Məhkəmə qərarları › İş №1(010)-52/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-52/2021

26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-52/2021 26.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 nvamnda pasport qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə 10 manat dəyərində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,276 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə “heroin”i əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 21.50 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən, adsız marketin qarşısında Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan tünd göy rəngli şalvarın sağ cibindən 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,276 qram narkotik vasitə olan “heroin” aşkar edilib götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təqribən 1 (bir) ilə yaxındır ki, heroin kimi tanıdığı narkotik maddədən çəkmək yolu ilə istifadə etmişdir. Həmin narkotik maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün siqaretin gümüşü rəngli kağızında bükülmüş heroin kimi tanıdığım narkotik vasitəni almış, bir qismini istifadə etmiş, qalıq hissəsini sonra istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 21:50 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, adsız marketin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edərək, onu yaxınlıqda yerləşən PŞ-nə gətirmişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, bu zaman o, üzərində saxladığı 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızından ibarət bükümdə heroin kimi tanıdığı narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və bükülüdə olan heroin kimi tanıdığı narkotik vasitəni aşkar etmişlər. Sorğu zamanı o, aşkar edilmiş maddənin heroin oldugunu, təxminən 1 (bir) ildir ki, narkotik maddənin heroin növündən çəkmək yolu ilə istifadə etdiyini, aşkar edilmiş narkotik maddəni xx.xx.2020-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən 10 (on) manat nəğd pul ödəyərək, öz şəxsi istifadəsi üçün alıb, bir qismini istifadə etdiyini, qalıq hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdıgını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alnmışdır. Narkotik vasitələri üzdən tanıdığı, lakin barələrində məlumatı olmadığı şəxslərdən almışdır. Polis əməkdaşlar tərəfindən ona qarşı heç bir qanunazidd hərəkətin olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Suraxanı RPİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Suraxanı RPİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Suraxanı RPİnin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə özünün rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində o, bölmənin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, O.Şabanov küçəsinə getmiş, həmin küçədə bir müddət gözlədikdən sonra daxil olmuş əməliyyat məlumatına uyğun əlamətlərə malik olan şəxs qeyd edilən ünvana gəlmiş, bundan sonra həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Bu şəxsin şəxsiyyəti müəyyən edilərkən, onun Təqsirləndirilən şəxs oldugu müəyyən edilmişdir. Həmin şəxsə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirmiş, sonra isə həmin şəxsi Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmiş və həmin şəxsin buna etiraz etməyərək, onlarla idarəyə gəlmişdir. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışın keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxsin, yəni, Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşyanın təqdim edilməsi təklif edilmiş, bu zaman Yusif əynində olan göy rəngli idman şalvarının sağ cibindəki bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində narkotik vasitəyə oxşar maddənin olduğu bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisində olan maddə narkotik vasitənin “heroin” olmasını və o, həmin narkotik vasitəni həmin gün, yəni, xx xxxxxx 2020-ci il tarixdə Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar maddə tərəflərindən götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Narkotik maddənin çəkisini və növünü müəyyən etmək məqsədilə möhürlənmiş zərf Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini aldığı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs saxlanılarkən, onlara qarşı heç bir müqavimət göstərməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 digər şahid qismində dindirilmiş X3 ifadəsinə oxşar ifadə verməklə X3 göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1/4398 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs sidiyində MOP aşkar edilmişdir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1602 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən.... maddə” yazısı olan bir ədəd bükümdə təmiz çəkisi - 0,276 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloci ekspertizasının xx.xx.2020-ci il tarixli 1762 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasiələrin və psixotrop maddələrin tibbi məqsədlərilə istifadə edilməsi qaydasının şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloği dispanserində qeydiyyata alınması məsləhət görünür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs İmişli rayon Məhkəməsinin 1(036)-73/2011 saylı, xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəza müddəti qurtardığına görə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan 139 saylı Mənzil-Kommunal İstismar səhəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs X5 ilə evlidir, onların birgə nikahlarından xx.xx.1992-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X11 anadan olub. İş materiallarında olan 085604 saylı, xx.xx.2015-ci il tarixli vəsiqədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. İş materiallarında olan AO seriyalı ******* saylı hərbi biletdən müəyyən olunur ki, xx.xx.1992-ci il təvəllüdlü X1 istiqamətində gedən döyüş əməliyyatlarında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək N saylı hərbi hissənin tərkibində atıcı qumbara-atan köməkçisi vəzifəsində iştirak edib. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloci ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olduğunu, ailəli və himayəsində azyaşlı uşaq olmasını, 2-ci qrup əlil olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini və oğlunun Vətən Müharibəsində iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİnin Növbətçi hissəsinə təhvil verilmiş 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatında qalıq qalan 0,226 qram hissəsi məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatında qalıq qalan 0,226 qram hissəsi məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar