Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-49/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2, nömrəsiz evdə yaşayan, 11– xx xxxxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu ildə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, 9g ünvanında yerləşən «Hövsan İstirahət Mərkəzi»ndə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu vaxt ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, «Hövsan İstirahət Mərkəzi»ndə ofisiant işləyən və onu intizama dəvət etməyə çalışan Şahid1 ilə aralarında yaranmış mübahisə zamanı ona qarşı heç bir əsaslı səbəb olmadan güləş fəndi tətbiq edib yerə yıxaraq fiziki ağrı yetirmiş, nalayiq ifadələr işlətməklə və cəmiyyət arasında bərqərar olmuş etik davranış qaydalarını pozmaqla iş rejimini və orada olanların istirahətini pozmuş, onun xuliqanlıq hərəkətlərini görüb intizama dəvət etməyə çalışan, «Hövsan İstirahət Mərkəzi»ndə kisəçi işləyən Zərərçəkmiş şəxs qarşı da «Hövsan İstirahət Mərkəzi»nin həyətində hərəkətlərini davam etdirmiş, onu heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə çənə nahiyəsindən bir dəfə qəsdən yumruq zərbəsi ilə vuraraq həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, fərdi qaydada müxtəlif tikintilərdə fəhlə işləyir. xx xxxxxxxx 2019cu ildə saat 17 radələrində istirahət etmək üçün Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən «Hövsan İstirahət Mərkəzi»nə getmişdir. İlk növbədə hamam otağına girərək duş qəbul etmiş, sonra mərkəzin içərisində əyləşib 27 bakal pivə içmişdir. Saat 19 radələrində dostu Etibar onun yanına gəlmiş, işdən çıxdığı üçün duş qəbul etmiş və təxminən yarım saatdan sonra çıxıb getmişdir. O, isə masaj olunmaq üçün masaj otağına keçmişdir. Həmin yerdə masajı qadınlar edir. Masaj otağında istəmişdir ki, 3 nəfər masajçı qadın onu masaj etsin. Lakin onlar yalnız iki nəfərin masaj etməsinə razılıq vermişlər. O, da bununla razılaşmışdır. 30 dəqiqə masaj olunduqdan sonra masaj otağından çıxmışdır ki, sauna otağına girsin. Bu vaxt hamamda masaj otaqlarına nəzarət edən, əvvəlcədən tanıdığı Kənan adlı şəxs qəfildən onu arxadan tutaraq göyə qaldırmışdır. Özü keçmiş güləşçidir. Kənanın onu yıxmaq istədiyini düşünüb ona qarşı güləş əks fəndi işlətmiş və Kənanı yerə yıxmışdır. Bu zaman hamamda kisəçi işləyən Əli adlı şəxs onların dalaşdıqlarını zənn edib yaxınlaşaraq onun üz nahiyəsinə yumruq atmışdır. Kənara çəkildiyinə görə yumruq ona dəyməmişdir. Bundan sonra hamamda olan şəxslər, həmçinin sonradan ora gəlmiş Murad adlı tanışı onlara yaxınlaşıb ayırmışlar. Bundan sonra o, soyunub-geyinmə otağına daxil olaraq əynini geyinmiş və hamamın həyətinə çıxan zaman Əlinin kiminləsə danışdığını görüb ona arxadan yaxınlaşaraq, arxa tərəfdən bir dəfə yumruqla onun çənə nahiyəsinə vurmuşdur. Daha sonra yenə də soyunub-geyinmə otağında Kənanla aralarında sözlə mübahisə yaranmış və ona tərəf bir dəfə yumruq zərbəsi atmışdır. Bundan sonra yenə də onları ayırmışlar. Hamamda olduğu vaxt polis əməkdaşları gəlib onu 30-cu polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Hövsan qəsəbəsində yerləşən «Hövsan İstirahət Mərkəzi»ndə kisəçi işləyirdi. İş vaxtı saat 12:00-dan saat 00:00-dək davam edir. Təqsirləndirilən şəxs Hövsan qəsəbəsindən tanıyır və aralarında normal münasibət olub. xx xxxxxxxx 2019-cu ildə saat 22 radələrində iş yerində olduğu vaxt otaqlardan birində istirahət edərkən Müşviqin səsini eşitmiş və olduğu otaqdan bayıra çıxmışdır. Həmin vaxt Müşviq nalayiq söyüşlər söydü və istirahət mərkəzinin administratoru Kənan ona iradını bildirən zaman Müşviq Kənana qarşı güləş fəndi işlədib onu yerə yıxdı. Bunu gördükdə arxadan Müşviqə yaxınlaşıb onu Kənandan ayırmaq istəmişdir. Lakin Müşviq həddindən artıq sərxoş vəziyyətdə idi və söyüşlərini davam edirdi. Bu zaman Müşviqin hamamda olan və adını bilmədiyi dostu çıxmış və onlar birlikdə istirahət mərkəzinin həyətinə çıxmışlar. O, Müşviqin dostu ilə söhbət etdiyi vaxt üzünün sağ tərəfindən, çənəsindən qəflətən arxadan möhkəm yumruq zərbəsi dəydiyini hiss etmişdir. Arxaya döndükdə yumruğun Müşviq tərəfindən vurulduğunu görmüşdür. Bundan sonra istirahət mərkəzində olan şəxslər Müşviqi ondan ayıraraq polisə məlumat vermişlər. O, isə çənəsindən xəsarət aldığı üçün X2 müraciət etmişdir. Qeyd edir ki, hadisənin baş verməsinə səbəb Müşviqin özünü qeyri-etik aparması, nalayiq söyüşlər söyməsi ilə əlaqədar Kənanın ona irad bildirməsi olub. Qeyd edir ki, təqsirləndirilən şəxslə barışıb və hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, «Hövsan İstirahət Mərkəzi»ndə ofisiant işləyib. Həmçinin müdiriyyətin göstərişi ilə hamamda olan masaj otaqlarına nəzarət edirdi. Zərərçəkmiş şəxs onun iş yoldaşıdır və o, hamamda kisəçi işləyir. Təqsirləndirilən şəxs isə hamamda işlədiyi müddət ərzində müştəri kimi tanımışdır. xx xxxxxxxx 2019-cu ildə saat 15 radələrində Müşviq sərxoş vəziyyətdə hamama gəlmiş və pivə sifariş verərək içməyə başlamışdır. Saat 17 radələrində Müşviq bir saat masaj olunmaq istədiyini bildirib sifariş vermiş, o, isə Müşviqi qeydiyyata alaraq, onu masaj etməsi üçün hamamda masajçı işləyən Zümrüdü Müşviqin olduğu masaj otağına göndərmişdir. Zümrüd Müşviqi sağdan birinci otaqda masaj edirdi. Bir neçə dəqiqədən sonra Zümrüd ona şikayət edərək, Müşviqin ona qarşı nalayiq hərəkətlər etdiyini bildirmiş o, isə bununla bağlı Müşviqə xəbərdarlıq etmişdir. Müşviqin sifariş verdiyi bir saat bitdikdən sonra Müşviq həmin otaqdan çıxmış və bir qədər sonra Müşviqin adını bilmədiyi dostu da hamama gələrək Müşviqlə bir masada əyləşib pivə sifariş verib içmişlər. Saat 20 radələrində Müşviq və onun adını bilmədiyi dostu yenidən masaj sifariş vermiş, o, Müşviqi masaj etməsi üçün Mətanəti, digər şəxsi masaj etməsi üçün isə Zümrüdü göndərmişdir. Daha sonra Müşviq onu iki nəfər qadının masaj etməsini istəmiş, onun adını bilmədiyi dostu isə Zümrüdün Müşviqi masaj etməsinə etiraz etməyərək gözləyə biləcəyini demişdir. Bundan sonra Zümrüd və Mətanət Müşviqi masaj etməyə başladılar. Masaj müddəti bitdikdən sonra həm Müşviq və onun dostu masaj otağından çıxmışlar. Saat 22 radələrində Müşviqin masajçı qızların asudə vaxtlarında oturduqları otağa daxil olduğunu görmüş və ona yaxınlaşaraq, bayıra çıxmasını xahiş edib həmin otağa müştərinin daxil olmasının qadağan olduğunu bildirmişdir. Lakin Müşviq onun xahişinə məhəl qoymamış və otaqdan çıxmaq istəməmişdir. Bu zaman o, Müşviqi arxadan qucaqlayaraq otaqdan çıxarmağa cəhd göstərmiş və otaqdan çıxardıqdan sonra Müşviq ona qarşı güləş fəndi işlədərək yerə yıxmış, həmçinin özü də onunla birlikdə yıxılmışdır. Bu vaxt müdir Zaur, kisəçilər Əli və Kamran, həmçinin hamamda olan tanımadığı müştərilər onları ayırmışlar. Daha sonra Müşviq paltarlarını geyinib hamamdan istirahət mərkəzinin həyətinə çıxmışdır. Bu zaman Əli Müşviqin yanında olan dostu ilə istirahət mərkəzinin həyətində söhbət edirdi. Bir neçə dəqiqədən sonra Əli hamama daxil olaraq Müşviqin yumruqla onun çənəsindən vurduğunu bildirmişdir. Bundan sonra Müşviq yenidən dostu ilə birlikdə hamamın soyunubgeyinmə otağına gəlmiş, bu zaman aralarında hadisə ilə bağlı mübahisə yaranmış və yenidən istirahət mərkəzindən çıxmışlar. Bundan sonra istirahət mərkəzinə polis əməkdaşları gəldilər. Hadisənin baş verməsinə səbəb Müşviqin sərxoş vəziyyətdə hamamda səs-küy salması və nalayiq söyüşlər söyərək müştəriləri, həmçinin hamamda işləyən masajçı qızları narahat etməsi olub. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid5 zərərçəkmiş şəxsin və şahidin bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı ilə yanaşı iş materialları ilə təsdiq edilir. xx xxxxxx 2019-cu il tarixli 911 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs «bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: çənənin sağ mental nahiyəsinin yerdəyişməyən, sol oynaq çıxıntısının yerinidəyişmiş sınığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.2-ci maddələrinin sanksiyaları çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11– xx xxxxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-49/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-49/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver