən asılmış dəsmalların yandırıldığını, nəticədə tavana vurulmuş lambirinlərin və divardakı “Aux” markalı (60 kv.) 1100 (min yüz) manat dəyərində olan kondisionerin əriyərək yararsız vəziyyətə düşdüyünü, salonda olan dörd ədəd masanın üzərində və daxillərində olan saç və saqqal kəsən elektrikli maşınların və qayçı dəstlərinin oğurlandığını, divarda olan rəflərin üzərində olan ətirlərin açılaraq salondakı divanın üzərinə töküldüyünü aşkar etmişdir. Salona daxil olmuş naməlum şəxs ona özünə məxsus masadan 01 (bir) ədəd 300 (üç yüz) manat dəyərində olan ABŞ istehsalı olan “Wahl” markalı “Magic Clip” modelli, 01 (bir) ədəd ABŞ istehsalı olan 330 (üç yüz otuz) manat dəyərində “Wahl” markalı “Senior Cordless” modelli və 01 (bir) ədəd Çin istehsalı olan 25 (iyirmi beş) manat dəyərində “Kemei” markalı saç kəsən elektrikli maşın oğurlamışdır. Oğurlanmış ona məxsus əşyalar və “Kemei” markalı saç kəsən maşın masanın üzərində, digər 02 (iki) ədəd maşın isə masanın siyirməsində olmuşdur. Ona hadisə nəticəsində 655 (altı yüz əlli beş) manat maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmiş, hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən yeddi aydır ki, ünvan 4 ünvanında yerləşən metal qəbulu məntəqəsində işçi olaraq fəaliyyət göstərir. Təxminən sentyabr ayının ortalarında axşam saat 22:00 radələrində bir nəfər əlində qara rəngli akkumulyatorla yaxınlaşaraq həmin akkumulyatoru satmaq istədiyini bildirmiş, o, həmin şəxsdən akkumulyatoru hansı səbəbdən satmaq istədiyini soruşduqda sonuncu təzə akkumulyator aldığını, bu səbəbdən köhnəsi istifadəyə yararsız olduğundan satmaq istədiyini bildirmişdir. Ona mütəmadi olaraq akkumulyator satışı ilə məşğul olan şəxslər yaxınlaşaraq işlənmiş akkumulyator satdığından və o, da içərisində qurğuşun olması səbəbindən aldığından həmin akkumulyatorun oğurluq ola biləcəyindən şübhələnməmişdir. Ondan ad, soyad və ata adını soruşaraq satışla bağlı istifadə etdiyi jurnala qeyd etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. O, qurğuşunun kilosunu həmin vaxt 03 (üç) manatdan almış, həmin akkumulyatoru tərəzidə çəkərək çəkisinin 30 (otuz) kiloqram olduğu müəyyən etdikdən sonra 09 (doqquz) kiloqramını akkumulyatorun digər hissələrinin çəkisinə hesablayaraq 21 (iyirmi bir) kq qurğuşuna görə Təqsirləndirilən şəxs 65 (altmış beş) manat pul ödəmişdir. Həmin akkumulyatorun içərisindəki qurğuşunu çıxararaq metal qəbulu məntəqəsinə satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 oktyabr 2022-ci il tarixli “Baxış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi məhəllə 4042/60, ev 6-nın zirzəmisində isti su xəttinin üzərində olan 20 mm-lik latun və plasmas su ventillərinin oğurlanması ilə bağlı 6 saylı binanın zirzəmisinə baxış keçirilmiş, su xəttinin üzərində olan ventillərin oğurlanması müəyyən olunmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. 09 dekabr 2022-ci il tarixli “Baxış və götürülmə keçirilməsi haqqında” protokoldan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi 63 ünvanında yerləşən kişi bərbər salonunda oğurluq hadisəsi olması ilə bağlı keçirilmiş baxış zamanı həmin salonun giriş qapısının aluminium olması, qapının açıq vəziyyətdə olması, tavanın lambirin hissəsinin yerə sallanması, 04 (dörd) ədəd güzgülü bərbər stolunun olması, 01 (bir) ədəd divan və 01 (bir) ədəd stol, 04 (dörd) ədəd bərbər stolu, 01 (bir) ədəd giriş qapısının üstündə olan “Aux” markalı kondisionerin əriməsi, kişi salonunda 14 (on dörd) ədəd saçqırxan maşını avadanlığın oğurlanması müəyyən olunmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. 17 dekabr 2022-ci il tarixli “Baxış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılan zaman əlində olan ağ rəngli sellofanın içərisindəki 02 (iki) ədəd su ventili və ünvan 3 ünvanında yerləşən kişi bərbər salonundan oğurluq edərkən götürdüyü saç kəsən maşınını satdıqdan sonra əldə etdiyi 23 (iyirmi üç) manat məbləğində pulu çıxarıb təqdim etmişdir. Həmin 02 (iki) ədəd su ventili və 23 (iyirmi üç) manat məbləğində pul protokollaşdırılaraq götürülmüşdür. 18 dekabr 2022-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Vüqar Qurbanlı 02 (iki) ədəd siyirmə başlığını tanıyaraq onların Zərərçəkmiş şəxs1 ASC-yə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi hüquqi şəxs “Azəristilik ASC”-yə məxsus 02 (iki) ədəd siyirmə başlığı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış, cinayət işi materiallarına əlavə edilmiş 13 may 2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə 02 (iki) ədəd siyirmə başlıqları Azəristilik ASC-nin nümayəndəsi X8 RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Rüstəm Şıxəliyev tərəfindən təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 xx.xx.2023cü il tarixli tibbi arayışından görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından “ağciyər vərəmi” diaqnozu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 daxil olmuşdur. 08 may 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Əsədov X6 RPİ-nin xidməti avtomobilində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən 3 saylı, 4042/60-cı məhəllədə yerləşən 3 saylı, 5 saylı, 6 saylı, N.İsmayılov küçəsində yerləşən 4 saylı və 5 saylı, Z.Şərifov küçəsində yerləşən 26 saylı yaşayış binalarının qarşısına getdikdən sonra həmin binaların zirzəmilərini göstərərək 2022-ci ilin avqust ayı ərzində həmin yaşayış binalarının zirzəmilərinə daxil olaraq orada quraşdırılmış istilik xətlərinin üzərində olan plasmas və latun materialdan olan ventilləri açaraq oğurladığını, onları küçələrdə avtomobillərlə gəzərək metal qəbul edən şəxslərə hazırda dəqiq xatırlamadığı qiymətə satdığını bildirərək hadisəni əyani təsvir etmişdir. Bundan sonra Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi 63 ünvanında yerləşən bərbər salonun qarşısında getmişlər və oranı göstərib 09 dekabr 2022-ci il tarixdə saat 02:00 radələrində həmin bərbər salonun plastik qapısını itələyib açaraq içəri daxil olub salondan 14 ədəd saç kəsən maşın, qayçı, daraq dəsti, ətirlər və bir ədəd kompyuter çantasını oğurlayıb həmin yerdən getdiyini bildirmişdir. Əldə etdiyi əşyaları Sabunçu bazarında tanımadığı şəxsə, ümumilikdə, 24 manata satdığını deyərək hadisəni əyani şəkildə təsvir etmişdir. 18 dekabr 2022-ci il tarixli, “Cinayət əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinə tövsif olunmuşdur. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 dekabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, 19 dekabr 2022-ci il tarixdə barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə, yəni 17 fevral 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, “həbs” qətimkan tədbirinin müddəti 09 fevral 2023-cü il tarixli, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 (bir) ay həddində, yəni 17 mart 2023-cü il tarixədək uzadılmış, 16 mart 2023cü il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay həddində, yəni 17 may 2023-cü il tarixədək uzadılmışdır. 16 may 2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılması müddəti 06 iyun 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsi tərəfindən alınmış cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə, yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.1998-ci il tarixli “Amnistiya” Qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi yarısına qədər azaldılmış, 01(bir) il 11 (on bir) ay 02 (iki) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Milli Məclisin xx.xx.1999-cu il tarixli “Amnistiya” Qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi yarısına qədər azaldılmış, 05 (beş) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış və xx.xx.2000-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə cəzası 05 (beş) ilə endirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən daxil olmuş məktubdan görünür ki, X1 xx.xx.2007-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar olaraq azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinə əsasən tamah məqsədilə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və dövlət əhəmiyyətli rabitə xətlərini gizli olaraq talamaqla təkrar oğurluq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu götürüldüyündən və ödənildiyindən hazırda o, məhkumluğu olmayan şəxs hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Buna görə də Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunmur. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələrini mötəbər sübut növü kimi qəbul edir. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. CM-nin 2-ci maddəsində Cinayət Məcəlləsinin vəzifələri sırasında mülkiyyəti cinayətkar qəsdlərdən qorumaq öz əksini tapmışdır. Azərbaycan Respublikası CM-nin: 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə; 177.2.3-cü maddə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla 177.2.3-2-ci maddəsinə əsasən neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs tamah məqsədilə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və dövlət əhəmiyyətli rabitə xətlərini gizli olaraq talamaqla təkrar oğurluq etməsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirlii olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2, 177.2.3 və 177.2.3- 2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci 1 №li qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən birinci əməl 2022-ci ilin avqust ayında, ikinci əməl 16 sentyabr 2022-ci il tarixdə, üçüncü əməl 09 dekabr 2022-ci il tarixdə törədilmiş, qeyd olunan cinayətlərə görə o, cinayət məsuliyyətinə cəlb edilməmiş, məhkum edilməmiş, cinayət məsuliyyətindən azad edilməmiş, eləcə də törətdiyi əməllər görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, peşmançılığı, himayəsində bir azyaşlı uşağının olması, vərəm xəstəliyindən əziyyət çəkməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsləri, şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasının əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cinayət işi üzrə maddi sübut-iki ədəd siyirtmə başlığının zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalı, zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 07 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 07 (yeddi) iş saatı üçün 42 (qırx iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3- 2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut-iki ədəd siyirtmə başlığının zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 07 (yeddi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 42 (qırx iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar