Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-534/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 536A ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 avqust 2025-ci il tarixdə, saat 10:00 radələrində ünvan 1 ünvanında birlikdə yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs sosial şəbəkəyə daxil olmasını irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı əsəbləşərək qəsdən əli ilə sonuncunun baş nahiyələrinə bir neçə dəfə vurub yerə yıxaraq ona başın ənsə nahiyəsinin yumuşaq toxumasının hematoması, sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsi “İnstaqram” sosial şəbəkədə 3 nəfər oğlanla danışdığı yerdə tutmuş, bunu öz doğma qızı da təstiqləmişdir. Bu səbəbdən əsəbi halda olaraq zərərçəkmiş şəxsi vurmuşdur. Öldürməmiş, bir şey etməmiş, sadəcə zərərəçəkmiş şəxsi vurmuş və zərərçəkmiş şəxs evdən qaçıb getmişdir. Hadisə günü Zərərçəkmiş şəxs telefonuna “İnstaqram” sosial şəbəkəsindən mesaj gəlmişdir. Girib baxmış və uşaqda təstiq edərək demişdir ki, Zərərçəkmiş şəxs 3 nəfərlə danışır, tək bu deyil. Saat 00:30-a kimi danışmışlar və Zərərçəkmiş şəxs evdən qaçıb getmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 13 ildir ki, ailəlidirlər və bir yerdə yaşayırlar. 13 il ərzində aralarında söz-söhbətlər olmuş, lakin dava-dalaş olmamışdır. Uşağın ad günü olmuş, axşam saat 22:00-23:00 radələrində Zərərçəkmiş şəxs “İnstaqrdam” sosial şəbəkəsindən mesaj gəlmişdir. Qoluna və başına şapalaq vurmuşdur. İki övladı var və tutulmasın deyə Zərərçəkmiş şəxs öldürməmişdir. Hadisə günü anası evdə olmuş və onları aralamışdır. Dəfələrlə barışıq üçün cəhd etmiş, lakin razı olmamışdır. Özünü təqsirli bilir və etdiyi əməldən peşmandır. Hadisə günü evdə tek anası olmuşdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “2012-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşlar. Onların birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra birlikdə ünvan 2 ünvanda yaşamışlar. Evlilik müddətində münasibətləri yaxşı olsa da son zamanlar Jalənin sosial şəbəkələrdə vaxt keçirməsi səbəbindən münasibətlərində soyuqluq yaranmışdır. İşləri ilə bağlı evə gec saatlarda gəldikdə Jalənin həmişə telefon əlində sosial şəbəkələrə daxil olduğunu görüb hər dəfə ona iradını bildirmişdir. 31 avqust 2025-ci il tarixdə, saat 10:00 radələrində yaşadıqları evdə olarkən Jalənin yenidən sosial şəbəkəyə girdiyini görüb onunla sözlə mübahisə etmiş, mübahisə zamanı Jalə ona cavab qaytardığı üçün əsəbləşib əli ilə onun baş nahiyəsindən bir neçə dəfə vurmuş, daha sonra sinəsindən tutub yerə yıxmışdır. Bundan sonra sakitləşmək üçün evdən çıxıb getmişdir”. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dedikləri hamısı yalandır. Böyük ehtimal Təqsirləndirilən şəxs həmin şəxsləri özü tapıb, çünki əvvələr də başqa mobil nömrələrdən ona tanışılıq təklif edirdilər və hər dəfə Təqsirləndirilən şəxs özü olduğunu sübut edəndə ona demişdir ki, onu yoxlamaq istəmişdir. Bununla bağlı əlində sübutları da var. Hadisə günü yenə eyni şeylər olmuşdur. 13 ildir ki, şiddət görür, döyülür, Təqsirləndirilən şəxs ona çox əziyyət verir və boşanmaq istəyirdi. Boşanmaq istəyəndə baldızı boşanmağa icazə verməyək, onu evdə nökər kimi saxlamağı Təqsirləndirilən şəxs demişdir. Hadisə günü yenə boşanmaq istədiyini demişdir deyə, Təqsirləndirilən şəxs bıçaq götürüb üstünə gəlmiş, o, da evdən qaçmışdır. Getdim bibisigilə və polisə zəng vurmuşdur. O, Təqsirləndirilən şəxs şikayətçidir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə günündən əvvəl 27 iyul tarixində burnunu sındırıb və üzünü göyərtmişdir. Bununla bağlı şikayət etməmişdir. Xəstaxanaya getməyə icazə vermədilər. Baldızı demişdir ki, üzü düzəlsin sonra həkimə gedər. Keçən il döyüldüyü üçün baldızı onu xəstəxanaya aparmış və orada bildirmişdir ki, o, velosipeddən yıxılmış, lakin elə olmamışdır. Hal-hazırda şikayətçidir. Barışıqla bağlı şantajla müracət etmişdir. Barışmasa şəkillərini sosial şəbəkədə yayacağını demişdir. Şəkillərini paylaşıb və üstündə, “kontur oğrusu və uşaqlarını atıb gedən” deyə yazmışdır. Paylaşılan şəkillər normaldır, lakin icazəsiz paylaşılıb və üstündə qeyri-etik sözlər yazıb. Hal-hazırda bir yerdə yaşamırlar. Uşaqlarının 13 və 10 yaşları var. Boşanmaq istədiyini demişdir, lakin icazə vermirdi deyə hadisə baş vermişdir. “İnstaqram”da olan yazışmaları yoldaşı özü etmişdir. Bununla bağlı sübutları var. “İnstaqram”da ona yazılanda, həmin şəxslərə evli olduğunu, onu narahat etməmələrini deyirdi. Əvvəllər polisə müraciət etməmişdir. Boşanmaqla bağlı müracət etməmişdir. Tək yaşayır. Uşaqları ona göstərmirlər. Videoqraf işləyir. İşsiz idi və maddi vəziyyəti yaxşı deyildi deyə uşaqları ilə bağlı məhkəməyə müraciət edə bilmirdi. Uşaqları görməyə cəhd etmiş, lakin icazə verməmişlər. İlkin təhqiqat və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “2012-ci ildə Təqsirləndirilən şəxs Talib oğlu ilə ailə həyatı qurmuşlar. Onların birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra İsmayılla birlikdə ünvan 2 ünvanda yaşamışlar. Evlilik müddətində münasibətləri yaxşı olsa da, son zamanlar İsmayılın işləri ilə əlaqədar evə gec gəlməyə başladığı üçün darıxmağa başladığından tez-tez sosial şəbəkələrdən istifadə edərək vaxtını keçirmişdir. Hər dəfə İsmayıl onun sosial şəbəkəyə girməsinə qarşı çıxmışdır, lakin buna baxmayaraq yenə də sosial şəbəkələrə daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində yaşadıqları evdə olarkən İsmayıl onun sosial şəbəkəyə girməsini görüb onunla mübahisə edərək əli ilə başından bir neçə dəfə vuraraq sinəsindən tutub yerə yıxmışdır. Bundan sonra İsmayıl evdən çıxıb getmişdir. Hadisə vaxtı xəsarət alsa da bu barədə heç kimə deməmişdir. xx.xx.2025-ci il tarixdə valideyinləri ilə telefon danışıqları zamanı İsmayılın hərəkəti barədə onlara məlumat verdikdə onlar şikayət etməsini bildirdiklərindən o da qərara gələrək xx.xx.2025-ci il tarixdə 31-ci polis şöbəsinə gələrək orada İsmayıl barəsində şikayət ərizəsi yazmışdır”. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını da sübut növü kimi qəbul edir. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 06 sentyabr 2025-ci il tarixli 682 nömrəli rəydə qeyd olunur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara əsasən nəticəyə gəlir: Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin yumşaq toxumasının hematoması, sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən 4-8 gün əvvələ uyğun gəlir, şəxsin özünün dediyi 31 avqust 2025-ci il tarixdə və şəraitdə törənməsi inkar olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur”. İş materiallarında olan Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqqətən ailə tərkibi, yəni həyat yoldaşı Zərərçəkmiş şəxs Vahiq qızı, qızı X1 və oğlu X2 ilə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 sentyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olub. ünvan 5 ünvanında qeydiyyatdadır. Ailəlidir, iki azyaşlı övladı var. Bu ünvanda yaşadığı müddətdə onun haqqında Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç vaxt şikayət daxil olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2013-cü il təvəllüdlü X1 və 01 sentyabr 2015-ci il təvəllüdlü X2 adlı uşaqları var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını və ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 06 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 (altmış altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-534/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-534/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver