Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-504/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Zərərçəkmiş şəxsin hüquqi varisinin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Nümayəndə, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixində saat 20:57 radələrində idarə etdiy texniki cəhətdən saz vəziyyətdə olan «Tayota Camry» minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolunda Hövsan istiqamətində hərəkətdə olarkən Zığ qəsəbəsi, 1 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolu sağdan sola doğru adi qaçışla keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölməsinə səbəb olan baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, sol gicgahtəpə sümüklərinin sınmış fraqmentlərinin defekti ilə müşayiət olunan çoxsaylı açıq qəlpəli sınıqları, başın yumşaq toxumasının əzilmiş -cırılmış yarası, sol qamış sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınıqları və həmin səviyyədə yumşaq toxumaların, damar və sinir dəstəsinin cırılması ilə müşayiət olunan-sol baldırın aşağı 1/3-i səviyyəsindən natamam amputasiyası, sol qulaq seyvanın əzilmiş-cırılmış yarası, burunun, sağ əl barmağının, sağ diz oynağı nahiyəsinin sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2022-ci ilin sentyabr ayında X3 məxsus “Toyota Camry” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili 12000 manata almış, həmin avtomobili idarə etmək üçün Nahid Məmmədov ona baş etibarnamə vermişdir. 11 mart 2023-cü il tarixdə saat 20:00 radələrində nişanlısı Şahid1 istifadəsində olan mobil nömrəsinə zəng vurub işlədiyi yerdən hansı vaxtda çıxacağını soruşmuşdur. Şahid1 bildirmişdir ki, hazırda işdən çıxıb yaşadığı ünvana getmək istəyir. O, Şahid1 bildirmişdir ki, gözləsin idarə etdiyi avtomobillə onu evininə aparacaqdır, Kəmalə də razılaşmışdır. Bir az müddət keçmişdir ki, o, Kəmalənin işlədiyi kitab satılan mağazaya gəlib Kəmalə ilə görüşmüşdür. Kəmalə idarə etdiyi “Toyota Camry” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında əyləşmiş, o, isə sükan arxasına keçib Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən saat 21:00 radələrində idarə etdiyi “Toyota Camry” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu ərazisində, Zığ-Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində yolun 2-ci zolağı ilə 80 km/saat sürətlə hərəkətdə olan zaman təxminən 10 metr məsafədən bir nəfər şəxsin hərəkətdə olduğu yolu piyada sağdan sola keçmək istəməsini görmüşdür. O, idarə etdiyi avtomobili yolun 3-cü zolağına yönəltdirmişdir ki, həmin piyadanı avtomobillə vurmasın, hətta piyadaya 3-4 metr qalmış tormozdan istifadə etmişdir. Buna baxmayaraq həmin piyadanı 3-cü zolaqla 2-ci zolağın arasında idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuşdur. Zərbənin təsirindən piyada yolun sağ tərəfinə yuvarlanmışdır. O, idarə etdiyi avtomobili yolun sağ kənarına yönəldib saxlamışdır. Bundan sonra piyadaya yaxınlaşmış və avtomobillə vurduğu piyadanın qadın olduğunu, həmin qadının baş nahiyəsindən ciddi xəsarət alaraq öldüyünü hiss etmişdir. Hadisə baş verən yerin yolun sağ tərəfində “Rahat” supermarket olmuş, hadisədən sonra supermarketdən insanlar çıxıb hadisə baş verən yerə gəlmişlər. Hadisədən təxminən 5-10 dəqiqə sonra Suraxanı DYPŞ-nin əməkdaşları və təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmişdir. O, polis əməkdaşlarına şifahi olaraq hadisənin baş vermə səbəbini danışmışdır. Bundan başqa qeyd edir ki, o, 20000 manat məbləğində pulu toplayaraq zərərçəkmiş şəxsin hüquqi varisinə verməyə hazırdır, lakin zərərçəkmiş şəxsin hüquqi varisi ondan daha artıq məbləğində pul tələb etmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə təxminən saat 21:30 radələrində xalası ona zəng edib demişdir ki, anası Mehriban Qasımovla birlikdə Bakı şəhəri, Suraxanı rayonu Zığ-Hövsan avtomobil yolunda yolu keçərkən anası Mehribanı avtomobil vurmuşdur. O, bu məlumatı aldıqdan sonra evdən çıxıb 3 saylı Şəhər Xəstəxanasına gəlmişdir. Xəstəxanaya gəldikdə artıq orada anasının almış olduğu xəsarətlərdən öldüyünü bilmişdir. Sonradan ona məlum olmuşdur ki, anası Mehribanı yolu keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi «Tayota Camry» minik markalı avtomobil tərəfindən vurulmuşdur. Anası Mehribanının meyiti məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra onlara təhvil verilmiş və səhəri gün anasını dəfn etmişdir. O, hadisənin hansı şəraitdə baş verməsini görməmiş və bu barədə məlumatı olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə saat 20:50 radələrində basıcı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları evə getmək üçün hərəkət edən zaman Bakı şəhəri, Suraxanı rayonu, Zığ- Hövsan avtomobil yolunu keçmək istəmişlər. Həmin zaman bacısı Mehriban yolda avtomaşının olmamasını bildirərək yolu keçmələrini bildirsə də o, səhhəti ilə əlaqədar özünü narahat hiss edib yolda dayanmış, bacısının yolu keçməsini görməmişdir. Bir neçə saniyədən sonra toqquşma səsi eşitmiş, dərhal bacısı Mehribanı səsləmiş, lakin bacısı Mehribandan xəbər ala bilməmişdir. O, avtomobillərin qarşısında saxlamasını gördükdə bacısının yerdə hərəkətsiz vəziyyətdə olmasını görüb qışqırmağa başlamış və bacısına yaxınlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə saat 20:00 radələrində nişanlısı Təqsirləndirilən şəxs ona zəng vurub işlədiyi yerdən hansı vaxtda çıxacağını soruşmuşdur. O, Məhərrəmə bildirmişdir ki, hazırda işdən çıxıb yaşadığı ünvana getmək istəyir. Məhərrəm bildirmişdir ki, gözləsin idarə etdiyi avtomobillə gəlib onu evinə aparacaqdır. Bir qədər müddət keçmişdir ki, Məhərrəm onun işlədiyi kitab satılan mağazaya gəlmiş və o, Məhərrəmin idarə etdiyi "Toyota Camry” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında əyləşərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən saat 21:00 radələri olardı. Məhərrəm idarə etdiyi “Toyota Camry” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu ərazisində, Zığ-Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman həmin vaxt hadisə olmuşdur. Nəsə çırpıldığını hiss edərək Məhərrəm idarə etdiyi avtomobili yolun sağ kənarında saxlamışdır. Bundan sonra onlar piyadaya yaxınlaşmış və avtomobilə vurulan pıyadanın qadın olduğunu, həmin qadının baş nahiyəsindən ciddi xəsarət alaraq öldüyünü hiss etmişlər. Hadisə baş verən yolun sağ tərəfində “Rahat” supermarket vardı. Hadisədən sonra supermarketdən insanlar çıxıb hadisə baş verən yerə gəldilər. Hadisədən təxminən 5-10 dəqiqə sonra Suraxanı DYPŞnin əməkdaşları təcili tibbi yardım avtomobili hadisə yerinə gəldilər. Onlar polis əməkdaşlarına hadisənin baş vermə səbəbini danışmışlar. Məhkəmə iclasında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, qaranlıq hava şəraitdə Bakı şəhəri, Suraxanı rayonu ərazisindən keçən Zığ-Hövsan avtomobil yolunda 2 qadın cinsli piyadaların hərəkət hissəyə daxil olması, piyadaların birinin geriyə qayıtması, digər bir piyadanın yolu sağdan sola doğru asta yerişlə, avtomobillərin gəldiyini gördükdə isə iti addımlarda hərəkət etməsi, 3-cü hərəkət zolağında hərəkətdə olan avtomobilin qabaq sağ hissəsi ilə vurulması müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 12 mart 2023-cü il tarixli 34 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş beyinin əzilməsi. Sol gicgan- təpə sümüklərinin sınmış fraqmentlərinin defekti ilə müşayiət olunan çoxsaylı açıq qəlpəli sınıqları. Başın yumşaq toxumasının əzilmiş -cırılmış yarası. Sol qamış sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınıqları və həmin səviyyədə yumşaq toxumaların, damar və sirir dəstəsinin cırılması ilə müşayiət olunan - sol baldırın aşağı 1/3i səviyyəsindən natamam amputasiyası. Sol qulaq seyvanın əzilmiş-cırılmış yarası. Burunun, sağ əl barmağının, sığ diz oynağı nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, mərhumun ölümündən az əvvəl baş vermiş yol-nəqliyyatı hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilər. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Mərkum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən çoxsaylı xəsarətlər fonunda baş beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, noksiron, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4- benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 23 may 2023cü il tarixli, 8/1334 saylı rəyindən görünür ki, Toyota Camry markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti əsasında iş üzrə təkrar yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 11 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-8/2975 saylı rəyindən görünür ki, mövcud vəziyyətdə orta hərəkət zoğlağı ilə hərəkətdə olan “CİP” markalı avtomobilin uzaq vuran işıqları ondan arxada və daha sonra ondan solda onunla eyni istiqamətdə hərəkətdə olan Toyota Camry markalı, 90SB501 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs görünüşünü məhdudlaşdırmır və hər iki avtomobilin ön işıqları eyni istiqamətdə yolu işıqlandırdığından yolun görünüş məsafəsi daha da artır. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Toyota Camry markalı, 90SB501 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsnin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 iyun 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, xx xxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Mhəmməd oğluna 17 may 2019-cu il tarixdə (17 may 2029-cu il tarixədək etibarlı olan) AC 742141 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında 11 mart 2023-cü il tarixli, 1/866 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan AZ-İİ seriyalı 811558 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından 02 noyabr 2011-ci il təvəllüdlü uşaqları doğulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 534335 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 14 sentyabr 2012-ci ildə “beyinə qan sızma” səbəbindən ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 127023 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin atası X2 11 yanvar 2021-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, hadisənin görüntülərini əks etdirən 04 (dörd) ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibi başlanması rədd olunmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin videogörüntüsü, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərmək məqsədilə təcili tibbi yardım stansiyasına zəng edərək çağırmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışığa gəlməsinə cəhd etməsini, anasının xəstə olmasını (reseptlərin çıxarışları iş materiallarına əlavə edilmişdir), həyat yoldaşının ölməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını və onu böyüdən tək ata olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yungülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsinə əsas görmür. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Camry” minik markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs sərəncamına verilmiş hesab edilməli, iş üzrə maddi sübut olan 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Camry” minik markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs sərəncamına verilmiş hesab edilsin. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-504/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-504/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver