Məhkəmə qərarları › İş №1(010)-50/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-50/2022

04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-50/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-395/2021 nömrəli iş üzrə 15 avqust 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 14 avqust 2021-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və 14 avqust 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 2,280 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə – kustar üsulla hazırlanmış psixotrop vasitə metamfetamin əldə edib üstündə saxlamaqla daşımış, 14 avqust 2021-ci ildə saat 00:10 radələrində Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş, orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,280 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə – kustar üsulla hazırlanmış psixotrop vasitə metamfetamin aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 14 avqust 2021-ci il tarixində saat 00:10 radələrində ünvan 6 ünvanın yaxınlığı ilə hərəkət edərkən ona polis əməkdaşları yaxınlaşmış və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona müdafiəçi ilə təmin olunmuş, videoçəkilişdən istifadə olunmaqla üzərinə baxış keçirilən vaxt əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Qeyd edir ki, həmin psixotrop vasitəni 13 avqust 2021-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı Murad adlı şəxsdən 35 manat ödəməklə şəxsi istifadəsi üçün almışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 bildirmişdir ki, ona etimad doğuran qərəzsiz mənbədən «Murad» adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna dair əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanması və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı Suraxanı RPİ-nin 32-ci PB-nin rəhbərliyinə raportla müraciət etmiş, müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 14 avqust 2021-ci ildə o, və bölmənin digər əməkdaşı əməliyyat müvəkkili Şahid2 tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında saat 00:10 radələrində saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs münasibətdə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı təqsirləndirilən şəxsə təklif olunmuşdur ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd büküm çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, bu maddəni 13 avqust 2021-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı «Murad» adlı şəxsdən öz istifadəsi üçün 35 manata aldığını bildirmişdir. Bundan sonra həmin maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun öz etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 14 avqust 2021-ci il tarixli 6/3503 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,280 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir». 15 sentyabr 2021-ci il tarixli 3454 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini etiraf etdiyini və peşman olduğunu, himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin külli miqdar təşkil etdiyini nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,180 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 14 avqust 2021-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,180 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar