Məhkəmə qərarları › İş №1(010)-495/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-495/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-495/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Sadiq oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, 17 – 18 yanvar 2023-cü il tarixləri üzrə tutulmuş, 18 yanvar 2023-cü ildə barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 1(010)-212/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 07 mart 2023-cü ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Sadiq oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Sadiq oğlu satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,920 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlamaqla, daşımış və 17 yanvar 2023-cü il tarixdə saat 11:00-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, nömrəsiz ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasına gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli idman şalvarın sol yan cibindən iki ədəd sellofan bükümdə ayrı- ayrlıqda təmiz çəkisi 0,469 qram və 0,451 qram olmaqla, ümumi təmiz çəkisi 0,920 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Sadiq oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Sadiq oğlu özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə heroini 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Ramin adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Daha sonra 17 yanvar 2023cü il tarixdə yaşadığı evin yaxınlığında olarkən 2 nəfər mülkü geyimdə şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun şəxsiyyəti barədə maraqlanmışlar və o da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirmişlər və onu üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. O da razılaşaraq polis əməkdaşları ilə birlikdə 30-cu polis şöbəsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ilə görüşdükdən sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, isə əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümləri açıb içinə baxdıqdan sonra həmin bükümlərin içindəki maddələrin nə olması, kimdən hansı məqsədlə əldə etməyi barədə soruşmuşlar. O da həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, onu öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, nömrəsiz ünvanın yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq gözləmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə 30-cu polis bölməsinə gəlmişdir. 30-cu polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs Şadıq oğlu əynində olan göy rəngli idman şalvarın sol yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsul və məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitələri 16 yanvar 2023-cü il tarixdə səhər saatlarında Hövsan qəsəbəsində Ramin adlı şəxsdən öz şəxsi istifadəsi məqsədilə ətdə etdiyini və üzərində saxladığını bildirmişdir. Burhdan sonra aşkar edilmiş həmin 02 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin sahə inspektoru Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Sadiq oğlunun üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sadiq oğlunun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs Sadiq oğlunun əynində olan göy rəngli idman şalvarın sol yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etməsi, həmin bükümlər açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsul və məqsədlə əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitələri 16 yanvar 2023-cü il tarixə səhər saatlarında Hövsan qəsəbəsində Ramin adlı şəxsdən öz şəxsi istifadəsi məqsədilə əldə edib üzərində saxladığını bildirməsi, sonra aşkar edilmiş həmin 02 ədəd bükümün götürülərək qablaşdırılması, daha sonra isə Təqsirləndirilən şəxs Sadiq oğlunun üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olundu. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/285 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs Sadiq oğlunun üzərindən götürülmüş...”sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,469 qr., 0,451 qr., ümumi təmiz çəkisi 0,920 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci 28 iyun il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,920 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,820 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1401 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Sadiq oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sadiq oğlunun oğlu xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 18.01.23-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 0,920 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,820 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Sadiq oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-212/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 tərəfindən verilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sadiq oğlu arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Məhkəmə Təqsirləndirilən şəxs Sadiq oğlunun əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Sadiq oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Sadiq oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Sadiq oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Suraxanı Rayon Məhkəməsinin 1(010)-212/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Sadiq oğluna təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Sadiq oğlunun əvvəlki iş üzrə 15 – 17 sentyabr 2022-ci il tarixlərdə və hazırkı iş üzrə 17 – 18 yanvar 2023-cü il tarixlərdə tutulduğu cəmi 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Sadiq oğlunun azadlıqdan məhrum etmə cəzasının əvvəli 07 mart 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs Sadiq oğlu azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs Sadiq oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs Sadiq oğlunun Suraxanı Rayon Məhkəməsinin 1(010)-212/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sadiq oğlu barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,820 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs Sadiq oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs Sadiq oğlunun hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Sadiq oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-212/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Sadiq oğluna təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sadiq oğlunun əvvəlki iş üzrə 15 – 17 sentyabr 2022-ci il tarixlərdə və hazırkı iş üzrə 17 – 18 yanvar 2023-cü il tarixlərdə tutulduğu cəmi 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sadiq oğlunun azadlıqdan məhrum etmə cəzasının əvvəli 07 mart 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs Sadiq oğlu azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Sadiq oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs”növündə qətimkan tədbiri ilə əvəz edilsin . Təqsirləndirilən şəxs Sadiq oğlunun Suraxanı Rayon Məhkəməsinin 1(010)-212/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sadiq oğlu barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,820 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs Sadiq oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs Sadiq oğlunun hüquqlarının müdafiəsinə sərf etdiyi 14 (on dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 84 (səksən dörd) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar