Məhkəmə qərarları › İş №1(010)-51/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-51/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-51/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 1772.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 sentyabr 2020-ci ildə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuş, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2şayan, 14 – 16 avqust 2021-ci il tarixləri üzrə tutulmuş, 16 avqust 2021-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,041 qram təşkil edən qəhvəyi rəngli maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 14 avqust 2021ci ildə saat 15:00-da Suraxanı RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 2-ci yeraltı kanal tunelin yanındakı su çənlərinin arxasında narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli şalvarın sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,041 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 14 avqust 2021-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2-ci yeraltı kanal tunelin yanında olduğu vaxt ona polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələri gəzdirməkdə, və saxlamaqda şübhəli olduğunu deyib, Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə 31-ci polis bölməsinə getmişdir. Orada hüquqları və vəzifələri izah olunmuş, vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifə əsasən əynindəki tünd boz rəngli şalvarın sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Sorğu-sual zamanı bildirmişdir ki, narkotik vasitəni şəxsi istifadəsi üçün 14 avqust 2021-ci ildə Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata alıb. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, zərf və tərtib edilmiş protokol o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 14 avqust 2021-ci ildə Bakı şəhəri Suraxanı RPİ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 ilə birlikdə 5666-çağırışlı avtopatrula təhkim edilmişdir. Ərazidə xidmət apardıqları vaxt Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 2-ci yeraltı kanal tunelin yanındakı su çənlərinin arxasında sonradan şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs görüb, özünü şübhəli apardığına görə ona yaxınlaşmışlar. Sorğu-sual zamanı sonuncu üzərində narkotik vasitə olduğunu bildirmiş, bu səbəbdən onu aparıb Suraxanı RPİ-nin 31-ci PB-nə təhvil vermişlər. Təqsirləndirilən şəxs bölmənin əməkdaşlarına təqdim edildikdən sonra xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ cibindən bir ədəd bükümdə içərisində heroin adlanan narkotik vasitəni çıxarıb təqdim edərək bildirmişdir ki, həmin narkotik vasitəni eyni gündə Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün alıb, lakin istifadə etməyə imkan tapmayıb. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm götürülərək kağız zərfə qablaşdırılmış, protokol tərtib edilmiş, zərfin üzəri və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 15 avqust 2021-ci il tarixli 6/3513 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün 195”dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,041 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. 15 oktyabr 2021-ci il tarixli 3967 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Hacıyev X2 Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 1772.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 sentyabr 2020-ci ildə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Bu Azərbaycan Respublikası CM-nin 18.1ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,991 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 – 16 avqust 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 mart 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,991 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar