Məhkəmə qərarları › İş №1(010)-52/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-52/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-52/2020 05.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Gürcüstan SSR, Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, 28 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, müstəntiqin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən xx xxxx 2020-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu ildə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri kimi istifadə olunan qaraja və əl damına qanunsuz daxil olaraq 250 manat dəyərində bir ədəd pioner markalı maqnitofonu, “Mercedes" markalı avtomobilə aid bir ədəd 170 manat dəyərində akkumulyatoru, bir ədədi 100 manat dəyərində olmaqla ümumilikdə 200 manat dəyərində iki ədəd avtomobil üçün vintaçan dəstini, bir ədədi 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində 4 ədəd alüminium çaydanı, qiyməti 50 manat olan müxtəlif tikinti alətlərini, “Mercedes" markalı avtomobil aid 400 manat dəyərində bir ədəd sürətlər qutusunu, 100 manat dəyərində 200 metr uzunluğunda alüminium elektrik naqilini, 50 manat dəyərində 100 metr mis elektrik naqillərini, bir ədədi 150 manat olmaqla ümumilikdə 600 manat dəyərində dörd ədəd “Mercedes" markalı avtomobilin diskini, bir ədədi 150 manat dəyərində olmaqla ümumilikdə 600 manat dəyərində dörd ədəd generatoru, bir ədədi 240 manat olmaqla ümumilikdə 1200 manat dəyərində beş ədəd maşın radiatorunu, qiyməti 80 manat olan bir ədəd samovarı, bir ədədi 30 manat olmaqla ümumilikdə 180 manat dəyərində altı ədəd alüminium qazanı, 100 manat dəyərində bir ədəd starteri, bir ədədi 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində iki ədəd intercolleri və bir ədədi 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində iki ədəd su mühərrikini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 4.210 manat miqdarında maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, inyeksiya yolu ilə narkotik vasitə heroin istifadə edir. Narkotik vasitəni Bülbülə və Əmircan qəsəbələrində üzdən tanıdığı, lakin adlarını və ünvanlarını bilmədiyi şəxslərdən alıb istifadə edirdi. Son vaxtlar iş tapa bilmədiyinə görə maddi vəziyyəti pisləşmiş və buna görə oğurluq etmək qərarına gəlmişdir. Beləliklə də, yaşadığı Qaraçuxur qəsəbəsində yerləşən həyət evlərini kənardan gəzərək oğurluq edə biləcəyi boş ev axtarmağa başlamışdır. xx xxxxxxx 2019-cu ildə səhər saatlarında Qaraçuxur qəsəbəsi, Mədən küçəsində piyada gəzən zaman orada olan həyət evlərindən birinin qapısını döymüşdür ki, evdə kiminsə olub-olmadığını müəyyən etsin. Lakin cavab verən olmamışdır. Həmin həyətin hasarı kimi istifadə olunan dəmir parçasını kənara çəkib həyətə daxil olmuş və ətrafa nəzər yetirmişdir. Bu zaman həyətdə təhlükəsizlik kamerası olduğunu görmüş və paltarının papağını başına atmışdır ki, kamerada üzü görünməsin. Həyətin giriş hissəsinin solunda yerləşən qapısı açıq vəziyyətdə olan əl damını görüb həmin yerə daxil olmuş, oradan “Mercedes" markalı avtomobilə aid bir ədəd akkumulyatoru, iki ədəd avtomobil üçün vintaçan dəstini, 1 ədəd alüminium çaydanı, alüminium elektrik naqilini, mis elektrik naqillərini, dörd ədəd “Mercedes" markalı avtomobilin diskini, iki ədəd generatoru, üç ədəd maşın radiatorunu, bir ədəd starteri və iki ədəd su mühərrikini oğurlamışdır. Oğurladığı əşyaları hasardan kənara çıxarmış və çölə yığmışdır. Bundan sonra öküzün dairəsi deyilən yerə getmiş və yolun kənarında dayanmış tanımadığı “Moskviç" markalı avtomobilin sürücüsü ilə gəlib hasarın yanında yerə yığdığı istifadəyə yararsız avtomobil radiatoru ilə bir ədəd avtomobil diskini həmin avtomobilə yükləyib öküzün dairəsi deyilən yerdə olan metal qəbulu yerinə aparmış, həmin əşyaları cəmi 18 manata satmışdır. "Moskviç" markalı avtomobilin sürücüsünə və metal qəbulu yerində işləyən oğlana həmin əşyaların özünə məxsus olduğunu bildirib. Həmin taksi sürücüsünə öz cibindən 2 manat verib yola saldıqdan sonra metal qəbulu yerində işləyən, əşyaları satdığı oğlana taksi kimi gedib qalan əşyaları da gətirib ona verməyini bildirdi və o da onunla da razılaşdı. Bundan sonra o, metal qəbulu emalatxanasında işləyən oğlana məxsus olan qara rəngli “VAZ 2107“ markalı avtomobillə oğurluq etdiyi evin qarşısına gəlmiş və oğurladığı digər əşyaları da yükləyib həmin metal qəbulu emalatxanasına aparmış və orada həmin əşyaların hamısını 27 manata həmin oğlana satmışdır. Pulun 5 manatını emalatxanada işləyən və oğurladığı əşyaları daşıdığı oğlana taksi pulu kimi verib. Oğurluq yolu ilə əldə etdiyi qalan pulu öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, təxminən 3 ildir yaşadığı evin həyətinə təhlükəsizlik kameraları quraşdırıb. xx xxxxxxx 2019-cu ildə ailəsi ilə birlikdə yaşadığı evdən çıxmış və Tərtər rayonuna toy mərasiminə getmişdir. Orada 20 gün qaldıqdan sonra xx xxxxxxx 2019-cu ildə geri qayıtmışdır. O, evin təhlükəsizlik kamerasına nəzər yetirdikdə müəyyən etmişdir ki, xx xxxxxxx 2019-cu ildə tanımadığı bir nəfər evin hasarına yaxınlaşıb təhlükəsizlik kameralarının yerini müəyyən etdikdən sonra oradan uzaqlaşıb. Həmçinin kameralara baxmaqla müəyyən etmişdir ki, xx xxxxxxx 2019cu ildə saat 10:18-də həmin şəxs hasara qalxaraq həyətə düşmüş və oradan ittiham aktında qeyd olunan əşyaları oğurlayıb çölə çıxaraq kiməsə zəng etmişdir. Bir qədər sonra “Moskviç” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil evə yaxınlaşmış, evdən oğurluq edən şəxs oğurladığı əşyaların bir hissəsini həmin “Moskviç” markalı avtomobilə yüklədikdən sonra avtomobil oradan uzaqlaşmışdır. Daha sonra bir qara rəngli “VAZ 2107” minik markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil evin hasarına yaxınlaşmış və oğurluq etmiş şəxs avtomobilin sürücüsü ilə birlikdə oğurlanmış digər əşyaları da həmin avtomobilə yükləyib getmişlər. Bir neçə gün ərzində evindən edilmiş oğurluğu özü araşdırmış və müəyyən etmişdir ki, yaşadığı evin həyətindən oğurlanmış əşyaların hamısı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən öküzün dairəsi deyilən yerin yaxınlığında olan metal qəbulu emalatxanasına aparılıb. xx xxxxxxx 2019-cu ildə Suraxanı Rayon Prokurorluğuna gedərək hadisə barədə məlumat vermiş və bununla bağlı ərizə yazmışdır. Sonra Suraxanı RPİ-nin 32-ci PB-nə gedərək hadisə barədə ərizə yazmışdır. Zərərçəkmiş şəxs bildirir ki, oğurlanmış əşyalar ona qaytarılmayıb, bunun əvəzi kimi təqsirləndirilən şəxsin qohumları tərəfindən təklif olunan pul məbləği isə zərəri tam ödəmir. Bu səbəbdən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən obyektdə metal qəbulu ilə məşğul olur. Həmçinin özünə məxsus olan “VAZ 2107” minik markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə arada bir taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxxx 2019-cu ildə bir müddətdir ki, tanıdığı Aqil adlı şəxs “Moskviç” markalı avtomobillə onun işlədiyi yerə yaxınlaşmış və üç ədəd köhnə radiator və bir ədəd avtomobil diskini satmaq istədiyni bildirmişdir. Həmin əşyaları qəbul etmiş və buna görə Aqilə 18 manat vermişdir. Sonra Aqil ona yaşadığı evin hasarının yanında köhnə elektrik naqili və bəzi metal əşyaların olduğunu bildirərək təklif etmişdir ki, birlikdə gedib həmin əşyaları gətirsinlər. Aqil ona əşyaları avtomobillə daşıyacağı halda taksi pulu kimi 5 manat verəcəyini vəd etmişdir. Bununla razılaşmış və özünə məxsus “VAZ 2107” minik markalı avtomobillə Aqillə birlikdə sonuncunun bildirdiyi yerə getmişdir. Orada Aqil avtomobilə metal əşyalar yükləmiş sonra birlikdə obyektə qayıtmışlar. Orada Aqil yığdığı əşyaları boşaltmışdır. Həmin əşyaları tərəzidə çəkib onları 26 manata ala biləcəyini Aqilə demişdir. Aqil bununla razılaşmış, o, isə taksi pulu kimi razılaşdığı 5 manatı çıxıb Aqilə 21 manat pul vermişdir. Sonra həmin əşyaları metal yığan şəxslərə satıb. Təqsirləndirilən şəxsin öz əməlini qismən etiraf etdiyinə baxmayaraq, onun müvafiq cinayəti törətməsi faktı zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən təqsirləndirilən şəxsin özünün iş üzrə ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi yazılı ifadəsinin məzmunu ilə təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini qismən də olsa etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar