Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-528/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mirhəmin oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner bağları ərazisində yaşamış, Suraxanı Rayon Məhkəməsinin 4(010)-213/2025 nömrəli iş üzrə 26 iyun 2025-ci il tarixli qərarına əsasən əvvəli 24 iyun 2025-ci ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner zavodu adlanan ərazidə yerləşən yaşadığı nömrəsiz evdə həmin ünvana qonaq dəvət etdiyi tanışı Zərərçəkmiş şəxs Mirəhməd oğlu ilə birlikdə yeyib-içərkən Zərərçəkmiş şəxs onun araq almaq təklifinə müsbət cavab verməyərək ünvanına təhqiramiz ifadələr işlətməsini bəhanə edib orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən masanın üzərindən götürdüyü istintaqa məlum olmayan araq şüşəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə, habelə yumruqla sonuncunun baş və müxtəlif nahiyələrinə bir neçə zərbə vuraraq ona həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin alın sümüyünün xarici sümük sahəsinin sınığı, qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi, burun sümüyünün yerdəyişən sınığı, alın nahiyəsinin əzilmiş yaraları, başın, bədənin ərtafların yumşaq toxumalarının əziyi, başın sol alın, başın tapa və burun nahiyəsində çapıq toxumalarının əzilmiş yara yerləri, sol çiyinüstü, döş qəfəsinin arxa səthi, bel, qarın və sağrı nahiyələrində piqmentasiyalar (sağalmış sıyrıq yerləri) ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Mirhəmin oğlu ilə daha əvvəl görüşmək fikrində olmuşdur. Lakin Zərərçəkmiş şəxs Mirhəmin oğlu işdə olduğu üçün görüşə bilməmişlər. 3 gün sonra Zərərçəkmiş şəxs Mirhəmin oğlu ona zeng etmişdir ki, görüşsünlər. O, da demişdir ki, Binəqədi çox uzaq olduğu üçün gələ bilmiyəcəkdir. Zərərçəkmiş şəxs Mirhəmin oğlu özü onun evinə gələ biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs Mirhəmin oğlu onun evinə gəlmiş, oturub yeyib-içmişlər. Araq qurtarandan sonra Zərərçəkmiş şəxs Mirhəmin oğlu birində almasını demişdir. Zərərçəkmiş şəxs Mirhəmin oğlunun ağzı söz tutmadığına görə lazım olmadığını demiş, başqa vaxt oturmalarını bildirmişdir. Zərərçəkmiş şəxs Mirhəmin oğlu çantasından pul götürəndə 20 manatının olmadığını və onun tərəfindən götürdüyünü demişdir. O, da pulu götürmədiyini, Zərərçəkmiş şəxs Mirhəmin oğlunun içkili olduğunu və taksi ilə yola salmağı təklif etmişdir. Sonra Zərərçəkmiş şəxs Mirhəmin oğluna demişdir ki, səhər ayılanda danışarlar, harda istəyirsə görüşərlər və 20 manatını verəcəkdir. Zərərçəkmiş şəxs Mirhəmin oğluna ayıq başla danışmaqlarını və 4-5 dəfə qapıya kimi Zərərçəkmiş şəxs Mirhəmin oğlunu çıxartmağa çalışsa da Zərərçəkmiş şəxs Mirhəmin oğlu dediyinin üstündə durmuşdur. 20 manata görə ona çox ağır söyüşlər söymüş, yoxsa Zərərçəkmiş şəxs Mirhəmin oğlunu vurmazdı. Onun 38 yaşı var, indiyə kimi Polis Bölməsi görməmişdir. Onun üstündə Zərərçəkmiş şəxs Mirhəmin oğlunu vurmuş, 102 və 103 xidmətinə zeng etmiş və özü təslim olmuşdur. Xəstəxanaya qardaşı getmiş və Zərərçəkmiş şəxs Mirhəmin oğlunun anası 500 manat pul istəmişdir. Həkim qardaşına buranın dövlət xəstəxanası olduğunu və heç bir xərcə ehtiyac olmadığını bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs Mirhəmin oğlunun anasına hal-hazırda üzərində 500 manat olmadığını və sabah verə biləcəyini demiş, lakin daha sonra 5.000 manat pul istəmişlər. Onun 5.000 manat pul verməyə imkanı yoxdur, atası yoxdur, anası yataq xəstəsidir. Artiq 4 aydır ki cəza çəkir. Ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bir-birlərini “Suqo” sosial platformasından tanımışlar. Vahid özü onun evinə gələ biləcəyini demişdir. Meyvə şirəsi almışlar, spirtli içki evdə olmuş, özü əvvəldən içki qəbul etməmişdir. Vahid onlara gələndə ayıq vəziyyətdə olmuşdur. Oturub yeyib-içmişlər, 700 qram arağın hamısını içmişlər. Özlərini idarə edə bilmişlər, ekspertdə bunu təstiq etmişdir. Vahid demişdir ki, bir araqda alsınlar, lakin o, ehtiyac olmadığını və artıq kifayət olduğunu demişdir. Vahid çantasını açmışdır ki, pulu götürsün, 20 manatının olmadığını və onun tərəfindən götürdüyünü demişdir. Vahidə taksi ilə evə getməyini, sabah ayılanda danışmaqlarını təklif etmişdir. Ölü və diri söyüşü söyəcək qədər çox sərxoş vəziyyətdə olmuşdur. Araq şüsəsi ilə vurana qədər Vahid özündə olmuşdur. Vahidi həyətin ortasında dəfələrlə söyüş söydüyü üçün vurmuşdur. 3-4 dəfə Vahidə söyüş söyməməsini və qonşuların eşitdiyini demişdir. Vahidi araq şüşəsi ilə vurmuşdur. Vuranda sonra Vahid huşunu itirmiş və o, da oturub siqaret çəkmişdir. Sonra görmüşdür ki, pilləkənin üstündə Vahid söyüş söyür və başından qan gələ-gələ pulunu verməsə getməyəcəyini demiş, o, da itələmişdir. O, yıxmışdır Vahidi yerə, iki yumruq zərbəsi vurmuş, qolundan tutub qaldırmış, hamama apararaq suyu üstünə açmış və polis, həmçinin 103 xidmətinə zəng etmişdir. Həmin an sərxoş olmamış və özündə olmuşdur. Söyüşdən sonra özünü itirmişdir. Özünü təqsirli bilir. Vahidin tələb etdiyi 4.000 manatla razı deyil və bunu ödəməyə imkanı yoxdur. Himayəsində yaşlı xəstə anası və valideynini itirmiş bacısı qızı var. Hadisə vaxtı zəng etmişdir qardaşına və o, 102 və 103 xidmətinə zəng etməyini demişdir. Qardaşı işdə olduğu üçün gələ bilməmişdir. Hadisə evin içində olmuş və heç kim görməmişdir. Vahidə 1 dəfə araq şüşəsi ilə, 3 dəfə isə yumruqla zərbə vurmuşdur. Əməlindən peşmandır. Şahid qardaşıdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “o, Zərərçəkmiş şəxs ilə internet sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Suqo sosial platformasında görüntülü danışan zaman Zərərçəkmiş şəxsla aralarında dostluq yaranmışdır. Həmin ərəfədə Vahid ona “görürəm yeyib içən oğlansan bir dəfə vaxt elə səninlə oturub yeyib içək” sözlərini bildirmişdir. O, Vahidə bildirmişdir ki, problem yoxdur nə vaxt istəsə otura bilərlər. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs ona məxsus mobil nömrəsinə zəng edərək bu gün onunla oturub yeyib içmək istədiyini bildirmişdir. O, da razılıq vermişdir. Vahid ondan evinin yerini maraqlandıqda isə Vahidə evinin Hövsan maşın bazarının yaxınlığında olmasını bildirmişdir. O, evdən çıxmış və Vahidi qarşılamışdır. O, Vahidlə birlikdə onun yaşadığı evə gəlmişlər. O, yemək hazırlamış və birlikdə yeməyə oturmuşlar. Onun daha əvvəldən evdə olan spirtli içki olan arağı gətirmiş və onlar birlikdə spirtli içki qəbul etməyə başlamışlar. xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində yeməyə başlamışlar. Onlar birlikdə təxminən 0.5 litr araq içmişlər ki, Vahid onun ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. O, Vahidə dəfələrlə xəbərdarlıq etsə də Vahid əməlindən daşınmamış və onun ünvanına nəlayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra o, da əsəbiləşmiş və Vahiddən evi tərk etməsini tələb etmişdir. Həmin vaxtı Vahid evdən çıxa çıxa yenidən ünvanına nəlayiq söyüşlər işlətmişdir. O, da əsəbləşmiş və masanın üzərində olan butulkanı götürüb Vahidin ilkin alın nahiyyəsindən zərbə ilə vurmuşdur. Bu zaman zərbənin təsirindən yerə yıxılmışdır. O, bundan sonra butulkanı stolun üstünə qoymuşdur. Həmin vaxtı görmüşdür ki,V ahid ayılıb və yenidən nəlayiq ifadələr işlətmişdir. O, Vahid yerdə olan zaman üz nahiyyəsindən 4-5 dəfə yumruq zərbəsi endirmiş və Vahidin saçından tutaraq sürüyüb həyətdə olan hamam otaqına aparmışdır. Hamam otaqında suyu Vahidin üzərinə açmış və Vahidin ayılmadığını görmüşdür. O, Vahidə dəfələrlə demişdir ki, oyansın və səsinin xırıltılı gəldiyini görüb qorxmuşdur. Bu barədə məlumat vermək məqsədilə qardaşına zəng etmiş və məlumat vermişdir. Qardaşı işdə olduğundan ona DİN-in 102 xidmətini yığıb dərhal məlumat verməsini bildirmişdir. O, da bundan sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra isə təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Bir qədər sonra isə evlərinə polis əməkdaşları yaxınlaşmışdır. Baş vermiş hadisəni onlara danışmışdı”. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Mirhəmin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə onlayn tanış olmuşlar. Hadisə günü evində oturub yeyib-içirdilər. Təqsirləndirilən şəxs onun evinə gəlib yeyibiçməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə uzaqda yaşadığını və gələ bilmiyəcəyini demişdir. O, da Təqsirləndirilən şəxs gələ bilmirsə, özü gələ bildiyini demişdir. Təqsirləndirilən şəxs ünvanı bilrdirmiş, o, da həmin ünvana getmişdir. Görüşərək Təqsirləndirilən şəxs evinə getmişlər, oturduq yeyib-içmişlər. Təqsirləndirilən şəxs arağı var idi. Araq bitəndən sonra Təqsirləndirilən şəxs bir araqda lazım olduğunu demişdir. O, da razılaşmışdır. Çantasını açmışdır ki, pul götürərək gedib araq alsın. Təqsirləndirilən şəxs ondan qabağ çantasına əl uzadaraq pul götürmək istəmişdir. Onun çantasında pul olmuş, anası vermiş, amma anası bilməmişdir ki, o, Təqsirləndirilən şəxs evinə gedir. Təqsirləndirilən şəxs çantasına niye girdiyini soruşmuşdur. Demişdir ki, nə qədər lazımdı pul versin, getsin nə lazımdır alsın. Buna görə aralarında dava düşmüş, Təqsirləndirilən şəxs araq şüşəsini vurmuşdur başına, birdə ayılmışdır ki, xəstəxanadadır. Başqa heçnədən xəbəri olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs Mirhəmin oğlu bildirmişdir ki, bir-birlərini “Suqo” onlayn danışıq proqramından tanımışlar. Həmin proqramda dost, qardaş kimi danışmışlar. Proqramda 1 aya yaxın idi danışmışlar. Elnarla daha əvvəl görüşməmişlər, 1-ci dəfə idi görüşmüşlər və şüşəni başına keçirmişdir. Görüşmək təklifini o, etmişdir. Demişdir ki, gəlsin oturub yeyək-içsinlər. Onun evinə taksi ilə getmiş, Hövsanda maşın bazarının yanında görüşmüşlər. 4 ədəd meyvə şirəsi almışlar, Elnarın arağı var idi. Elnar evdə tək olmuşdur. Süfrəyə oturub 1 litr araq içdikdən sonra mübahisələri başlamışdır. Araq bitdikdən sonra yenisini almaq istəyəndə görmüşdür ki, Elnar ondan əvvəl çantasına girmiş və buna görə əsəbləşmişdir. 60 manatı olmuş, 16 manatını taksiyə vermişdir. Xəstəxanada olarkən cibində 5 manatın qaldığını görmüşdür. Söyüşə görə vurub-vurmadığını tam xatırlamır, həmin an özündə deyildi, yəqin ki Elnara söydüyünə görə şüşəni başına vurmuşdur. Başına vurulan şüşə içdikləri araq şüşəsi olmuşdur. Elnar şüşəni başına vurduqdan sonra huşunu itirmiş və gözünü xəstəxanada açmışdır. Şüşə vurulandan sonra key kimi olmuş, nə olduğunu xatırlamır. Evdə olarkən normalda yarım litr araq içir. Adətən içdikdən sonra yatır və heç kimlə mübahisə etmir. Elnarı vurmamış və ona qarşı heç bir şey edə bilməmişdir. Hadisədən sonra səhhətində problemlər olmuşdur. Əlləri bitişir, lakin yaxşı açılmır, beyninin çat tərəfi ağrıyır. Elnar əməliyyata görə pulunu versin, şikayətini geri çəksin və onu bağışlasın. Elnarın ona neçə zərbə vurduğunu xatırlamır. Araq şüşə ilə başına vurmuş və o, orada sönmüşdür. Bir litr orqanik araq idi. Vuranda araq şüşəsi boş idi. Hadisə Elnarın evində baş vermişdir. Evdə ikisindən başqa adam olmamışdır. Davaya səbəb çantasına girdiyi üçün olmuşdur. İçkili olduğu üçün Elnara söyüb-söymədiyini xatırlamır. Elnarın qardaşı 2-3 dəfə xəstaxanaya gəlmişdir. Sabunçu xəstaxanasında müalicə almışdır. Xəstaxanada çəkdiyini xərclərə görə qəbz verilməmişdir. 4000 manat versin söhbəti bağlasın və bir daha bir-birlərini tanımasınlar. Estetik əməliyyata görə tələbi 4000-5000 manatdır. Elnar versin həmin məbləği söhbəti bağlasınlar. Hal-hazırda şikayətçidir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs Mirhəmin oğlu ifadəsində göstərmişdir: “Suqo” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə sosial şəbəkədə canlı açaraq orada yeyib içməyini paylaşırdı. O, həmin vaxtı “görürəm yeyib içən oğlansan bəlkə oturub yeyib içək” sözlərini bildirmişdir . Elnarda onun dedikləri ilə razılaşmış və bildirmişdir ki, problem yoxdur. Onlar sonra yenidən dəfələrlə danışmışlar və xx.xx.2025-ci il tarixdə görüşmək qərarına gəlmişlər. Elnara bildirmişdir ki, istəyirsə onun yaşadığı ünvana yaxınlaşsın. Ev ünvanını bildirdikdə isə ünvanın uzaq olduğunu bildirmişdir. Bundan sonra özünün Hövsan qəsəbəsində maşın bazarı yaxınlığında yaşadığını bildirmişdir. O, taksiyə əyləşmiş və günorta saatlarında Elnarın dediyi ünvana yollanmışdır. Qeyd edilən ünvana çatdıqda isə Elnarın nörməsinə zəng etmiş və Elnara çatdığını bildirmişdir. Bundan sonra Elnar onu qarşılamış və onlar birlikdə marketə yollanmışlar. Marketdə içmək üçün şirə almışlar və Elnar ilə birlikdə evinə yollanmışlar. Evində olan zaman Elnar evdə spirtli içki olan arağı olduğunu demiş və masaya gətirmişdir. Onlar bir qədər spirtli içki qəbul etmişlər. Onlar birlikdə yeyib içib danışıb gülmüşlər. Həmin vaxtı ondan telefonunun adabtoru olubolmadığını soruşmuşdur. O, da üzərində olan əl çantasını açmış və oradan adaptoru götürəndə Elnar əl çantasına əlini atmışdır. Həmin vaxtı o Elnara nə etdiyini maraqlanmışdır. Bu zaman Elnar araq almaq üçün pul verməsini demişdir. Bu zaman o, “istə mən verimdə mənim sumkama niyə əl atırsan” sözlərini işlətmişdir. Aralarında bununla da mübahisə yaranmışdır. Mübahisə zamanı içkili olduğuna görə özündə olmamış və Elnarın ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra Elnar masanın üzərində olan butulka ilə alın nahiyyəsindən vurmuşdur. Bundan sonra o, özünü itirmiş və yerə yıxılmışdır. Huşunu itirib və yerdə olanda ayılmış və bu zaman Elnarın onu sürüdüyünü görmüşdür. Bu zaman o, Elnara nə etdiyini dedikdə yenidən Elnar onun üzərinə çıxaraq yumruqla vurmağa başlamışdır. Bundan sonra isə huşu özündə olmamışdır. Gözünü açdıqda isə xəstəxanada olduğunu görmüşdür. Aldığı xəsarətlərlə bağlı olaraq təxminən 20 günə yaxın xəstəxanada yatmışdır”. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı ilə Vahid oturub çörək yemişlər. Vahid işdən gəlmişdir. Bunlar da sosial şəbəkədə tanış olmuşlar, həyatda görüşməmişlər. Vahid qardaşına zəng etmişdir ki, içməyə gəlsin. Qardaşı da demişdir ki, nahar edir, gəlmir. Vahid dəfələrlə demişdir ki, qardaşına gəlsin. Qardaşı inanmayıb, oturub çörəyini yemiş, arağını içmiş, bir də görmüşdür ki, Vahid dediyi yerdədir, Hövsan ilə üzbəüz maşın bazarında. Vahid qardaşına demişdir ki, gəlsin onu götürsün. Oturub içki içmişlər, Vahid söyüş söymüşdür. Qardaşı da görüb yola gətirə bilmir çıxardıb həyətə ki, taksi tutaraq yola salsın, ayılandan sonra danışsınlar. Vahid yenə söyüş söymüşdür. Qardaşıa da Vahidi vurmuşdur. Sonra qardaşı ona zəng eləmiş və demişdir ki, başına bədbəxt hadisə gəlmişdir. Qonağı var idi, özünü apara bilməmişdir. O, da qardaşına demişdir ki, polisə demək lazımdır. Qardaşı da demişdir ki, Vahidin vəziyyəti yaxşı deyil, ona 102 xidmətinə yığmağını demişdir. Qardaşı Vahidi suyun altına salmış, təcili yardım da Vahidi oradan götürmüşdür. Xəstəxanada Vahidin vəziyyətini görmüşdür ki, yatır. Ona görə demişdir ki, bundan sonra xərc də ona aiddir. Həkimdən Vahidin yanına kimin gedib-gəldiyini soruşmuşdur. Qardaşm da demişdir ki, heçkimlə danışmır. Həkim demişdir ki, təkcə anası yanına gəlib gedir. Qardaşı gəlməmişdir Vahidin yanına. Telefonda danışdılar, razılaşdılar. Sabahısı gün gəlmiş, müəyyən qədər pul da gətirmişdir. O, içəri girəndə, Vahidin anası başlamışdır aqressiv danışmağa. Vahidin anası bildirmişdir ki, oğlu heç onun üstünə heç vaxt qışqırmamış, ona görə qışqırmışdır ki, 500 manat nədir. O, da başa düşmüşdür ki, söhbət başqa şeydən gedir. Anasına demişdir ki, heç kim heçnədən sığortalı deyil. O, da sürücü işləyir, sabah bilmir başına nə gələcək. Vahidin anası ona demişdir ki, oğlu da sürücüdür, bilir. 3-4 gün sonra zəng etmişdir ki, Vahidin anasını yola gətirsin. Vahidin anası ona demişdir ki, yaxın adamını maşın vurub, nə qədər pulu çıxıb. O, isə bilmədi bu yaxın adam həqiqətən digər oğludurmu, yoxsa başqa yaxın adamdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid bildirmişdir ki, qardaşı hadisəni danışmışdır ona. Qardaşından eşitmişdir ki, Vahid boşanmış, tək yaşayır. Atası, anası və qardaşı ilə danışmırlar. Hadisədən bilmişdir ki, Vahid kimdir. Qardaşı demişdir ki, başına bədbəxt hadısə gəlmişdir. Araq şüşəsi ilə vurmuş, sonra əli ilə. Qardaşı demişdir ki, Vahid ona şər atmışdır. O, da dedim ki, getsin ayılsın danışarlar. Vahid demişdir ki, qardaşı onun pulunu götürmək istəyir. Amma onlar həqiqətən elə adamlar deyillər. Qardaşını da həmin söz tutmuş, Vahidə demişdir ki, getsin ayılsın, sonra cibinə baxar, əgər elə bir şey varsa qardaşı iki qatını verər. Özünü apara bilmir. Ondan sonra Vahid söymüşdür ki, qardaşı ilə içəcəkdir. O, həmin vaxt gəlməmiş, Suraxanıya idarəyə getmişdir. Qardaşı Vahidi onu dəfələrlə söydüyü üçün vurmuş, anası da xəstəxanada təsdiq etmişdir ki, Vahid içki içə bilmir, özünü apara bilmir. Hadisə evdə, həyətdə baş vermiş, heç kim görməmişdir. Zərərçəkən ilə barışıq etməmişlər. Ortaq məxrəcə gələ bilməmişlər, pul istəmişlər. Getdi Vahidi tapdı, danışmaq istədi. Vahid demişdir ki, xəstəxanadan çıxmaq üçün 3000-4000 manat pul lazımdır. O, düşmüşdür həkimin yanına və nə qədər xərc olduğunu soruşmuşdur. Həkim demişdir ki, bura dövlət xəstəxanasıdır. Təzədən qalxmışdır Vahid yanına, demişdir ki, həkim belə deyir. Vahidə dəymiş ziyanı o, ödəyir, amma 3000-4000 manat pulu yoxdur. Vahid demişdir ki, anası ilə danışsın. Demişdir ki, versin anasının nomrəsini danışsın. Anası demişdir ki, 500 manata yaxın xərci çıxıb. Demişdir ki, o, ödəyəcəkdir və bundan sonra da nə olsa da o, ödəyəcəkdir. Anası demişdir ki, sabah palatada olsun görüşsünlər. Demişdir ki, saat 11:00-da işə gedir, həmin vaxt görüşsünlər. Bildirmişdir ki, dedi 3000-4000 manat pulu hissə-hissə ödəyə bilər, onun gücü çatmır, iki ailəyə baxır. Barışıq etmək istəyir. Zərərçəkmişin tələb etdiyi 3000-4000 manat pulu, işləyib hər ay hissə-hissə ödəyə bilər. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 24 iyun 2025-ci il tarixdə təxminən günorta saatlarında qardaşı Təqsirləndirilən şəxs ona zəng vuraraq bildirmişdir ki, sosial şəbəkə vasitəsi ilə tanış olduğu adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaşadığı evə qonaq çağırıb və evdə olduqları zaman onlar spirtli içki qəbul etmişlər. Bundan sonra sərxoş vəziyyətdə olduqları zaman aralarında mübahisə düşmüş və mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs araq şüşəsi ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən vurmuşdur. O, qardaşı Təqsirləndirilən şəxs təcili olaraq gedib yaxınlıqda olan polis bölməsinə təslim olmasını və olanları polis əməkdaşlarına danışmasını bildirmişdir. Bundan sonra qardaşı özü könüllü olaraq gedib Suraxanı RPİ-nin 31-ci PB-nə təslim olmuşdur”. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 24 iyun 2025-ci il tarixli, 1/6274 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-213/2025 nömrəli iş üzrə 26 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 iyun 2025-ci il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-320/2025 nömrəli iş üzrə 19 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün həddində, yəni 14 oktyabr 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “canlı şəxsin” 28 iyul 2025-cı il tarixli 541 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara, eləcədə ekspert radioloq mütəxəssisinin radioloji cavab rəyinə əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun nəticəyə gəlir: Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - alın sümüyünün xarici sümük sahəsinin sınığı, qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi, burun sümüyünün yerdəyişən sınığı, alın nahiyəsinin əzilmiş yaraları, başın, bədənin ətrafların yumşaq toxumalarının əziyi, başın sol alın, başın təpə və burun nahiyəsində çapıq toxumaları əzilmiş yara yerləri, sol çiyinüstü, döş qəfəsi arxa səthi, bel, qarın və sağrı nahiyələrində piqmentasiyalar sağalmış sıyrıq yerləri olub küt əşya (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxslər tərəfindən yetirilə bilərdi, ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs adına X1 tərtib olunmuş C2505 saylı xəstəlik tarixində onun xəstəxanaya daxil olarkən kəskin alkoqol sərxoşluğu vəziyyətində olduğu qeyd edilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 08 sentyabr 2025-ci il tarixli 3-28-29/2-8453/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının 05 sentyabr 2025-ci il tarixli 2979 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 08 sentyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və material ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 19-cu bəndinə əsasən, Sağlamlığın qısa müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 (iyirmi bir) gündən – 3 (üç) həftədən az olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 20-ci bəndinə əsasən, Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid edilə bilərlər: 1) Xİ-Xİİ qabırğalar istisna olmaqla 1 (bir) qabırğanın fraqmentlərinin yeri dəyişməyən sınıqları; 2) burun sümüyünün cərrahi müdaxilə tələb etməyən, əhəmiyyətli deformasiyası olmayan sınığı; 3) əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin İ barmaqları, ayaqların İ, İİ və İİİ barmaqları istisna olmaqla); 4) stasionar və ambulator müalicə alıb-almamasından asılı olmayaraq cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 5) baş beyin silkələnməsi. Qeyd: a) həyat üçün təhlükəli olmayan baş beyin əzilmə və silkələnmələrinin zərər vurma dərəcəsinin təyinində bu zədələrə dair metodik tövsiyə rəhbər tutulmalıdır; b) əgər yetirilmiş xəsarətlər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və ya ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olmayan sıyrıq, qançır, cərrahi tikişə ehtiyacı olmayan kiçik yaralar halındadırsa, onda bu xəsarətlərin xarakteri, lokalizasiyası, onları törətmiş əşyanın xüsusiyyətlərini əks etdirən əlamətləri, əmələ gəlmə müddəti və mexanizmi qeyd edilməklə onların sağlamlığa zərər vurmadığı göstərilməli və dərəcəsi təyin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və. s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışığa cəhd göstərməsini, ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Beləliklə, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasının əvvəli 24 iyun 2025-ci il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 24 iyun 2025-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 (yüz otuz iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məblərin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-528/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-528/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver