Məhkəmə qərarları › İş №1(010)-533/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-533/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-533/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ofisiant işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2riş 103, mərtəbə 4, mənzil 1 ünvanında yaşayan, 24 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyul 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “Mida-1” ilə “Mida-2” yaşayış kompleksi arasından keçən avtomobil yolunda tanıdığı Zərərçəkmiş şəxs sonuncunun bir qədər əvvəl bir yerdə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmasında onu “sən qaç deməsəydin, mən də hadisə yerindən qaçmazdım” sözlərini deməsinə görə aralarında yaranmış mübahisə zamanı yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən vurub ona burun sümüyünün qapalı-qəlpəli sınığı, sol almacıq sümüyünün xətti sınığı, başın sol gicgah nahiyəsinin və sol qulaq seyvanının qançırları, sol dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı kimi, dərəcəsinə görə həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən iki il olar ki, yaşadıqları “Mida” yaşayış kompleksindən tanıyır. Yasir ilə əvvəllər heç bir düşmənçilikləri olmamışdır. xx.xx.2025-ci il tarixdə təxminən axşam saat 18 radələrində zəng vuraraq harada olduğunu soruşmuşdur. Yasir Sumqayıt şəhərində işi olduğu üçün Sumqayıta getdiyini demiş və o da bekar olduğu üçün Yasirlə birlikdə Yasirə məxsus “Hyundai Elantra” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərinə getmişdir. Yasir Sumqayıtda işlərini bitirdikdən sonra birlikdə Bakıya qayıtmışlar və təxminən saat 24 radələrində Hövsan qəsəbəsinə çatmışlar. Hövsan qəsəbəsində olduqları zaman qərara almışlar ki, evlərinin yaxınlığında yerləşən “Suraxanski” kimi adlanan yerdə olan “PUB”-a gedib pivə içsinlər. Kafe-restoran “Pub”-da Yasirlə hərəsinə bir qədər pivə içdikdən sonra evə getmək qərarına gəlmişlər. Onlar kafedən çıxıb Yasirə məxsus “Hyundai Elantra” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər ki, evə getsinlər. Lakin evə getdikləri zaman yolda polis əməkdaşlarının reyd apardıqlarını görmüşlər, bu zaman Yasir maşını sürüb polislərdən yayınmışdır. Lakin biraz getməmiş Yasir avtomobili ilə səkiyə dəyərək qəza törətmişdir. Qəzadan sonra polis əməkdaşları gəlib Yasiri və avtomobilini aparmışlar Hadisə baş verən vaxt maşından düşüb kənarda dayanmışdır. Bundan sonra səhər saat 05 radələrində Yasir taksi ilə geri qayıtmış və taksidən düşən kimi üzünü Eldəniz adlı tanışlarına tutub ona görə qəza törətdiyini və polislərin də maşını ona görə apardıqlarını deyərək üzərinə hücum çəkmişdir ki, onu vursun. O da bu zaman Yasir hücum çəkib üzərinə gəldiyindən Yasirin burun nahiyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Bundan sonra Yasirin münaqişəni davam etdirməsinə şərait yaratmamaq üçün hadisə yerini tərk edib getmişdir. Sonda o, dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxslə barışdıqlarını bildirmiş və həmin şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki il olar ki, yaşadıqları “Mida” yaşayış kompleksindən tanıyır. Nihad ilə əvvəllər heç bir düşmənçilikləri olmamış lakin aralarında olan bəzi söz mübahisələrinə görə bir müddət danışmamışlar. Lakin sonradan münasibətləri yenidən normallaşmışdır. xx.xx.2025-ci il tarixdə təxminən axşam saat 19 radələrində Nihad ona zəng vuraraq harada olduğunu soruşmuşdur. O da Nihada Sumqayıt şəhərində işi olduğu üçün getdiyini demiş və Nihad bekar olduğu üçün onunla özünə məxsus “Hyundai Elantra” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərinə getmişlər. Sumqayıtda şəxsi işlərini bitirdikdən sonra Bakıya qayıtmışlar və təxminən saat 24 radələrində Hövsan qəsəbəsinə çatmışlar. Hövsan qəsəbəsində olduqları zaman qərara almışlar ki, evlərinin yaxınlığında yerləşən “Suraxanski” kimi adalanan yerdə olar kaferestoran “PUB”-a gedib pivə içsinlər. Kafedə Nihadla bir qədər pivə içdikdən sonra evə getmək qərarına gəlmişlər. Kafedən çıxıb ona məxsus “Hyundai Elantra” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər ki, evə getsinlər, lakin evə getdikləri zaman yolda X5 Xidmətinin əməkdaşlarının reyd apardıqlarını görmüşlər. Bu zaman Nihad ona dönüb qaçmağını demiş, o da Nihada qulaq asıb maşını sürüb polis əməkdaşlarının saxla göstərişindən yayınmışdır. Lakin biraz getməmiş avtomobili ilə səkiyə dəyərək qəza törətmiş və YPX əməkdaşları gəlib onu sərxoşluq müayinəsinə, ona məxsus lakin etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili isə məcburi duracağa aparmışlar. Hadisə baş verən vaxt Nihad maşından düşüb qaçmışdır. O, sərxoşluq müayinəsindən keçdikdən sonra hazırda markası yadına gəlməyən taksiyə əyləşib yaşadığı Surxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksinə qayıtmışdır. Mida yaşayış kompleksinə çatanda səhər saat 5-6 arası olardı və düşünürdü ki, Nihad gedib yatıb. Taksidən düşən zaman Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “Mida-1” ilə “Mida-2” yaşayış kompleksi arasından keçən avtomobil yolunun kənarında qardaşı Süleyman, dostu Eldəniz, Eldənizin tanışı Aydan və Nihadın orada olduğunu görmüşdür. Avtomobilini vurduğundan və avtomobilinin məcburi duracağa qoyulduğundan əsəbi olduğu üçün Nihada “sənin tırkana gedib qayıdan qaçdım” deyib iradını bildirmiş, buna görə aralarında söz mübahisəsi düşmüş, lakin Nihada fikir verməyib üzünü çevirib qardaşıgilin yanına getmək istəmiş, bu zaman üzünü çevirən kimi Nihad burun nahiyəsindən yumruq zərbəsi ilə vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxılanda üzü səkiyə dəymiş, Nihad onu ani olaraq vurduğu üçün heçnə edə bilməmişdir və yerdə baş və bədən nahiyəsindən təpiklə vurmuşdur. Qardaşı Süleyman onlara yaxınlaşanda Nihad qaçıb getmişdir. Bundan sonra qardaşı Süleyman TTY xidmətinə zəng vurmuş və 102 xidmətinə hadisə barədə məlumat vermişdir. TTY maşını hadisə yerinə gəlmiş və onu Sabunçu Tibb mərkəzinə aparmışdır, ilkin tibbi yardım olunduqdan sonra evə getmişdir. Sonda o bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. O, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, Təqsirləndirilən şəxsı isə “Mida” yaşayış kompleksinin sakini kimi tanıyır, Nihadla normal münasibəti vardır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2025-ci il tarixdə səhər saat 04 radələrində yaşadığı binanın həyətində qardaşı Yasiri gözləyirdi. Həmin vaxt ümumi tanışları olan Eldəniz və Aydan da onun yanına gəlmişlər və bir yerdə Yasirin gəlməsini gözləmişlər. Səhər saat 5 radələrində Yasir taksi ilə gəlib çıxmışdır. Yasir taksidən düşüb onlara yaxınlaşan vaxt Nihadla bir yerdə yeyib-içib kafedən çıxdıqdan sonra avtomobilini idarə edərkən, polis əməkdaşlarını gördükdə Nihadın ona polislərdən qaçmasını deyib, işə saldığına görə iradını bildirmişdir. Həmin vaxtı Yasir onlardan təxminən 6-7 metr aralıda idi, lakin əsəbi halda dediklərini eşidirdilər. Bu vaxt Nihad da Yasirin onu bu cür günahlandırmasını qəbul edə bilmədiyinə görə aralarında mübahisə yaranmış və bundan sonra Nihad bir dəfə yumruq zərbəsi ilə Yasirin sifət nahiyəsindən vurub onu yerə yıxmışdır. O, Yasirgilə yaxınlaşmaq istəyən vaxt Nihad Yasirin başından da bir təpik vurub oradan uzaqlaşmışdır. Yasirin xəsarətləri ciddi idi və burnundan qan gəlirdi. Bu səbəbdən də təcili yardıma zəng eləmiş və təcili yardım gələndən sonra qardaşı Yasir ilə birlikdə 3 saylı Şəhər Xəstəxanasına getmişdir. Həmçinin hadisədən sonra, qardaşı Yasir özünə gələndən sonra Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə də məlumat vermişdir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Yasir və Nihadı “Mida” yaşayış kompleksinin sakinləri kimi tanıyır, onlarla normal münasibəti vardır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2025-ci il tarixdə səhər saat 2 radələrində Nihad ona zəng edərək, Yasirlə bir yerdə kafedən çıxdıqdan sonra Yasirin içkili vəziyyətdə avtomobili idarə etməsinə görə DYP əməkdaşlarının onlara saxla əmri verdiyini, Yasirin avtomobili saxlamadığını, nə edəcəklərini bilmədiklərini demişdir. O da Nihada avtomobili saxlayıb polisə tabe olmaqlarını, artıq hərəkət etməmələrini demişdir. Lakin Yasirgil onun sözünə qulaq asmayıb, hərəkətlərinə davam etmişlər və Yasir avtomobili səkiyə vurduqdan sonra polis əməkdaşları Yasiri saxlamış, Nihad isə avtomobildən düşüb qaçmışdır. Evdən çıxaraq “Mida-1” 5-ci binanın arxasında hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda Yasir YPX avtomobilinə oturmuşdur, polislər isə hadisə yerində idilər. Sonra polislər Yasirin avtomobilini cərimə meydançasına yerləşdirdikdən sonra Yasiri sərxoşluq müayinəsinə aparmışlar. Bundan sonra o, Midaya qayıtmış, Nihad artıq həyətdə dayanıb onu gözləyirmiş. Sonra Yasirin qardaşı Süleyman və ümumi tanışları olan Aydan da gəlmiş və onlar bir yerdə Yasirin gəlməsini gözləmişlər. Səhər saat 5 radələrində Yasir taksi ilə gəlmişdir. Yasir taksidən düşüb onlara yaxınlaşandan sonra Nihadla bir yerdə yeyib-içib kafedən çıxdıqdan sonra avtomobilini idarə edərkən, polis əməkdaşlarını gördükdə Nihadın polislərdən qaçmasını deyib, “işə” saldığına görə iradını bildirmişdir. Nihad da Yasirin onu bu cür günahlandırmasını qəbul edə bilmədiyinə görə aralarında mübahisə yaranmışdır. Bundan sonra Nihad bir dəfə yumruq zərbəsi ilə Yasirin sifət nahiyəsindən vurub yerə yıxmışdır. Bu hərəkətinə görə Nihada qəzəblənmək istəyəndə Nihad hadisə yerindən qaçıb getmişdir. Yasirin Nihadın yumruq zərbəsindən burnu sınmış, burnundan qan gəlirmiş, aldığı xəsarət ciddi idi. Buna görə də təcili yardıma zəng etmişlər və təcili yardım gələndən sonra Yasir qardaşı Süleyman ilə birlikdə 3 saylı şəhər Xəstəxanasına getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida-1 ilə Mida-2 yaşayış kompleksinin aralığından keçən avtomobil yolunun sol kənarına baxış keçirilmişdir, buna dair fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 tərəfindən tərtib olunan xx.xx.2025-ci il tarixli, 514 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün qapalı qəlpəli sınığı, sol almacıq sümüyünün xətti sınığı, başın sol gicgah nahiyəsinin və sol qulaq seyvanının qançırları, sol dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə və özünün dediyi şəraitdə törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmuya aid edilir. Xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur (i.v. 20-22); şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2025-ci il tarixdə saat 12:00da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 37); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 46-47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 55-56); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 66-67); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 79); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ifadələr, ekspertiza rəyi və digər sənədlər sübut növü kimi qəbul edilmişdir (i.v. 80-85); Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına verilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu xəsarətə görə dəymiş ziyanına əvəzi olaraq 3000 manat pul ödəmişdir (i.v. 87); Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı tam ödəmişdir. Onun barəsində şikayət və tələb yoxdur. Özünü təqsirli bilir, əməlindən peşmandır. O, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. O, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma — iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o, əvvəllər CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayət işini tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, şahidi və dövlət ittihamçısını dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 66 (altmış altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 06 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 (altmış altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar