Məhkəmə qərarları › İş №1(010)-51/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-51/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-51/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 24, mənzil 12 qeydiyyatda olan, 23 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, barəsində hazırkı iş üzrə «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş (hazırda başqa bir cinayət işi ilə əlaqədar həbsdə saxlanılır) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2019-cu ildə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Sərin” kafesində yemək yeyib, spirtli içki içdikdən sonra özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə həmin kafedə başqa şəxslərin olmamasından istifadə edərək dəyəri 15 manat olan 01 ədəd “Samsung” markalı “GT-C3530” modelli mobil telefonu, həmin telefondakı dəyəri 10 manat olan ***-***-**-** saylı nömrəni, həmin nömrədəki 3 manat konturu, dəyəri 400 manat olan “Hoffman X Prime” markalı mobil telefonu, həmin telefondakı dəyəri 10 manat olan ***-***-**-** saylı nömrəni, həmin nömrədəki 5 manat konturu və 75 manat nağd pulu kafedəki şüşəli soyuducunun arxasındakı piştaxtadan gizli olaraq talayıb Zərərçəkmiş şəxs 518 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayəti törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, xx xxx 2019-cu ildə səhər saatlarında avtoyuma yerinə getmiş və yağış yağdığına görə qərara almışdır ki, həmin gün işləməsin. Ona görə də saat 11 radələrində Şirxanla birlikdə Qaraçuxurda yerləşən, Ülviyyə adlı qadının işlətdiyi “Sərin” kafesinə getmişdir. Kafedə Şirxanla birlikdə yemək yedikdən sonra hesabı istəmiş, Şirxan 12 manat təşkil edən hesabı Ülviyyəyə verdikdən sonra, həmin kafenin həyətinə keçib orada pivə içməyə başlamışlar. Bir neçə dəqiqə oturduqdan sonra o, dostu Röyala, Şirxan isə Xəqaniyə zəng etmişlər. Bir neçə dəqiqə sonra onlar da kafeyə gəldi. Lakin Röyal onlarla birlikdə pivə içsə də, Xəqani oruc tutduğuna görə heç nə yeməmiş və içməmişdir. Bir neçə saat sonra Röyal və Xəqani çıxıb getmişlər. Həmin vaxt onun üstündə pul yox idi. Şirxanda isə cəmi 8 manat qalmışdır. Orada oturduqları vaxt Ülviyyə onlara yaxınlaşmış və telefonunun şarjı bitdiyini deyərək onlardan telefon istəmişdir. Şirxan telefonunu Ülviyyəyə vermiş və Ülviyyə onların yanında tanımadığı şəxslə danışaraq kafe üçün qatıq sifariş vermişdir. Ülviyyə onlardan aralandıqdan sonra o, Şirxandan pulu necə ödəyəcəyini soruşmuş, Şirxan isə burada gözləməsini, gedib evdən pul gətirəcəyini deyərək gödəkcəsini stulun üstündən asıb getmişdir. Şirxanı təxminən bir saat gözləmiş, lakin o, gəlməmişdir. Şirxanın telefonuna zəng etdikdə onun sönülü olduğunu görmüşdür. Şirxanın onu aldatdığını başa düşmüşdür. Bir neçə dəqiqə oturduqdan sonra Ülviyyə ona yaxınlaşmış və arxada yerləşən sanitar qovşağa gedəcəyini bildirərək xahiş etmişdir ki, pivə istəsə durub özü süzsün. Ülviyyə getdikdən sonra ətrafa nəzər salmış və heç kimin olmadığını görüb, fürsətdən istifadə edərək kafedəki şüşəli soyuducunun arxasındakı piştaxtaya yaxınlaşmış, orada olan “Samsung” və “Hoffman” markalı mobil telefonları götürüb uzaqlaşmışdır. Kafedən birbaşa Şirxanın yaşadığı Qaraçuxurdakı evlərinə getmişdir. Qapını döydükdə sonuncunun yoldaşı açmış və o, Şirxanı çağırmışdır. Şirxandan onu nə üçün orada qoyub getdiyini soruşmuş, Şirxan isə pulu olmadığına görə belə etdiyini demişdir. O, da Şirxana həmin kafedən iki ədəd telefon oğurladığını və bunları satmaq lazım olduğunu demişdir. Cavabında Şirxan ona demişdir ki, telefonları aparıb qaytarsın və onun gödəkcəni götürsün. Şirxanla razılaşmamış və telefonları satacağını demişdir. Oradan çıxıb Röyala zəng etmiş və Royalın yerini öyrənib onun yanına getmişdir. Şirxan da onun arxasınca gəlmişdir. Royalla görüşdükdən sonra “Hoffman” telefonunu ona göstərmiş və satmaq istədiyini demişdir. Röyal telefona baxmış, öz nömrəsini salmış və telefonu açdıqda şifrə daxil edilməsi lazım olmuşdur. O, şifrəni bilmədiyinə görə Röyal telefonu almamışdır. Bir gün sonra, yəni, xx.xx.2019-cu ildə o, dostu Orxanla danışmış və onunla saat 22 radələrində Neftçilər metro stansiyasının yanında görüşmüşdür. Həmin vaxtıŞirxan da onun yanında idi. O, hər iki telefonu Orxana təqdim etmiş və “Hoffman”ı 50 manata, “Samsunq”u isə 10 manata satmaq istədiyini demişdir. Orxan ondan telefonları nə üçün satdığını soruşduqda demişdir ki, pul lazımdır. Orxan çox pulu olmadığından yalnız “Samsung” telefonunu 10 manata almışdır. Bu hadisədən təxminən 2-3 gün sonra o, “Hoffman” telefonunu əmisi qızının həyat yoldaşı Ramizə alması üçün təklif etmişdir. Ramiz telefona baxmış və xoşuna gəldiyindən onu 40 manata almışdır. Qeyd edir ki, telefonların satışından əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib. Həmçinin qeyd edir ki, kafedən pul oğurlamayıb. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki,Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Sərin” adlı kafeni 2019-cu ilin aprel ayından etibarən icarəyə götürərək işlətmişdir. xx xxx 2019-cu ildə saat 10 radələrində kafeyə gəlmiş və hesab-kitab dəftərini içərisində olan 75 manat pulla bidlikdə kafedəki şüşə vitrini olan soyuducunun arxasındakı piştaxtanın üzərinə qoymuşdur. Həmin gün saat 11:20 radələrində əvvəllər tanımadığı iki nəfər 20-30 yaşlarında olan şəxs kafeyə gəlib kabinetlərdən birində əyləşərək yemək yemiş və o, özü onlara xidmət etmişdir. Onlar yemək yedikdən sonra kabinetdən çıxıb 12 manat yeməyin pulunu ödədikdən sonra kafenin qarşısında çöl tərəfdə oturaraq pivə sifariş vermişlər. Həmin oğlanlar iki nəfər dostlarının da gələcəyini demiş və birazdan həqiqətən də iki nəfər başqa tanımadığı oğlan da gəlib onlarla oturaraq pivə içmişlər. Təxminən 3 saat sonra gələn iki oğlan çıxıb getmişdir. O, mobil telefonunun şarjı qurtardığı üçün həmin şəxslərə yaxınlaşmış və qatıq satana sifariş vermək üçün öz mobil telefonlarını danışmaq üçün ona veribverməyəcəklərini soruşmuşdur. Həmin oğlanlardan biri telefonunu ona verdi və o, qatıq satana zəng edib sifariş verərək telefonu sahibinə qaytarmışdır. Saat 17 radələrində mobil telefonunu ona danışmaq üçün verən oğlan qalxıb getmiş və gedərkən digər oğlana “gəlirəm” ifadəsini işlətmişdir. Saat 18:30 radələrində o, kafedə tək qalan oğlana bir dəqiqəlik subaşına dəyib qayıdacağını və istəsə özünə durub pivə süzə biləcəyini demişdir. Sonra isə kafedən çıxıb subaşına getmiş və təxminən 10 dəqiqə sonra qayıdanda həmin oğlan müştərinin kafedə olmadığını görmüşdür. O, kafedən çıxıb ətrafa nəzər yetirmiş, lakin onu görməmişdir. Həmin oğlanın hesabı 52 manat edirdi. Həmin oğlanın onun kafedə olmamasından istifadə edib çıxıb getdiyini başa düşərək kafeyə qayıdıb piştaxtanın yanında olan telefonlara baxmaq istədikdə orada olan bir ədəd “Hoffman X Prime” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlarının oğurlandığını aşkar etmişdir. Tez hesab-kitab dəftərinin arasına baxmış və görmüşdür ki, orada olan 75 manat nağd pul da oğurlanıb. O, tez başqa bir nömrədən qatıq satana zəng edib bir qədər əvvəl sifariş vermək üçün yığdığı mobil nömrəni öyrənmiş və həmin nömrəyə zəng edərək gödəkcələrinin qaldığını, gəlib götürmələrini təklif etmişdir. Həmin şəxs də gələcəyini demiş, lakin gəlməmişdir. Sonra o, bir az gözləsə də heç kimin gəlmədiyini görüb bir daha həmin nömrəyə zəng etmiş, lakin telefonun sönülü vəziyyətdə olduğunu aşkar etmişdir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin oğurladığı telefonlardan biri onun yanında işləyən oğlana məxsus olub. Həmin oğlan telefonunu şarj etmək üçün piştaxtanın üstünə qoymuş, o (zərərçəkmiş şəxs), isə söz vermişdir ki, telefona nəzarət edəcək. Telefon oğurlandıqdan sonra həmin oğlanın atası gəlib ondan telefonu tələb etmişdir. Lakin telefon oğurlandığına görə atası oğlu üçün kreditə yeni telefon almışdır. Həmin krediti hər ay 40 manat olmaqla o (zərərçəkmiş şəxs), ödəyir. Zərərçəkmiş şəxs bildirir ki, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 İsimxan oğlu bildirmişdir ki,Əmirbəyi 2 il olar ki, tanıyır. 2019-cu ilin əvvəllərində Əmirbəy ilə Xətai rayonu ərazisində avtoyuma yeri götürüb işlətməyə başlayıblar. xx xxx 2019-cu ildə səhər saatlarında Əmirbəylə avtoyuma yerinə getmişdir. Lakin, həmin gün yağış yağdığından işləyə bilməmiş və bu səbəbdən də evə geri qayıtmışlar. Geri qayıtmazdan əvvəl avtoyuma yerində Əmirbəylə spirtli içki qəbul etdilər. Evə gəldikdən təxminən bir saat sonra Əmirbəy ona zəng etdi və kafeyə getməyi təklif etdi. O, da razılaşdı və onlar birlikdə Qaraçuxurdakı “Sərin” kafesinə getdilər. Həmin vaxt onun üstündə 16-17 manat pul var idi. Əmirbəylə həmin kafedə kabinetdə oturub yemək yedilər. Yeməyin hesabı 11 manat etdi və o, həmin hesabı verdi. Yemək yedikdən sonra onlar kafenin həyətinə enib pivə içməyə başladılar. Həmin ərəfədə Əmirbəyin dostu Röyal da gəlib onlarla pivə içdi. Bir az keçəndən sonra Xəqani də gəldi, lakin pivə içmədən tez bir zamanda çıxıb getdi. Xəqanidən sonra Röyal da getdi. Bir az keçəndən sonra o, Əmirbəyə kafedən çıxıb getməyi dedi, lakin, Əmirbəy hələ oturacağını dedi. O, isə evdə işi olduğundan çıxıb getdi. Getməmişdən əvvəl Əmirbəy ondan hava soyuq olduğundan öz gödəkcəni onun üçün saxlamağı dedi. Əmirbəylə kafedə oturan zaman həmin kafeni işlədən xanım onlara yaxınlaşdı və telefonunun şarjının bitdiyini deyib onlardan telefon istədi. O, da öz telefonunu danışması üçün qadına verdi. Qadın da kiminləsə telefonda danışıb telefonu ona qaytardı. O, evə gedəndən təxminən saat yarım sonra qapının döyüldüyünü eşitdi. Yoldaşı Ülviyyə qapını açdıqda Əmirbəyin gəldiyini gördü. Əmirbəy ona kafedə olan telefonları götürdüyünü dedi, o, isə Əmirbəydən gödəkcəsini soruşanda orada qaldığını bildirdi. O, Əmirbəyin üzərinə əsəbiləşdi və aparıb telefonları qaytarmasını dedi. Həmçinin, əgər özü apara bilmirsə telefonları ona verməsini onun özünün aparıb verməsini təklif etdi. Əmirbəy isə telefonları aparıb satacağını dedi. Bundan sonra Əmirbəy çıxıb getdi. O, da Əmirbəyin arxasınca getdi ki, onu məcbur edib telefonları qaytartdırsın. Əmirbəy Royalın yanına getdi və telefonları alması üçün Röyala təklif etdi. O, Röyala telefonların oğurluq olduğunu dedi. Röyal həmin telefonları almadı. Bu hadisədən iki gün sonra Əmirbəy ilə Neftçilərdə oturub yeyib-içən zaman Əmirbəy Orxana zəng etdi və kafeyə dəvət etdi. Orxan gələndən sonra Əmirbəy telefonları alması üçün Orxana təklif etdi. Orxanın pulu az olduğundan balaca “Samsung” markalı telefonu 10 manata aldı. Həmin 10 manat pulla Orxan və Əmirbəy gedib pivə içdilər. Sonra o, evə getdi. Həmin gündən sonra Əmirbəy işə gəlmədi və həmin vaxtdan sonra Əmirbəy ilə aralarında olan münasibət soyudu. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, mebel təmiri ilə məşğul olur. Konkret olaraq işlədiyi sex olmasa da müxtəlif yerlərdə işləyib mebel yığır. Əmirbəy yoldaşı Sənubərin əmisi oğludur. Əmirbəy ilə aralarında normal münasibət vardı. 2019-cu ilin aprel-may aylarında Əmirbəyin anası Mirvari xala onunla danışdı və Əmirbəyin heç yerdə işləmədiyini və avaralıqla məşğul olduğunu dedi. O, isə Mirvari xalaya mebel yığanda ona fəhlə lazım olduğunu, əgər, istəsə gəlib ona kömək edə biləcəyini dedi. Bundan sonra o, Əmirbəy ilə danışdı və işləmək istəyirsə gəlib ona kömək etməsini bildirdi. Əmirbəy də onunla razılaşdı. xx xxx 2019-cu ildə Əmirbəylə əlaqə saxladı və işə getmək üçün onu Neftçilər metro stansiyasının yanına çağırdı. Əmirbəy gəldikdən sonra onlar birlikdə NZS qəsəbəsinə işləməyə getdilər. İşdən saat 19-20 radələrində çıxdı və şam yeməyi üçün Neftçilərə qayıtdılar. Əmirbəylə yemək yeyən zaman onun cibindən “Hoffman X Prime” markalı mobil telefon çıxartdı və həmin telefonu “Lalafo”-da satmaq istədiyini bildirdi. Həmin vaxt onun sensorlu telefona ehtiyacı olduğundan Əmirbəyə həmin telefonu ona satmasını bildirdi. Əmirbəy bir qədər fikirləşdikdən sonra razılaşdı. Telefonu almazdan əvvəl Əmirbəydən telefonu haradan əldə etməsini soruşdu, o da dostlarının hədiyyə etdiyini dedi. O, da buna inandı və telefonun qiymətini 40 manata razılaşdı. O, Əmirbəyə telefon üçün 40 manat və günlük işlədiyi üçün 20 manat pul verdi. Bundan sonra onlar ayrıldı və evə getdilər. Bu hadisədən sonra Əmirbəylə bir neçə dəfə də əlaqə saxladı ki, gəlib kömək etsin. Amma, Əmirbəy işin ağır olmasına görə gəlməkdən imtina etdi. Aldığı telefonu təxminən bir ay işlətdikdən sonra ekranı qırıldı. Belə ki, mebel daşıyan zaman mebel cibindəki telefona dəydi və buna görə ekranı qırıldı. Telefonu ustaya aparan zaman usta telefonun düzəldilməsi üçün ondan 100 manat pul istədi. Həmin məbləğin verilməsi ona sərf etmədiyindən razılaşmadı və telefonu aparıb evə qoydu. Bir müddət sonra 7 yaşlı oğlu Yusif həmin telefonu tapdı və oyuncaq kimi işlətməyə başladı. Həmin telefon daha da zədələndi və yararsız vəziyyətə düşdü. Bundan sonra dəqiq bilmədiyi tarixdə yoldaşı həmin telefonu götürüb zibilliyə atdı. Bu hadisələrdən bir müddət sonra polisdən ona zəng gəldi və Əmirbəyin ona satdığı telefonun oğurluq olması barədə məlumat verdi. Bundan sonra o, həmin telefonun oğurluq olduğunu bildi. Əmirbəylə əlaqə saxladı və hadisə ilə bağlı ona iradlarımı bildirdi. Bundan sonra isə Əmirbəylə əlaqəsi tamamilə kəsildi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, bərbər işləyir və Əmirbəylə Şirxanı müştəri kimi tanımışdır. xx xxx 2019-cu ildə günorta saatlarında işdə olduğu zaman Əmirbəy ona zəng edərək pivə süfrəsinə dəvət etdi və “Sərin” kafesinə gəlməyini bildirdi. O, da həmin kafeyə getdi və Əmirbəy və Şirxanla birlikdə kafedə oturub pivə içdilər. Onlarla birlikdə bir nəfər tanımadığı oğlan da oturdu, lakin oruc tutduğu üçün heç nə yemədi və içmədi. Orada üç bakal pivə içib bir az söhbət etdikdən sonra əvvəlcə oruc tutan oğlan kafedən getdi, sonra isə o, da sağollaşıb kafedən getdi. Həmin gün saat 23:00 radələrində Sabunçu rayonunda yerləşən “Həyat yolu” adlı kafedə dostu Amillə birlikdə pivə içdiyi zaman Əmirbəy onunla əlaqə saxladı və yerini öyrəndikdən bir az sonra Şirxanla birlikdə həmin kafeyə gəldi. Onlar birlikdə oturub pivə içdilər. Əmirbəy bir ədəd “Hoffman” markalı telefonu çıxarıb ona göstərdi və kafeyə borcu olduğundan evdən satması üçün verdiyini və 100 manata satdığını dedi. O, üzərində 100 manat deyil, az pul olduğunu dedi, Əmirbəy isə 50 manata telefonu sata biləcəyini bildirdi. O, da özünə məxsus olan telefondan mobil nömrəsini çıxarıb həmin “Hoffman” markalı telefonun üzərinə saldı və telefonu açdı, lakin telefon şifrə istədi. O, Əmirbəydən şifrəni soruşduqda Əmirbəy evdəkilərin şirfəni unutduqlarını bildirdi. O, Əmirbəyin yalan dediyini həmin vaxt başa düşdü və həmin telefonu özünə qaytardı. Həmin vaxt Əmirbəyin üzərində bir ədəd sadə Samsung markalı arxasında gül şəkli olan telefonu gördü və Əmirbəy onu da 10 manata sata biləcəyini dedi, o, isə artıq şübhələndiyi üçün həmin telefonu da almaqdan imtina etdi. Bundan sonra Əmirbəy və Şirxan qalxıb getdilər. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, həmçinin şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. xx xxxxxx 2019-cu il tarixli 29320 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı “GT-C3530” modelli mobil telefon aparatının satış üçün kompektləşdirilməsinə daxil edilən aksesuarlarının olmamasını və istifadə olduğunu nəzərə alaraq, 2019-cu ilin may ayına olan orta bazar qiyməti təxminən 15,00 manat müəyyən olunur. xx xxxxxx 2019-cu il tarixli 2654 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional-labil pozuntusu müəyyən edilir. Bunu anamnezində psixiatrik diaqnozla əlaqədar olaraq hərbi xidmətdə olmaması, əldə edilmiş tibbi sənəd və hal-hazırki müayinənin nəticələri hazırki müayinə zamanı əsəbiliyi, emosional labilliyi və s. sübut edir. Bununla birlikdə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş üzvi emosional labil pozuntu o dərəcədə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs ona ittiham elan olunan dövrdə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.1-cimaddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Samsung GTC3530» markalı mobil telefon aparatı Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Samsung GTC3530» markalı mobil telefon aparatı Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar