Məhkəmə qərarları › İş №1(010)-496/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-496/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-496/2025 20.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 21 – 23 aprel 2025-ci il tarixləri üzrə üzrə şübhəli şəxs qismində tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,580 qram psixotrop maddə metamfetamin alaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 aprel 2025-ci il tarixdə saat 15:15 radələrində Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən “Qırmızı körpü” restoranının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq və orada videoçəkiliş aparılmaqla üzərində baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,580 qram ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin 16 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, işi ilə bağlı servisə avtomobil gəlmişdir. Avtomobilə baxanda telefonu qalmışdır orada. Telefonunu götürüb aparmışlar. Sonra evdə olanda qapını döymüşlər o, qapını açmışdır. Evdə tək olmuş, anası mağazaya getmişdir. Ondan soruşmuşlar ki, Emin odur. Demişdir ki, bəli. Demişlər ki, maşının yağına baxmaq lazımdı. O, da maşın tərəfə getmiş və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları demişlər ki, telefonunu narkomanların maşınından götürmüşlər. Ondan soruşmuşlar ki, telefon onundur yoxsa yox. Demişdir ki, onundur, itirmişdir. Onu aparmışlar Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə, saat 12-1 radələri olardı. 33-cü polis bölməsində narkotiki vermişlər ona. 2 saat sonra onu aparmışlar Yeni Günəşli qəsəbəsinə çəkilişə görə. Yeni Günəşli qəsəbəsində çəkiliş edəndən sonra onu 33-cü polis bölməsinə qaytarmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı fiziki təsir, döymə olmamışdır. Hədə-qorxu gelmişlər. Onu evdən aparmışlar. Evdə olanda üzərində narkotik vasitəsi yox idi. Bölməyə qayıtdıqdan 3-4 sonra müdafiəçi gəlmişdir. Narkotik vasitəsi istifadə etmir. Şahidləri görsə tanıyar. Məhkəmənin 20 noyabr 2025-ci il tarixli məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “o, narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamini “Patı” kimi tanıyır və istifadə edir. 21 aprel 2025-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu tanımadığı şəxsdən 10 manat pul qarşılığında bir ədəd sellofan bükümə doldurulmuş psixotrop maddə metamfetamini əldə etmişdir. Həmin tarixdə saat 15:15 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən “Qırmızı körpü” restoranı yaxınlığında piyada hərəkətdə olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində hər hansı qanunsuz əşya, alət və vasitə olubolmadığını soruşmuşlar, əgər varsa çıxarıb təqdim etməyini təklif etmişlər. O, da könüllü olaraq əldə edib üzərində saxladığı psixotrop maddəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmin maddəni hardan, hansı üsulla əldə etdiyi barədə sual verildikdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqdim etdiyi psixotrop maddəni ağ zərfdə qablaşdırmışlar, zərfin üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər və o, da razılaşıb 33-cü PB-nə gəlmişdir. 33-cü PB-də üzərində aşkar olunan psixotrop maddəyə baxış keçirilmişdir. Üzərində aşkar edilmiş psixotrop maddəyə baxış keçirildikdən sonra yenidən ağ zərfdə qablaşdırılmışdır. Daha sonra ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilmiş, saxlanıldığı zaman və bölmədə olarkən ona qarşı fiziki zor və güc tətbiq olunmayıb, üzərində aşkar olunan psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul deyildir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Aprel ayının 18-22 arası məlumat daxil olmuşdur ki, Emin adlı şəxs Suraxanı rayonu ərazisində narkotik vasitəsinin saxlanılmasında və istifadəsində şübhəlidir. Məlumatı aldığı zaman əməliyyat qrupunun yaradılması ilə bağlı dərhal bölmə rəisinə raportla müraciət etmişdir. Əməliyyat qrupunda o, Şahid3 və Şahid2 idi. Emini məlumat əsasında Qırmızı Körpü restoranının yaxınlığında saxlamışlar. Özlərini təqdim etmişlər və qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitəsinin saxlanılmasında və istifadəsində şübhəli olduğunu bildirmişlər. Qeyri-qanuni predmet və ya əşya varsa təqdim etməsini tələb etmişlər. Emin onlara bir bükümdə metamfetamin uzatmış və tərəflərindən qablaşdırılmışdır. Orada şərait olmadığı üçün 33-cü polis Bbölməsində protokol tərtib olunmudur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X1 bildirmişdir ki, videoçəkilişi Qırmızı Körpü restoranının yaxınlığında etmişlər. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş, qaçmamışdır. Könüllü şəkildə narkotiki təqdim etmişdir. Metamfetamini Suraxanı rayonunda tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamış, döymə olmamışdır. İbtidai istintaq zamanı şahid X1 ifadəsində göstərmişdir: “21 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Qırmızı Körpü” restoranın yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi, polis mayoru Şahid3 və polis mayoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Qırmızı Körpü” restoranın yaxınlığına getmişlər. Həmin vaxtı, yəni saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Qırmızı Körpü” restoranın yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib saxlanıldığı yerdə üzərinə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Özünü təqdim etdikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda təqdim etməyini bildirmişlər. Təqsirləndirilən şəxs da üzərində bir büküm “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində göy rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra ondan həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Suraxanı ərazisindən tanımadığı şəxsdən 10 manata alıb özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddi sübut və Təqsirləndirilən şəxs tərəflərindən Suraxanı RPİ-nin 33-cu PB-nin inzibati binasına aparılmış və təhqiqatçı Elməddin Əhmədova təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutularkən üzərinə baxış keçirildikdə yolda ondan götürdükləri psixotrop maddəni təqdim etmişlər. Bunlar barədə protokol yazılmış, həmin protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. 21 aprel 2025-ci il tarixində saat 15.00 radələrində 33-cü polis bölməsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Günəşli qəsəbəsində yerləşən “Qırmızı Körpü” adlanan kafenin qarşısında, Təqsirləndirilən şəxs narkotik maddələrinin qəbulunda şübhəli olduğu üçün təfərlərindən saxlanılıb və üzərinə baxış keçirilmiş, narkotik vasitəsi aşkar olunmuş, videoçəkiliş aparılmış, bundan sonra Polis Bölməsinə gətirilmiş, təhqiqat otağına təhvil verilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, 3 nəfər polis əməkdaşı yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Metamfetamini Suraxanıda tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dedikləri yalandır. Onun üzərinə heç kim narkotik maddə qoymamış, videoçəkilişlə üzərindən aşkar edilmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən əməliyyat tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs Yeni Günəşli qəsəbəsində yerləşən “Qırmızı Körpü” restoranın yaxınlığında hərəkətdə olmuş, onlarda təqsirləndirilən şəxsi müşahidə etmişlər. Onlar təqsirləndirilən şəxsə yaxınlaşaraq nədə şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən də üzərində narkotik vasitə var. Sonra təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxs 3 nəfər yaxınlaşmışıar. Təqsirləndirilən şəxsə “Qırmızı Körpü” restoranın yaxınlığında yaxınlaşmışlar. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin üzərindən metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxsin deməsiə görə 10 manata tanımadığı şəxsdən almışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd disklərə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Suraxanı RPİ-nin 33cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi Nazim Əziov və Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə inspektoru Şahid2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Qırmızı Körpü” restoranın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib üzərində baxış aparılacağını bildirdilər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Bundan sonra ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilir və olduğu halda çıxarıb təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində nə olması barədə soruşulur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddə metamfetamini tanımadığı şəxsdən 10 manata alaraq saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm götürülərək qablaşdırılır. Həmçinin Təqsirləndirilən şəxs üzərində baxış aparıldıqdan sonra onun Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasına aparılması və orada baş təhqiqatçı Elməddin Əhmədovun otağında şübhəli şəxs qismində tutulması və digər istintaq hərəkətləri öz əksini tapır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1482 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,580 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi - 0,580 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,530 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2025-ci il tarixli 2359 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həminin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 0,580 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin tədqiqatdan sonra qalıq qalmış 0,530 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 (iki) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri yoxdur, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini, əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 21– 23 aprel 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.530 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21– 23 aprel 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.530 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 (yüz otuz iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar