Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-511/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 07 sentyabr 2023-cü il tarixdə, saat 11:05-də, Bakı şəhərində, xx xxxx 1985-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-377/2023 saylı, 14 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İmişli rayonu, Nurulu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evdə yaşamış, 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində X1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsində yerləşən 13 saylı evə qanunsuz daxil olaraq oradan 400 manat dəyərində “HP pavilion 650” markalı notbuku gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, tanışı Xəyal adlı şəxs Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi 13 ünvanında kirayə yaşayırmış. xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində o, Xəyalla görüşmək üçün sonuncunun kirayə yaşadığı evə getmişdir, lakin Xəyalın kirayə yaşadığı otağı dəqiq bilmədiyi üçün bir qapının dəstəyinə əl atıb aşağı sıxmış, qapı açıldıqda otaqda heç kim olmadığını, stolun üzərində notbuku olduğunu görmüşdür. O, həmin notbuku və aksesuarlarını götürüb nootbukun çantasına yığmış və daha sonra isə çantanı yorğan üzlüyünə bükmüşdür. Ətrafa nəzər yetirmiş, onu görən olmadığına tam əmin olduqdan sonra otaqdan həyətə çıxıb getmək istədikdə, onu görən ev sahibəsi onu səsləmiş və əlindəkinin nə olmasını və kimə məxsus olmasını soruşmuşdur. O da əlindəkinin dostu Xəyalın əşyaları olduğunu, sonuncuya vermək üçün apardığını bildirmişdir. Ev sahibəsi ona inanaraq başqa heç bir söz soruşmamışdır. O da oradan çıxıb Xətai rayonu, Həzi Aslanov qəsəbəsinə getmişdir. Orada yerləşən əlvan metalların qəbulu məntəqəsinə yaxınlaşanda orada əvvəllər tanıdığı Namiqlə təsadüfən görüşmüş və hal-əhval tutduqdan sonra isə əlində olan notbuku satmaq istədiyini bildirmişdir. Namiq ondan neçəyə satmaq istədiyini soruşduqda o, 100 manata satmaq istədiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsində Namiqin ondan nootbuku nə üçün satmaq istədiyini soruşduqda bədənində ağrılar olduğundan satıb əvəzinə özünə narkotik alıb qəbul etmək istədiyini, Namiq də ona özünün istifadəsi üçün üzərində iki büküm, yəni bir büküm kakos (heroin) və bir büküm şüşə (metamfetamin) olduğunu, həmin heroin və metamfetamini ona verib əvəzində nootbuku ondan almaq istədiyini deməsini, o da ağrıları olduğu üçün notbuku Namiqə verməsini, narkotiki və metamfetamini ondan alaraq inyeksiya yolu ilə qəbul etməsini bildirsə də, əslində Namiqin ondan komptuyeri 50 manat ödəməklə aldığını və həmin pula heç bir narkotik vasitə əldə etmədiyini bildirmişdir. Hadisədən təxminən bir ay sonra isə Həzi Aslanov qəsəbəsində olan zaman Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən və həmin oğurluqla bağlı sorğu-sual etdikdən sonra onu 32-ci PB-nə aparmışlar. 32-ci PB-də olan zaman xx.xx.2021-ci il tarixdə dostu Xəyalın yaşadığı həyətdə olan otaqdan bir ədəd notbuku oğurladığını etiraf etmişdir. Sonda törətdiyi oğurluq əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməklə sonuncu ilə barışıq əldə etdiyini bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 24 avqust 2023-cü il tarixli iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailə dostu Fariz İsgəndərov ilə birlikdə kirayə yaşayır. Sosial İqtisadiyyat Kollecində 2-ci kurs tələbəsidir. Oxuduğu ixtisas proqram təminatı olduğuna görə 2021-ci ilin iyul ayında 400 manat verib özünə “HP pavilion 650” markalı notbuku almışdır. xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində evdən çıxıb dərsə getmişdir. Həmin gün Fariz işdə olmuş və otağa ondan qabaq gəlməli imiş. Ancaq Farizdə yaşadıqları otağın giriş-çıxış qapısının açarı olmadığı üçün Fariz mənzili girə bilməsindən ötrü otağın giriş-çıxış qapısını açıq saxlamışdır. Həmin gün axşam saat 21:00 radələrində Fariz ona zəng edərək nootbuku özü ilə aparıbaparmadığını soruşduqda o, aparmadığını, otaqda olmalı olduğunu bildirmişdir. Fariz isə ona notbukun otaqda olmadığını, oğurlandığını bildirmişdir. Bundan sonra isə o, evə gəlmiş və ev sahibəsi Xəyalə xanımdan hadisə barədə maraqlandıqda Xəyalə xanım həyətə Xəyalın tanışı olduğunu bildirən bir şəxsin gəldiyini, gedərkən əlində nə isə apardığını bildirmişdir. Xəyal evə gəldikdə bu barədə Xəyala bildirmiş və tanışından apardığı notbuku qaytarmasını deməsini istəmişdir. Lakin Xəyalın dostu notbuku gətirib qaytarmadığı üçün o, məcbur olub bu barədə Suraxanı RPİ-nin 32-ci PB-nə ərizə ilə müraciət etmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 24 avqust 2023-cü il tarixli iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında əlvan metalların qəbulu məntəqəsinin qarşısında əvvəllər tanıdığı Hakim adlı şəxslə təsadüfən görüşmüş, söhbət əsasında Hakim ona narkotik almaq, əlində olan notbuku 100 manata satmaq istədiyini bildirmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsində kompyuterin əvəzinə Hakimə narkotik vasitə verə biləcəyini bildirsə də, sözügedən ifadəsi ilə razılaşmamış, həmin ifadəsini təzyiq altında verdiyini bildirmişdir. Əslində isə o, 50 manat ödəməklə noutbuku ala biləcəyini sonuncuya demişdir. Notbuku Hakimdən alarkən çantasından çıxarmış və üzərinə baxmış sonra isə notbuku açmış, lakin işə salmamış, əzik, qırıq olmadığı üçün çantaya qoymuşdur. Hakimdən kompyuterin kimə məxsus olduğunu soruşduqda Hakim özünə məxsus olduğunu, bədənində ağrılar olduğu üçün satdığını bildirmişdir. O da notbukun çantası, naqilləri yerində olduğu üçün Hakimə inanmışdır. Hakim məbləğlə razılaşdığından o, 50 manat pulu sonuncuya verərək ondan həmin notbuku almışdır. xx.xx.2021-ci il tarixdə həmin kompyuteri “Həzi Aslanov” metrosu yaxınlığında olan kompyuter təmiri yerində işləyən Emin adlı şəxsə 130 manata satmışdır. Notbuku Eminə satarkən özünə məxsus olduğunu bildirmişdir. Emin notbuku ondan alarkən işlək olub olmadığın yoxladıqda kompyuter şifrə istəmiş və Emin ondan şifrəni soruşduqda o, unutduğunu bildirmişdir. Emin kompyuteri işlətmiş və məlum olmuşdur ki, kompyuterin ekranında çat olmuş, başqa hər hansı bir problemi olmamışdır. O, Eminə notbuku öz şəxsiyyət vəsiqəsinin sürətini təqdim etməklə satmışdır. Daha sonra notbuka görə Hakimə bir az daha ödəniş etmək istəmiş, lakin sonuncu ilə əlaqə saxlaya bilməmişdir. xx.xx.2022-ci il tarixdə isə o yaşadığı evin yaxınlığında olan zaman Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq onu 32-ci PB-nə aparmışlar. Orada onunla sorğu-sual edərkən o, həqiqətəndə Hakimdən notbuku aldığını və Emin adlı şəxsə satdığını bildirmişdir. Məhkəmənin 24 avqust 2023-cü il tarixli iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında kompyuter ustası olmaqla kompyuter təmiri və satışı ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə işdə olan zaman bir nəfər sonradan adını bildiyi Şahid1 mağazaya gələrək əlindəki çantada olan notbuku satmaq istədiyini bildirmişdir. O, həmin notbuka baxdıqdan sonra 130 manata razılaşaraq almışdır. Şahid1 satdığı notbukun özünə məxsus olduğunu bildirməklə, özünün şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. O da inanaraq sonuncudan həmin notbuku almışdır. O, notbuku aldıqdan sonra notbukda olan nasazlıqlarını aradan qaldırmış, sonra dekabr ayının son günlərində tanımadığı şəxsə 350 manata satmışdır. Daha sonra onu Suraxanı RPİ-nin 32-ci PB-nə çağırmışlar. 32-ci PB-də olarkən Şahid1 xx.xx.2021-ci il tarixdə aldığı “HP pavilion G6 2395” markalı notbukun X3 evindən oğurlandığını öyrənmişdir. Məhkəmənin 31 avqust 2023-cü il tarixli iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum atası mülkiyyətində olan evin həyətində tikilmiş olan ayrı-ayrı otaqları müxtəlif şəxslərə kirayə vermişdir. Hazırda 3 aydır ki, sonuncu vəfat edib. Mərhum atası sağlamlıq imkanları məhdud olduğu üçün sonuncuya tez-tez baş çəkmiş, hadisənin baş verdiyi gün də atasına yemək aparmaq üçün sonuncunun evinə getmişdir. Hadisədən təxminən 3-4 ay əvvəl həmin otaqlardan biri X4, digəri isə Xəyal adlı şəxsə kirayə verilmişdir. 2021-ci ilin dekabr ayının sonlarında saat 13- 14 radələrində bir nəfər şəxs həmin ünvana gəlib Xəyalı soruşmuşdur. O, həmin şəxsdən kimliyini soruşduqda Xəyalın dostu olduğunu bildirmişdir. O, həmin şəxsə inanıb kirayənişinlərin yaşadığı tərəfə keçməsinə icazə vermişdir. Bundan sonra həmin şəxs həyətdən çıxanda onun əlində dəsmala bükülmüş nəsə apardığını görmüş və ondan əlindəkinin nə olmasını soruşduqda, həmin şəxs özünə məxsus sənədlər olduğunu, Xəyalın otağından götürdüyünü bildirmişdir. O da həmin şəxsə inanmış və həmin şəxs çıxıb getmişdir. Bundan bir neçə dəqiqə sonra Daşdəmir ilə bir otaqda yaşayan Fariz gəlmiş və o, Farizdən otaqlarından oğurluq olub-olmamasını soruşmuşdur. Fariz bilmədiyini demiş və Daşdəmirlə əlaqə saxladıqda Daşdəmirin notbukunun oğurlandığı bilinmişdir. Bundan sonra digər otaqda yaşayan Xəyal evə gəldikdə evdə olmuş şəxsin əlamətlərini dedikdə Xəyal həmin şəxsin tanışı “Hakim” adlı şəxs olduğunu, oğurluq barədə polisə bildirməmələrini xahiş edərək Hakimin həmin notbuku qaytaracağını bildirmişdir. Lakin sonrakı günlərdə Hakim adlı şəxs oğurladığı notbuku gətirib qaytarmamışdır. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsində yerləşən 13 saylı evə daxil olduğu yeri və oğurladığı notbukun yerini əyani olaraq göstərmişdir. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli “Alqı-satqı” müqaviləsindən görünür ki, Şahid1 ilə Şahid3 arasında “HP pavilion G6 2395” markalı notbuka dair alqı-satqı həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, sonuncunun zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsi və barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs X3 06 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsi və barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-377/2023 saylı, 14 iyul 2023-cü il il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-377/2023 saylı, 14 iyul 2023-cü il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 14 iyul 2023-cü il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-377/2023 saylı, 14 iyul 2023-cü il il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 22 yanvar 2022ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həmçinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 377/2023 saylı, 14 iyul 2023-cü il il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə 21 fevral 2022-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-377/2023 saylı, 14 iyul 2023-cü il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığını, təqsirləndirilən şəxs tərəfindən hazırki hökmün icrasına maneçilik törədilməsi ehtimalına əsasların olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin təsdiq edilməsinə və ya dəyişdirilməsinə zərurət olmadığından ləğv edilməli, barəsində qətimkan tədbiri seçilməməli, həbsdə olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-377/2023 saylı, 14 iyul 2023-cü il il tarixli hökmü ilə təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həmçinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-377/2023 saylı, 14 iyul 2023-cü il il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə 21 fevral 2022-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-377/2023 saylı, 14 iyul 2023-cü il il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-377/2023 saylı, 14 iyul 2023-cü il il tarixli tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin, həbsdə olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-511/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-511/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver