Məhkəmə qərarları › İş №1(010)-54/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-54/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-54/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 11 ünvanda qeydiyyatda olub həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 23:30 dəqiqədə vətəndaş Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Əliyev küçəsi, dalan № 1 ünvanda yerləşən 8B №li evin ikinci mərtəbəsində yerləşən eyvana qanunsuz daxil olaraq, orada divara quraşdırılmış 01 (bir) ədəd, dəyəri 450 manat təşkil edən İtaliya istehsalı olan «Ferol» markalı Domiprocest F 32 modelli kombi aparatını və 01 (bir) ədəd, dəyəri 120 manat təşkil edən Türkiyə istehsalı olan «Efendiler» markalı 24 litr su tutumlu su qızdırıcısnı gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 570 manat maddi ziyan vurmuşdur. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 23:30 dəqiqədə o, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, 1 № li dalanın qarşısından keçəndə görmüşdür ki, iki mərtəbli fərdi yaşayış evinin işıqları yanmır və başa düşmüşdür ki, evdə yaşayış yoxdur. Buna görə də o, həmin evdən oğurluq etmək fikirinə düşmüşdür. O, həyətin daş hasarının hündürlüyünün az olduğunu görüb hasarın üstünə çıxmış və evin ikinci mərtəbəsində yerləşən açıq vəziyyətdə olan eyvana daxil olmuşdur. Eyvanda olan divara quraşdırılmış bir ədəd su qızdırıcısını və bir ədəd kombi araratını açaraq, eyvanda olan paltar asılması üçün nəzərdə tutulan kəndir ilə həyətə salmışdır. Sonra özü eyvandan həyətə düşərək, həmin su qızdırıcısını və kombi aparatını həyətdən küçəyə çıxartmışdır. O, su qızdırıcısını küçədə gizlətmiş, kombi aparatını isə götürərək, təxminən 2 km aralıda yaşayan qonşusu olan Nailənin evinə aparmışdır. O, Nailəyə demişdir ki, onda bir ədəd kombi aparatı, bir ədəd isə su qızdırıcısı aparatı var və pula ehtiyacı olduğu üçün onları satmaq niyyətindədir. Nailə həmin əşyaların oğurluq olub-olmamasını soruşmuş, o, Nailəyə demişdir ki, əşyaların heç biri oğurluq deyil və öz evində artıq olduğundan, bu əşyaları satır. Nailə onun bu əşyaları almaqda onunla razılaşmış və o, özü ilə gətirdiyi kombi aparatını Nailənin həyətinə qoymuş, sonra isə geri dönərək və su qızdırıcısını götürürək Nailəgilin həyətinə gətirmişdir. Nailə ona 30 manat pul vermiş və həmin pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Törətdiyi əməldən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərdən məhkəmə prosesində iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödədiyini bildirmiş, humanizm prinsiplərini rəhbər tutaraq, sonuncuya daha yüngül cəzanın verilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun ünvan 3 8 B ünvanında fərdi yaşayış evi vardır, işi ilə əlaqədar Yasamal rayonu, Mirəli Seyidov küçəsi 31/38, mənzil № 27 ünvanda yaşadığı üçün, Suraxanı rayonu Əmircan qəsəbəsinə olan fərdi yaşayış evində müvəqqəti olaraq yaşamır, lakin tez tez gələrək, evə baş çəkir. Bundan başqa, həmin evə qonşuluqda yaşayan qardaşı Mehralı və etibarnamə üzrə səlahiyyət verdiyi Şahid2 nəzarət edir. xx xxxxxx 2020-ci il tarixdə Şahid2 mobil telefon vasitəsilə ona zəng edərək bildirmişdir ki, ona məxsus evə naməlum şəxs (şəxslər) qanunsuz daxil olaraq, eyvanda quraşdırılmış 01 (bir) ədəd İtaliya istehsalı olan «Ferol» markalı kombi aparatını və 01 (bir) ədəd Türkiyə istehsalı olan «Efendiler» markalı 24 litr su tutumlu su qızdırıcısını oğurlamışdır. Onun işləri olduğu üçün Şahid2 demişdir ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə gedərək ərizə yazsın. Bir neçə dəqiqədən sonra Şahid2 ona zəng edərək, Suraxanı Rayon Polis İdarəsinə getməyini və ona məxsus evdən oğurluq hadisəsinin baş verməsi barədə ərizə yazdığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinə ərizə ilə müraciət edərək, evindən oğurluq edən şəxsin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilməsini və həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmağını xahiş etmiş, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/3606 saylı rəyi ilə tanış olmuş, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymət ilə razı olduğunu, rəy üzrə heç bir şikayətinin və vəsatətinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 23:50 dəqiqədə uzaq qohumu və qonşusu olan Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək demişdir ki, bir ədəd kombi aparatı, bir ədəd isə qızdırıcısı vardır və pula ehtiyacı olduğu üçün onları satmaq istəyir. O, Allahverəndən həmin əşyaların oğurluq olub-olmamasını soruşmuş, Allahverən ona demişdir ki, satmaq istədiyi bir ədəd kombi aparatı və bir ədəd su qızdırıcısı oğurluq deyil və öz evində artıq olduğundan, bu əşyaları satmaq istəyir. Bundan sonra o, Allahverənə demişdir ki, münasib qiymətə versə, satmaq istədiyin əşyaları alar. Allahverən ona demişdir ki, problem yoxdur, necəyə istəyirsə, bu əşyaları sata bilər. O, Allahverənin göstərdiyi bir ədəd kombi aparatının və bir ədəd su qızdırıcının işlək vəziyyətdə olub-olmamasını soruşduqda, Allahverən demişdir ki, heç bir problemi yoxdur, qeyd olunan əşyalar tam işlək vəziyyətdədirlər. Bundan sonra o, Allahverənin sözünə inanaraq, sonuncunun satmaq istədiyi bir ədəd kombi aparatına və bir ədəd su qızdırıcısına ümumilikdə 30 manat pul verərək götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, hazırda “Yeni Azərbaycan” qəzetində müxbir işləyir. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Zərərçəkmiş şəxs xx xxxxxx 2018-ci il tarixli etibarnamə ilə onu Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, nazirliklərdə, prokurorluqlarda, istintaq orqanlarında və digər strukturlarda ərizə vermək, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etibar etmişdir. xx xxxxxx 2020ci il tarixdə, saat təxminən 17:30 dəqiqədə o, Zərərçəkmiş şəxs məxsus, ünvan 3 8B ünvanda yerləşən evə getmiş, evdə yaşayış olmadığından, evin qapısını açar ilə açaraq evə daxil olmuş və evin ikinci mərtəbəsinə qalxmışdır. İkinci mərtəbədə yerləşən eyvana çıxdıqda, eyvanda divara quraşdırılmış bir ədəd, dəyəri 1200 manat təşkil edən İtaliya istehsalı «Ferrol» markalı kombi aparatının və bir ədəd, dəyəri 300 manat təşkil edən Türkiyə istehsallı «Efendilər» markalı 24 litr su tutumlu su qızdırıcısmın yerində olmadığını aşkar etmişdir. Başa düşmüşdür ki, naməlum şəxs (şəxslər) evə qanunsuz daxil olaraq, qeyd etdiyi əşyaları divardan çıxardaraq oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar evin sahibi Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə zəng edərək məlumat vermiş və Zərərçəkmiş şəxs ona telefonda bildirmişdir ki, evdən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə gedərək ərizə yazsın. Sonra o Suraxanı Rayon Polis İdarəsinə gələrək, Zərərçəkmiş şəxs məxsus, ünvan 3 8B ünvanda yerləşən evdən oğurluq baş verməsi barədə ərizə yazmışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gələrək, onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-201/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli 20/469 R saylı rəyindən görünür ki, hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 03 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır və şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl barmaq izlərindən 02 ədədi xx.xx.1984-cü il tarixdə ermənistan respublikasından anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/3606 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd «Ferrol» markalı Domiprocect F 32 modeli istismar edilmiş kombi aparatı 450 manat, bir ədəd «Efendiler» markalı 24 litr su tutumlu istismar edilmiş su qızdırıcısı 120 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş və xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməllərinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» x xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən törədikləri cinayət əməllərində cəzalarını ağırlaşdıran halların olmamasını qeyd etməklə, törətdiyi cinayət əməlini etiraf etməsini və törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi sanksiyası həddində cəza təyin edilməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini tam təmin edir. Belə ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əvvəllər də CM-nin müxtəlif maddəlləri nəzərdə tutulmuş cinayət əməllərinin, o, cümlədən, oğurluq cinayətinin törədilməsində təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb olunaraq məhkum edilmiş, lakin islah olunmayaraq, hazırki cinayət əməlini törətmişdir. Göstərilən hallar cinayət qanunvericiliyinin tələblərinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar olmasa da, onun şəxsiyətini səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Permi markalı Domiprocest F 32» modelli kombi aparatı və 01 (bir) ədəd «Efendiler» markalı 24 litr su tutumlu su qızdırıcısı məhkəmə baxışına kimi saxlanılması üçün xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs təhvil verildiyindən, Zərərçəkmiş şəxs təhvil verilmiş hesab olunmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Permi» markalı Domiprocest F 32 modelli kombi aparatı və 01 (bir) ədəd «Efendiler» markalı 24 litr su tutumlu su qızdırıcısı xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs təhvil verildiyindən, Zərərçəkmiş şəxs təhvil verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar