Məhkəmə qərarları › İş №1(010)-512/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-512/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-512/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın iştirakı ilə xx xxxxx 1983-cü ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində ikisi azyaşlı olmaqla üç nəfər yetkinlik yaşına çatmamış uşağı olan, İmişli rayonu, Sərxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, ünvan 1 il tarixli qərarı ilə barəsində əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanmaq 27 iyun 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-237/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, həmin məhkəmə 1(010)-512/2023 saylı, 22 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-512/2023 saylı, 14 avqust 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən “Su Pərisi” ailəvi istirahət kompleksində keçirilmiş yığıncaqda rəqs edərkən musiqi dayandığından, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə musiqiçilərə aid «ŞHURE» markalı mikrafon dəmir pultunu (modernini) masanın üzərindən əlinə götürüb silah qismində istifadə edib, həmin modern ilə məclisdə müğənni və aparıcılıq edən Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən bir zərbə vuraraq sonuncuya burun sümüyünün qapalı yerdəyişən sınığı, üst çənədə sağda 15-ci dişin tac hissəsinin zədələnməsi ilə nəticələnən və ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 127.2.3-cü və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli biərək ifadəsində göstərmişdir ki, 02 iyul 2022-ci il tarixdə həyat yoldaşı Şahid4 ilə birlikdə xalası oğlu Şahid3 qızı Şövkən Cəfərovanın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində fəaliyyət göstərən “Su pərisi” adlı restoranda keçirilən toy məclisinə getmişdir. Toy məclisində çalğıçılar olmasa da, bir nəfər sintizator ifaçısı və bir müğənni olmuşdur. O. məclisdə yemək yeyib, spirtli içki qəbul etmiş, sonra isə həyat yoldaşı ilə birlikdə rəqs etməyə başlamışdır. Bir qədər rəqs etdikdən sonra müsuqi qəflətən kəsilmişdir. O da ifaçılara yaxınlaşaraq, nə üçün musiqinin dayandırıldığım soruşduqda ona kobud cavab verilmişdir. O da bundan əsəbləşib sintizator masasının üstündə olan bir ədəd metal moderni götürərək, stulda oturmuş müğənninin üstünə tullamış və modern müğənninin üzünə dəymişdir. O, bunu gördükdən sonra etdiyi hərəkətdən peşiman olaraq zalı tərk etmişdir. Xəsarət yetirdiyi müğənnini əvvəllər tanımamış və onunla aralarında hər hansi bir mübahisə, ədavət olmamışdır. Həmin hərəkəti etməsinə səbəb həyat yoldaşı ilə birlikdə rəqs edərkən qəflətən musiqinin kəsilməsi olmuşdur. Həmin metal moderni götürüb, müğənni tərəf atarkən ona hər hansı bir xəsarət yetirmək məqsədi olmamışdır. Sonda o, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirmiş, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Eyni zamanda özünün və iki uşağının vərəm xəstəliyindən əziyyət çəkdiyini, məhz xəstəliyinin ağırlaşması ilə əlaqədar həbsdən ev dustaqlığına buraxıldığını və hal-hazırda xəstəxana şəraitində müalicə aldığını bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xanəndədir və 20 iyun 2022-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində fəaliyyət göstərən “Su Pərisi” restoranında toy və digər şənliklərdə müğənni olaraq iştirak edir. 02 iyul 2022-ci il tarixdə həmin restoranda toy məclisi keçirilirmiş. O da həmin məclisdə həm müğənni həm də aparıcı kimi, Şahid2 isə özünün sintezatoru ilə sintezator ifaçısı olaraq iştirak edirmiş. Şənlikdə sintizatorda səsləndirilən rəqs havaları ifa olunurmuş. O da arada bir muğam və ya xalq mahnıları oxuyurmuş. Saat 17 radələrində sintezatorda rəqs mahnısı çalınırmış və qonaqlar ortada rəqs edirmişlər. O da səhnədə stulda əyləşmişmiş. Bu vaxt məclisdə olan iştirakçılardan biri musiqini dayandırmışdır. Bundan sonra rəqs edən şəxslərdən bir nəfər kişi səhnəyə yaxınlaşaraq nə üçün musiqinin dayandırıldığını soruşduqda, o, bunu aydınlaşdırmaq üçün sintizator ifaçısına müraciət etməsini deyərək, üzünü digər tərəfə döndərmişdir. Bunu görən həmin şəxs qışqırmağa başlamış, ünvansız olaraq ucadan nalayiq ifadələr işlətmişdir. O, dönüb yenidən ona baxmaq istədikdə üzünə bərk bir əşyanın dəydiyini hiss etmişdir. Baxdıqda həmin əşyanın istifadə etdikləri mikrofonun metal moderni olduğunu görmüşdür. Zərbədən burnundan qan axmağa başlamışdır. Orada olan şəxslər onu vuran şəxsi oradan uzaqlaşdırmaqla, ona tibbi yardım göstərilməsi üçün TTY çağırmışlar. Oraya gələn TTY ona ilkin tibbi yardım göstərilmişdir. Daha sonra restoranın müdiri Çingiz adlı şəxs gələrək, onu Sabunçu rayon xəstəxanasına aparmışdır. Xəstəxanada tibbi yardım göstərildikdən sonra evinə getmişdir. Onu vuran şəxs ilə əvvəllər hər hansı bir tanışlığı, münasibəti olmamışdır. Həmin şəxsin ona xəsarət yetirməsi nəticəsində burun sümüyü sındığından sənəti ilə məşğul ola bilmir. Ona görə də ona xəsarət yetirənin, yəni sonradan adının Saday olduğunu bildiyi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Saday adlı şəxsin onu vurduğu cihaz mikrofonun moderni (pultu) olmaqla, kvadrat şəklində yastı, metal üzlüklüdür, özünə məxsusdur, hazırda özündədir, işlək vəziyyətdədir, təqdim edə bilər. Baş vermiş hadisə zamanı onu vuran şəxs ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qayda pozulmuş, toy məclisinin dayandırılmasına və qonaqların getməsinə səbəb olmuşdur. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə İmişli rayonu, Sərxanlı kəndində yaşayır. 02 iyul 2022-ci il tarixdə həyat yoldaşı Sadayla birlikdə Sadayın xalası oğlu Şahid3 qızı Şövkət Cəfərovanın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində fəaliyyət göstərən “Su pərisi” adlı restoranda keçirilən toy məclisinə getmişdir. Toy məclisində Saday yemək yeyib, spirtli içki qəbul etmişdir. Sonra isə Saday onunla rəqs etməyə başlamışdır. Bir qədər rəqs etdikdən sonra musiqi qəflətən kəsilmişdir. Saday da musiqiçilərə yaxınlaşıb, nə üçün musiqinin dayandırıldığım soruşduqda, Sadaya cavab verən olmamışdır. Bundan əsəbləşən Saday musiqiçilərin masasına yaxınlaşmışdır. Sadayın toy məclisini aparan və oxuyan müğənnini vurmasını görməsə də, sonradan müğənninin burnundan qan axdığını görmüşdür. Bundan sonra toyda olan şəxslər oraya toplaşmışlar. O, isə Sadayla müğənni arasında dava-dalaş davam etməməsi üçün Sadayı toy məclisindən kənara çıxarmışdır. Daha sonra isə oraya gələn polis əməkdaşları Sadayı 30-cu PŞ-nə aparmışlar. PŞ-də Sadayın izahatı alındıqdan sonra evə buraxılmışdır. Saday ağ ciyər xəstəsi olduğu üçün ertəsi gün xəstəxanaya getmiş, müalicə olduqdan sonra İmişli rayonundakı evlərinə qayıtmışlar. Bundan başqa bildirmişdir ki, yoldaşı və iki uşağı vərəm xəstəliyindən əziyyət çəkirlər, məhz həmin xəstəliyinin ağırlaşması ilə əlaqədar yoldaşı həbsdən ev dustaqlığına buraxılmışdır, hazırda yoldaşı xəstəxana şəraitində müalicə alır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ildən Bakı şəhəri Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən «Su Pərisi» restoranını işlədir. Belə ki, restoranın sahibi Fəxrəddin Cəlilov olsa da işlətmək üçün ona vermişdir. O da restoranı yay fəslində işlədir və əldə etdiyi qazancla obyektin xərclərini ödəyir. 2022-ci ilin iyun ayının sonlarında həmkəndlisi Namiq onun işlətdiyi restorana gələrək, həmin restoranda xx.xx.2022-ci il tarixdə saat 13 rədələrinədən, 18 radələrinədək, təxminən 25 nəfər qonağın iştirakı ilə qızına yığıncaq keçirmək istədiyini bildirmişdir. Həmin tarixdə restoran boş olduğunu nəzərə alıb etiraz etməmiş və 150 manat kirayə haqqı ödəniləcəyi ilə razılaşmışlar. Bundan sonra isə o, dostu müğənni Rövşənlə bu barədə danışmış və onu müğənni kimi yığıncağa dəvət etmişdir. Rövşən ona özü ilə sintezator ifaçısı gətirəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində qonaqlar gəlmiş və məclis başlamışdır. Məclisdə Rövşənin tanışı sintezator ifaçısı, Rövşən isə müğənni kimi çıxış edirmişdir. Sonra o, istirahət etmək üçün evinə getmişdir. Saat 17 radələrində restorana qayıtdıqda yığıncağın dağıldığım və polis əməkdaşlarının orada olduğunu görmüşdür. Daha sonra isə Rövşənin burnunun sındığını görüb, onu Sabunçu rayon xəstəxanasına aparmışdır. Yolda gedərkən Rövşən ona yığıncaqda toy sahibi Namiqin qohumu Səday adlı şəxsin onu mikrofonun moderni ilə burun nahiyəsindən vurduğunu demişdir. Xəstəxanada Rövşənə tibbi yardım göstərildikdən sonra Rövşən taksi ilə evinə getmişdir. Yığıncaq saat 18:00-dək davam etməli imiş. Rövşənin və sintezator ifaçısının danışıqlarından başa öyrənmişdir ki, dava-dalaş düşdüyü üçün məclis tez başa çatmışdır. Hadisə nəticəsində ona hər hansı miqdarda maddi zərər dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə qurmaq məqsədi ilə evdən qaçmış qızı Şövkət ilə barışıq üçün qohumlardan ibarət kiçik bir yığıncaq-məclis keçirmək qərarına gəlmişdir. Bu məqsədlə də yaşadığı qəsəbədə yerləşən “Su pərisi” ailəvi istirahət kompleksini işlədən Cəngizlə 2022-ci ilin iyun ayının sonralarında görüşərək, xx.xx.2022-ci il tarixdə saat 13 radələrindən saat 18 radələrinədək işlətdiyi kompleksin yay zalında yığıncaq keçirmək istədiyini bildirmişdir. Cəngizə məclisdə 30-35 nəfər qonaq olacağını, yeməkləri evində bişirtdirib gətizdirəcəyini, kababları isə kompleksdə xalası oğlu Sadayın bişirəcəyini demiş, zalın kirayəsini 200 manata razılaşmışlar. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində qonaqlar gəlməyə başlamışlar. Yığıncaqda bir nəfər sintizator ifaçısı, bir nəfər də müğənni var imiş. Saat təxminən 17 radələrində qonaqları qarşılamaq üçün məclis zalından çıxmışdır. Bu vaxt içəridən səs küy gəldiyindən geri qayıtdıqda yığıncaqda iştirak edən müğənninin burnundan qan axdığını görmüşdür. Orada olanlardan bunun səbəbini soruşduqda Sadayın arvadı ilə rəqs edərkən musiqi dayandırıldığından, Saday ilə musiqiçilər arasında münaqişə olduğunu, Sadayın musiqiçilərə aid metal əşyanı əlinə götürərək, musiqiçilərə tərəf atdığını və həmin əşyanın müğənninin sifətinə dəyərək ona xəsarət yetirdiyini öyrənmişdir. Bundan sonra oraya təcili tibbi yardım briqadası gəlmiş və müğənniyə ilk tibbi yardım göstərilmişdir. Baş vermiş münaqişə səbəbindən yığıncağın davam etməsi mümkün olmadığından qonaqlar dağılışmışlar. Münaqişə təxminən 10 dəqiqə davam etmiş və qonaqlar getdiklərindən yığıncaq vaxtından əvvəl yekunlaşmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, müğənni Zərərçəkmiş şəxs bir ildən artıqdır ki, musiqi müəllimi və müğənni kimi tanıyır və onunla bir neçə dəfə toylarda iştirak etmiş, Zərərçəkmiş şəxs sintizatorda müşayiət etmişdir. Təxminən 28 iyun 2022-ci il tarixdə Rövşən müəllim onunla telefonla əlaqə saxlayaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində fəaliyyət göstərən “Su pərisi” adlı restoranda keçirilən toy məclisində müğənni kimi iştirak edəcəyini bildirməklə, onun da həmin məclisdə sintizator ifaçısı kimi iştirak etməsini xahiş etmişdir. O da razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, “Su pərisi” restoranına getmiş və toy məclisi başlanmışdır. Saat təxminən 16 radələrində toyda video çəkiliş aparan adını bilmədiyi şəxs Rövşən müəllimə onun başqa yerdə toy məclisi olduğu üçün getmək istədiyini bildirmişdir. Rövşən müəllim də bir azdan toy məclisinin başa çatacağını bildirərək, onun getməsinə etiraz etməmişdir. Video çəkiliş aparan şəxs çıxıb getdikdən sonra məclis davam etmiş və qonaqlar rəqs etmişlər. Bu vaxt qonaqlardan bir nəfər Rövşən müəllimə yaxınlaşaraq, mahnı sifarişini dəyişdirmişdir. Bundan sonra toy məclisində rəqs edən şəxslərdən sonradan adını bildiyi Saday onlara yaxınlaşaraq, onların ünvanına nalayiq sözlər deməklə stolun üzərində olan mikrofonun metal moderni götürüb zərblə Rövşən müəllimə tərəf atmışdır. Modern Rövşən müəllimin burnunun sağ tərəfindən dəydiyindən onun burnundan qan açılmışdır. Bunu gördükdə o, musiqini dayandıraraq, Rövşən müəllimə kömək edib zaldan kənara çıxarmış, burnunun qanmı yuduqdan sonra, oraya çağırılmış təcili yardım briqadası Rövşən müəllimə ilk tibbi yardım göstərmişdir. Oraya polis əməkdaşları dəldikdən sonra, Rövşən müəllim xəstəxanaya aparmışlar. Rövşən müəllimə xəsarət yetirmiş Sadayı isə polis əməkdaşları polis şöbəsinə aparmışlar. Toy məclisinin sonuna az qalmasına baxmayaraq həmin hadisədən sonra toy məclisi dağılmış, toyda iştirak edən şəxslər dağılışaraq zalı tərk etmişlər. Bundan sonra o da istifadə etdikləri alət və aparatları yığıb evinə getmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin materiallarında olan ekspert rəyini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və X6” X12 Suraxanı rayon şöbəsinin 05 iyul 2022-ci il tarixli 759 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün qapalı yerinidəyişən sınığı (bu münasibətlə burun sümüyü repozisiya olunmuşdur), üst çənədə sağda 15-ci dişin tac hissəsinin hissəvi zədələnməsi müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın üzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 il tarixli qərarı ilə barəsində əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanmaq 27 iyun 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-237/2023 saylı, 02 iyun 2023cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, həmin məhkəmə 1(010)-512/2023 saylı, 22 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-512/2023 saylı, 14 avqust 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şahid4 ilə birgə nikahlarından 01 sentyabr 2008-ci il təvəllüdlü X7, 19 may 2011-ci il təvəllüdlü X8 və 27 iyul 2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan Azərbayan Respublikası Səhiyyə Naziriliyi “Vərəmli pasiyentin xəstəlik kartından” çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ağciyərlərin infilhativ vərəmi, dağılma mərhələsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbayan Respublikası Səhiyyə Naziriliyi “Vərəmli pasiyentin xəstəlik kartından” çıxarışdan görünür ki, X4 ağciyərlərin infilhativ vərəmi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbayan Respublikası Səhiyyə Naziriliyi “Vərəmli pasiyentin xəstəlik kartından” çıxarışdan görünür ki, X2 ağciyərlərin infilhativ vərəmi diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq cinayət törətməsini,ağciyərlərin infilhativ vərəm xəstəsi olduğunu və dağılma mərhələsində olduğunu, himayəsində ikisi azyaşlı olmaqla üç nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, özünün və iki azyaşlı uşağının vərəm xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahinin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməllərini törətməsi faktı zərərçəkmişin, şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilməli, sınaq müddəti 02 (iki) il müəyyən edilməli və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən İmişli rayon İcra və Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən İmişli rayon İcra və Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 809 oktyabr692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar