Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-490/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 10 avqust 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 31 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 avqust 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamin əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,910 qram olan psixotrop maddə-metamfetamin əldə edib daşıyaraq saxlamış, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşlarına daxil olan əməliyyat məlumatı əsasında 31 iyul 2024-cü il tarixdə saat 19:00 radələrində həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, yaşadığı evin yaxınlığında saxlanılaraq 31-ci polis şöbəsinə gətirilib həmin tarixdə, saat 21:00 dəqiqədən 21:15 dəqiqəyədək olan vaxt ərzində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvada yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Bir müddət olar ki, psixotrop maddə metamfetamin qəbul etmişdir. 31 iyul 2024-cü il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşadığı evin yaxınlığında dayandığı zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edərək onu Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə dəvət etmişlər. Orada onun şəxsiyyətini müəyyən etdikdən sonra həmin şöbənin təhqiqatçısı, polis baş leytenantı Rəşad Quliyev tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 210-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılmasının zəruri olması bildirilərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Həmçinin onun üzərinə şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququnun olması izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olduqdan sonra, dəvət olunmuş vəkil Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etmişdir. Daha sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuşdur. Əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra, şəxsi axtarış zamanı şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək qablaşdırılmışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan kütlə psixotrop maddə-metamfetamindir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddə olan metemfetamin zərfə qoyulub, qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi izah olunmuşdur. İstər saxlanılan zaman, istərsə də polis şöbəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Psixotrop maddənin daimi aludəçisi olmamış, cəmi bir neçə dəfə istifadə etmişdir. Psixotrop maddənin “şüşə” kimi tanıdığı metamfetamin növündən tüstüsünü çəkməklə qəbul etmişdir. Polis əməkdaşları tərəfindən Əmircan qəsəbəsində yerləşən evinin yaxınlığında tutulmuşdur. Üzərindən aşkar olunan psixotrop maddəni ibtidai istintaq zamanı ifadəsində Kubinka ərazisində tanımadığı şəxsdən 10 manat ödəməklə aldığını bildirsə də, məhkəmə iclasında bildirmişdir ki, onu kimdənsə almamış, Şor gölünün yanından tapmışdır. Üzərindən aşkar olunan psixotrop maddə özünə məxsus olmuşdur. Sonda isə əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CAŞ üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 31 iyul 2024-cü il tarixdə Ağa adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar RPİ-nin 31-ci Polis Şöbəsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra, o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Tofiq Bayram küçəsi 101C ünvanının yaxınlığında Təqsirləndirilən şəxs görüb saat 19:00-da əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə-metamfetamin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışlar və həmin istintaq hərəkətinin keçirilməsi məqsədilə onu Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirmişlər. 31-ci polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra, müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə buna heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə-metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sol yan cibindən ağ rəngli ***-***-**-** nömrəli “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra, təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlələri haradan əldə etməsini soruşduqda sonuncu həmin kütləni tutulduğu gün, günorta saatlarında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata əldə etdiyini və özü istifadə etməsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş 01 (bir) ədəd psixotrop maddəmetamfetaminə bənzər kütlə olan büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 195 saylı möhürü ilə möhürlənmiş, həmçinin aşkar edilmiş mobil telefon qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən onlara qarşı hər hansı bir təzyiq və ya müqavimət göstərilməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Şübhəli şəxs qismində tutulan zaman Təqsirləndirilən şəxs hər hansısa xəsarəti olmamışdır. Təqdim etdiyi narkotik vasitəni üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata əldə etdiyini və özü istifadə etməsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Suraxanı RPİnin 31-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili, iş üzrə Şahid2 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadədə, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 01 avqust 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 31 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. (iş.v. 9) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd içərisində ağ rəngli kristal formalı maddə olan şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd içərisində ağ rəngli kristal formalı maddə olan şəffaf sellofana bükülmüş bükümün içərisində metamfetamin olduğunu, həmin maddəni tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (iş.v. 31-32) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə-metamfetamini çıxararaq təqdim edir. Həmin maddəni Kubinka deyilən ərazidə tanımadığı şəxsdən 10 manat pul ödəməklə aldığını bildirir. Bundan sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparırlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək qablaşdırılır. Məhkəmə-kimyəvi ekspertizasının 01 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/3923 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 195” möhür əksi, “İştirakçılar Şahid1 /imza/; Şahid2 /imza/; Müdafiəçi /imza/; Şübhəli şəxs: Təqsirləndirilən şəxs /imza/; Tərtib etdi: R.Quliyev /imza/” yazılar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi: 0,910 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. 2) Metamfetaminin təmiz çəkisi – 0,910 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 0,810 qram. (iş.v.38-40) Ambulator məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2024-cü il tarixli, 5332 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 90-91) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 31-ci polis şöbəsi tərəfindən ünvanlanan 20 avqust 2024-cü il tarixli, ********* saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə-metamfetamini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 93-94; 104) 03 avqust 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman aşkar edilmiş 01 ədəd “SAMSUNG” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olması müəyyən edilmişdir. Baxış zamanı həmin mobil telefonun “WhatsApp” proqramında iş üçün əhəmiyyətli yazışmalar, telefonun zəng bölməsində və qalereya bölməsində iş üçün əhəmiyyət kəsb edən zənglər və görüntülər aşkar edilməmişdir. (iş.v. 84) 05 avqust 2024-cü il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,910 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin məhkəmə kimyəvi ekspertizasının müvafiq rəyindən sonra isə 0,810 qram təşkil edən 01 (bir) ədəd büküm psixotrop maddə-metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Maddi sübut kimi tanımaq haqqında qərar cinayət işinə əlavə olunmuşdur. (iş.v. 86) 30 avqust 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,910 qram psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 0,810 qram psixotrop maddə-metamfetaminin saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə-metamfetamini ona qanunsuz olaraq satmış şəxsin və həmin cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində material ayrılaraq həmin material üzrə araşdırmanın davam etdirilməsi və həmin materialın gələcək istiqaməti barədə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məlumat verilməsi qərara alınmışdır. (iş.v. 105-112) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD diskin maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (iş.v. 105-112) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuş, saat 19:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 02 avqust 2024-cü il tarixdə, saat 10:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 02 avqust 2024-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə növündə” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 21, 52-53, 66-67, 72-74, 76-77) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddəmetamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,910 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, yaşadığı evin yaxınlığıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin inzibati binasına gətirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmuyan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,910 qram olan psixotrop maddə-metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşlarına daxil olan əməliyyat məlumatı əsasında 31 iyul 2024-cü il tarixdə saat 19:00 radələrində həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, yaşadığı evin yaxınlığında saxlanılaraq 31-ci polis şöbəsinə gətirilib həmin tarixdə, saat 21:00 dəqiqədən 21:15 dəqiqəyədək olan vaxt ərzində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmədə verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 05 yanvar 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 07 sentyabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (iş.v. 96-97) CM-nin 15-ci maddəsinə əsasən CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 07 sentyabr 2013-cü il tarixdən hazırki iş üzrə cinayət əməlini törətdiyi 31 iyul 2024-cü il tarixədək səkkiz ildən artıq müddət keçdiyindən məhkumluğu ödənilmiş və götürülmüş şəxs hesab olunur. Təqsirləndirilən şəxs əməlindən peşman olması məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,810 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,810 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-490/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-490/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver