Məhkəmə qərarları › İş №1(010)-545/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-545/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-545/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə 10 avqust 1969-cu ildə Ağdam rayonu, Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatdadır, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, nömrəsiz evdə yaşayan, 05 – 07 aprel 2025-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,04 qram narkotik maddə olan metadon tərkibli 1 (bir) ədəd həb əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 10 iyun 2025-ci il tarixilə, saat 14:45-də narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən yem mağazasının yaxınlığında saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış və götürmə həyata keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 1 (bır) ədəd gümüşü rəngli selolan kəsiyinə bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,04 qram narkotik maddə olan metadon tərkibli 1 (bir) ədəd həb aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, arada bir marixuanadan istifadə etmişdir. Hadisə günü səhər saatlarında müştərini düşürdüb saxlamışdır yolun kənarında və iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq “Opel” minik markalı avtomobilin kimə aid olduğunu soruşmuşlar. O, da ona məxsus olduğunu deyərək polis əməkdaşları ona bildirmişlər ki, otursun maşına gedirlər. O, isə hara gecəcəklərini soruşanda, polis əməkdaşları gedəndə biləcəyini demişlər. Yolun o biri hissəsində avtomobil olmuş, arxaya oturmuş və ondan narkotik qəbul edib-etmədiyini soruşmuşlar, o, isə yox demişdir. Polis əməkdaşları ona bildirmişlər ki, ciblərində nə varsa çıxartsın, onun isə cibindən dərman çıxmışdır. Dərmanın nə olduğunu soruşmuşlar, o, isə ağrıkəsici olduğunu demişdir. Polis əməkdaşları aydınlaşdırılmasını demişlər. Gedərək yolda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ilə Köhnə Suraxanı qəsəbəsi arasında saxlayaraq kiməsə zəng etmişlər. Başqa avtomobil gəlmiş və onu Suraxanı Rayon 31-ci Polis Bölməsinə aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, böyrəkləri, ayaqları və sümükləri ağrıyır deyə arada aksinfort adlanan dərman alır. Ağrı üçün dərmanı həkim məsləhəti ilə yox, aptekdən alırdı. Taksi sürücüsü işləyir. Həmin müştərini tanımır, müştəri kimi oturdu avtomobilə və söhbət əsnasında ağrıkəsici dərmanı olduğunu dedi. Amma dərmanın baha olduğunu demiş və 10 manata almışdır. Müştərini aparıb Bülbülə qəsəbəsində düşürtmüş və 10-15 dəqiqə sonra iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşmışlar. 5 manat verdi həmin müştəriyə, 5 manat isə yol puluna çıxmışdır. Tutulmasa dərmandan istifadə edəcəkdir. Agrıkəsici adı ilə almışdır dərmanı, narkotik olduğunu bilmirdi. Polis İdarəsində demişlər ki, narkotikdir, ondan sonra bilmişdir. Ona qarşı hədə-qorxu, fiziki təsir, döymə olmamışdır. Kəndin içində fərdi olaraq taksi işləyir. Həmin müştərini tapma ehtilmalı yoxdur, təsadüfü müştəri idi. Dayandığı yerdə Yeni Suraxanıda işıqforun yanında marketlər var idi. Həmin yerdə 10-15 dəqiqə dayanmışdır. Orada dayananda onu görənlər olmuş, bir Esmira adlı qadın və bir Orxan adlı kişi var idi. Onlar ayrı adamlar idilər. Saat səhər 10-11-ə işləmiş idi. Saxlanılandan sonra 31-ci polis bölməsinə gətirilmişdir. Həmin yerdən bölməyə 10 dəqiqəyə çatmışlar. Bölməyə çatanda üstündə telefon var idi. Bölməyə çatdıqdan 15 dəqiqə sonra telefonu aldılar. Bölmədə oğluna zəng etmişdir. Polislər demişlər ki, bu narkotikdir. Açıq dərman idi, siqaretin falqasına bükmüşdür. Polislər dərmanın narkotik olduğunu deyəndə onlardan bunu haradan bildiklərini soruşmamış, şokda idi. Dərmanın narkotik olduğunu bilmirdi, ağrıkəsici adı ilə almışdır. Dərmanın adı yox idi, müştəridən almışdır. Aptekdən ağrıkəsici dərman olan aksinfortu 30-40 qəpiyə alırdı. Müştəri xarici və yaxşı effektiv dərman olduğunu demiş, ona görə almışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “təxminən 5-6 ay olar ki, ağrıları olduğuna görə narkotik tərkibli metadon həblərindən arada bir istifadə edir. O, metadon həblərini Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dələ 10 iyun 2025-ci il tarixdə təxminən saat 10:30 radələrində Bakı şəhəri, Xəzər rayonu ərazisində olarkən orada bir nəfər tanımadığı şəxslə rastlaşmış, həmin şəxsin xarici görünüşündən onun narkotik vasitə qəbul edən olduğunu bilmişdir. O., həmin şəxsə yaxınlaşmış və metadon həbləri qəbul eldiyini bildirib ondan bir ədəd metadon həb istəmişdir. Həmin şəxs bir ədəd metadon həbini ona 10 manata təklif etmişdir. O, həmin şəxslə razılaşaraq ona 10 manat pul vermiş və bir ədəd gümüşü rəngli selolan kəsiyi bükümündə narkotik tərkibli bir ədəd metadon həb almışdır. Bundan sonra həmin bükümü əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin şəxs bir büküm halında narkotik tərkibli olan bir ədəd metadon həbini ona verəndən sonra orada dayanmamış və uzaqlaşıb gedərək gözdən itmişdir. O, bundan sonra həmin ərazidən uzaqlaşmış və şəxsi işlərinin ardınca getmişdir. O, həmin günü yəni 10 iyun 2025-ci il tarixdə saal 14:45 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində Nəriman Nərimanov küçəsində yerləşən yem mağazasının yaxınlığında dayanan zaman üç nəfər mülkü geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişdilər. Daha sonra polis əməkdaşları onun ad və soyadını soruşmuş, o da özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə, predmet və ya narkolik maddə olub-olmadığını soruşmuş və olduğu halda onlara təqdim etməsini bildirmişdilər. Həmin vaxtı polis əməkdaşlarından biri mobil telefon vasiləsitə videoçəkiliş aparmışdır. O, həmin vaxtı üzərində narkotik tərkibli bir ədəd metadon həbi olduğunu polis əməkdaşlarına bildirmiş və əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd gümüşü rəngli selolan kəsiyinə bükülmüş bükümü onlara təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü ondan alıb baxdıqdan sonra həmin bükümü arasında olan metadon həbi ilə birlikdə zərfə qoyub qablaşdırmış, daha sonra zərfin üzəri DİN-nin ştamp əksi ilə möhürləmişdilər. O, polis əməkdaşları ilə birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra polis əməkdaşları onun üstünə baxışı davam etdirdi üstünu yoxlamışdılar, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları onun üstünə baxış keçirib qutardıqdan sonra ona birlikdə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə getməyi təklif etmişdilər. O, etiraz etməmiş və onlarla birgə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə getmişdir. Polis Şöbəsinə gəldikdən sonra özünü Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin baş təhqiqatçısı kimi təqdim edən Rasim Seyidov onun üzərindən götürülmüş və zərfə qoyularaq qablaşdırılmış narkotik tərkibli bir ədəd metadon həbinə xidməti olaqda onun və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmiş, eləcədə polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə keçirilən baxışın video görüntüləri olan diski komputerə salıb orada olan görüntülərə baxış keçirmişdir. Bundan sonra təhqiqatçı bu barədə protokol tərtib etmiş, o və iştirakçılar həmin protokola imza elmişdilər. Bundan sonra təhqiqatçısı Rasim Seyidov üzərində ona qanunsuz olaraq narkolik maddəni saxlamaqda və gəzdirilməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu demiş, ona şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. O, həmin vaxtı ərizə ilə müraciət edərək maddı imkanı olmadığına görə dovət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Suraxanı rayonu 9 saylı vəkil bürosundan Müdafiəçi2 Çinqiz oğlu ona hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı onun izahatını almışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq etməmişdilər. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, lakin narkotik vasitə hesab edilən metadon həblərindən arabir istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı əynində olan paltarlar ona məxsus olmuşdur. Narkotik tərkibli metadon həbini ona satan şəxsi tanımadığını, onun ad və soyadını, harada yaşadığını və nə işlə məşğul olduğunu bilmədiyini, həmin şəxsi ilk dəfə 10 iyun 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonunda gördüyünü bildirmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Əməliyyat məlumatı daxil olmuşdur ki, vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi il məşğuldur. 10 iyun 2025-ci il tarixində saat 15.00 radələrində daxil olmuş məlumata əsasən yaxınlaşmışlar Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində, özlərini təqdim emişlər və təqsirləndirilən şəxsə narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını və üzərində hər hansı əşya varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs da cibindən könüllü olaraq dərman həbi çıxartmışdır. Gümüşü sellofanda təqdim etmiş və sonra gəlmişlər Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsə 3 nəfər yaxınlaşmışlar. Yaxınlaşanda təqsirləndirilən şəxs tək idi. Təqsirləndirilən şəxsə yaxınlaşanda videoçəkiliş aparmışlar. Təqsirləndirilən şəxs könüllü olaraq teqdim etmiş və istifadəçi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı fiziki təsir və heç bir təzyiq olmamışdır. Metadonu tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsi Bülbülə qəsəbəsində saxlamışlar. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir: “o, 10 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat almışdır. O, dərhal həmin məlumatı PS-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 31-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Suraxanı RPİ-nin 31-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis İeytenantı Şahid3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsinə getmişdir. Həmin günü yəni 10 iyun 2025-ci il tarixdə saat 14:45 radələrində idarə etdikləri avtomobillə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində hərəkət edərkən orada yerləşən yem mağazasının yaxınlığında Təqsirləndirilən şəxs dayandığını görüb avtomobili saxlayıb düşüb ona yaxınlaşmışdılar. O, həmin vaxtı yanında olan polis əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə özünü Təqsirləndirilən şəxs təqdim edib Suraxanı rayon 31-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını ona bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqdim edəndən sonra ona narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib ona üstündə narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsini təklif elmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlara üstündə narkotik maddə olan metadon olduğunu bildirmiş və əynində olan boz rəngli şalvarının sağ yan cibindən gümuşıı rəngli xırda sellofan kəsiyinə bükülmüş bükümü çıxardıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd gümüşü rəngli xırda sellofan bükümün arasında narkotik maddə olan metadon olduğunu bildirmişdir. O, bundan sonra həmin bir ədəd gümüşü rəngli xırda sellofan bükümünə baxış keçirmiş və arasında bir ədəd həb halında maddə olduğu müəyyən olunmuşdur. Daha sonra həmin büküm içərisindəki həmin bir ədəd həb halında olan maddə ilə birlikdə zərfə qoyub qablaşdırmış, zərfin üzərinə iştirakçılar tərəfindən imza edilmiş, daha sonra zərfin üzərini DİN-nin ştamp əksi ilə möhürləmişdir. Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış aparılması mobil telefon vasitəsindən istifadə edilməklə video çəkiliş vasitəsilə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən gəzdirilməsi və saxlanılması qanunla qadağan olunan başqa hər hansı bir maddə və ya əşya aşkar olunmamışdır. Şəxsi axtarış tamamlandıqdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs heç bir muqavimət göstərmədən onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə getmiş, Suraxanı RPİ-nin 31-ci PŞ-nə gəldikdən sonra şəxsi axtarış və götürmə aparılması barədə bölmədə protokolu tərtib etmiş və tərtib eldiyi protokolu Təqsirləndirilən şəxs eləcədə polis əməkdaşlarına oxumuş, protokolun düzgün tərtib edildiyi imzalarla təstiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi haqqında raportla rəhbərliyə məruzə etmiş, daha sonra Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş təhqiqatçısı polis polkovnik X3 tərəfindən araşdırma aparılmışdır. X1 üstündən aşkar edilərək götürülmüş və zərfə qoyub qablaşdırdığı bir ədəd gümüşü rəngli sellofan bükümünə təhqiqatçı Rasim Seyidov tərəfindən onların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin büküm açılmış və arasında bir ədəd həb halında maddə olduğu müəyyən olunmuşdur. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən zərfə qoyulmuş, qablaşdırılmış, zərfin üzəri DİN-nin ştamp əksi ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, protokol onlara oxunmuş, protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil təyin edilmiş, prosessual qaydada sənədləşmə aparılmış və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu sual zamanı o, təqdim etdiyi bir ədəd gümüşü rəngli sellofan bükümdəki bir ədəd metadon həbi olduğunu, həmin metadonu 10 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində bir nəfər tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat pulun müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli bir ədəd metadon həbini haradan və kimlərdən əldə etməsini müəyyən edilməsi istiqamətdə əməliyyat axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs bir ədəd metadon həbini harada və kimlərdən əldə etməsini müəyyən elmək mümkün olmadığını, bu istiqamətdə tədbirlərin davam etdirildiyini və gələcəkdə hər hansı bir müsbət nəticə olarsa istintaq orqanına rəsmi məlumat veriləcəyini bildirmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 iyun 2025-ci il tarixdə onlara daxil olmuş məlumata əsasən o, Mahir müəllim və Şahid2 ilə birlikdə yaxınlaşmışlar. N.Nərimanov küçəsində vətəndaşın olduğu deyilmiş və həmin ünvanda vətəndaşı aşkar etmişlər. Vətəndaş könüllü formada sağ yan cibindən təqdim etmiş və sənədləşmə aparılaraq təhqiqat şöbəsindən sonra Polis İdarəsinə təhvil verilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, şəxsin dedikəri barədə məlumatı yoxdur. Onlarda ümumiyyətlə mülki geyimdə serjantlar olmur, ancaq xidməti geyimdə olurlar. Təqsirləndirilən şəxsi Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxsin Yeni Suraxanı ərazisində saxlanılması ilə bağlı məlumatı yoxdur. Əməliyyat zamanı telefon aparmırlar. Təqsirləndirilən şəxs üzərində derman olduğunu demiş və sonradan metadon olduğu aşkarlanmışdır. Dərmanın metadon olmağını onlar derhal bilmirlər, ekspertizadan cavab gələndən sonra bilirlər. Digər Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub digər şahidin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahidlər Şahid3 və Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən metadonun aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact disklərə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən yem mağazasının saxlanılır. Polis əməkdaşlarını özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs anket məlumatlarınısoruşurlar. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonar onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini, əgər üzərində narkotik vasitə və psixotrop maddə varsa çıxarıb təqdim etməsini bildirirlər. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli sellofan bükümü çıxarıb təqdim edir və bildirir ki, həmin bükümdə olan bir ədəd həb narkotik maddə metadondur, həmin narkotik maddəni Xəzər rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra onun üzərinə baxış keçirilir və başqa hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə aparılır. Bundan başqa Təqsirləndirilən şəxs və onun üzərindən aşkar edilərək qablaşdırılmış 1 ədəd ağ rəngli zərf, həmçinin 1 ədəd DVD diskə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1 ədəd sellofan bükümdə 1 ədəd həb maddə aşkar olunur və həmin büküm yenidən qablaşdırılaraq möhürlənir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025ci il tarixli, 6/2148 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №195” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “F/M40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir. Qeyd: metadon həbi – 1 ədəd, tədqiqata sərf edildi – ½ hissə, qalıq – ½ hissə. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3786 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi ½ hissə metadon maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məcburu köçkün kimi 09 avqust 2017-ci ildə 394968 nömrəli vəsiqə verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 18 may 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin 05 avqust 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 4 ay 6 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə işlə əlaqədar həmçinin aşağıdakıları qeyd edir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.6. 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə «bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə» ittiham hökmü çıxarır. Belə olan halda, məhkəmə, Təqsirləndirilən şəxs məcburi köçkün olmasını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.6 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq ½ hissə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2 müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.6 və 5.1-ci bəndləri tətbiq edilsin və Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq ½ hissə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 165 (yüz altmış beş) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi2 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar