Məhkəmə qərarları › İş №1(010)-514/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-514/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-514/2025 07.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, evli, orta təhsilli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(044)-215/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olmayan, günəmuzd fəhlə işləyən, ünvan 1 ünvanda yaşayan, 29 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 may 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,344 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 29 may 2025-ci il tarixdə, saat 14:00-da Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində saxlanılaraq üzəri yoxlanılan zaman həmin psixotrop maddəmetamfetamin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, psixotrop maddələrdən istifadə etmiş, həmin maddələri tanımadığı ayrı-ayrı şəxslərdən almışdır. Şəxsi işləri ilə əlaqədar 29 may 2025-ci il tarixdə, dostu Şahmar Həsənovla birlikdə Bakı şəhərinə gəlmişdir. Psixotrop maddə istifadə etmək niyyətinə düşdüyündən soraqlaşaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə getmişdir. Orada tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 35 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddəmetamfetamin almışdır. Lakin həmin vaxt psixotrop maddəni istifadə etməmiş, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra, dostu Şahmarla yenidən görüşərək Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan əraziyə getmişdir. Orada saat 14:00 radələrində bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirmələrində şübhəli olduqlarını demişlər. Polis əməkdaşlarının tələbi ilə üzərində olan 01 ədəd bükümdə psixotrop maddəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümə baxış keçirilmiş və onların tələbi ilə birlikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə getmişdir. Orada ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün növbətçi olan vəkillərin siyahısı təqdim olunmuşdur. Siyahını nəzərdən keçirdikdən sonra, hüquqlarının Bakı şəhər 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə olunmasını xahiş etmişdir. Polis bölməsində təqdim etdiyi bükümə təkrar baxış keçirilmişdir. Psixotrop maddə-metamfetamindən istifadə etmiş, həmin maddəni saxlanıldığı gün Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 35 manat pul müqabilində almışdır. Bundan əvvəl həmin şəxsdən narkotik vasitə və ya psixotrop maddə almamışdır. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün alıb üzərində daşımışdır. Polis əməkdaşlarının tələbi ilə onlarla birlikdə, polis şöbəsinə getmişdir. Orada olarkən ona qarşı hər hansı fiziki işgəncə və ya qeyri-insani rəftar tətbiq olunmamışdır. Üzərində psixotrop maddə olmasından X9 məlumatı olmamışdır. X9 üzərində psixotrop maddə olmasından isə onun məlumatı olmamışdır. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Totanlı küçəsi, ev 13B ünvanında yaşayır. 28 may 2025-ci il tarixdə, Şahmar Həsənli ilə birlikdə, onun avtomobili ilə Gəncə şəhərindən Bakı şəhərinə həkim müayinəsi üçün gəlmişdir. Gecə saatlarında Bakı şəhərinə çatmış, Bakı şəhərini isə tanımır, onlar həmin gecə avtomobildə yatmış, səhər isə həkim müayinəsinə getməli idilər. 28 may 2025ci il tarixdən 29 may 2025-ci il tarixə keçən gecə saat 3 radələrində avtomobildə olan zaman PPX-nin əməkdaşları onları tutub polis bölməsinə aparmış və həmin gecə polis bölməsində qalmışlar. Polis əməkdaşları tərəfindən polis bölməsində olan zaman onlara qarşı təzyiqlər olmuş, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsində nəzərdə tutulan daha ağır maddə ilə ittiham olunacağı hədəsi ilə hədələmişlər, o da qorxub cinayəti boynuna götürmüş, polislərin dediklərini etmişdir. Tutulan zaman üzərlərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya-maddə yox idi, onlar 28 may 2025-ci il tarixdən 29 may 2025-ci il tarixə keçən gecə tutulsalar da, videoçəkiliş 29 may 2025-ci il tarixdə, günorta saatlarında aparılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən əvvəllər istifadə etmiş, daha sonra Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 fevral 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(044)-215/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 5-6 ay əvvəl isə “kokos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni Gəncə şəhərində tanımadığı şəxsdən alırdı. Lakin heç vaxt Bakı şəhərində narkotik vasitə almamışdır. Ona qarşı olan təzyiq barədə müdafiəçisinə məlumat verməmiş, çünki müdafiəçini tanımamış, ona görə də ona inanıb məlumat verə bilməmişdir. Polis bölməsində olduğu zaman xəsarətləri yox idi. Diskə baxış keçirildikdən sonra ona verilmiş suallara cavabında bildirmişdir ki, 28 may 2025-ci il tarixdə Şahmarla həkimə getmək üçün Bakı şəhərinə gəlmişdilər, səhər X17 getməli idilər. Lakin Bakı şəhərini tanımadıqları üçün yolu itirib Suraxanı rayonu ərazisinə gəlmişdilər, avtomobili saxlayıb yatıb, səhər həkimə gedəcəkdilər. Tutulan zaman mobil telefonu yanında idi. Polis əməkdaşları onları hansı ünvanda tutduqlarını ərazini tanımadığı üçün bilmir. Sonda isə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsini, tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamasını, həmçinin oğlunun onkoloji xəstə olmasını nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 29 may 2025-ci il tarixdə xidmət etdiyi şöbəyə etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya törətdikdən bilavasitə sonra yaxalanması, narkotik maddələrin və cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülmüş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid4, polis leytenantı Şahid3, həmin şöbənin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 və özü daxil olmaqla, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Sonradan keçirilmiş ilkin əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığı və ətraf ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün, yəni 2025-ci il may ayının 29-da, saat 13:55 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin bir nəfər tanışı ilə birlikdə qeyd olunan ərazidə piyada hərəkət etdiyi müşahidə olunmuş, təxminən 5 dəqiqə davam edən müşahidədən sonra, onun Təqsirləndirilən şəxs olduğuna əmin olaraq saat 14:00-da həmin şəxslərə yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etmiş, onların şəxsiyyəti dəqiqləşdirilmiş və məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və X8r. Daha sonra videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edilmiş və üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulmuşdur. O, isə əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində yerləşən şəffaf sellofana bükülmüş bir ədəd bükümü təqdim etmiş, həmin bükümün içərisində “patı” kimi tanınan psixotrop maddə-metamfetamin olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün Hövsan qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 35 manata əldə etdiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, içərisində psixotrop maddə-metamfetaminə bənzər maddə olduğu müəyyən edilmiş və həmin büküm qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs araşdırmanın davam etdirilməsi üçün Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət edilmiş, o da buna etiraz etmədiyindən polis əməkdaşları ilə birlikdə şöbəyə gətirilmişdir. Sonradan aşkar olunmuş predmet və saxlanma zamanı qeydə alınmış videogörüntü araşdırmanın davam etdirilməsi üçün Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Kamran Mehdiyevə təqdim edilmişdir. Təhqiqatçı tərəfindən təqdim olunan qablaşmaya və videogörüntüyə baxış keçirilmiş və bu, müvafiq qaydada protokollaşdırılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirlənirilən şəxsin nə üçün Binə qəsəbəsində olduğu barədə məlumatı yox idi. Lakin həmin ərazi nəzarətdə olan ərazidir, narkotik vasitə istifadəçiləri tez-tez həmin əraziyə gəlir. Təqsirləndirilən şəxsin üzərindən psixotrop maddə-metamfetaminə bənzər kütlə və telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı müqavimət göstərməmiş, həmçinin ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs polis bölməsində olan zaman TTY çağırılıb-çağırılmamasını xatırlamır. Təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və videoçəkiliş aparılmasından əvvəl tutulduğunu deməsi həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid4 və polis leytenantı, Şahid3 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Şahid4 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxsin üzərindən psixotrop maddəmetamfetaminə bənzər kütlə və telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və videoçəkiliş aparılmasından əvvəl tutulduğunu deməsi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs polis bölməsində olan zaman TTY çağırılmamışdır. O, tutulan zaman narkotik vasitənin təsiri altında deyildi. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir k, təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş, polis bölməsində olan zaman TTY çağırılmamışdır. Təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və videoçəkiliş aparılmasından əvvəl tutulduğunu deməsi həqiqətə uyğun deyildir. Daxil olmuş əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxsə videoçəkiliş əsasında yaxınlaşmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Suraxanı RPİnin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə kiçik əməliyyat müəvvəkili, polis serjantı Şahid2 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək məhkəmədə tədqiq edilmiş, Şahid2 ibtidai istintaqda verdiyi ifadədə, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 30 may 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 29 may 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 4-5) Məhkəmə iclasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə barədə olan 02 ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. 29 may 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin (və ya psixotrop maddələrin) qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs və X11 (saxlanılan şəxslər) 29 may 2025-ci il tarixdə, saat 14:00-da ünvan 2 ünvanının qarşısında yaxalanmışdır. Yaxalanmış Təqsirləndirilən şəxs yaxalanmalarının səbəbləri barədə məlumat verilməklə, onlara tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını (və ya olduğunu), həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini (və ya etdiyini) bildirmişdir. Yaxalanmış Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin kütlənin psixotrop maddə olan (patı) metamfetamin olduğunu və Hövsan qəsəbəsində tanımadığı şəxsdən 35 manata əldə etdiyini bildirmişdir. Yaxalanmış Təqsirləndirilən şəxs aşkar edilmiş ağ rəngli sellofan paketdə olan ağ rəngli kristal hissəciklərdən ibarət olan spesifik iyə malik kütlə, eyni zamanda elektron tərəzidə ölçülərkən 0,52 qram çəkidə olması müəyyən edilmişdir. Bundan əlavə, yaxınlıqda saxlanılmış Təqsirləndirilən şəxs məxsus olan “Vaz 21015” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar edilməmişdir. (iş,v. 9-10) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 29 may 2025-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Suraxanı rayon, Binə qəsəbəsi ərazisində üzərində gəzdirməsində şübhəli bilindiyi üçün, 29 may 2025-ci il tarixdə, saat 14:00 dəqiqədə ünvan 3 ünvanının qarşısında saxlanılaraq üstü yoxlanılmışdır. 01 ədəd bükümdə psixotrop maddəmetamfetaminə bənzər sellofan paketə bükülmüş bükümün Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 02 ədəd ağ rəngli zərfə və 02 ədəd DVD-yə baxış keçirilmişdir. Təqdim olunan zərflərə vizual baxış zamanı zərflərin tamlığının pozulmaması, 194 saylı möhürlə möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması təsdiq olunmuşdur. Daha sonra 02 ədəd DVD-yə kompyuterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəmetamfetaminə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması baradə bildirməsi və ona məxsus “Vaz 21015” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və ya predmetin aşkar edilməməsi öz əksini tapmışdır. (iş.v. 13-14) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 may 2025-ci il tarixli, 6/2030 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksləri olan, “Şübhəli şəxsin üzərindən aşkar, maddi süb. və digər ad. soyad, imzalar” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,344 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza xərci 89 (səksən doqquz) manat təşkil etmişdir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,344 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,294 qram. (iş.v. 44-46) Məhkəmə ambulator narkoloji ekspertizasının 31 may 2025-ci il tarixli, 3254 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatoların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Gəncə şəhər Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (iş.v. 101-102) Suraxanı RPİ-nin İŞ-nin 31 may 2025-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən ünvanlanan 30 iyun 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni kimdən, nə vaxt və harada əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. (iş.v. 77, 91) 05 iyul 2025-ci il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı 02 ədəd telefona baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hallar müəyyən olnmamışdır. (iş.v.92) 10 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş 02 ədəd “Samsung” markalı mobil telefon aparatlarını müstəntiqdən təhvil almışdır. (iş.v.93) Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(044)-215/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (iş.v. 113-122) 28 avqust 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində eyni tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,344 qram psixotrop maddəmetamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspert tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 0,294 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. “Əməliyyat tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında və “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə” haqqında 29 may 2025-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 02 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi barədə material ayrılaraq icraata qəbul edilmiş, ayrılan materiala bəzi sənədlərin əsli, bəzi sənədlərin surəti əlavə olunmuş, həmin kütlənin mənbəyinin müəyyən edilməsi barədə material ayrılması və həmin materialın gələcək istiqaməti barədə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi məlumat verilmişdir. Cinayətin baş verməsinə səbəb olub şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması məqsədilə, eləcə də gələcəkdə bu cür cinayətlərin qarşısının alınması, təkrar olunmaması və digər şəxslər tərəfindən törədilməməsi üçün ciddi tədbirlər görülməsi, həmçinin profilaktiki işlərin təşkil edilməsinin, narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və satılmasının ağır nəticələrə səbəb olub cinayət məsuliyyəti yaratmasının geniş kütlə arasında təbliğ edilməsi zəruriliyindən ötrü Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə təqdimat verilmişdir. (iş.v. 123-130) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuş, saat 14:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 31 may 2025-ci il tarixdə, saat 09:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. (iş.v. 23, 62-63, 73) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şifahi vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs tutulan zaman üzərində olmuş ***-***-**-** saylı mobil nömrənin 28 may 2025-ci il tarixdə, saat 09:00-dan 29 may 2025-ci il tarixdə, saat 24:00-dək olan müddət ərzində kimə məxsusluğunun, həmin nömrəyə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin, anten əhatə dairəsi məlumatlarının müvafiq olaraq "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən 29 oktyabr 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 28 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilən zaman 28 may 2025-ci il tarixdə Şahmar Həsənli ilə birlikdə sonuncunun avtomobili ilə Gəncə şəhərindən Bakı şəhərinə həkim müayinəsi üçün gəldiyini, 29 may 2025-ci il tarixdə, gecə saat 3 radələrində avtomobildə olan zaman PPX-nin əməkdaşları tərəfindən tutduğunu, tutulan zaman ***-***-**-** saylı mobil telefon nömrəsinin olduğunu bildirmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdə, saat 16:30-da tutulmuş, həmin tarixdə saat 14:00-da hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. Diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin X4 məxsus olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin xalası nəvəsi X4 məxsus olsa da, tutulan zaman özünün istifadəsində olduğunu, tutulduğu gündən təxminən 2-3 gün əvvəl istifadə etməsi üçün Tamara Əhmədovadan götürdüyünü, çünki öz mobil telefonunu itirdiyini, tutulduqdan sonra həmin mobil telefon nömrəsini istifadə etmədiyini bildirdi. Diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 29 may 2025-ci il tarixdə, saat 02:00-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi 36/Garadagh/, həmin tarixdə, saat 02:09-da Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 22-ci km/Garadagh/ ünvanında, həmin tarixdə, saat 02:15-də şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolayrıcının şimal-qərb hissəsi/Garadagh/ ünvanında olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu zamana aid anten əhatə dairəsi məlumatları aşkar olunmadı. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavabında bildirmişdir ki, 28 may 2025-ci il tarixdə Şahmarla həkimə getmək üçün Bakı şəhərinə gəlmişdilər, səhər X17 getməli idilər. Lakin Bakı şəhərini tanımadıqları üçün yolu itirib Suraxanı rayonu ərazisinə gəlmişdilər, avtomobili saxlayıb yatıb, səhər həkimə gedəcəkdilər. Tutulan zaman mobil telefonu yanında idi. Polis əməkdaşları onları hansı ünvanda tutduqlarını ərazini tanımadığı üçün bilmir. Qeyd olunmalıdır ki, mobil operatorlardan məhkəmənin icraatına adətən daxil olmuş anten əhatə dairəsi ilə bağlı məktublardan müəyyən olunur ki, hər hansı inzibati ərazi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa, telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC tərəfindən məhkəmə qərarının icrası ilə bağlı göndərilmiş anten əhatə dairələrinə aid 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut hesab edilməməli və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X12 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X16 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 may 2025-ci il tarixdə, Şahmar Həsənli ilə birlikdə, onun avtomobili ilə Gəncə şəhərindən Bakı şəhərinə həkim müayinəsi üçün gəlmişdir. Gecə saatlarında Bakı şəhərinə çatmış, Bakı şəhərini isə tanımır, onlar həmin gecə avtomobildə yatmış, səhər isə həkim müayinəsinə getməli idilər. 29 may 2025-ci il tarixdə, gecə saat 3 radələrində avtomobildə olan zaman PPX-nin əməkdaşları onları tutub polis bölməsinə aparmış və həmin gecə polis bölməsində qalmışlar. Polis əməkdaşları tərəfindən polis bölməsində olan zaman onlara qarşı psixi təzyiqlər olmuş, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsində nəzərdə tutulan daha ağır maddə ilə ittiham olunacağı hədəsi ilə hədələmişlər, o da qorxub boynuna götürmüş, polislərin dediklərini etmişdir. Tutulan zaman üzərlərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya yox idi, onlar 28 may 2025-ci il tarixdən 29 may 2025-ci il tarixə keçən gecə tutulsalar da, videoçəkiliş 29 may 2025-ci il tarixdə, günorta saatlarında aparılmışdır. Narkotik vasitə və psixotrop maddələrdən əvvəllər istifadə etmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 fevral 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(044)-215/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 5-6 ay əvvəl isə “kokos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni Gəncə şəhərində tanımadığı şəxsdən alırdı. Lakin heç vaxt Bakı şəhərində narkotik vasitə almamışdır. Ona qarşı olan təzyiq barədə müdafiəçisinə məlumat verməmiş, çünki müdafiəçini tanımamışdır, ona görə də ona inanıb məlumat verə bilməmişdir. Polis bölməsində olduğu zaman xəsarətləri yox idi. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı fiziki və ya psixi zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Şübhəli şəxs qismində tutulan zaman ona müdafiəçi təyin edilmişdir. Əgər ona qarşı psixi və ya fiziki zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, müdafiəçisinə bu barədə bildirib onun vasitəsilə müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkandan istifadə etməmişdir. Həmçinin, onun Azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya məcburən psixotrop maddənin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmçinin metamfetaminin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri də heç cür məntiqəuyğun ifadələr deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində də əməlini səmimi etiraf etmişdir. İş materiallarına əlavə edilmiş disklərə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən xeyli miqdarda 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,344 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini təqdim etməsi, ona hər hansı xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Təqsirləndirilən şəxs əvvəllər də CM-in 177 və 234-cü maddələri ilə məhkumluqları olmuş, o, istintaq və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Həmçinin iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertiza rəyinin nəticəvi hissəsində onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və xx.xx.2024-cü il tarixdən Gəncə şəhər Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması, həmçinin özünün də narkotik vasitə və psixotrop maddə istifadəçisi olması barədə məhkəmə iclasında bildirdikləri təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Bundan əlavə, məhkəmə iclasları zamanı şahidlər dindirilərkən onların ifadələri arasında ziddiyyətli məqam müəyyən edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında götürülmüş təqsirləndirilən şəxsə məxsus mobil telefon danışıqlarına baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Gəncə şəhərindən Bakı şəhərinə X13 müayinə olunmaq üçün gəlmiş, həmin Mərkəz Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşir, anten məlumatlarından da göründüyü kimi təqsirləndirilən şəxsin mobil telefonunun sonuncu anten məlumatları Bakı şəhəri Qaradağ rayonu ərazisində aşkar olunmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisindən Bakı şəhərinə daxil olarkən Nəsimi rayonu ərazisində olan tibb mərkəzinə getməsi daha ağlabatandır nəinki Bakı şəhəri Suraxanı rayonu ərazisinə gəlib avtomobildə gecələdikdən sonra səhər tibbi müayinəyə getməsi. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar kifayət qədər mötəbər sübutlarla tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində psixotrop maddə olmaması barədə bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs yalnız ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir. Təqsirləndirilən şəxsin adı ibtidai istintaq materiallarında X3 qeyd edilmişdir. 13 noyabr 2025-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi almış, həmçinin soyadını da Hüseynovdan Hüseynliyə dəyişmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət işi materiallarında X1 Təqsirləndirilən şəxs kimi oxunmalı və qəbul olunmalıdır. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,344 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı və üzərinə baxış keçirildiyi yer Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinin yaxınlığıdır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,344 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 29 may 2025-ci il tarixdə, saat 14:00-da Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində saxlanılaraq üzəri yoxlanılan zaman həmin psixotrop maddə-metamfetamin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən və məhkəmədə tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri həmçinin şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla bağlı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(044)-215/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 08 yanvar 2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (iş.v. 99-100) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, o, məhkumluğu olmayan, məhkumluğu ödənilmiş və götürülmüş şəxs hesab olunur. (iş.v. 99-100) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna yekun hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və onun 15 noyabr 2024-cü il tarixdən Gəncə şəhəri Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,294 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, anten dairələri ilə əlaqədar 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cinayət işi materiallarında X1 Təqsirləndirilən şəxs kimi oxunmalı və qəbul olunmalıdır CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 12 iş saatı üçün 132 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdən 31 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və onun 15 noyabr 2024-cü il tarixdən Gəncə şəhəri Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,294 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Anten dairələri ilə əlaqədar 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Cinayət işi materiallarında X1 Təqsirləndirilən şəxs kimi oxunsun və qəbul olunsun. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar