Məhkəmə qərarları › İş №1(010)-502/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-502/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-502/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1952-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam növündə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci ildə saat 16:20 radələrində gündüz və quru hava şəraitində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «VAZ-2101» minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanının arxasından keçən yol sahəsində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələblərinə riayət etməmiş və həmin yol sahəsində yerləşən «Naturella Gözəllik» salonunun qarşısında, hərəkət istiqamətində yolu sağdan sola doğru keçməyə cəhd edən piyada Zərərçəkmiş şəxs Cəlal qızını avtomobilin qarşı sağ hissəsi ilə vuraraq ona İ bel fəqərə cisminin kompression qapalı sınığı, hər iki baldırın, sol aşıq-baldır oynağının, sol ayaq pəncəsinin və sol ayağın İ barmağının yumşaq toxumalarının qançırları ilə nəticələnən xəsarətlər yetirərək dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, «VAZ-2101» minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmaqla «B» dərəcəli sürücülük vəsiqəsi və baş etibarnamə əsasında idarə edir. Həmin avtomobil qaynı X1 adına olsa da, 14 ildir ki, ondan almış və ona məxsusdur. Qohum olduqları üçün öz adına rəsmiləşdirməyə ehtiyac bilməmiş və 2061-ci ilə kimi baş etibarnamə almışdır. 25 dekabr 2022-ci il tarixdə saat 15:00 radələrində avtomobili ilə evdən çıxaraq yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində evinin yaxınlığında yerləşən «OBA Market»ə gedərək ərzaq aldıqdan sonra saat 16:20 radələrində evə qayıdarkən avtomobili saatda 20 km/saat sürətlə hərəkət etdirdiyi zaman hərəkət istiqamətində yolun sağ kənarında dayanmış iki avtomobildən sonra nömrəsinə fikir vermədiyi ağ rəngli «Ford» markalı mikro avtobusun qarşısından iki nəfər piyada yolu əks tərəfə keçdiyini görmüşdür. O, ağ rəngli «Ford» markalı mikroavtobusun arxa tərəfinə çatmağına az qalmış, həmin mikroavtobusun qarşısından 1 nəfər qadının qəflətən iti addımlarla yolu keçmək istədiyini gördükdə ayağını qazdan çəkərək əyləcə basmış, lakin məsafə yaxın olduğu üçün saxlaya bilməmiş, həmin piyada qadında dayanmamış və avtomobilin qarşı sağ qanadının tin hissəsi ilə qadını vurmuşdur. Zərbənin təsirindən həmin qadın piyada sağ tərəfə doğru asfalta yıxılmışdır. O, avtomobili saxlayıb, dərhal yerə düşərək ona yaxınlaşaraq vəziyyəti ilə maraqlanmışdır. Ondan başqa ora onun tanımadığı bir neçə şəxs toplaşmış, həmin şəxslərin köməyi ilə qadını, yəni adını sonradan bildiyi Lilpar adlı qadını işlədiyi «qadın gözəllik» salonuna apararaq orada əl-üzünü yuduqdan sonra ona tibbi yardım alması üçün təcili tibbi yardım avtomobili çağırmağını təklif etsə də, əvvəlcə razı olmamış, ciddi bir xəsarət almadığını zənn edərək yaşadığı ünvana getmişdir. Hadisədən bir gün sonra isə onun mobil telefonuna zəng gəlmiş, özünü Suraxanı Rayon Polis İdarəsinin təhqiqatçısı kimi şəxs onu polis idarəsinə dəvət edərkən orada ona yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs hadisə günü 3 saylı Sabunçu rayon xəstəxanasına aparılaraq orada tibbi yardım almağı məlum olmuşdur. O, da Suraxanı Rayon Polis İdarəsinə gedərək hadisə ilə bağlı izahat vermiş və evə qayıtmışdır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu zərəri ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və müvafiq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, iki ilə yaxın müddətdir idi ki, ünvan 2-nin arxa tərəfində yerləşən «Naturella Gözəllik» salonunda saç ustası kimi işləyir, lakin məlum avtoqəzadan sonra aldığı xəsarətlə bağlı bu ilin mart ayının sonlarından işdən çıxdığından hal-hazırda işsizdir. 25 dekabr 2022-ci il tarixdə saat 16:00 radələrində o, işlədiyi salondan çıxaraq yaxınlıqda yerləşən telefon təmiri mağazasına getmişdir. Əvvəlcədən təmir üçün verdiyi mobil telefonunun hazır olub-olmamasını soruşmuş, lakin hazır olmadığı üçün tez geri işə qayıdarkən orada tanımadığı bir nəfər azyaşlı oğlanla yaşlı qadının əlində sellofan piyada yolu əks tərəfə keçmək istədiyini görüb, həmin yaşlı qadına kömək etmək məqsədi ilə onun əlində olan sellofan torbanı alıb, uşaqla birgə yolu əks tərəfə keçib, sellofanı yerə qoyaraq geriyə, yəni salona qayıtmaq istəmişdir. Həmin vaxt yolun hərəkət hissəsində onun sol tərəfindən gələn avtomobil gəldiyi sürətlə onu vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Ayağa qalxmaq istəsə də sol ayağında və bədənində küt ağrılar hiss etmiş və ayağa qalxa bilməmişdir. Bu zaman kənarda olan tanımadığı şəxslərin köməyi ilə onu oradan işlədiyi salona gətirmişlər. Sürücüdə onun yanına gəlmiş və onun səhhəti ilə maraqlandıqda bədənində ağrılar olduğunu bildirmişdir. Oradan isə TTY avtomobili ilə 3 saylı Sabunçu rayon xəstəxanasına aparılmış, ona həkimlər ilkin tibbi yardı göstərərək rentgen müayinəsindən keçdikdə sınıq xəsarəti aldığını bilmişdir. Həmin günü o, xəstəxanadan evə buraxılmış və ev şəraitində müalicə almışdır. Hadisədən bir gün sonra isə təhqiqatçı onun yaşadığı ünvana gələrək izahatını almışdır. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər, yəni 400 manat məbləğində pul tam olaraq ödənilib. Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 10 mart 2023-cü il tarixli 8/470 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur: “İstintaq tərəfindən verilən məlumatlara əsasən: VAZ 2101 markalı, 26BA085 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur”. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 30 dekabr 2022-ci il tarixli 146 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-İ bel fəqərə cisminin kompression qapalı sınığı, hər iki baldırın, sol aşıq-baldır oynağının, sol ayaq pəncəsinin və sol ayağın İ barmağının yumşaq toxumlarının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir”. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. 400 manat maddi zərər ödənilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, törədilən əməldə özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyan ziyanı ödəmiş, barəsində cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CMnin 59.1.13-cü maddəsinə və onunla barışmağını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar