Məhkəmə qərarları › İş №1(010)-489/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-489/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-489/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində 3 ay “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1.642 qram, 1.527 qram, 1.610 qram və 1.558 qram olmaqla ümumi çəkisi 6.337 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 24 fevral 2023cü il tarixdə saat 23:35-də DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq DİN-in BNMİ-nin inzibati binasına gətirilmiş orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1.642 qram, 1.527 qram, 1.610 qram və 1.558 qram olmaqla, ümumi çəkisi 6.337 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən evin qonaq otağında olan pəncərənin qarşısından 1 (bir) ədəd bükümdə 350.0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vastə-qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə gün əvvəl Suraxanı rayonu, Əmircan qəsəbəsindən, yerdən selofana bükülmüş narkotik vasitə tapmışdır. Sonra özü istifadə etməyi üçün bir qismini hər kəsdən gizlin yaşadığı evdə gizlətmişdir. Bir qismini isə istifadə etməyi üçün üzərində saxlamışdır. 24 fevral 2023-cü il tarixində saat təxminən 23:35 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülkü geyimli şəxsin ona doğru yaxınlaşdıqlarını görmüşdür. Onlar ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitənin dövriyyəsində şübhəli bilindiyi üçün BNMİ-nin inzibati binasına dəvət etmişlər. Ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkili ilə görüşdükdən sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 4 (dörd) ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümə baxış keçirmişlər və sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan maddə “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadır. Onu sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Sonra polis mobil telelefonu, açarı və şəxsiyyət vəsiqəsini aşkar edərək masanın üzərinə qoymuşlar. Ondan aşkar edilmiş həmin dörd ədəd kibrit qutusu polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra üzərindən götürülmüş bir ədəd “Nokia” markalı mobil telefon və şəxsiyyət vəsiqəzi ona izah olunduqdan sonra götürülmüş və bir ədəd açar ona qaytarılmışdır. Təhqiqatçı tərəfindən ona üzərində olan narkotik vasitədən başqa yerdə saxlayıb-saxlamamağı soruşulduqda o, könüllü surətdə yaşadığı evdə narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra yaşadığı ünvan 3 ünvanına baxış keçirməyə etiraz etməmişdir. Yaşadığı evə gəldikdə polis əməkdaşları ona narkotik vasitəni saxladığı yeri göstərməyi təklif etmişlər. Bu təklifdən sonra o evdə olan qonaq otağının pəncərəsinin qarşısından bir ədəd bükümdə olan qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra həmin büküm qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar edilmiş qurudulmuş marixuananın özünə məxsus olduğunu və həmin narkotik vasitəni 3 ay bundan əvvəl Suraxanı rayonunun ərazisindən taparaq şəxsi istifadəsi üçün saxladığını, heç kəsə narkotik vasitə satmadığını, yaşadığı evdə narkotik vasitə saxladığını heç kəsə bildirmədiyini qeyd etmişdir. Sonda, əməlindən peşman olduğunu, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə saat 23:35 radələrində, ünvan 1 ünvanının yaxınlığında daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs küçə ilə getdiyini görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib, onunla sorğu-sual etmişlər. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs özünü həyəcanlı aparması diqqətlərini daha çox çəkmişdir. Həmin şəxsdən həyəcanının səbəbini soruşduqda üzərində narkotik vasitə olduğu üçün həyəcanlandığını və buna görə özünü şübhəli apardığını bildirmişdir. Təqsirləndirilən şəxs onlarla birgə DİN-in BNMİ-nin inzibati binasına getməli olduğunu bildirmişlər. O,heç bir etiraz etmədən onlar birgə inzibati binaya gəlmişdir. İnzibati binada olarkən xidməti otaqların birində video-çəkilişlə üzərinə baxış keçirilməsinin zəruriliyi izah olunduqdan sonra BNMİ-nin təhqiqatçısı Yelmar Vahabov və BNMİ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2la birgə çəkilişə başlanılmışdır. İlk öncə təhqiqatçı ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, əşya və predimetin olub-olmamasını soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd kibrit qutusunu və əynində olan şalvarın sol yan cibindən “Nokia” markalı mobil telefonu, bir ədəd açarı və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Kibrit qutusunun içərisində nə olduğunu soruşduqda, ’’nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və hər hansı qanunla qadağan olunan predimet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Vaif oğlu verilən suallara cavab olaraq Suraxanı rayonu, Əmircan qəsəbəsində olan evində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evin qonaq otağının pəncərəsinin qarşısından bir ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütləni götürüb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş kütlələr tərkibinin müəyyən olunması üçün qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmış, möhürlənmiş və tərkibinin müəyyən olunması üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid2 Şahid1 ifadəsiylə eyniməzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 24 fevral 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə, saat 23:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 76-77-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmaqla, 03 ay həddində “həbs qətimkan” tədbiri seçilmişdir. Cinayət işinin 31-32-ci vərəqlərində olan 24 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 4(dörd) ədəd kibrit qutusunda açıq-yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 055 240- 22-19 “sim-kart” nömrəsi olan “Nokia” markalı mobil telefon, 1 (bir) ədəd açar və 1(bir) ədəd şəxsiyyət vəsiqəsi aşkar edilərək götürüldü. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisi ümumilikdə 6,337 qram oldu. Sonra aşkar olunmuş həmin «kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalandı, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Nokia” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah edildikdən sonra götürüldü. 1 (bir) ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 3 (üç) ay bundan əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisindən taparaq istifadə etmək məqsədi ilə saxladığını, heç kimə narkotik vasitə satmadığını, həmçinin Bakı şəhəri, Suraxanı rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİnin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video-kameradan istifadə etməklə BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən videoiçəkiliş aparıldı. Cinayət işinin 35-36-cı vərəqlərində olan 24 fevral 2023-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokolundan müəyyən edilmişdir ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə qonaq otağında olan pəncərənin qarşısından 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 370 (üç yüz yetmiş) qram oldu. Daha sonra həmin kütlə qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalandı. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirildi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri 3 (üç) ay bundan əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisindən taparaq istifadə etmək məqsədi ilə saxladığını, heç kimə narkotik vasitə satmadığını, yaşadığı evdə narkotik vasitə saxlamasından heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxış və götürmə təbii işıqlandırma şəraitdə keçirildi. Baxış və götürmə zamanı «Sony» markalı video-kameradan istifadə etməklə BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən video-çəkiliş aparıldı. Cinayət işinin 43-47-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 7/287 saylı 24 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr ” yazılar və imzalar olan kağız paketdə 4 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 1.642 qram, 1.527 qram, 1.610 qram, 1.558 qram, ümumi çəkisi 6.337 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Təhqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi kütlə”. yazılar və imzalar olan kağız paketdə üzəri skoçla bağlanmış göy rəngli polietilen bağlamada təmiz çəkisi- 350.0 qram bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuanalrın ümumi çəkisi-356,337 qram, tədqiqata istifadə olunan, cəmi 0,1 qram, qalıq 356,237 qramdır. Cinayət işinin 96-97-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 2783 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs əğlu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 52A vərəqində olan “diskə baxış keçirilməsi haqqında 25 fevral 2023cü il tarixli protokoldan görünür ki, video-görüntüyə baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğunu bildirir. Şübhəli şəxs əynində tam qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 4 (dörd) ədəd kibrit qutusunda açıq yaşıl rəngli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı çıxardıb təqdim edir, ondan sonra o, əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd “Nokia” markalı mobil telefonu, 1 (bir) ədəd açar və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsini çıxarıb təqdim edir. Təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, bu narkotik vasitəni Əmircan qəsəbəsindən taparaq istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Daha sonra polis əməkdaşları şübhəli şəxsin etdiyi 4 ədəd kibrit qutusunu qablaşdırması ilə birlikdə elektron tərəzinin üzərinə qoyur və həmin bükümün çəkisinin 6,337 qram olduğu görülür. Daha sonra həmin selofan torba olduğu kimi möhürlənərək tərkibinin müəyyən olunması üçün ekspertiza mərkəzinə göndəriləcəyi bildirilərək iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 52B vərəqində olan “diskə baxış keçirilməsi haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin videogörüntüyə baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evdən axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğunu bildirir. Bundan sonra o, yaşadığı evin giriş qapısından evə daxil olaraq evin qonaq otağının pəncərəsinin qarşısında qoyulmuş göy selofan torbada çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı çıxardıb təqdim edir. Təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, bu narkotik vasitəni Əmircan qəsəbəsindən taparaq şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir.Daha sonra polis əməkdaşları şübhəli şəxsin təqdim etdiyi bükümü selofanı ilə birlikdə elektron tərəzinin üzərinə qoyur və həmin bükümün çəkisinin 370.0 qram olduğu görülür. Daha sonra həmin salofan torba olduğu kimi möhürlənərək tərkibinin müəyyən olunması üçün ekspertiza mərkəzinə göndəriləcəyi bildirilərək iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 78-79-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2013-cü il tarixində AR CM-nin 126.1-ci maddəsi ilə cinayət işi açılmış, şəxs barəsində Suraxanı rayon məhkəməsi tərəfindən 02 il müddətində sınaq müddəti verilməklə, qəti olaraq 03 il 04 ay 19 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1.642 qram, 1.527 qram, 1.610 qram və 1.558 qram olmaqla, ümumi çəkisi 6.337 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs evinə aparılmış baxışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən evin qonaq otağında olan pəncərənin qarşısından 1 (bir) ədəd bükümdə 350.0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vastə-qurudulmuş marixuna aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12a bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - qurudulmuş marixuananın ayrı-ayrılıqda təmiz çəkiləri 1.642 qram, 1.527 qram, 1.610 qram və 1.558 qram olmaqla, ümumi çəkisi 6.337 qram və yaşadığı - ünvan 1 ünvanına baxış keçirilərkən tapılmış 1 (bir) ədəd bükümdə 350.0 qram qurudulmuş marixuana qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın (əməlindən səmimi peşman olmasını) olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli faktiki hüquqlarının məhdudlaşdırıldığı vaxtdan, yəni 23 fevral 2023-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmə və götürülmə zamanı çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 2783 saylı xx.xx.2023-cü il tarixli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli faktiki hüquqlarının məhdudlaşdırıldığı vaxtdan, yəni 23 fevral 2023-cü il tarixindən, saat 23:35-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 356,237 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmə və götürülmə zamanı çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar