Məhkəmə qərarları › İş №1(010)-504/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-504/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-504/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 22 – 23 may 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə saat 03:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hovo” yük markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyinin təmin edə biləcəyi sürətlə idarə etməli, qarşı əks hərəkət zolağına çıxıb qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı və avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli olduğu halda, mövcud şəraitdə həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda əməl etməyərək yol hərəkəti qaydalarını pozub qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” minik markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinə, qişalarına və mədəciklərinə qansızına, kəllə qapağının kəllə əsasına keçən çoxsaylı sınıqları, sağ bazu və saidin səthi kəsilmiş yaraları, bədənin çoxsaylı sınıqları ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq baş beyinə qişalarına və mədəciklərə qansızma səbəbindən Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 21 may 2024-cü il tarixdə axşam saat 10:00 radələrində tanışı olan Şahid2 ona zəng edərək yük olduğunu, həmin yükü götürüb Türkan qəsəbəsindən Hövsan qəsəbəsinə aparmağı demişdir. O, da yaşadığı Mərdəkan qəsəbəsində yerləşən evindən çıxmış və Hovsan qəsəbəsinə gəlib **-FD-*** dövlət qeydiyyat nişanlı, “Hovo” markalı yük avtomobilini Şahid2 alaraq yük dalınca Türkan qəsəbəsinə yollanmışdır. Türkan qəsəbəsində yükü qəbul etmiş və üzü Hovsan istiqamətində dəniz kənarı yolla hərəkətə başlamışdır. Təxminən üç reys etmiş və gecə saat 03:00 radələrində Hovsan qəsəbəsi istiqamətində hərəkət edən zaman təxmini sürəti 55-60 km aralığında olmuşdur. Həmin vaxtı anidən “Opel Astra” minik markalı avtomobil onun qraşısına çıxmış və onun idarə etdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı, “Hovo” markalı yük avtomobilinin sol hissəsindən dəymişdir. Bu zaman onun idarə etdiyi avtomobilin təkəri patlamış, yük avtomobili sürüşməyə başlamış və o, idarəetməni itirmişdir. Bundan sonra idarə etdiyi avtomobil sürüşərək yol kənarında olan işıq dirəyinə dəyərək alışmış və yanmağa başlamışdır. O, yük avtomobilindən enmiş, həmin vaxtı yoldan keçən şəxslər avtomobilə yaxınlaşmış və “Opel Astra” minik markalı avtomobilin sürücüsünü avtomobildən endirmişlər. Bundan sonra X12 xidmətinə və Fövqaladə Hallar Nazirliyinə məlumat verilmişdir. “Opel Astra” minik markalı avtomobilin sürücüsü maşından endirilən vaxtı nəfəs alıb vermişdir. Lakin sonradan X12 gələn zaman sürücünün vəfat etdiyini bildirmişdir. O, hadisə vaxtı ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun əri olmuşdur. Onlar 2018-ci il tarixdə ailə həyatı qurmuş, bu nikahdan 2019-ci il təvəllüdlü X1 və 2021-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs keçmiş hərbi qulluqçu olmuş, 44 günlük müharibənin iştirakçısı olmuş, hərbi kapitan xüsusi rütbəsi daşımışdır. Son döyüşlərdən sonra ağır yaralandığına görə hərbidən təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra isə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hər gün səhər tezdən saat 08:00 radələrində evdən çıxıb onu işə aparmış və uşaqları bağçaya qoymuş, sonradan isə öz işləri ilə məşğul olmuşdur. Həmişə olduğu kimi, 22 may 2024-cü il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs onları evə qoyub evdən çıxıb getmişdir. Gecə saat 02:00 radələrində sonuncu dəfə onunla danışmışdır. Sonradan isə 03:30 radələrində ona məlum olmuşdur ki, həyat yoldaşı Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” minik markalı, **-UD- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəza etmiş və vəfat etmişdir. Bundan sonra o, Suraxanı rayonu ərazisində olan ekspertiza mərkəzinə yaxınlaşmışdır. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəmə iclasında təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Opel Astra” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Zərərçəkmiş şəxs uzun illərdir ki, tanımış, onunla arasında dostluq münasibətləri olmuşdur. Özü də keçmiş hərbiçi olmuş və Baxışəli ilə ortaq tanışları vasitəsilə hərbidə işlədikləri müddətdə tanış olmuşlar. Təxminən 25 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onunla görüşərək işsiz olduğunu bildirmiş və iş axtardığını demişdir. O, isə Baxışəliyə “Opel Astra” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, özünün də işlədiyini bildirib istəsə həmin avtomobili ondan götürüb taksi fəaliyyəti ilə məşğul ola biləcəyini demişdir. Baxışəli də bununla razılaşmışdırr. Onlar belə qərara gəlmişlər ki, Baxışəli maşının pulunu ona hissə-hissə olmaqla yavaş-yavaş ödəyəcəkdir. O, Baxışəliyə dost kimi köməklik etmək məqsədilə bu işi görmüşdür. Bundan sonra Baxışəli “Opel Astra” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında sürmək üçün ondan götürmüşdür. Təxminən bir neçə ay Baxışəli ona ödənişlər etmişdir. Lakin 22 may 2024-cü il tarixdə ona məlum olmuşdur ki, Baxışəli yol-nəqliyyat hadisəsi keçirmiş və hadisə yerində rəhmətə getmişdir. Bundan sonra o, özünə məxsus “Opel Astra” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirən zaman avtomobilin tamamilə yararsız hala düşdüyünü görmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona təxminən 8000 (səkkiz min) manat maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsindən sonra isə ona heç bir ödəniş edilməmişdir. Özünə məxsus olan “Opel Astra” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olmuş, “Paşa Siğorta” tərəfindən sığortalanmışdır. Digər şahidlər Şahid3 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub digər şahidlər Şahid3 və Şahid2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili atası Mahir Əhmədov almış, lakin atası həmin avtomobili onun adına rəsmiləşdirmiş və avtomobili ona bağışlamışdır. Şahid2 atasının dostudur. Buna görə də, atası ona “Hovo” markalı, **-FD- *** dövlət qeydiyyat nişanlı yük avtomobilini Şahid2 icarəyə verməyini bildirmiş, o da razılaşmışdır. Bundan sonra o, bir ildən artıq olar ki, həmin yük avtomobilini idarə etməsi üçün etibarnamə əsasında Şahid2 1 illik icarəyə vermişdir. Sonradan Şahid2 həmin avtomobili başqa sürücülərə icarəyə verməyə başlamışdır. Bu barədə onun və atasının məlumatı vardır. Lakin şəxsi işləri çox olduğuna görə 1 il tamam olduqdan sonra həmin yük avtomobili ilə bağlı Şahid2 yenidən etibarnamə verməyə vaxt tapa bilməmişdir. 22 may 2024-ci il tarixdə gecə saatlarında Şahid2 ona və atasına zəng edərək “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin başqa bir “Opel Astra” minik markalı avtomobil ilə toqquşduğunu, “Opel Astra” minik markalı avtomobilin sürücüsünün hadisə yerində rəhmətə getdiyini və ona məxsus yük avtomobilinə ziyan dəydiyini bildirmişdir. Onunla Şahid2 arasında həmin yük avtomobilində baş vermiş hər hansı nasazlıq halında özünün yük avtomobilini təmir edəcəyi barədə onunla şifahi razılaşmışlar. Buna görə də, Şahid2 tərəfindən “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili tam olaraq təmi edilmiş və işlək vəziyyətə gətirilmişdir. Buna görə də, onun baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Şahid2 və ya başqa hər hansı bir şəxsə qarşı heç bir şikayəti, tələbi və ya iddiası yoxdur. Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman Şahid2 verdiyi etibarnamə qüvvədən düşmüşdür. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, fərdi qaydada yük avtomobili idarə edərək ailəsini dolandırır. “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onun dostu Mahirə məxsusdur və Mahir həmin yük avtomobilini qızı Şahid3 adına rəsmiləşdirmişdir. Şahid3 həmin avtomobili idarə etməyi və başqa şəxslərə icarəyə verməyi üçün ona etibarnamə vermişdir. Lakin həmin etibarnamənin müddəti 1 illik olduğuna görə hadisə baş verdiyi zaman həmin etibarnamənin müddəti bitmişdir. O, bir müddət özü idarə etdikdən sonra, həmin yük avtomobilini bir günlük və ya bir neçə günlük icarəyə verməyə başlamışdır. O, yük avtomoblini icarəyə verməmişdən əvvəl dostu Mahirdən razılıq almış, daha sonra həmin yük avtomobilini icarəyə vermişdir. 21 may 2024-cü il tarixdə axşam saat 22:00 radələrində tanışı olan Təqsirləndirilən şəxs zəng edərək Türkan qəsəbəsindən Hövsan qəsəbəsinə daşımaq üçün bir neçə reys yük daşımaq lazım olduğunu bildirmiş və “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini ondan götürərək gedib həmin yükü daşımasını təklif etmişdir. Təqsirləndirilən şəxs də onun bu təklifi ilə razılaşmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs onun yaşadığı Yeni Günəşli qəsəbəsinə gələrək ondan “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini götürmüş və həmin yükü daşımaq üçün Türkan qəsəbəsinə getmişdir. Gecə təxminən saat 02:00 radələrində yaşadığı evdə olan zaman ona məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs Hövsan- Türkan yolunda “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olduğu zaman başqa bir “Opel Astra” markalı avtomobil ilə toqquşmuş və hadisə nəticəsində “Opel Astra” markalı avtomobilin sürücüü hadisə yerində rəhmətə getmişdir. Eləcə də, “Hovo” markalı, **-FD-***dövlət qeydiyyat nişanlı yük avtomobili elektrik dirəyinə çırpıldığı üçün yanmış və yük avtomobilinə ziyan dəymişdir. O, dərhal bu barədə “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sahibi Mahirə zəng edərək hadisə barədə məlumat vermişdir. Mahir “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə etməyi üçün ona icarəyə verdiyinə görə həmin “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili özü təmir etdirmişdir. Hazırda “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili tam işlək vəziyyətdədir. Mahir qızının adına sənədləşdirdiyi “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə etməyi üçün ona verdiyi etibarnamənin müddəti 1 il olduğuna görə hadisə vaxtı həmin etibarnamənin müddəti bitmiş, yəni etibarnamə qüvvədə olmamışdır. Buna görə də, o da öz növbəsində “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Təqsirləndirilən şəxs etibarnamə olmadan vermişdir. Lakin bu barədə yük avtomobilinin sahibi Mahirə zəng edib məlumat vermiş və ondan razılıq aldıqdan sonra yük avtomobilini icarəyə vermişdir. Hadisə nəticəsində “Hovo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin bir hissəsi yandığı üçün və yük avtomobilinin bəzi hissələri istifadəyə yararsız olduğuna görə həmin avtomobilin təmirinə 10.000 manat pul xərcləmişdir. Lakin hadisə ehtiyyatsızlıqdan baş verdiyi üçün onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti, tələbi və ya iddiası yoxdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 22 may 2023-cü il tarixli 55 saylı rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə, laborator müayinənin nəticələrinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən çoxsaylı sınıqları, sağ bazu və saidin səthi kəsilmiş yaraları, bədənin çoxsaylı sınıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl səthi kəsilmiş yaraları iti kənara malik əşyanın (əşyaların, ola bilsin şüşə qəlpəsi), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malikdirlər və baş vermiş ölümlə biləvasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxsanın ölümünə baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilklamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 26 iyul 2024cü il tarixli, 3-16-16/2-8/1609 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Howo markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, yəni istintaq tərəfindən vəsatətə cavab məktubunda Opel markalı avtomobilin hərəkət sürəti və təhlükə yaranan anda nəqliyyat vasitələri arasında olan məsafə təqdim edilmədiyindən Opel markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 23 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilərək 21 avqust 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BB 440962 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan 22 may 2024-cü il tarixli, 1/471 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-1-3 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələr ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin videogörüntüsü, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yungülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsinə əsas görmür. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs 22 – 23 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 22 – 23 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar