Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-514/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1982-ci ildə Laçın rayonu, Aşağı Fərcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu, Aşağı Fərcan kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, 21– 23 noyabr 2022ci il tarixləri və 01 mart 2023-cü il tarixi üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 29,177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli oaraq talama məqsədi ilə 09 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanının qarşısında saxladığı 520 manat dəyərində bir ədəd “İdman” üslublu 26-lıq velosipedi gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 cəmi 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 fevral 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən “ünvan 3 ünvanında yerləşən mənzilin qarşısında dəmir boruya trosla bərkidilmiş 200 manat dəyərində istifadədə olmuş bir ədəd “Start” markalı, Betty modelli, qırmızı-sarı rəngli 26 ölçülü velodipedi əlində olan qayçı ilə kəsərək oğurlayıb apararkən həmir binada mühafizə rəisi işləyən Şahid3 tərəfindən saxlanılaraq polisə təhvi verilmiş, beləliklə də öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,390 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 21 noyabr 2022-ci il tarixdə saat 19:00-da Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gətirilərək orada videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,390 qram ağ rəngli kristallardan ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 29,177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclası zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29,177.2.2-ci maddələri ilə olan ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsi ilə əhatə olunduğunu bildirərək hazırda Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamdan Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin (rəqəm ifadəsinin) xaric edilməsinin və təqsirləndirilən şəxsə qarşı ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsi ilə müdafiə edilərək davam etdirilməsinin məqsədəmüvafiq olduğunu bildirmişdir. Hazırda ittiham həmin maddə ilə müdafiə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddələrinin müddəalarına əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talayıb və təkrar törətməyə cəhd etmə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 fevral 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s 6-nın qarşısına gəlmiş və velosiped oğurlamaq üçün orada gəzişməyə başlamışdır. Bloklara girib çıxdıqdan sonra mənzil 30un qarşısında velosiped olduğunu görmüş və onu oğurlamaq qərarına gəlmişdir. Velosipedin trosla bağlı olduğunu görmüş, bu səbəbdən də özü ilə birlikdə gətirdiyi dəmirkəsən qayçını çıxardıb onu kəsmişdir. Binaya girən zaman paraqlı gödəkçədən (kapüşondan) və tibbi maskadan istifadə etmişdir. Daha sonra heç kim şübhələnməsin deyə həmin velosipedi Fatiməyi Zəhra məscidi ilə üzbəüz olan, tanımadığı bir binanın həyətində hasarın arxasına qoymuşdur. 1 gün sonra həmin velosipedi elə həmin yerdə dostu olan Emil adlı şəxsə 100 manata satmışdır. Həmin pulun 30 manatını ona vermiş, 70 manatı da sonra verəcəyini demişdir. Bu günə qədər də Emilin ona 70 manat borcu vardır. Bundan başqa, 28 fevral 2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, Xəzər inşaat 7 ünvanına daxil olmuşdur. Binanın 6cı mərtəbəsində 1 ədəd «start» markalı velosipedin orada olan boruya bağlandığını aşkar etmişdir. Cibində olan dəmir qayçı ilə həmin qıfılın zəncirini kəsmişdir. Velosipedi oradan pilləkənlərlə aşağıya düşürmüşdür. Binanın qarşısından çıxıb aşağıya doğru hərəkət etmişdir. Bu zaman binanın mühafizəçisi ona yaxınlaşaraq velosipedi haradan oğurladığını soruşmuşdur. O, velosipedi haradan oğurladığını etiraf etmişdir. Bundan sonra mühafizəçi polisə bu barədə məlumat vermiş və polis əməkdaşları ona yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində törətdiyi oğurluq hadisəsini səmimi olaraq etiraf etmişdir. Onun pula ehtiyacı olduğu üçün, həm də borcu olduğuna görə oğurluq etmişdir. Bundan başqa 21 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, 30 ünvanın yaxınlığında olan zaman iki mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis olduqlarını deyib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşlarını görən zaman o, həyəcanlanmış və özünü itirmişdir. Polis əməkdaşları ondan nə üçün həyəcanlı olduğunu soruşduqda, üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Sonra polis əməkdaşları onu 33-cü polis bölməsinə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə 33-cü polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş və ona dövlət hesabına vəkil tutulmuşdur. Sonra ona üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki şalvarın sağ cibində saxladığı bir ədəd bükümün içərisində olan metamfetamini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bir bükümü tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi büküm onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilərkən və polis bölməsində olan zaman ona qarşı fiziki təziq zorakılıq halları baş verməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Ramisovna idafəsində göstərmişdir ki, Ramiz onun doğma oğludur. Oğluna 600 manata bir ədəd “Start” markalı velosiped almış və oğlu onu idarə etdikdən sonra yaşadıqları binanın blokunda velosiped qıfılı ilə bağlayıb saxlamışdır. 28 fevral 2023-cü il tarixdə təxminən saat 14 radələrində bloka çıxdıqda blokda oğluna məxsus 600 manat dəyərində olan “Start” markalı velosipedin qıfılının kəsildiyini və yerində olmadığını aşkar etmişdir. O, oğlundan bu barədə soruşduqda xəbərinin olmadığını bildirmişdir. Bundan sonra həmin velosipedin oğurlandığını başa düşmüşdür. Bu zaman yaşadığı binanın mühafizəçisi işləyən Şahid3 onunla əlaqə saxlayaraq oğluna məxsus velosipedin bir nəfər şəxs tərəfindən oğurlanmağa cəhd edildiyini, lakin həmin şəxsi saxlayıb polisə təhvil verdildiyini bildirmişdir. Hadisə zamanı oğurlanmağa cəhd edilmiş velosipedi özü oğluna almışdır. Əslində həmin velosiped onun özünə məxsusdur. Buna görə də, hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 Ramisovna ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslər barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, şikayət və tələbi yoxdur. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 idafəsində göstərmişdir ki, özünə 520 manata bir ədəd velosiped almış və onu hər gün idarə etmişdir. Sonuncu dəfə 09 fevral 2023-cü il tarixdə təxminən saat 17:00 radələrində həmin velosipedi götürüb təxminən bir saat idarə etdikdən sonra saat 18:00 radələrində gətirərək yaşadığı binanın blokunda saxlamış və velosiped kilidi ilə bağlayıb evinə qalxmışdır. Səhərisi gün, yəni 10 fevral 2023-cü il tarixdə saat 09:00 radələrində yaşadığı evdən çıxıb işə gedən zaman binanın blokunda kilidləyib saxladığı velosipedin kilid borusunun kəsildiyini və velosipedin yerində olmadığını aşkar etmişdir. Bu zaman həmin velosipedin oğurlandığını başa düşmüşdür. Biraz sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və o, hadisə barədə ərizə və izahat yazmışdır. Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslər barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmiş, lakin heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 21 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin YYÇ üzrə inspektoru X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 19:00-da ünvan 9 ünvanın yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. 33-cü polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirdikdən sonra ondan təqdim etdiyi bükümün içrisində nə olması, onu nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bir ədəd bükümün içərisində metamfetamin kimi tanıdığı narkotik maddə olduğunu, onu Suraxanı rayonunda tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və sonra möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 33-cü PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki ya psixi təsir olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etməsi, həmin büküm açılaraq içərisinə baxış keçirdikdən sonra ondan təqdim etdiyi bükümün içərisində nə olması, onu nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bir ədəd bükümün içərisində metamfetamin kimi tanıdığı narkotik maddə olduğunu, onu Suraxanı rayonunda tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirməsi, həmin bir ədəd bükümün götürülüb qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olundu. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2022ci il tarixli, 6/6689 N°li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №171” dairəvi möhür əksi və “...vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut, saxlanılan şəxs-imza, iştirak etdi: iki imzalar Tərtib etdi: E.İsmayılov-imza. xx.xx.2022...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi-0,390 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,390 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,340 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 225 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Əraz narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,390 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,340 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİnin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2169 N°li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Start” markalı, Betty modelli, qırmızı-qara sarı rəngli 26 ölçülü velosiped istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin177.2.4, 180, 186 və 234.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş və bununla bağlı sənədlərin surəti çıxarılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” barədə 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1 və 29,177.2.2-ci maddələri ilə istintaq olunmuş ********* nömrli cinayət işi icraata qəbul edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraatda Azərbaycan Respublikası CM-nin 177.1 və 29,177.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinyət işinə birləşdirilərək, cinayət işlərinin istintaqı bir icraatda davam etdirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir və həmin maddələrlə ittiham olunmalıdır. Odur ki, o, həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 29,177.2.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı, alternativ cəza kimi üç ilədək müddətə azadlığının məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası CM-nin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 21– 23 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 01 mart 2023-cü il tarixi üzrə tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 03 (üç) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,340 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, İiş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 142 (yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut olan bir ədəd “Start” markalı velosiped Zərərçəkmiş şəxs1 Ramisovnaya qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21– 23 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 01 mart 2023-cü il tarixi üzrə tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,340 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 142 (yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd “Start” markalı velosiped Zərərçəkmiş şəxs1 Ramisovnaya qaytarılması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 25 (iyirmi beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 150 (yüz əlli) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-514/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-514/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver