Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-491/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X2 və Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də operator vəzifəsində işləmiş, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, nömrəsiz evdə qeydiyyatda olan və həmin ünvanda yaşamış, 01 noyabr 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, 03 noyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2023cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 15 oktyabr 2023-cü il tarixdən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə saat 13:00 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" yanacaq doldurma məntəqəsinin içərisində müştəri qismində gələrək ondan sonra gələn müştərilərə xidmət göstərildiyini irad bildirən müştəri Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş və mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əli və ayağı ilə Zərərçəkmiş şəxs vurub yıxaraq ona oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının şişkinlik və sıyrığı, sağ əlin İ barmağının səthi əzilmiş yarası, sağ diz oynağının sıyrıqları, burun kökünün və döş qəfəsinin qançırları və ənsə nahiyəsinin şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 13:47 radələrində yanacaq doldurma məntəqəsinə **-EG-*** dövlət qeydiyyat nişanlı, “Passat” markalı avtomobil daxil olaraq ikinci yanacaq kalonuna yaxınlaşmışdır. Həmin zaman 1-ci və 3-cü yanacaq doldurma kalonuna müştərilər yanaşdığından o, həmin müştərilərə xidmət göstərdikdən sonra 2-ci kalona yaxınlaşmışdır. Bu zaman **-EG-*** dövlət qeydiyyat nişanlı, “Passat” markalı avtomobilin sürücüsü, sonradan adının Sərdar olduğunu bildiyi şəxs birinci onun gəldiyini, nə səbəbdən digərlərindən sonra ona xidmət göstərdiyi barədə ona irad bildirərək onunla kobud danışmışdır. Bundan sonra onun və valideyninin ünvanına nalayiq sözlər işlədərək üzərinə hücum etmişdir. O, da özünü qorumaq məqsədi ilə Sərdarı itələmiş, bundan sonra Sərdar yerə yıxılmışdır. Sərdar ayağa qalxıb onun üzərinə yenidən hücum etmək istədikdə o, təpiklə Sərdarın baş nahiyəsinə zərbə vurmuşdur. Sərdar yenə də ayağa qalxıb onun üzərinə hücum etmək istədikdə iş yoldaşları onları ayırmış və mübahisə yekunlaşmışdır. Sərdar öz avtomobilinə əyləşərək polisin gəlməyini gözləmiş, daha sonra hadisə yerinə polis gəlmişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı hadisə yerində iş yoldaşları, həmin zaman yanacaq doldurma məntəqəsində olan tanımadığı müştərilər olmuşdur. Həmin mübahisə zamanı bədənində sıyrıq xəsarətləri olsa da şikayəti olmadığı üçün məhkəmə tibbi müayinədən keçməkdən imtina etmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxslə barışığa cəhd etsə də nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə saat 13:47 radələrində idarə etdiyi “Passat” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" yanacaq doldurma məntəqəsinə daxil olaraq ikinci yanacaq kalonuna yaxınlaşmışdır. Lakin yanacaq doldurma məntəqəsinin operatoru, 25-30 yaşlı, orta bədən quruluşlu, başında tükü bir qədər keçəlləşmiş şəxs ona əhəmiyyət verməyib ilk olaraq birinci, daha sonra isə üçüncü kalonda olan müştəriləri yola saldıqdan sonra ona yaxınlaşmışdır. Bu zaman o, həmin operatora ilk olaraq onun gəldiyini, lakin ona yox digər gec gələn müştərilərə xidmət göstərməsini ona haqlı irad bildirdikdə həmin operator ona kobud cavab verərək ünvanına nalayiq söz işlətmişdir. O, yanacaq doldurma məntəqəsinin müdiriyyətini tələb edərək orada olan ofisə yaxınlaşmaq istədikdə orada müdiriyyətin olmadığını görüb geri qayıtmaq istəyən zaman həmin operator üzərinə şığıyaraq onu təpik zərbəsi ilə vurub yerə yıxmış, yerdə də təpik və yumruqla vurub döyməyə başlamışdır. Ətrafda olan personal və müştərilər həmin operatoru ayırmışdır. Baş vermiş mübahisədən çox təsirlənmiş və polisə müraciət etmişdir. Mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Hadisə yerində olan personal və ətrafda olan müştərilər bu hadisənin şahidi olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən barışığa cəhd olunsa da o, buna razılıq verməmiş, hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs da onun kimi Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləmişdir. 05 avqust 2022-ci il tarixdə təxminən saat 13:00 radələrində “Passat” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil yanacaq doldurma məntəqəsinə daxil olaraq ikinci kalona yaxınlaşıb gözləməyə başlamışdır. Həmin vaxt nahar fasiləsi olduğundan həmin şəxsə yaxınlaşa bilmədiyi üçün həmin şəxs yüksək səslə qışqıraraq ofisə tərəf getmişdir. Bu zaman iş yoldaşı olan Təqsirləndirilən şəxsla həmin şəxs arasında mübahisə yaranmışdır. Həmin vaxt yanacaq doldurma məntəqəsinin fəaliyyəti müvəqqəti olaraq dayanmış və ətrafda olan tanımadığı şəxslər onlara yaxınlaşmışlar. Onlar bir-birinin ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman Təqsirləndirilən şəxs həmin tanımadığı şəxsi vurmuş və həmin şəxs yerə yıxılmışdır. O, dərhal onlara yaxınlaşıb ayırmışdır. Şahid həmçinin qeyd etdi ki, onları ayırarkən müştərinin yumruğu ona dəymişdir. Təqsirləndirilən şəxsla müştəri arasındakı mübahisə təxminən 2 dəqiqə çəkmişdir. Hadisə zamanı özü xəsarət almamış, hadisə yerində ondan başqa müştərilər, tanımadığı şəxslər də olmuş, həmin hadisənin şahidi olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokola əsasən, hadisə yerində olan "xxxx" yanacaq doldurma məntəqəsinin təhlükəsizlik kamerasından çıxarılmış hadisə anının videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd video diskə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, görüntüdə saçı ağ olan şəxsin üzü dəqiq olaraq görünməyən şəxslə mübahisə etməsi görünür, lakin Zərərçəkmiş şəxs döyülmə anı iş materiallarına əlavə edilmiş videoçəkilişdən görünmür. “Sübutların qiymətləndirilməsi haqqında” 23 may 2023-cü il tarixli qərardan görünür ki, baş vermiş hadisəni özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 921 saylı rəyindən görünür ki, 1961-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs bədən səthində oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının şişkinlik və sıyrığı, sağ əlin İ barmağının səthi əzilmiş yarası, sağ diz oynağının sıyrıqları, burun kökünün və döş qəfəsinin qançırları, ənsə nahiyəsinin şişkinliyi kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd edilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Qədirov X3 rayonu, Hövsan qəsəbəsində yerləşən “Msoil” yanacaq doldurma məntəqəsinin qarşısında 05 avqust 2022-ci il tarixdə saat 13 radələrində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs itələyərək yerə yıxdığını, daha sonra isə baş nahiyyəsinə təpiklə vurduğunu göstərmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Araz Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət verilmiş, Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun 03 noyabr 2022-ci il tarixli qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. 03 noyabr 2022-ci il tarixli müstəntiqin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 15 oktyabr 2023-cü il tarixdə saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Cinayət işi materiallarından və toplanmış sübutlardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs "xxxx" yanacaq doldurma məntəqəsində sonuncunun başqa müştərilərə xidmət göstərməsindən təsirlənərək, müştəri kimi ilk öncə onun gəlməsini əsas gətirərək ona xidmət göstərilməli olduğunu haqlı irad bildirmiş, bu zaman Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söz işlətmiş, Zərərçəkmiş şəxs yanacaq doldurma məntəqəsinin müdiriyyətini tələb etmiş, lakin orada müdiriyyətdən kimisə tapa bilməyərək avtomobilinə tərəf geri qayıdarkən Təqsirləndirilən şəxs onun üzərinə hücum çəkərək təpik və yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurub ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Qeyd olunan hadisə zamanı ətrafda çoxlu sayda müştəri, həmçinin yanacaq doldurma məntəqəsinin işçiləri olmuş, ictimai qayda kobud şəkildə pozulmuş, vətəndaşların narahatlığına səbəb olan vəziyyət yaranmış, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarının ziddinə qərəzli hərəkət edilmiş nəticədə xuliqanlıq cinayət əməli törənmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaransa da, sonradan belə hərəkətlər ictimai qaydanı pozulmasına və cəmiyyətə qarşı açıq hörmətsizliklə nəticələnmişdir. Həmçinin tərəflər hadisədən öncə bir-birilərini tanımamış, aralarında əvvəlcədən hər hansı qərəz olmamışdır. Şəxsi münasibətin pozulması isə zərərçəkmiş şəxsin haqlı iradından sonra təqsirləndirilən şəxsin ona nalayiq söz işlətməsindən yaranmışdır. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübut yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokolunu, diskə baxış keçirilməsi barədə protokolu, o cümlədən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini də sübut növü kimi qəbul edir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, təqirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqında özünün səmimi etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyi, diskə baxış protokolu və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, hadisə yerində olan "xxxx" yanacaq doldurma məntəqəsinin təhlükəsizlik kamerasından çıxarılmış hadisə anının videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət və həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, hadisələrin təsüdüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.2-ci maddələrinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 7 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 7 (yeddi) iş saatı üçün 42 (qırx iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 15 oktyabr 2023-cü il tarixdən hökm elan olunduğu tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin olunan 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay 28 (iyirmi səkkiz) gün çıxılmaqla ona qəti olaraq 09 (doqquz) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 07 (yeddi) iş saatına görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 42 (qırx iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-491/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-491/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver