Məhkəmə qərarları › İş №1(010)-525/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-525/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-525/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş barəsində Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla sağlamlığın uzun müddətə pozulmasına səsəb olan sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisəsi zamanı sonuncunun saçından tutaraq sürümüş, yumruq və sillə zərbələri ilə Zərərçəkmiş şəxs azyaşlı övladı Dəniz Səfərovanın gözlərinin önündə onun əzab çəkəcəyini şüurlu sürətdə dərk edərək xüsusi amansızlıqla vuraraq sonuncunun burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı, burunətrafı və hər iki gözaltı nahiyyənin yumuşaq toxumasının hemotoması, başın alm nahiyyəsinin sol yan səthində tüklərin travmatik qopması, sol yanağın, hər iki saidin və sol əlin arxa səthinin qançırları, sol mil-bilək oynağı nahiyyəsinin səthi əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. İbtidai istintaq zamanı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2025-ci ilin fevral ayından tanış olmuşdur. Aygün Səfərov ilə aralarında səmimi münasibət yaranmışdır. Onun həyat yoldaşı 2015-ci ildə rəhmətə getmiş və 2 azyaşlı övladı onun himayəsində qalmışdır. O, Aygünlə tanış olmaqda məqsədi ailə həyatı qurmaq olmuşdur. Bu məqsədlə anası və ailə üzvləri Zərərçəkmiş şəxsgilə qonaq getmiş Aygün də onların ailəsinə qonaq gəlmişdir. xx.xx.2025-ci il tarixdə dostları ilə Nərimanov rayonunda yerləşən Çanaqqala restoranında yeyib içmişlər. O, spirtli içki qəbul etmişdir. Saat təxminən 23:30 radələrində Aygünün yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlmişdir. Aygünün yaşadığı evə qalxmış və qapını döymüşdür. Aygün qapını açmış və nə yaxşı bu saatda gəldiyini soruşmuşdur. O, Aygünə qızı Dənizi oynatmaq üçün gəldiyini bildirmişdir. Aygün qışqırmağa başlamış və niyə bu evə gəldiyini soruşmuşdur. O, Aygünə həmişə gəldiyi ev olduğu üçün yenə gəldiyini bildirmişdir. Lakin Aygün yenidən qışqıraraq evdən getməyini istəmişdir. Aygünün bu hərəkətlərindən sonra o, çıxıb getmək istəyirdi. Bu zaman Aygün onun ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Zərərçəkmiş şəxs bu hərəkətlərindən sonra özünü saxlaya bilməmiş və Aygünün üz nahiyyəsinə bir dəfə sillə zərbəsi vurmuşdur. Vurduğu sillə zərbəsi Aygünün burun nahiyyəsinə təmas etmişdir. Bundan sonra arxaya baxmamış və çıxıb getmişdir. Sabahsı gün Aygün ona zəng edərək nəfəs ala bilmədiyini və əməliyyat olunmalı olduğunu demişdir. O, da Aygünün harada olduğunu soruşmuşdur. Aygün Xətai metrosunun yanında “Funda” klinikada olduğunu soruşmuşdur. O, anası Ulduz və oğlu Emin ilə birlikdə oraya getmişlər. Orada həkim Aygünün burnun əməliyyat edə bilməyəcəyini demişdir. Aygün ona gedib başqa yerdə elətdirməyini bildirmişdir. Onlar birlikdə maşına minmişlər. Aygün, rəfiqəsi Aysel, anası Ulduz, oğlu Emin və özü maşına minmişlər və başqa klinikaya Aygünün burnunu əməliyyat elətdirmək üçün getmişlər. Bu zaman maşında aralarında sözlü mübahisə yaranmışdır. Aygün yenidən onun ünvanına nəlayiq ifadə işlətməyə və paltarını cırmağa başlamışdır. Zərərçəkmiş şəxs bu hərəkətlərindən sonra o, Aygünə maşını keçmiş həyat yoldaşı Muradın yanma sürəcəyini demişdir. Onun bu sözündən sonra Aygün və rəfiqəsi Aysel maşından düşərək getmişdir. Aygün bununla bağlı Nərimanov RPİ-nə şikayət etmişdir. Orada onlara Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etməklərini məsləhət görmüşlər. Bundan sonra o, Zərərçəkmiş şəxs onun barəsində Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, CM-nin 127.1-ci maddəsi üzrə təqdirlidir, bunu etiraf edir. Onun Aygün ilə münasibətləri olmuş, bir-birilərini tanıma ərəfəsində olmuşlar. O, 2 övladı ilə birlikdə Zərərçəkmiş şəxsnən evinə dəfələrlər getmişdir, saat 10-11 radələrində də getmişdir. Hadisə olan gündən əvvəlki gün sinif yoldaşının ad gününə Aygünlə birlikdə getməli idilər, işi ilə bağlı getmələri mümkün olmamışdır, aralarənda soyuqluq olmuş, telefonda mübahisə etmişlər. Hadisə olan gün də o 20-30 nəfərin olduğu bir yerdə olmuş, içki içmişlər, ancaq o, sərxoş olmamışdır. Aygünə zəng etmədən onun evinə getmiş, Aygünün qızı Dənizi görmək istədiyini demişdir. Daha əvvəllər də saat 11:30-da getdiyi üçün Aygün niyə o saatda gəldiyini soruşduqda “həmişə gəldiyim evdir” cavabını vermişdir. O qapının girişində ayağını geyinəndə Dəniz zalda olmuş, Aygün onu söymüş o da Aygünə 1 şillə vurmuş, sürüməmişdir, uşaq Aygünü vurduğu yerdə görməmişdir. Aygünün burnunun əməliyyatlı olduğunu da daha əvvəl bilməmişdir. O şillə vurduqdan sonra Aygün ayaqda olmuş, xəstəxanaya kimlə getdiyini bilmir. Zərərçəkmiş şəxs ona qarşı ifadə işlətdiyi üçün onu vurmuşdur, həmin vaxt uşaq – Dəniz orada olmayıb, onları görmürdü. Zərərçəkmiş şəxs ona xəstəxanaya gəlməsini demiş, onlar xəstəxanadan qayıdanda maşında da dalaşmışlar. Aygün onu arxadan vururmuş, o da əlini tutaraq “dayan, dayan” demişdir. O, Aygünün yanına xəstəxanaya Xətaiyə getmişdir, onu ora burnunu əməliyyat etdirmək üçün çağırıbmış. Hazırda onların arasında barışıq var, Zərərçəkmiş şəxs onunla barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını, ziyanın tam ödənildiyini ərizəsi ilə bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayından tanımışdır. Aralarında səmimi münasibət 2025-ci ilin may ayından yaranmışdır. O, keçmiş həyat yoldaşı ilə boşanma ərəfəsində idi. Turalı özünə arxa dayaq kimi düşünmüşdür. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə saat 00:15 radələrində qapı döyülmüşdür. Qapının gözlüyündən baxdığı zaman Təqsirləndirilən şəxs olduğunu görmüş və qapını açmışdır. Həmin zaman azyaşlı qızı Dəniz Səfərova da yanında olmuşdur. Turalın spirtli içki qəbul etdiyini və sərxoş olduğunu görmüşdür. Turaldan niyə bu saatda gəldiyini soruşduqda Tural aralarındakı münasibəti möhkəmləndirmək istədiyini demişdir. O, Turalın sərxoş olmasından qorxmuş və Turalın evdən çıxmasını istəmişdir. Həmçinin Turala uşaq evdə olduğunu sonra danışmalarını demişdir. Lakin Tural onun bu sözlərinə məhəl qoymayaraq çıxmaq istəməmişdir. O, Turalın evdən çıxmadığını və azyaşlı qızının qorxduğunu görüb Turalın ünvanına nəlayiq ifadə işlətmişdir. Onun bu sözlərindən sonra Tural azyaşlı qızı Dənizin gözləri qarşısında saçından tutub onu sürümüş və bir neçə yumruq zərbəsi ilə burun nahiyyəsinə vurmuşdur. Turalın vurduğu zərbədən o, huşunu itirmiş və yerə yıxılmışdır. Onun yıxıldığını görən Tural evdən çıxaraq getmişdir. O, daha sonra DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra qonşular təcili tibbi yardıma zəng vurmuşlar. Oraya gələn təcili tibbi yardım onu Sabunçu tibb mərkəzinə aparmışdır. Orada ilkin müayinə olunduqdan sonra Balaxanı qəsəbəsində yaşayan rəfiqəsinin evinə getmişdir. Rəfiqəsinin evində olduğu zaman halı yenidən pisləşmiş və Xətai tibb mərkəzinə getmişdir. Orada olduğu zaman Tural, anası Ulduz və Turalın oğlu Emin oraya gəlmişlər. Tural ondan üzr istəmiş və onun burnunu əməliyyat etdirəcəyini demişdir. Bundan sonra Turalın maşınına minmiş və guya əməliyyat etdirmək üçün aparmışdır. Maşında yenidən Tural ilə aralarında mübasiə yaranmışdır. Mübahisəyə səbəb isə Turalın onu keçmiş həyat yoldaşının ünvanına aparmaq istəyi olmuşdur. Səbəb isə guya azyaşlı qızını onun əlindən aldırmaq üçün hədə qorxu gəlmişdir. Turalın bu hərəkətlərindən sonra o və rəfiqəsi Aysel maşından düşərək getmişlər. Bundan sonra Turalın anası Ulduz onun arxasınca nəlayiq ifadələr işlətmişdir. O, bu barədə Nərimanov RPİ-nə müraciət etmişdir. Orada ona aralarında olan məsələ ilə bağlı Suraxanı RPİ-nin 32ci PB-də araşdırma aparıldığını bildirmişlər. O, daha sonra 32- PB-nə gedərək ərizə ilə müraciət etmiş və bədənində xəsarətləri olduğu üçün ekspertizadan keçmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü o əvvəlcədən çölə zibil qoymuş, yadında çıxmış qapını bağlamamışdır. Təqsirləndirilən şəxs anidən gəlmiş, o da çölə çıxmasını bildirmişdir. O daha əvvəldən Turala bildiriş göndərərək münasibətlərinin bitdiyini bildirmişdir, Tural da danışmaq, nəyisə başa salmaq istədiyi üçün gəlibmiş. Həmin vaxt uşaq zalda telefonla oynayırmış, Tural da 10 dəqiqəlik uşaqla oynamaq istədiyini bildirmişdir. Həmin vaxt uşağın 6 yaşı var idi, indi artıq 7 tamam olub. Onların mübahisəsi olmuş, 20 dəqiqə davam etmiş, qızı gəlib “mama, bəsdir, sakitləş” demiş, o da qızının qışqırtılara, Turala olan müdaxiləsini görüb başqa şeyləri görməməsi üçün zala – otağa salmışdır. Bundan sonra Tural onu o, Turalı qolundan tutub çıxardan 1 dəfə, çöl qapısının ağzında da 1 dəfə vurmuşdur. Daha əvvəl də mübahisə zamanı saçına əl atmış, ancaq qopardığını hiss eləməmişdir, o dartınanda saçı qopmuşdur. Tural onu vurduqdan sonra 1-2 saniyəlik huşu itmiş, ancaq Turalın bundan xəbəri olmamışdır. Sonradan səsə uşaq gəlmiş, o da səsini yüksəldib aşağı qonşunu çağırmış, qonşular da təcili yardım çağırmışlar. Uşaq onun saçına əl atdığı anı görmüş, şillə yumruq vurulan anı görməmişdir, uşaq özü də onların arasında müdaxilələr, qışqırtılar olduğunu görmüş, buna şahid olmuşdur. O, Balaxanıya rəfiqəsi Aysel Cəfərovanın yanına getmiş, uşaq da rəfiqəsigildə qalmışdır, ancaq xəstəxanaya özü ilə aparmışdır. Səhəri gün Təqsirləndirilən şəxsa zəng edərək vəziyyətin acınacaqlı olduğunu bildirmiş, Tural da anası və uşağı ilə ora gəlmişdir. Tural hadisə günü içki içib gəlmiş, o da müdaxilələr etmiş hadisə baş vermişdir. Turalın da himayəsində azyaşlı övladı var, onunda azyaşlı övladı var. Ola bilər ki hər ikisi səhv edib, Turalın səhvi övladlarına görə bağışlayır, ondan heç bir şikayət və narazılığı yoxdur, buna dair ərizəsini təqdim etmiş, yalnız yollarının ayrılmasını xahiş edir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Təqsirləndirilən şəxs hərəkətlərində zərərçəkmiş şəxsə xüsusi amansızlıqla xəsarət yetirilməsi ilə əlaqədar tövsifedici əlamətin mövcud olmaması ilə əlaqədar dəlilləri gətirsə belə, məhkəmə tərəfindən zərərçəkmiş şəxsin ifadəsi ətraflı təhlil olunmuş və onun əməlində cinayət tərkibinin həmin əlamətinin, yəni Zərərçəkmiş şəxs azyaşlı övladı Dənizin gözləri önündə xəsarətin yetirilməsi təsdiqinin tapması barədə nəticəyə gəlinmişdir. Cinayət işi materiallarının 12-13-cü vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 11 iyun 2025-ci il tarixli 409 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı, burunətrafı və hər iki gözaltı nahiyənin yumşaq toxumasının hematoması, başın alın nahiyəsinin sol yan səthində tüklərin travmatik qopması, sol yanağın, hər iki saidin və sol əlin arxa səthinin qançırları, sol mil-bilək oynağı nahiyəsinin səthi əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə və özünün dediyi şəraitdə törənə bilər. Dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Cinayət işinin 47-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 05 iyul 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2025-ci il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 54-55-ci vərəqlərində olan 07 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə ittiham elan olunması, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 84-89-cu vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-224/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə təqdimat və vəsatət qismən təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddəti 02 (iki) ay həddində müəyyən edilməsi, həbs etmənin əvvəli 05 iyul 2025-ci il, saat 14:30-dan hesablanması, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməsi, qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 92-94-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-224/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 vəsatəti təmin edilməsi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(010)-224/2025 qərarından apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi, Apelyasiya şikayəti işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 95-101-ci vərəqlərində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-843/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(010)-224/2025 nömrəli qərarı ləğv edilməsi, xx.xx.1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat və vəsatət təmin edilməməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməsi və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 90-cı vərəqində olan iş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.2-ci maddəsi üzrə xx.xx.2015-ci ildə AR CPM-nin 53.1.4 (ağır xəstəliklə) dayandırılıb, Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi üzrə cinayət işinə CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarının 102-103-cü vərəqlərində olan 01 avqust 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli 8İ-7539 nömrəli ərizədə Zərərçəkmiş şəxs tərəfindən qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən heç bir şikayət və tələbi yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən halı hesab edir. “Elektron Məhkəmə” sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 adlı övladları var. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, barəsində ittiham irəli sürülmüş şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, törətdiyi əməlindən səmimi olaraq peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən halın ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı və “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1nın dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya barəsində ittiham irəli sürülmüş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyul 2025-ci il tarixdən – 01 avqust 2025-ci il tarixədək həbsdə saxlanıldığı 27 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 01 ay 24 gün müddət ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar