Məhkəmə qərarları › İş №1(010)-50/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-50/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-50/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-36/2023 nömrəli iş üzrə 10 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 13 may 2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, hazırkı iş üzrə 03 – 04 may 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satiş məqsədi olmadan xeyli miqdarda 01 ədəd şəffaf polietilen bükümündə psixotrop maddə sayılan metamfetamini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 03 may 2024-cü il tarixdə saat 07:00 radələrində Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində xidmət apardıqları zaman özünün şübhəli davranışlarına görə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarın qabaq sağ cibinin içərisində olan balaca cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi xeyli miqdarda, yəni 0,717 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə 03 may 2024-cü ildə axşam saatlarında işdən qayıdanda olmuşdur. Evinə yaxınlaşaraq ona Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşmış və adını soruşmuşlar. Polis əməkdaşları portala baxaraq onun üstünü yoxlamağa başlamışlar. O, buna etiraz etmişdir. Polis əməkdaşları ona əl-qol atmağa başlamışlar, onu maşına mindərək yarım saat incitmişlər. Üç dənə Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin maşını olmuşdur. Onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirərək demişlər ki, paqonu cırdığına görə narkotik vasitəni üzərinə götürməlidir. Göstərilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik əvvəllər istifadə etmiş, cəzasını çəkmiş, 2023-cü ildə çıxmış, hadisəyə qədər narkotik istifadə etməmişdir. Ayın 3-ü axşam saat 12-nin yarsı olmuş, işdən evə gedirmiş, Babək prospektində yerləşən “FF” şirkətində işləyir. Öz evi Hövsan qəsəbəsindədir, bağa gedirmiş, tək olmuşdur. Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşmış, soruşmuşlar ki, hara gedir, demişdir ki, evə gedir, qapısını göstərmiş, adını demiş, düşərək üstünü axtarmışlar, etiraz etmişdir. Üstündə mobil telefon olmuşdur. X14 Xidmətinin əməkdaşı 30cu polis şöbəsində baxışda iştirak etmişdir. Müqavimət göstərmişdir deyə 3-cü Post Patrul Xidmətinin maşınını çağırmışlar, maşına oturmaq istəməmişdir. Yaşadığı evlə şöbənin arası 200-300 metr olar. Post Patrul Xidmətinin əmədaşlarını tanımır. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində bir gün saxlamışlar, demişlər ki, paqonu cırmış, paqon ağırdır, narkotiki götürməlidir və hədələmişlər ki, vəkilə heç nə deməsin. X3muş, müstəntiqə bu barədə heç nə deməmişdir. Onun başıma belə bir iş gəlməmişdir. Şikayət etməmiş, başı çıxmır. Ona hədə qorxu gəlmişlər ki, etiraf etməsə bundan ağır maddə yükləyəcəklər. Polislər onu yıxıb yerə təpikləmişlər, qonşular da görmüşlər, qabırğaları, gözünün altı xəsarət almışdır. Həkimdən keçməmiş, ona demişlər ki, heç kimə deməsin, qabırğaları indi də ağrıyır. Qolunda cızıqlar olmuşdur. Xəsarətləri ona onu tutan Sənan və Etibar yetirmişdir. O, polislərə əl atmamışdır. Sənan və Etibar məcbur etmişdir ki, narkotiki etiraf etsin. Ona demişlər ki, çölə çıxsa onu yükləyəcələr. ***-***-**-** nömrəli telefon üstündə olmuş, PPX onu tutanda telefonunu almışlar. Tutulanda üzərində narlkotik olmamışdır. Tululanda qardaşı Sahib Paşayev, qonşular görmüşlər. Döyülməyini qardaşına ailəsinə demişdir. 2 qabırğası hal-hazırda ağrıyır. Ekspertizadan keçməyi müstəntiqə deməmişdir. Qonşularda videokamera var, döyülməyi həmin kameraya düşə bilər, bu barədə müstəntiqə müraciət etməmişdir. O, ailədə yeganə işləyən şəxsdir, uşaqlar məktəbə gedir. Onu gecə 12-nin yarısı tutmuşlar. İstintaqdakı ifadəsini xatırlamır, yazdılar o, qol çəkmişdir. Ona təzyiq oldu deyə etiraf etmişdir. Türmədən çıxandan sonra narkotik maddə istifadə etməmişdir. O, ancaq dərman istifadə etmişdir. Onu şöbədə döyməmişlər, maşına mindirmək üçün döymüşlər. Üzərinə götürdüyü bir büküm patı olmuş, cibinə qoymuşlar. Patı istifadə etməmişdir. Patı görmüşdür. Polislər demişlər ki, bükümü götürməsə ağır olacaq. Sidikdən analiz vermiş, nəticəsini bilmir. Travmadol istifadə etmiş, 7 il qabaq qəzaya düşmüş, ağrıyırdı, istifadə etmişdir. Əvvəlki məhkumluğunda da travmadol istifadə etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyə başlamış, “Pati” psixotrop maddə deyilən metamfetamini falqada yandırıb tüstüsünü çəkməklə istifadə etmişdir. 2021-ci il tarixdə CM-nin 234.-ci maddəsi ilə Suraxanı rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş, 2023-cü ilin may ayında azadlığa buraxılmışdır. 02 may 2024-cü il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manat müqabilində bir büküm psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamış, 03 may 2024-cü il tarixdə səhər saat 07 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində piyada hərəkət edən zaman PPX-nin avtomobilinin gəldiyini görmüş, dərhal istiqamətini dəyişib yolun əks istiqamətinə keçmişdir. Həmin vaxt PPX-nin əməkdaşları ona yaxınlaşıb dayanmağını, hardan gəldiyini və onları görüb yolunu nə üçün dəyişdiyini soruşmuşlar. O, həmin vaxt həyəcandan onlara cavab verə bilməmiş, PPX-nin əməkdaşları üzərində narkotik maddə olub-olmadığını soruşmuşlar. Onlar bir neçə dəqiqə səmimi söhbət etdikdən sonra o, üzərində narkotik maddə olduğunu etiraf etmiş, sonra həmin polis əməkdaşları onu avtopatrula mindirib 30-cu polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Sonra ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş və təklif olunmuşdur ki, üzərində şəxsi axtarış aparılsın. O, üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş, üzərində şəxsi axtarış aparılmasında müdafiəçinin iştirakına ehtiyac olmaması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra araşdırmanı aparan polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılmağa başlanılmış o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin içərisində olan balaca cibindən istifadə etmək üçün saxladığı bir ədəd sellofan bükümdə olan metamfetamini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. O, üzərində aşkar olunmuş həmin 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini 02 may 204-cü il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən istifadə etmək üçün 10 manat müqabilində əldə etmişdir. Bundan sonra üzərində aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyularaq imzalanmışdır. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş protokol ucadan oxunmuş, yazılanlar doğru olduğuna görə protokolun səyfələrinə imza atılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Gecə vaxtı oğurluqla bağlı xidmət apararkən Təqsirləndirilən şəxs küçədə onları görüb dayanmış və geri qayıtmışdır. Yaxınlaşıb özlərini təqdim edərək Təqsirləndirilən şəxs şəxsiyyətini istəmişlər. Lakin Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, əlində nə olduğunu soruşduqda aqresiya nümayiş etdirmiş, 30-cu polis şöbəsinə dəvət etmişlər, onlara qarşı müqavimət göstərmiş, 30-cu polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar 2 nəfər, Samir isə tək olmuş, onları görüb dayanmış və geri dönmüşdür. Qarşısını kəsib soruşmuşlar, 30-cu polis şöbəsinə dəvət etmişlər, Samir getməmiş, fiziki güc tətbiq etmiş, əlində kulok olmuşdur. 10-15 dəqiqə ərzində maşına mindirmişlər, əlavə maşın gəlmiş, maşın gələnə qədər maşına mindirmişlər. Videoçəkliş olmuş, Samirin üzərinə baxış keçirilmişdir. Baxışda təhqiqatçı və onlar iştirak etmişlər. İfadəsini təsdiq edir. Əməkdaşın şalvarı cırılmışdır. Şəxsdə xəsarət olmamışdır. Samiri saat gecə 03:00-də saxlamışlar. Samir demişdir ki, Hövsan bağlarda qalır, şəxsiyyəti təsdiq edən sənəd istədikdə özünü şübhəli aparmışdır. Qanuni tələblərinə tabe olmamış, qaçmağa cəhd etmiş, onlara güc tətbiq etmiş, onlar da fiziki qüvvə tətbiq edərək onu maşına əyləşdirmişlər. Şəxsi döyməmişlər, qabırğasının sınmasından xəbəri yoxdur. Əlində büküm olmuşdur. Üstündən bükümdən başqa heç nə çıxmamışdır. Üstündə telefon olması yadında deyil. ***-***-**-** nömrəsi hadisə vaxtı üstündə olmuş, öz adınadır. Onda narkotik maddə yoxdur ki, Samirin üzərinə qoysun.Müstəntiqə ifadə vermişdir. Şəxsi gecə 03-04:00 arası saxlamış, Hövsan qəsəbəsində, saxlamış, maşını səhər 8-9 da təhvil verirlər. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 03 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin Post Patrul Xidmətinin polis nəfəri Şahid2 birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə xidmət aparan zaman bir nəfər şəxsin onları görərək hərəkət istiqamətini dəyişdiyini görmüş, o, dərhal post patrul avtomaşını ilə piyada hərəkət edən şəxsin yanına sürmüş və həmin şəxsə dayanmasını, özünü təqdim etməsini xahiş etmişdir. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslə profilaktik söhbətlət aparmağa başlamış, sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş narkotik maddənin olduğunu səmimi etiraf etmiş və həmin şəxsə araşdırmanın davam etdirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş və post patrul xidmətinin avtomobilinə oturub 30-cü polis şöbəsinə gəldimişdir. 30-cu polis şöbəsinə gətiriləndən sonra araşdırmanın aparılması şöbənin təhqiqatçısı X1 tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar verdikdən sonra sonuncunun üstündə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Smir Paşayevə müdafiə hüquqlarını izah etmiş, vəkil ilə bağlı mövqeyini soruşmuş, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkil istəmədiyini bildirmiş, vəkildən imtina etməsini yazılı ərizə ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, sonuncuya təklif etmişdir ki, üstündə qanunsuz saxlanılan nə varsa, özü təqdim etsin. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki boz rəngli cins şalvarın qabaq sağ cibinin içərisində olan balaca cibindən bir ədəd şəffaf sellofana bükülmış bükümü çıxardıb masanın üstünə qoymuşdur. Sonra təhqiqatçı bükümü açaraq içərisində psixotrop maddə metamfetaminə oxşar kristalşəkilli ağ maddə olduğunu görmüş, büküm barədə təhqiqatçının suallarına cavabında Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının 2-də Əhmədli qəsəbəsinin yaxınlığında tanımadığı şəxsdən narkotik vasitə olan metamfetamin aldığını bildirmiş, maddəni təqdim etdikdən sonra təhqiqatçının tapşırığı ilə o, həmin şəxsin üstünü ətraflı axtarmış, təhqiqatçı içində maddə olan bükümü bir kağız zərfə qoyub zərfi möhürləmiş, üstündə yazılı qeydlər aparmış, iştirakçılar zərfi imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün, polis nəfəri vəzifəsində xidmət edir. Gecə vaxtı 03:00-ə işləmiş olmuş, hərəkət etmişlər. Samir onları görən kimi özünü geriyə çəkmiş, şübhəli şəxs kimi saxlamışlar, əlindəki bükümü yerə atmaq istəyəndə tutaraq 30-cu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, PPXB-nün əməkdaşıdır, Sənanla bir yerdə olmuş, Hövsanda xidmətdə olmuşlar. Hərəkət edəndə Samir onları görüb geri qayıtmış, avtomobillə yaxınlaşmışlar, özlərini təqdim etmişlər, Samir əlindəki bükümü atmaq istəyəndə tutaraq 30-cu polis şöbəsinə gətirmişlər. 30-cu polis şöbəsində videoçəkliş olmuş, həmin bükümü təqdim etmişdir. Narkotik maddə sağ cibində olmuşdur. Onlara qaşı təzyiq olmamışdır. Narkotik maddəni kimdən aldığını deməmişdir. Samirin əlində büküm olmuşdur. Samiri gecə saat 03:00-ə işləmiş saxlamışlar. Samir tək olmuşdur. Hövsan bağlarında olmuşdur. Samir demişdir ki, evə gedir. Raport yazaraq saat 03:00-ə işləmiş göstərmişlər. Samir demişdir ki, işdən gəlib evə gedir. Samiri 30-cu polis şöbəsinə Sənan və o, gətirmişlər, üzərinə baxışda iştirak etmişlər. Çəkilişdə Samir sualları cavablandırmış, suallar yadında deyil. Çəkilişdə soruşulanda Samir demişdir ki, büküm onundur. Təhqiqatçı Samirə nə başa saldığı yadında deyil. Yaşadığı evin yaxınlığında saxlamışlar. Samir onlara qarşı tabesizlik göstərmiş, 30-cu polus şöbəsinə getmək istəməmiş, fiziki qüvvə ilə maşına mindirib aparmışlar. Samirin dedikləri tamamilə yalandır. Müqavimət zamanı şalvarı cırılmış, onu raportda qeyd etməmişdir. Samiri saxlayanda üzərində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Senanla bir xidmətdə olmuşdur. 6 ildir xidmət aparır, bir ay gündüz, 15 gün gecə növbəsi olur. Samiri tutanda gecə növbəsi olmuş, maşını həmin gün 8-9 arası təhvil vermişdir. Onlar Samiri gecə 3-də saxlamışlar. İlkin təhqiqat və ibtidai istintaq zamanı Suraxanı Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün, polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi axtarış aparılan o özüdür. Polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol cibindən “TCL” markalı mobil telefonu təqdim edir, sonra şalvarın qabaq sağ cibinin içərisində olan balaca cibindən bir ədəd içərisində ağ rəngli kristallardan ibarət bükümü təqdim edir, təqdim etdiyi kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini Bakı şəhəri “Əhmədli” qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilir, amma onun üzərindən onun təqdim etdiyi bir ədəd “TCL” markalı mobil telefon və bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət bükümdən başqa heç bir əşya və ya vasitə aşkar olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/2440 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,717 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,717 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,667 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2024-cü il tarixli 3268 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən verilmiş sağlamlığa zərər vurmanın təyini barədə ekspertizasının xx.xx.2024-cü il tarixli, 1426 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına təqdim edilmiş tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ-də rentgen müayinədən keçmiş və onun bədənində sağ İX-X qabırğaların bitişmiş sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətləri özündə əks etdirən ilkin tibbi sənədlər, həmçinin rentgenoqrafik görüntülər təqdim olunmadığından dəqiq olaraq törənmə müddəti haqqında fikir söyləmək mümkün olmadı. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər müxtəlif şəraitlərdə əmələ gələ bildiyindən konkret olaraq əmələ gəlmə şəraiti hüquq müstəvisində aydınlaşa bilər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 04 may 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 0,717 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,667 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2008-ci il təvəllüdlü X7, 22 fevral 2010-cu il təvəllüdlü X9 və 18 iyun 2017-ci il təvəllüdlü X10 adlı uşaqları var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəni yeganə dolandıran şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Paşayev X2 Rayon Məhkəməsinin 1(010)-36/2023 nömrəli iş üzrə 10 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 may 2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 03 – 04 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 aprel 2025-ci ildən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,667 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 – 04 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 aprel 2025-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,667 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 35 (otuz beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 210 (iki yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar