Məhkəmə qərarları › İş №1(010)-537/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-537/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-537/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 oktyabr 2023-cü il tarixdə, saat 09:50-də, Bakı şəhərində xx xxx 1996-cı ildə Xaçmaz rayonu, Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Ləcət kəndində qeydiyyatda olmaqla hazırda "xxxx" Reabilitation MMC-də stasionar müalicə alan, 13 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 18 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçib evin açıq qapısından qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olub oradan 600 manat dəyərdə bir ədəd “Redmi Note 11” markalı mobil telefonu, bir cüt dəyəri 200 manat olan qızıl sırğaları, bir ədəd dəyəri 500 manat olan qızıl boyunbağını, bir ədəd dəyəri 300 manat olan qızıl üzüyü, bir ədəd dəyəri 200 manat olan qızıl qolbağını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1800 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 fevral 2023-cü il tarixdə saat 19:00 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi 97/1 ünvanında yerləşən evin həyətinə hasardan keçib oradakı yaşayış sahəsi olan evə plastik materialdan olan pəncərəsini əli ilə sıxıb açmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus 600 manat nağd pul, hər bir dəsti 120 manat dəyərdə olan bir ədəd kulonla boyunbağı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət olmaqla iki dəst gümüş komplekti, Zərərçəkmiş şəxs2 məxsus 300 manat nağd pul, bir ədəd 360 manat dəyərində olan “Samsung A10” markalı mobil telefonu, bir ədəd 70 manat dəyərdə gümüş üzüyü və bir ədəd 2 qram çəkidə 180 manat dəyərdə qızıl üzüyü gizli talamaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 cəmi 840 manat, Zərərçəkmiş şəxs2 isə 910 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 mart 2023-cü il tarixdə saat 21:00 radələrində Suraxanı rayonu, Flövsan qəsəbəsi, Zeytun Sovxozu 145 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus evinin həyətyani sahəsinə hasardan keçib oradakı yaşayış sahəsi olan evə plastik pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq evin yataq otağında masanın üzərində olan kişi şalvarının cibindəki pul kisəsindən 430 manat nağd pul, uşaq üçün kassadan 50 qəpiklərdən ibarət 300 manat pul, dolabdan bir ədəd 170 manat dəyərdə qızıl qolbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 900 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonundan 2022-ci ilin sonları işləmək üçün Bakı şəhərinə gəlib müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Maddi vəziyyəti pis olduğu üçün oğurluq etmişdir. 14 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində gəzərkən bir həyət evinin darvazasında qıfıl asılmasını görüb evdə kimsə olmadığını başa düşüb oradan oğurluq etmək qərarına gəlmiş, hasardan aşıb evin həyətinə düşmüş, orada evin qapısı açıq olduğundan rahatlıqla evə girmiş, evin yataq otağında dəyəri olan əşyalar axtarmağa başlamış, orada qızıl zinət əşyaları qızıl üzük, boyunbağı, sırğa, qolbaq tapmış, həmçinin 1 ədəd “Redmi Note 11” markalı təzə telefon tapıb oradan dərhal uzaqlaşmışdır. Həmin qızıl əşyaları və mobil telefonu özünə məxsus olmasını bildirib tanımadığı 8 kilometr qəsəbəsində yadında qalmayan lombarda təhvil verərək cəmi 350 manat pul almış, aldığı pulu gündəlik tələbatına sərf etmişdir. 26 fevral 2023-cü il tarixdə günorta satlarında Qaraçuxur qəsəbəsinə gəlib və kirayə qalmaq üçün ev axtararkən saat təxminən 19:00 radələrində Qaraçuxur qəsəbəsində gəzərkən qapılardan birinin üzərində qıfıl olduğunu görmüşdür. Həmin həyət evində heç kimin olmadığına əmin olub oradan oğurluq etmək qərarına gəlmişdir. O, hasardan keçərək həyətə tullanmış, evin pəncərəsində barmaqlıq olmadığını görmüş, plastik pəncərəni əli ilə itələyərək açıb pəncərədən evin qonaq otağına düşmüşdür. Ətrafa baxdıqda masanın üzərində bir ədəd tünd göy rəngli “Samsung A10” markalı mobil telefon görüb onu götürüb cibinə qoymüşdür. Sonra yataq otağına keçib orada dəyərli əşya axtararkən çarpayının üzərində olan qadın əl çantasını açıb içinə baxdıqda pul kisəsi görüb açıb içərindəki pulları çıxarmış, saydıqda 600 manat olduğunu görüb və pulları cibinə qoymuş, pul kisəsini çarpayının üzərinə atmışdır. O, həmin otaqdakı şkafları axtardıqda dəyərli əşya aşkar etmədiyindən digər yataq otağına keçmiş, arada güzgülü siyirmənin üzərində gümüş dəst olduğunu görüb və həmin dəsti götürmüş, bundan başqa əlavə 2 ədəd də gümüş üzük götürmüşdür. Həmin otaqda olan pul kisəsindən isə 300 manat pul götürmüşdür. Otaqdakı şkafları axtarmış, lakin başqa dəyərli əşya tapmayıb evdən getmişdir. Əldə etdiyi ümumilikdə doqquz yüz manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Oradan oğurladığı mobil telefonu Əhmədli qəsəbəsində tanımadığı şəxsə 60 manata satmışdır. Hadisədən iki gün keçdikdən sonra cibində qalmış bir neçə gümüş əşyanı - üzük, sırğa boyunbağı və kulonu Xətai rayonu ərazisindəki “Həzi Aslanov” metrostansiyası yaxınlığındakı gümüş alqı-satqı mağazasında tanımadığı satıcıya göstərmiş, onların özümə məxsus olduğunu deyərək satmaq istədiyimi bildirmişdir. Həmin şəxs gümüşlər üçün ona 27 manat verəcəyini bildirmiş, o, bu qiymətlə razılaşmışdır. Satıcı ondan şəxsiyyət vəsiqəsinin istəmişdir. O, şəxsiyyət vəsiqəsini gətirəcəyini demiş, satıcıdan mobil telefon nömrəsini almış və oradan getmiş, bir neçə saat sonra şəxsiyyət vəsiqəsini gətirib gümüşlərin 27 manat pulunu satıcıdan almışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları yaşadığı evə gəlmiş və həmin oğurluğu törətməkdə şübhəli olduğunu dedikdə o, etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmiş, etdiyi oğurluq hadisəsini etiraf etmiş, gümüş əşyaları satdığı satıcının mobil nömrəsini polis əməkdaşlarına demiş, daha sonra isə ifadə verməyi üçün Suraxanı RPİ-yə gətirilmişdir. Bundan başqa o, 20 mart 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində özünə kirayə mənzil axtararkən Zeytun savxozu adlanan ərazidə gəzərkən evlərdən birinin həyətyani qapısının üzərində dəmir qıfıl olduğunu görüb oradan oğurluq etmək üçün hasardan həyətə baxdıqda oradakı evin işıqlarının yanmadığını görüb evdə kiminsə olmadığına əmin olub və hasardan tullanaraq həyətə düşmüş, mənzilə yaxınlaşıb plastik pəncərəni əli ilə möhkəm itələyərək açmışdır. Oradan içəri daxil olub ətrafda dəyərli əşya axtarmağa başlamışdır. O, dolabları və evdə yığılmış yorğan-döşəklərin arasını axtarmış, yataq otağında masanın üzərində olan kişi şalvarın cibindən tapdığı pul kisəsindən 430 manat nağd pul götürmüş, həmin otaqda uşaq pul kassasını sındırıb oradan 50 qəpiklik olmaqla xeyli pul götürmüşdür. Sonra digər yataq otağına keçib oradakı dolabdan bir ədəd qolbağı götürmüş, sonra gəldiyi kimi pəncərədən çıxaraq hasardan tullanıb evi tərk etmişdir. Evdən gedərkən plastik pəncərə açıq qalmış, üzərində olan toru isə yerinə taxmışdır. Oradan getdikdən sonra qəpikləri saydıqda 300 manat pul olduğunu görmüşdür. Oradan oğurladığı qolbağı bijuteriya hesab etdiyi üçün tullamışdır. Əldə etdiyi ümumilikdə 730 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Etdiyi oğurluğa görə əməlindən peşman olmuş, etdiyi oğurluqları etiraf etmiş və Sonda törətdiyi oğurluq əməllərindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəyini bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 26 sentyabr 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən evdə ailəsi ilə yaşayır. 20 mart 2023-cü il tarixdə saat 20:30-da ailə üzvləri ilə birlikdə qonşusu olan qardaşının evinə qonaq getmişdir. Oradan saat 22:00-da evə geri qayıtmış, yaşadığı fərdi evin həyətyanı sahəsinin dəmir giriş qapısının üzərində olan qıfılı açarla açıb həyətə daxil olmuşdur. Bundan sonra evin dəmirdən olan giriş qapısının da qıfılını açarla açıb içəri daxil olmuş, yataq otağına keçdikdə görmüşdür ki, orada yığılmış yastıqlar yerindən tərpənmiş, onlara kiminsə müdaxilə etmişdir. Bu zaman o, evə kiminsə qanunsuz daxil olduğunu hiss edib dərhal yataq otağında masanın üzərinə qoyduğu şalvarının cibindəki pul kisəsinə baxmış, həmin kisədə saxladığı 430 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Evdən daha hansı əşyaların oğurlandığını yoxladıqda isə nəvələri üçün 50 qəpiklik olmaqla, ümumilikdə, içərisində 300 manat pul yığdığı iki ədəd kassaların qırıldığını və içərisindəki pulların oğurlandığı, digər yataq otağındakı dolabdan isə nəvəsi üçün 2019-cu ildə aldığı 170 manat dəyərində 583 əyarlı, bir ədəd qızıl qolbağının oğurlandığını aşkar etmişdir. Hadisə barədə məlumat verdikdən sonra polis əməkdaşları evinə gəlmiş, o, hadisə barədə ərizə və izahat yazmış, polis əməkdaşları mənzilimə baxış keçirmişlər. Həmin vaxtı naməlum şəxsin evə pəncərədən daxil olması müəyyən edilmişdir. Ona məxsus 300 manatı 50 qəpikliklə və 430 manatı kağız əskinazla olmaqla, ümumilikdə, 730 manat pul və bir ədəd 170 manat dəyərində qızıl qolbağın oğurlanması nəticədə cəmi 900 manat maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 5 ünvanda ailəsi ilə yaşayır. 14 yanvar 2023-cü il tarixdə saat 17:00 radələrində ailəsi ilə birlikdə yaşadığı evdən getmiş və saat 21:00 radələrində evə qayıtmışlar. Darvazanın qapısı bağlı olub qıfıl yerində olmuş, evə daxil olan zaman evdə bütün əşyaların dağılmasını görüb yataq otağına keçdikdən sonra oradan dəyəri 1200 manat olan qızıl zinət əşyalar - 1 cüt 200 manat dəyərdə sırğalar, 1 ədəd 500 manat dəyərdə boyunbağı, 1 ədəd 300 manat dəyərdə üzük, 1 ədəd dəyəri 200 manat olan qolbaq və 600 manat dəyərdə “Redmi Note 11” markalı mobil telefonun oğurlanmasını aşkar etmişdir. Oğurluq nəticəsində ona cəmi 1800 manat ziyan vurulmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən evdə ailəsi ilə yaşayır. 26 fevral 2023-cü il tarixdə saat 19:00 radələrində ərinin xalasının yaşadığı ünvana qonaq getmiş, həmin tarixdə saat 21:00 radələrində oradan evə qayıtmışlar. Qayınanası Zərərçəkmiş şəxs2 Allahşükür qızı ilə birlikdə həyətə daxil olduqları zaman evin ön tərəfində olan plastik pəncərənin açıq olduğunu görmüşlər. O, dərhal eyni şəkildə pəncərədən evə daxil olmuş, ətrafa göz gəzdirmiş, evin dağınıq hala salındığını görüb oğurluq hadisəsi baş verdiyini anlanmışdır. O, İlkin olaraq uşaq otağına keçərək əvvəlcədən çarpayının üzərində qoyduğu içərisində pul olan əl çantasındakı pul kisəsinə baxmış, bu zaman həmin pul kisəmdə saxladığı 600 manat pulun oğurlandığını aşkar etmişdir. Sonra o, evin qapısını açmış və Zərərçəkmiş şəxs2 da mənzilə daxil olmuşdur. Qayınanası evə daxil olduqdan sonra öz yataq otağına keçib orada olan stulun üzərinə qoyduğu əl çantasındakı pul kisəsinə baxdıqda 300 manat pulunun oğurlandığını, daha sonra isə o, qonaq otağında masanın üzərində saxladığı yenisini nağd olaraq 360 manat dəyərində olan 2019-cu il model Çin istehsalı “Samsung A10” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir qədər sonra evinə gəlmiş polis əməkdaşlarına ərizə ilə müraciət edib izahat yazmış, polislər mənzilə baxış keçirmişlər. Bundan bir gün sonra yataq otağımdakı güzgülü siyirmənin üzərində olan kiçik ölçülü qutuya baxdıqda orada əvvəlcədən saxladığı bir ədəd üzərində klon olan boyunbağı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət olmaqla hər birinin dəyəri 120 manat olmaqla 2 iki gümüş dəstin oğurlandığını aşkar etmişdir. Qayınanası Zərərçəkmiş şəxs2 Allahşükür qızı isə öz yataq otağındakı əl çantasında saxladığı bir ədəd 70 manat dəyərində gümüş üzük və bir ədəd 583 əyyarlı, 2 qram çəkidə 180 manat dəyərində qızıl üzüyün oğurlandığı aşkar etmişdir. Ona məxsus 600 manat nağd pul, bir dəsti 120 manat olmaqla iki dəst gümüş zinət əşyalarının oğurlanması nəticəsində cəmi 840 manat maddi ziyan dəymiş, qaynanası Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 360 manat dəyərində “Samsung A10” markalı mobil telefon, 70 manat dəyərində bir ədəd gümüş üzük və bir ədəd 180 manat dəyərində qızıl üzüyün oğurlanması nəticəsində ona 610 manat maddi ziyan dəymişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. 26 fevral 2023-cü il tarixdə saat 19:00 radələrində bacısının evinə qonaq getmişlər. Onlar həmin tarixdə saat 21:00 radələrində qonaqlıqdan evə qayıtmış, içəri daxil olduqları zaman evin ön tərəfində olan plastik pəncərənin açıq olduğunu görmüşlər. Gəlini Zərərçəkmiş şəxs3 dərhal pəncərədən evə daxil olmuş və qapını açmış, o evə daxil olmuşdur. O, evin dağınıq hala salındığını görüb oğurluq hadisəsi baş verdiyini anlamışdır. Gəlini öz yataq otağında pul kisəsində saxladığı 600 manat pulunun oğurlandığını ona bildirdikdən sonra o, dərhal öz yataq otağıma keçib və orada stulun üzərində saxladığı çantasındakı pul kisəsini açıb baxmış və 300 manat pulunun oğurlandığını aşkar etmişdir. Daha sonra qonaq otağında masanın üzərində saxladığı 360 manat dəyərində olan “Samsung A10” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Bundan sonra Sevinc DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, evə gəlmiş polis əməkdaşlarına Sevinc ərizə ilə müraciət etmiş və izahat yazmışdır. Polislər mənzilə baxış keçirmişlər. Bundan bir gün sonra Sevinc öz otağındakı güzgülü daxılın üzərində olan kiçik ölçülü qutuya baxdıqda orada saxladığı bir ədəd üzəridə klon olan boyunbağı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət olmaqla iki ədəd gümüş dəstin oğurlandığını aşkar etmişdir, həmin dəstlərin hər biri 120 manat dəyərində olmuşdur. Özü isə öz yataq otağımdakı əl çantasında saxladığı bir ədəd 70 manat dəyərində gümüş üzük və bir ədəd 583 əyyarlı, 2 qram çəkidə 180 manat dəyərində qızıl üzüyün oğurlandığı aşkar etmişdir. Ona məxsus bir ədəd 360 manat dəy ərdə “Samsung A10” markalı mobil telefon, 70 manat dəyərində bir ədəd gümüş üzük və bir ədəd 180 manat dəyərində qızıl üzüyün oğurlanması nəticəsində cəmi 610 manat, gəlini Zərərçəkmiş şəxs3 600 manat nağd pul, bir dəsti 120 manatdan olmaqla iki dəst gümüş zinət əşyalarının oğurlanması nəticəsində cəmi 840 manat maddi ziyan dəymişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində tanınaraq dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, H.Aslanov metro stansiyası yaxınlığında qızıl gümüş alqı-satqı mağazasında rəsmi VÖEN-lə işləyirəm. Mağazada vətəndaşlar tərəfindən gətirilən zinət əşyalarını qiymətləndirib alıb satmaqla məşğul olur. 2023-cü il fevral ayının 28-də mağazaya əvvəllər tanımadığı cavan şəxs gəlib gümüş zinət əşyalarını satmaq istədiyini bildirmiş, gətirdiyi qadın zinət əşyaları olan 3 ədəd üzük, 2 cüt sırğa, 1 ədəd gümüş boyunbağı və 1 ədəd gümüşdən olan kulonu təqdim etmişdir. Həmin şəxs gətirdiyi gümüş əşyalar 925 əyarlı gümüşdən olmuş, həmin əşyaların kimə məxsus olmasını ondan soruşduqda özünə məxsus olduğunu və ona təcili pul lazım olduğu üçün satmaq istədiyini bildirmişdir. O, həmin gümüş əşyaları baxıb təzə olmadığı və qutuları olmadığı üçün işlənmiş mal kimi qiymətləndirib hamısını birlikdə cəmi 37 manat dəyərləndirmiş, bu qiymətlə həmin şəxs razı olmuşdur. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini istəmiş, o şəxsiyyət vəsiqəsini gətirəcəyini demişdir. O, şəxsiyyət vəsiqəsini gətirdikdə pulunu verəcəyini demiş, öz mobil telefon nömrəsini yazıb ona vermiş, şəxsiyyət vəsiqəsini gətirdikdə pulu verəcəyini demişdir. Həmin şəxs gedib bir neçə saat sonra şəxsiyyət vəsiqəsini gətirmiş, şəxsiyyət vəsiqəsinə baxıb onun Təqsirləndirilən şəxs olduğunu görüb şəxsiyyət vəsiqəsinin surətini çıxarıb həmin gümüşləri dəyərləndirdiyi və razılaşdığı 27 manat pulu verdikdən sonra çıxıb getmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsindən Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bundan sonra onu görməmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ona zəng edib Suraxanı RPİ-nin 32-ci polis bölməsinə çağırmışlar. Polis bölməsində o, gümüş əşyaları ona satmış Təqsirləndirilən şəxs görüb tanımış, Təqsirləndirilən şəxs gümüş əşyaları aldığını polis əməkdaşlarına bildirmiş və oğurluq olduğunu bildiyi üçün onlardan bir neçə ədəd satılmamış və qalmış 2 cüt gümüş sırğa və gümüş kulonu təqdim etmək istəmişdir. Polis əməkdaşı həmin əşyaları və istintaqa təqdim etməyini demişlər. Ona görə də o, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə aldığı 2 cüt gümüş sırğa, 1 ədəd gümüş kulonu və bunları ona satmış Duzoğlunun şəxsiyyət vəsiqəsinin surətini və qəbul etmə sənədini könüllü olaraq istintaqa təqdim etmişdir. Gümüş əşyaları Təqsirləndirilən şəxs alankən Təqsirləndirilən şəxs bu əşyaların özünə məxsus olmasını demiş, onların oğurluq olmasını bilməmişdir. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanarkən Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə ünvan 8 ünvanda X2 evinin həyətinə düşdüyü, evə girdiyi pəncərəni, otaqlarda əşyaları götürüb oğurladığı yerləri, həmçinin xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu 145 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus həyətyani sahəyə hasardan aşıb keçdiyi yeri, evə plastik pəncərəni itələyib açaraq girdiyi və evdən əşyaları və pulu oğurladığı yerləri göstərmiş və protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsi yerində yoxlanarkən Sabunçu rayonu, Ə.Cəfərov küçəsi 15 saylı Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətinə hasardan keçdiyi yeri, evin açıq qapısından evə daxil olub, oradan mobil telefonu, qızıl sırğa, boyunbağı, üzük və qolbağı oğurladığı yeri könülü olaraq göstərmişdir. İş materiallarında olan “Könüllü təqdim etmə, baxış keçirmə və götürmə haqqında” 13 mart 2023-cu il tarixli protokoldan müəyyən olunur ki, Şahid Təqsirləndirilən şəxs aldığı gümüşdən olub üzərində əyyarları olmaqla 01 cüt dairəvi formalı, 01 cüt uzunsov buta formalı və 1 ədəd naxışlı kulonu, gümüş əşyaları satarkən təqdim etdiyi Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini və alqı satqı zamanı tərtib edilmiş alqı satqı sənədini təqdim etmiş, baxış keçirildikdən sonra bu barədə protokol tərtib edilərək götürülmüşdür. İş materiallarında olan “Tanıma haqqında” 15 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, iş üzrə götürülmüş, Təqsirləndirilən şəxs oğurlayaraq Şahid satdığı və sonuncu tərəfindən könüllü olaraq istintaqa təqdim edilən 02 cüt gümüş sırğalar və 1 ədəd gümüş kulon Zərərçəkmiş şəxs3 vahid nüsxədə tanınmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs3 ona təqdim edilən 01 cüt dairəvi və 01 cüt uzunsov gümüşdən özünə məxsus naxışları olan olan sırğalara və 01 ədəd gümüşdən olan kulona baxıb bildirmişdir ki, təqdim edilən 2 cüt sırğa və 1 ədəd kulondan ibarət zinət əşyaları evindən oğurlanmış gümüş əşyalardır, onları formalarına, üzərindəki naxışlara və əlamətlərinə görə tanıyır, ona məxsus gümüş zinət əşyalarıdır. İş üzrə keçirilmiş “X4” tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 95 saylı rəyə əsasən, 01 ədəd dəst buta formalı gümüş sırğanın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 45 manat, 01 ədəd dəst dairəvi formada gümüş sırğanın qiyməti 50 manat və 01 ədəd gümüş kulonun orta bazar qiymətinin 40 manat olmaqla ümumilikdə isə 135 manat məbləğdə olmaları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 02 cüt gümüş sırğa və 1 ədəd gümüş kulonu təhvil almışdır. Beləliklə yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmasını, öz əməlinə tənqidi münasibətinin olmasını, hazırda stasionar şəkildə psixoloji müalicə almasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan "xxxx" Reabilitation MMC tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Duzoğlu X7 rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi ev 50, mənzil 34B ünvanında yerləşən "xxxx" Rüabilitation MMC-də xx.xx.2023-cü il tarixdən “Mənəvi yardım və Ruh Yüksəkliyi” (stasionar) müalicəsini alır. Müalicənin reallaşması və effektiv nəticələnməsi üçün Təqsirləndirilən şəxs "xxxx" Reabilitation MMC-də 1 il müddətində (stasionar) qalması zəruridir. Törətdiyi cinayət əməlinin etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslər vurduğu zərəri ödəməklə aralarında barışıq əldə olunmasını, öz əməlinə tənqidi münasibətinin olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 13 mart 2023-cü il tarixli və 18 aprel 2023-cü il tarixli protokollardan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-122/2023 saylı, 15 mart 2023-cü il tarixli qərarından və təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 15 mart 2023-cü il tarixli və 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Polis İdarəsinin müstəntiqinin qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 18 aprel 2023-cü il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin müstəntiqinin qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 16 iyun 2023cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 13 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək və 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 cüt gümüş sırğa və 01 ədəd gümüş kulonun Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğurladığı əşyaları satarkən təqdim etdiyi özünün şəxsiyyət vəsiqəsinin surəti və alqı-satqı qəbzi Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 13 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək və 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 cüt gümüş sırğa və 01 ədəd gümüş kulonun Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğurladığı əşyaları satarkən təqdim etdiyi özünün şəxsiyyət vəsiqəsinin surəti və alqı-satqı qəbzi Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar