Məhkəmə qərarları › İş №1(010)-54/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-54/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-54/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ev 23 mənzil 33-də qeydiyyatda olub yaşamış, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli 05 aprel 2022-ci il tarixdən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddətinin uzadılmasından imtina edilərək, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 aprel 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, fərdi yaşayış evləri olan ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 05 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,084 qram, 0,087 qram, 0,046 qram, 0,095 qram və 0,099 qram, ümumi təmiz çəkisi 0,411 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 bükümdə təmiz çəkisi 0,119 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əldə etdiyi narkotiki öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, satış ilə məşğul olmamışdır. Tərəzini isə onu aldatmamaları üçün istifadə etdiyini, bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. 05 aprel 2022-ci ildə Suraxanı rayonu Zığ qəsəbəsində «Elşən» adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin şəxsin müəyyən olunması və onun bölməyə gətirilməsi zərurəti yarandığından, PB-nin rəisinə raportla müraciət etmiş və əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edərək Bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 05 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində sahə rəisi, polis mayoru Şahid2la birlikdə Zığ qəsəbəsinə getmişlər. Elşənin yaşadığı ehtimal olunan nömrəsiz ünvanın qarşısında məlumatda bildirilən əlamətlərə görə Elşən adlı şəxslə rastlaşaraq onu Suraxanı RPİ-nin 33-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu N.Tusi küçəsi ev 23, mənzil 33-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi təhqiqatçı Elməddin Əhmədova həvalə edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 6 ədəd bükümü və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən 5 ədədinin içərisində ağ rəngli və 1 ədədinin içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlələr olduğu müəyyən edilmişdir. O, bildirmişdir ki, həmin 5 ədəd bükümdə olan metamfetamin və 1 ədəd bükümdə olan maddə narkotik vasitə heroindir və tanımadığı şəxsdən almış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Həmçinin bildirmişdir ki, tərzəni özünə məxsusdur, tamıdığı şəxsdən narkotik maddə alarkən aldadılmaması üçün özündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və tərəzi kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 33-ci PB-nin 171 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş psixotrop maddəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 24-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 65-70-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 4(010)-210/2022 saylı qərarına əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 27-28-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, nömrəsiz evin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən 6 ədəd bükümü və 1 ədəd tərəzini çıxarıb təqdim etmişdir, həmin 5 ədəd bükümdə olan metamfetamin və 1 ədəd bükümdə olan maddə narkotik vasitə heroindir və tanımadığı şəxsdən almış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Həmçinin bildirmişdir ki, tərəzini özünə məxsusdur, tanıdığı şəxsdən narkotik maddə alarkən aldadılmaması üçün özündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və tərəzi kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 33-ci PB-nin 171 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin 71-ci vərəqində olan 08 aprel 2022-ci il tarixli “ diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 05 aprel 2022-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 6 ədəd bükümü və 1 ədəd elektron tərəzini çııxarıb təqdim edir. Bükümlər açılıb baxılır, onlardan 5 ədədinin içərisində ağ rəngli kristal şəkili madələr, 1 ədədinin içərisində isə qəhvəyi rəngli maddə olduğu aşkar olunur. Təqsirləndirilən şəxs hansı yolla əldə etməsi barədə sual verilir, sonuncu da həmin maddələri tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirir. Bükümdəki maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülür. Cinayət işinin 33-37-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 06 aprel 2022-ci il tarixli 6/1844 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs üzərindən» və s.yazılar və imzalar olan paketdə beş ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,084 qram, 0,087 qram, 0,046 qram, 0,095 qram və 0,099 qram, ümumi təmiz çəkisi 0,411 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, beş büüükümdəki metamfetamin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər, bir ədəd bükümdə təmiz çəkisi 0,119 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində «01 ədəd tərəzi qablaşdırılmış formada» və s. sözlər olan paketdəki elektron tərəzinin üzərində heroin izləri müəyyən edilir. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Cinayət işinin 86-87-ci vərəqində olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2661 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 79-80-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 4(010)-387/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində verilmiş həbsin uzadılması ilə bağlı təqdimat təmin edilməmiş, həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş, onun barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 05 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qram, 0,087 qram, 0,046 qram, 0,095 qram və 0,099 qram, ümumi təmiz çəkisi 0,411 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 bükümdə təmiz çəkisi 0,119 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində 3 azyaşlı uşağının olmasını) halların mövcud olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmənin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və tərəzi məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,079 qram narkotik vasitə olan heroin, narkotik vasitə olan 0,311 qram metamfetamin və 01 ədəd tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar