Məhkəmə qərarları › İş №1(010)-501/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-501/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-501/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İsmayıllı rayonu, M.Ə.Sabir küçəsi, ev 17A ünvanında qeydiyyatda olan və yaşayan, 04 – 06 oktyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 06 oktyabr 2022-ci ildə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2023cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 30 sentyabr 2023-cü ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs «Sokar» Neft şirkətinin auksion vasitəsi ilə satışa çıxardığı «Mibsubishi Pikap» markalı avtomobili həmin şirkətdə auksionda olan avtomobillərin satışı ilə məşğul Coşqun adlı dostu vasitəsi ilə 5.000 manat ilkin ödəniş edərək sonradan 2.000 manat ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq 23 iyun 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Neftçilər prospekti, 77 ünvanda yerləşən «Kukla» teatırının yanında onun 5.000 manat pulunu, 2021-ci iln avqust ayının əvvəllərində saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən şossesi 1063 ünvanda, «Meyvəli Bazar» adlanan Ticarət Mərkəzinin yaxınlığında yerləşən BDYPİ-nin QİŞ-nin qarşısında 900 manat pulunu avtomobilin sənədləşməsi adı ilə, 15 avqust 2021-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən «Univermaq»ın qarşısında 800 manat pulunu avtomobilin özəlləşdirilməsi üçün şirkətdə aparılan əməliyyatla bağlı verməklə adı ilə, 20 avqust 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bübülə qəsəbəsində dəmir yol keçidinin yaxınlığında 400 manat pulunu avtomobilin qeydiyyat şəhadətnaməsinin adına keçirilməsi bəhanəsi ilə, 25 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki «Ballı» marketdəki ödəmə terminalı vasitəsi ilə 4169 7413 0754 0821 nömrəli hesab nömrəsinə 275 manat pulu köçürtdürməklə ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda 7.350 manat pulunu vahid niyətilə ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 16 iyul 2021-ci il tarixdə özünə məxsus «Hyundai Elantra» minik markalı avtomobili ilə Beyləqan rayonuna gedərkən qarşısında hərəkət edən «Hyundai» minik markalı avtomobilin əks tərəfdən gələn yük avtomobili ilə toqquşduğunu görmüşdür. Hadisə yerində olan digər şəxslərlə birlikdə kömək edərək avtomobildə olan qadınları və uşaqları Beyləqan rayon xəstəxanasına çatdırılmasında iştirak etmişdir. Həmin vaxt sürücüyə yaxınlaşıb hadisə barədə söhbət etdikdə sürücünün Zərərçəkmiş şəxs olmasını orada bilib həmin şəxslə tanış olmuşdur. Avtomobilinin videoregistratoru işləməsə də nədənsə Zərərçəkmiş şəxs avtomobilinin videoregistratorunun hadisəni çəkdiyini demişdir. Bir-iki saat Zərərçəkmiş şəxs yanında olub onun yaralı ailə üzvləri ilə məşğul olmasına dəstək olmuş, mobil telefon nömrəsini Zərərçəkmiş şəxs verib getmişdir. Təxminən bir həftə sonra Zərərçəkmiş şəxs zəng edib görüşmək istədiyini bildirmiş, «Şamaxinka» deyilən yerdə, kafelərin birində görüşmüşlər. Zərərçəkmiş şəxs adını xatırlamadığı qaynı da yanında olmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs avtomobilinin yararsız hala düşdüyünü, yeni avtomobil almaq istədiyini bildirdikdə Coşqun adlı tanışının avtomobil alveri ilə məşğul olduğunu, «Sokar» Neft şirkətinə məxsus «Mitsubişhi Pikap» markalı avtomobiln satışa çıxarıldığını, Coşqunun vasitəsi ilə ilkin olaraq 5.000 manat ödəməklə sonra 2.000 manat ödəməklə avtomobili almağın mümkün olduğunu demiş, Zərərçəkmiş şəxs də razılaşmışdır. Həmin günü saat 16:00 radələrində şəhər bulvarında «Kukla» teatırının yanında Zərərçəkmiş şəxslə görüşmüşlər və Zərərçəkmiş şəxs Coşquna çatdırması üçün ona 5.000 manat pul vermişdir. Təxminən on beş gün sonra Coşqun onu «Meyvəli» deyilən yerə, DYPŞ-nin qarşısına çağıraraq avtomobilin sənədləşməsi üçün 900 manat pul istədikdə Zərərçəkmiş şəxs həmin yerə çağırıb 900 manat pulu ondan alıb Coşquna vermiş, lakin Zərərçəkmiş şəxs Coşqunu görməmiş, tanımamış, pulun Coşquna verilməsinin şahidi olmamışdır. Bundan sonra Coşqunun istəməsinə görə Zərərçəkmiş şəxs avtomobilin sənədləşdirilməsi üçün avqust ayının ortalarında 400 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində dəmir yol keçidinin yaxınlığında Zərərçəkmiş şəxs alaraq Coşquna vermiş, bundan başqa yenə də avtomobilin Zərərçəkmiş şəxs adına sənədləşdirilməsi üçün Coşqunun deməsinə görə 275 manat pulu Zərərçəkmiş şəxs istədikdə Zərərçəkmiş şəxs həmin pulu avqust ayının axırlarına yaxın onun 4169 7413 0754 0821 hesab nömrəmə göndərmiş, həmin pulları Coşquna vermişdir. Bir müddət sonra Coşqunun bu işi görməyəcəyini başa düşüb pulu geri qaytarmasını tələb etmiş, Coşqun ona cəmi 1.000 manat pul qaytarmış, o, da həmin 1.000 manat pulu Zərərçəkmiş şəxs vermişdir. Coşqunun Almaniyaya getdiyini sonradan bilmiş, onu heç cür tapa bilməmiş, Zərərçəkmiş şəxs də pulunu tələb etdikdə qaytara bilməmişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 iyul 2021-ci il tarixdə özünə məxsus «Hyundai» minik markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Füzuli rayonuna toya gedərkən Beyləqan rayonu ərazisində qarşıdan hərəkətdə olan yük avtomobili ilə toqquşma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermiş, xəsarət aldıqları üçün tanımadığı şəxslərin köməkliyi ilə Beyləqan rayon xəstəxanasına çatdırılmışlar. Həmin vaxt xəstəxananın qapısında oturmuş sonradan tanıdığı Təqsirləndirilən şəxs yaxınlaşıb hadisədən əvvəl öz avtomobili ilə arxadan hərəkətdə olduğununu, baş vermiş yol qəza hadisəsini avtomobilində olan videoregistratorun qeydiyyata aldığını, xəstəxanaya çatdırılmalarına köməklik göstərdiyini, lazım olarsa videogörüntüləri təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs elə xəstəxanadada can-fəşanlıq edib hər cür dəstək olduğunu nümayiş etdirməyə çalışmışdır. Hadisədən bir həftə sonra 23 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hadisə vaxtı götürdüyü mobil telefon nömrəsinə zəng etmiş, etdiyi köməyə görə halallaşıb, həm də onda olan görüntüləri təqdim etməsi üçün görüşmək istədiyini bildirmiş, həmin gün saat 14:00 radələrində qaynı Vüqarla birlikdə Bakı şəhərində metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında, «Şamaxinka» deyilən yerdə kafelərin birində Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs «Sokar» şirkətində Coşqun adlı dostunun işlədiyini, auksiyonda avtomobillərin satışı ilə məşğul olduğunu, «Mitshubisi Pikap» markalı avtomobili 5.000 manat ilkin ödəniş edərək, sonradan 2.000 manat ödəməklə edə biləcəyini demişdir. Hadisədən sonra avtomobili yararsız hala düşdüyündən yeni avtomobil almaq istədiyi üçün Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Həmin günü qaynı Vüqardan 5.000 manat borc alaraq saat 16:00 radələrində bulvarın qarşısında, «Kukla» teatırının yanında Təqsirləndirilən şəxslə görüşüb ilkin ödəniş üçün 5.000 manat pulu qaynı Vüqarın yanında sayıb Təqsirləndirilən şəxs vermişdir. Təxminən on beş gün sonra Təqsirləndirilən şəxs zəng edərek onu «Meyvəli» deyilən yerdəki Lökbatan DYPŞ-nin qarşısına çağırmış, «Mitshubisi Pikap» markalı avtomobilin hərraca çıxarıldığını, bununla bağlı sənədləşmə aparmaq lazım olduğunu dəyərək ondan sənədləşmə adı ilə həmin yerdə 900 manat pul almışdır. Bundan təxminən yeddi-səkkiz gün sonra Təqsirləndirilən şəxs avtomoblilin özəlləşdirilməsi üçün şirkətdə əməliyyat aparılmalı olduğunu deyib bu adla ondan 800 manat pul istəmiş, 2021-ci ilin avqust ayının 15-də saat 14:00 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində univermağın qarşısında Təqsirləndirilən şəxslə görüşüb orada 800 pulu Təqsirləndirilən şəxs vermişdir. Sonradan Təqsirləndirilən şəxs bir dəfə onu DYPŞ-nin qarşısına aparıb xidməti otaqlara girib-çıxırmış, bir dəfə də «Sanqaçal Terminal»ına apararaq uzaqdan «Pikap» markalı avtomobilləri göstərib həmin avtomobillərdən birini ona satacağını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin qeydiyyat şəhadətnaməsinin adına keçirilməsinə görə 400 manat pul lazım olmasını dedikdə 2021-ci ilin avqust ayının 20-də, saat 15 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində dəmir yolu keçidinin yaxınlığında Təqsirləndirilən şəxslə görüşüb 400 manat pulu ona vermişdir. Bundan sonra Vüsal avtomobilin yekun sənədləşdirmə işi ilə bağlı 275 manat pul istədikdə 25 avqust 2022-ci il tarixdə saat 16:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Ballı market” mağazasındakı ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs təqdim etdiyi 4169 7413 0754 0821 hesab nömrəli bank kartına 275 manat pul göndərmişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirdiyini, onun yalan danışmasını hiss edib pulunu tələb etməyə başladıqda telefonunu söndürüb cavab verməmişdir. Sonda bildirdi ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 23 iyul 2021-ci il tarixdə saat 14:00 radələrində o, Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında, «Şamaxinka» deyilən yerdə kafelərin birində Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs «Sokar» şirkətində Coşqun adlı dostunun işlədiyini, auksiyonda avtomobillərin satışı ilə məşğul olduğunu, «Mitshubisi Pikap» markalı avtomobili 5.000 manat ilkin ödəniş edərək, sonradan 2.000 manat ödəməklə edə biləcəyini demişdir. Hadisədən sonra avtomobili yararsız hala düşdüyündən yeni avtomobil almaq istədiyi üçün Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Həmin günü Zərərçəkmiş şəxs ondan 5.000 manat borc alaraq saat 16:00 radələrində bulvarın qarşısında, «Kukla» teatırının yanında Təqsirləndirilən şəxslə görüşüb ilkin ödəniş üçün 5.000 manat pulu onun yanında sayıb Təqsirləndirilən şəxs vermişdir. Lakin onun bildiyinə görə, bir müddətdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərərk Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirtmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 oktyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1(093)-220/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 29,178.2.2, 32.4, 312.2, 333.3-cü maddələri təqsirli bilinərək, həmin Məcəllənin 66.2,69.4 və 66.3-cü maddələri tətbiq edilməklə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1500 manat cərimə cəzasına məhkum edilmişdir. 05 noyabr 2018-ci ildə cəza müddəti qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı ilə cərimə cəzası 240 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, 24 dekabr 2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər Bakı Hərbi Məhkəməsinin 1(093)- 220/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli hökmü ilə böyük ictimai təhkülə törətməyən cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, eyni zamanda az ağır cinayətə görə cərimə cəzasına məhkum edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı ilə cərimə cəzasının 240 saat ictimai işlər cəzası ilə əvəz edilməsini, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq hesab edir ki, hazırda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə məhkumluq ödənilməsə də, onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və onun təqsirləndirilən şəxsə şikayət və tələbinin olmamasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsin və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 04 – 06 oktyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 30 sentyabr 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 02 (iki) ay 13 (on üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 – 06 oktyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 30 sentyabr 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 02 (iki) ay 13 (on üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar