Məhkəmə qərarları › İş №1(010)-53/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-53/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-53/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən qəti olaraq 02 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza müddətinin əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanmış, həmin tarixdən barəsində seçilmiş “polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 23 aprel 2024-cü il tarixdə səhər saatlarında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,512 qram olan psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən 24 aprel 2024-cü il tarixdə saat 11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 5-in qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cü PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,512 qram olan ağ rəngli kristal maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı y/s ev 4 mənzil 16 -da yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Psixotrop maddə qəbul edir, hal-hazırda isə «patı» kimi tanıdığı psixotrop maddə metamfetamini falqa arasında çəkmək yolu ilə qəbul edir. 24 aprel 2024-cü il tarixdə tarixdə təxminən səhər saat 11 radələrində yaşadığı ünvan 5-in yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib şübhəli şəxs qismində Suraxanı RPİ-nin 30-cü PŞ-nə dəvət etmişlər. Ona Suraxanı RPİ-nin 30-cü PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim edilməsi bildirilmişdir. Xidməti otaqda bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş içərisində kristal bərk halda olan narkotikə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş 1 (ədəd) şəffaf selofana bükülmüş, içində psixotrop maddə metamfetamin (şüşə) olduğunu, saxlanılmamışdan bir neçə saat Əmircan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən özü istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu küçədən aparmadıqlarını, evdən apardıqlarını, gecə saat ikiyə işləmiş apardıqlarını bildirmişdir. Həmçinin bildirmişdir ki, özü Əhmədlidə yaşayır, həmin gün dostumgilə qonaq gəlmiş, Kasıbov Samirgildə idi, ad günü idi, oturmuşdular bir yerdə, Vüsal adlı şəxsi tutub, gətiriblər, Əzizağa, İlqar adlı şəxs ad günü olan adamın həyətində Vüsalı döyürdülər. Əzizağa və İlqar adlı şəxs tutub . Quşçuluqda saxlayıblar. 24 apreldən 25 aprelə keçən gecə saxlayıblar. 23-dən 1 gün sonra idi. Ayın 23-ü saat 11.00-da kabab çəkirdik. Sinif yoldaşımın ad günü idi. Bir gün orda qaldı Saat 02.00-da gətiriblər. Samirlə idik, ikisini də aparıblar. Vəkili sabahsı günorta gəlib. Vaxtında narkotik vasitə istifadə eləmişdir. 2023-cü ilin avqustunda çıxmışdır. Tutulmamışdan əvvəl istifadə eləmişəm. Ekspertizadan keçmişdir, orada analiz vermişdir. Onu təhdid etdilər ki, götürməsən, daha ağır olacaq. Döyməyiblər, Təzyiq göstəriblər. Hədə-qorxu olub. Otaqda razılaşdıqdan sonra, vəkil gəlib. PB-də o, Kasıbov Samir, Vüsal və bir yerdə idilər. Məhkəmənin yekun baış iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ittiham edildiyi cinayət əməlini törədərkən, səhv etdiyini dərk etməsini, peşman olduğunu bildirmiş və məhkəmədən ədalətli cəzanın təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİnin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 24 aprel 2024-cü il tarixdə ünvan 4 ünvanında yaşayan X4 mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və bazırda ünvan 5 ünvanın qarşısında binası və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə ünvan 5 ünvanın qarşısına getmişlər. Həmin vaxtı saat 11 radələrində ünvan 5 ünvanın qarşısında olan X5 və onunla birgə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Samir Kasıbov və Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişlər. Bundan sonra onlar Suraxanı RPİ-nin 30cu PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik rasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir bükümə bükülmüş psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 24 aprel 2024-cü il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata alıb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb, imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin 28-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 24 aprel 2024-cü il tarixdə, saat 11:00-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin Tanarverdiyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub saxlanılmışdır. Cinayət işinin 57-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarının 76-78-ci vərəqlərində olan 26 aprel 2024-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Azim Bayramovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi və qərarın sürəti icra olunması üçün Bakı şəhəri Suraxanı RPİ-yə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 80-81-ci vərəqlərində olan 26 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 33-34-cı vərəqində olan “şəxsi axtarış və götürmə aparılması barədə 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin Tanarverdiyev tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün arasında psixotrop maddə metamfetaminə oxşar kütlə vardır, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında psixotrop maddə metamfetamin olduğunu, metamfetamini Suraxanı rayonu, Əmircan qəsəbəsindən üzdən tanımadığı, lakin adını bilmədiyi şəxsdən 15 manata alaraq saxlayıb gəzdirdiyini bildirir, bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Cinayət işinin 67-ci vərəqində olan “diskə baxış keçirilməsi” haqqında 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Elvin Tanarverdiyev xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili leytenantı Şahid1 və Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, serjantı Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təklif edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynidəki göy yalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir və həmin bir ədəd bükümün içərisində kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin psixotrop maddə metamfetamini Suraxanı rayonu, Əmircan qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata alaraq saxlayıb gəzdirdiyini saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərflə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürlənərək götürülür. Cinayət işinin 41-44-cü vərəqələrində olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/2250 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Şübhəli şəxs:...Təqsirləndirilən şəxs...” vəs.soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,512 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 100-101-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X6-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2024-cü il tarixli 3498 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,512 qram psixotrop maddə metamfetaminin cinayət işinin materialları ilə tanış olduqdan sonra ekspertiza tədqiqatından qalıq qalmış 0,462 qram psixotrop maddə metamfetaminin saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 84-85-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamə sənədləri əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 222.2.1-ci maddələri təqsirli bilinib, 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş və xx.xx.2023-cü il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 01 il 08 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə istintaqı zamanı cinayət işin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 1(060)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu hökmlə təyin edilmiş cəza Suraxanı Rayon Məhkəməsinin 1 (010)-10/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 08 ay 29 gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilməsi və Təqsirləndirilən şəxs oğluna 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD formatlı diskə baxış keçirilərkən əynində göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0.512 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 118-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,512 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, ibtidai istintaq zamanı toplanmış materiallar o cümlədən şəxsi axtarış və götürmə haqqında protokolu, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolu, ekspertiza rəylərini, məhkəmə istintaqı zamanı alınmış sorğuların cavablarını nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiqdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində əməlindən peşman olduğunu cəzasını yüngülləşdirən hal müəyyən edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Qurbanlı X3 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 222.2.1-ci maddələri təqsirli bilinib 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il 08 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu hökmlə təyin edilmiş cəza Suraxanı Rayon Məhkəməsinin 1 (010)-10/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 08 ay 29 gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilməsi və Təqsirləndirilən şəxs oğluna 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməi hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmalı, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər Məhkəməsinin 1(060)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək tutulduğu iki gün müddət ona təyin olunmuş 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan, yəni 07 yanvar 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Sumqayıt şəhər Məhkəməsinin 1(060)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,462 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar