Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-54/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1991-ci ildə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Zaqatala rayonu, Aşağı Tala ərazi dairəsi, Aşağı Tala kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində nömrəsiz evdə yaşayan, 31 iyul – 02 avqust 2021-ci il tarixləri üzrə tutulmuş, 02 avqust 2021-ci ildə barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və 22 dekabr 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 iyul 2021-ci ildə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonunun ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 2,039 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 4 manata əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 iyul 2021-ci ildə saat 17:30 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılıb Suraxanı RPİ-nin 31-ci polis bölməsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli cins şalvarının sol cibindən içərisində 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 2,039 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə istifadə edir. Narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxslərdən pulla alır və inyeksiya yolu ilə qəbul edirdi. Rəhman və Tərlan adlı şəxslər onun tanışlarıdır. 31 iyul 2021-ci ildə saat 14-15 radələrində Suraxanı rayonu ərazisində ünvanını bilmədiyi küçə ilə piyada hərəkət edərkən əvvəllər tanımadığı bir şəxslə rastlaşdı. Həmin şəxslə söhbət zamanı ona məlum oldu ki, sonuncu narkotik vasitə satmaqla məşğul olur. Həmin şəxsdən narkotik vasitə istəmiş və ona 4 manat verib bir büküm narkotik vasitə «kakos» almışdır. Bükümü açıb baxmış və içərisində qəhvəyi rəngli toz halında “kakos” olduğunu görmüşdür. Saat 17:15 radələrində tanışları Rəhman və Tərlanla S.Bəhlulzadə küçəsində görüşüb onlarla birlikdə 17-ci döngəyə gəldi. Rəhman və Tərlan onun üzərində narkotik vasitə olduğunu bilmirdilər. Saat 17:30 radələrində bir neçə nəfər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirdilər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etdikdə o, və digər şəxslər özlərini təqdim etdilər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etdilər. O, və digər şəxslər etiraz etməyərək polis əməkdaşları ilə razılaşmış, bundan sonra polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edildi, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olundu. Bundan sonra video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya olması barədə sual verildi və təklif olundu ki, üzərində qanunsuz əşya vardırsa təqdim etsin. Əynində olan qara rəngli cins şalvarın sol cibindən 01 ədəd kağıza bükülmüş narkotik vasitəni çıxarıb təqdim etdi. Polis əməkdaşı həmin maddənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda bildirmişdir ki, bu narkotik vasitə “kakosdur” və onu həmin gün tanımadığı şəxsdən Suraxanı rayonu ərazisində öz şəxsi istifadəsi üçün 4 manata alıb. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış davam etdirildi, lakin qanunsuz başqa heç nə aşkar edilmədi. Onun üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra bu barədə protokol tərtib olundu, protokol ucadan oxundu, protokolun doğruluğu imzalarla təsdiq olundu. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 bildirmişdir ki, 31 iyul 2021-ci il tarixdə “Baloğlan” adlı şəxsin və digər şəxslərin Suraxanı rayonunun inzibati ərazisində və Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, nömrəsiz evdə narkotik vasitələri və psixotrop maddələri əldə etməklə qanunsuz olaraq saxlayaraq daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin şəxslərin cinayət başında yaxalanması məqsədi ilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də raportla Suraxanı RPİ-nin 31-ci polis bölməsinin rəhbərliyinə məruzə edilmiş və 31 iyul 2021-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs və digər şəxslərin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o, həmçinin Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı X2 və polis mayoru Şahid3 daxil edilmişdir. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş, Təqsirləndirilən şəxs və digər şəxslərin barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan həmin şəxslərin şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 31 iyul 2021-ci il tarixdə saat 17:30 radələrində qrup üzvləri ilə birlikdə ünvan 4 ünvanında olan zaman üç nəfər kişi cinsindən olan şəxslşəxsin əlamətlərinin əməliyyat məlumatında göstərilən şəxslərin əlamətləri ilə oxşar olduğunu görüb onlara yaxınlaşmışlar və saxlanılan şəxslərə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər, bundan sonra həmin şəxslərə şəxsiyyətləri barədə məlumat vermələrini dedikdə saxalanılan şəxslər özlərini təqdim etdikdən sonra onların X1, X3 və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxslərə qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduqları bildirilmiş və onlar 31-ci polis bölməsinə dəvət olunmuşlar. Saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması 31-ci polis bölməsinin təhqiqatçısı Azər Süleymanova həvalə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 31-ci polis bölməsinə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış aparılacağı izah edildikdən sonra şəxsi axtarış iştirakçılarına, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı iştirakçıların, o cümlədən Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə, əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoymuş, bükümdəkinin heroin olduğunu və heroini 31 iyul 2021-ci il tarixdə səhər saat 14 radələrində üzdən tanıdığı şəxsdən 4 manata özünün istifadə etməsi üçün aldığını demişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngdə maddənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırıldı və möhürlə möhürləndi. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı X2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun öz etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri ilə və s. təsdiq olunur. 01 avqust 2021-ci il tarixli 6/3233 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arayışlar üçün №195” dairəvi möhür əksi, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,039 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». 09 sentyabr 2021-ci il tarixli 3327 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini etiraf etdiyini və peşman olduğunu, himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,989 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 iyul – 02 avqust 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 22 dekabr 2021-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,989 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-54/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-54/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver