Məhkəmə qərarları › İş №1(010)-537/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-537/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-537/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 16 yanvar 1989-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olanş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, nömrəsiz evdə yaşamış, Suraxanı Rayon Məhkəməsinin 4(010)-179/2024 nömrəli iş üzrə 01 iyun 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 31 may 2024-cü ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin 4(010)- 274/2024 nömrəli iş üzrə 21 avqust 2024-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti uzadılmış) və 31 may 2024-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Suraxanı Rayon Məhkəməsinin 4(010)-178/2024 nömrəli iş üzrə 01 iyun 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 31 may 2024-cü ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin 4(010)-275/2024 nömrəli iş üzrə 21 avqust 2024cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti uzadılmış) və 31 may 2024-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “beton yolu” adlanan ərazidə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş binalara elektrik xətti çəkilməsini görüb, həmin elektrik xətti kabellərini talamaq qərarına gəldikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə 02 aprel 2024-cü il tarixdə saat 02:00 radələrində işıq kabelləri olan əraziyə gələrək əvvəlcədən özləri ilə gətirdikləri dəmir əşya ilə 1 metrinin dəyəri 16 manat təşkil edən alüminium və mis damarlı kabellərin 700 metr hissəsini, 17 aprel 2024-cü il tarixdə saat 02:00 radələrində isə həmin kabellərin 185 metr hissəsini kəsib, gizli olaraq talayaraq, "xxxx" MMC ilə podrat müqaviləsi bağlamış "xxxx" MMC tərəfindən şifahi razılaşma yolu ilə həmin işıq xəttlərinin çəkilməsi işini həyata keçirən zərərçəkmış şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 14.160 manat məbləğində maddı ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “beton yolu” adlanan ərazidə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş binalara elektrik xətti çəkilməsini görüb, həmin elektrik xətti kabellərini talamaq qərarına gəldikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə qrup üzvü Təqsirləndirilən şəxs1lə birlikdə 02 aprel 2024-cü il tarixdə saat 02:00 radələrində işıq kabelləri olan əraziyə gələrək əvvəlcədən özləri ilə gətirdikləri dəmir əşya ilə 1 metrinin dəyəri 16 manat təşkil edən alüminium və mis damarlı kabellərin 700 metr hissəsini, 17 aprel 2024-cü il tarixdə saat 02:00 radələrində isə həmin kabellərin 185 metr hissəsini kəsib, gizli olaraq talayaraq, "xxxx" MMC ilə podrat müqaviləsi bağlamış "xxxx" MMC tərəfindən şifahi razılaşma yolu ilə həmin işıq xəttlərinin çəkilməsi işini həyata keçirən Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 14.160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, balıq tutub satımışdır. Təqsirləndirilən şəxs2 ilə də belə tanış olmuşlar. Təxminən aprel ayında hava küləkli və yağışlı olduğuna görə balıq olmamış və bundan sonra o, Turanla birlikdə dəmir yığaraq satmaq qərarına gəlmişlər. Həmin vaxtı yol kənarında və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerdən dəmirləri yığaraq metal qəbulu məntəqələrinə vermişlər. 02 aprel 2024-cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi beton yolu adlanan ərazi ilə gedən zaman yol kənarında qalın mis kabellər olduğunu görmüşlər. Həmin vaxtı ətrafda heç kimin olmaması üçün gecə saatlarında həmin əraziyə Təqsirləndirilən şəxs2la birlikdə gələrək orada olan kabelləri doğrayıb özləri ilə gətirdikləri meşoklara yığmışlar. Daha sonra həmin kabelləri Turana məxsus nəqliyyat vasitəsilə dəniz kənarına apararaq, orada yandırıb üzərindəki rezinləri təmizləmişlər və səhər saatlarında həmin misləri Hövsan qəsəbəsi ərazisində olan metal qəbulu məntəqəsinə apararaq satmışlar. Bundan sonra həmin yerdə kabel olduğunu bildikləri üçün təkrar oradan oğurluq etmək üçün 17 aprel 2024-cü il tarixdə saat 020 radələrində həmin yerə getmişlər. Orada ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yenə də Turanla birlikdə kabelləri doğramışlar və özləri ilə gətirdikləri meşoklara yığıb Turana məxsus nəqliyyat vasitəsilə dəniz kənarına apararaq, orada yandırıb üzərindəki rezinləri təmizləmişlər və səhər saatlarında həmin misləri Hövsan qəsəbəsi ərazisində olan metal qəbulu məntəqəsinə apararaq satmışlar. Hər dəfə misləri metal qəbulu sexinə satdıqdan sonra əldə olunan pulları Turanla aralarında bölmüşlər. Həmin mislərin satılmasından təxminən 180-200 manat məbləğində pul əldə etmişlər. Pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Sonda o, əməlindən qismən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, balıq satmaq işi ilə məşğuldur. Təqsirləndirilən şəxs1 ilə belə tanış olmuşlar, Təqsirləndirilən şəxs1 balıqları alıb satmışdır. Özü “Matorel” markalı nəqliyyat vasitəsini idarə edir. Vaxtını xatırlamağıdı zaman Təqsirləndirilən şəxs1 ona zəng edərək onu yanına çağırıb Hovsan qəsəbəsində beton yol adlanan əraziyə gedəcəklərini bildirmişdir. O, Seymuru yaşadığı Hövsan qəsəbəsindən gecə saat 02:00 radələrində götürmüş və beton yol adlanan əraziyə gətirmişdir. Yol kənarında “Matoreli” saxlamış və Seymur “Matorel”dən düşmüşdür. Ona isə bildirmişdir ki, yol kənarında dayanmasın, ona zəng edəndə dalınca gəlsin. Təxminən bir neçə saatdan sonra Seymur ona zəng edərək çağırmış, o, həmin yerə gedib Seymurun meşoklarına köməklib edib “Matorel”ə qoymuşlar və birlikdə qayıtmışlar. Orada olan zaman misləri çıxarıb üzlərini soyub, soyulmayanları isə yandırıb, üzlərini təmizləmişlər. Misləri sonra yenidən meşoklara yığıb Hövsan qəsəbəsində olan metal qəbulu məntəqəsinə aparıb satmışlar. Satan zaman əldə olunan puldan Seymur ona birinci dəfə 35 manat vermişdir. Bundan bir neçə gün sonra yenidən ona zəng etmiş və o, yenidən Seymuru Hövsandan gecə saatlarında götürüb beton yola aparmışdır. Təxminən bir neçə saat Seymuru yenidən oradan götürüb dəniz kənarına gəlmişlər. Dəniz kənarında yenidən misləri yandırıb səhəri gün yenidən metal qəbulu məntəqəsinə vermişlər. Bundan sonra Seymur ona 40 manat pul vermişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Calal oğlu ifadəsində göstərmişdir ki, "xxxx" şirkətinin podratçı işçisidir. Belə ki, şirkətdən işi təhvil alıb yekunlaşdırıb həmin "xxxx" şirkətinə təhvil verir. 2024-cü ilin mart ayında həmin şirkətdə Hövsan qəsəbəsi yolunda "xxxx" MMC-nin binalarına elektrik xətləri çəkmişlər. Həmin vaxtı gündüzlər orada işlər gedir, axşam saatlarında isə işçilər yekunlaşıb oradan getmişlər. Qazılmış yerlər isə üstü açıq qalmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında işə gələn zaman elektrik xətlərindən 700 metr hissəsinin kəsilərək oğurlandığını müəyyən etmişdir. Bununla bağlı olaraq dərhal DİN-in «102» xidməti zəng mərkəzinə məlumat vermişdir. Baş vermiş həmin oğurluq hadisəsi zamanı ona 11.200 manat maddi ziyan dəymişdir. Sonradan isə xx.xx.2024-cü il tarixdə səhər saatlarında yenidən işə gələn zaman ərazidən 185 metr uzunluğunda kabel xəttinin yenidən kəsilərək oğurlandığını müəyyən etmişdir. Yenidən dərhal bununla bağlı DİN-in «102» xidməti zəng mərkəzinə məlumat vermişdir. Sonuncu oğurluq hadisəsi zamanı ona 3.840 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisələri zamanı ona ümumilikdə 15.040 manat maddi ziyan dəymişdir. Hadisə yerinə gəlib polis əməkdaşlarının iştirakı ilə metrə ilə ölçüb ölçünü çıxarmışlar. Kabelləri o, öz pulu ilə almış, lakin hansı qiymətə aldığı yadına gəlmir. İşi bitirdikdə sonra isə kabellərə verdiyi pulu şirkətdən alacaqdı. Təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxslərə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Maral” heykəlinin yaxınlığında olan metal qəbulu məntəqəsini işlədir. Həmin metal məntəqəsində əlvan metal qəbulunu həyata keçirir. Belə ki, Təqsirləndirilən şəxs1 bir neçə dəfə onun işlədiyi metal qəbuluna gələrək metal vermişdir. Sonuncu iki dəfə isə gətirib ona mis metalını vermişdir. Bunun müqabilində isə Seymura təxminən 180 manat pul ödəmişdir. Həmin mis metalları alan zaman oğurluq etməsini bilməmişdir. Metalları zavodlara təvil verirlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin materiallarında olan ekspert rəyini və müvafiq istintaq hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edir. İş materiallarında olan X2 əmtəəşünaslıq ekspertizasının 31 iyul 2024-cü il tarixli 129 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Zərərçəkmiş şəxs təqdim etdiyi oğurlanmış kabellərin nümunəsi üzrə aliminium və mis çox damarlı kabelərin 1 metrinin orta bazar qiyməti ilə təqribi dəyəri 16,00 manat məbləğində müyyən edilir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-178/2024 nömrəli iş üzrə 01 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 31 may 2024-cü ildən hesablanmaqla 23 avqust 2024-cü il tarixədək «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-179/2024 nömrəli iş üzrə 01 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 31 may 2024-cü ildən hesablanmaqla 23 avqust 2024-cü il tarixədək «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-274/2024 nömrəli iş üzrə 21 avqust 2024-cü il tarixli qərarıilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 02 ay, yəni 23 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-275/2024 nömrəli iş üzrə 21 avqust 2024-cü il tarixli qərarıilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 02 ay, yəni 23 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan “sübutların qiymətləndirilməsi” haqqında 26 sentyabr 2024cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2, 180 və 194.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 01 sentyabr 2014-cü il təvəllüdlü X4 adlı uşağı var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli səmimi qismən etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxsin və şahinin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasının əvvəli 31 may 2024-cü il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasının əvvəli 31 may 2024-cü il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Accord” şirkətində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri iş materiallarında saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 31 may 2024-cü il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 31 may 2024-cü il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Accord” şirkətində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 809 oktyabr692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar