Məhkəmə qərarları › İş №1(010)-55/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-55/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-55/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1998-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdam rayonu, Quzanlı kəndində qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-136/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində yerləşən 49m nömrəli evə 2-ci mərtəbənin plastik pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq yataq otağındakı tumbanın içindən ağ sellofana bükülmüş 850 manat ekvivalentində 500 ABŞ dolları miqdarında pulu, mətbəxdəki masanın üzərindən 120 manat dəyərində bir ədəd qızılı rəngli “Samsung Galaxy J5” markalı telefonu habelə üzərində olan, hər birinin dəyəri 5 manat təşkil edən “Bakcell” operatoruna aid (055) 213- 73-45, (055) ***-**-** GSM nömrələrini və 15 manat miqdarında pulu gizli olaraq talamış, bu əməli ilə Zərərçəkmiş şəxs ümumilikdə 995 manat miqdarında ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, pula ehtiyacı olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Qeyd edir ki, xx xxx 2020-ci ildə saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində oğurluq məqsədi ilə gəzən zaman yolun sağında ikinci mərtəbəsi tam tikilməmiş ev görmüşdür. Həmin evin küçə qapısına yaxınlaşmış, onun açıq olduğunu müəyyən etmiş və açaraq həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra otaqların birinin işığının yandığını görmüşdür. Lakin evə diqqətlə baxdıqda içəridə adam olmadığını görmüş, evin giriş qapısının sağ hissəsindəki taxtalar vasitəsilə ikinci mərtəbəyə qalxmışdır. İkinci mərtəbənin plastik pəncərəsini əli ilə itələyib açaraq içəri daxil olmuşdur. Daha sonra pilləkən vasitəsilə 1-ci mərtəbəyə enmiş və dəmir çarpayı olan otağa daxil olmuşdur. Otağı axtardıqda tumbanın altındakı boşluqda ağ rəngli sellofan görmüşdür. Həmin sellofanı götürüb baxdıqda görmüşdür ki, içərisində kağızlar və 500 ABŞ dolları var. Bu pulu götürüb otaqdan çıxdığı vaxt mətbəxdəki masanın üzərində qızılı rəngli “Samsung” markalı telefon olduğunu görüb onu da götürmüşdür. Bu zaman otaqların birindən səs eşitmiş, həmin otağın qapısını evdən tapdığı ip vasitəsilə bağlamış, sonra daxil olduğu yerdən çıxaraq küçəyə qaçmışdır. Yol ilə gedən zaman qaçqınlar binası deyilən yerdə telefonu liftin yerinə tullamış və çıxıb evinə getmişdir. Oğurladığı pulu şəxsi ehtiyaclarına xərcləyib. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 49m nömrəli evdə ailəsi ilə birlikdə yaşayır. Evin birinci mərtəbəsi təmirli olsa da, ikinci və üçüncü mərtəbələr tam təmirli deyil. O, birinci mərtəbədə yerləşən otaqların birində yaşayır. Həmin otağa taxta materialdan olan qapı asıb. xx xxx 2020-ci ildə saat 23 radələrində yatmış, səhər üzü saat 05 radələrində evdən səs gəldiyini eşidib oyanmışdır. Diqqətlə qulaq asdıqda evdə kişi səsi gəldiyini eşitmişdir. Qalxıb otağın taxta qapısını açmaq istədikdə, qapının arxadan bağlı olduğunu aşkar etmiş, dərhal qışqıraraq evdə kim olduğunu soruşmuş və qapını açmasını tələb etmişdir. Lakin cavab verən olmamışdır. Bundan sonra qardaşına zəng edərək bu barədə məlumat vermiş və tez gəlməsini xahiş etmişdir. Həmin kişi səsinin hələ də evdən gəldiyini eşidib daha da əsəbiləşmiş, bu zaman yoldaşı da yuxudan oyanmışdır. Bir azdan qardaşının evin çöl qapısını açdığını eşitmiş, qardaşı gələrək qapının kəndirini də açmışdır. Otaqdan çıxıb ətrafa nəzər yetirdikdə evin dağınıq halda olduğunu görmüşdür. Dərhal ikinci və üçüncü mərtəbələrə qalxmış, orada da əşyaların dağınıq, plastik pəncərəsinin isə açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Sonra evə diqqətlə baxıb görmüşdür ki, ittiham aktında göstərilən pul məbləğləri və telefon oğurlanıb. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs bildirir ki, ona cinayət nəticəsində vurulmuş zərər ödənilib. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildir tanıyır. Münasibətləri normaldır. Arada bir görüşüb söhbət etmişlər, hətta bir neçə dəfə Cəlil onların evinə gəlmiş və onunla bir yerdə qalmışdır. xx xxx 2020-ci ildə günorta saatlarında Cəlillə Qaraçuxur qəsəbəsində görüşüb söhbət etmiş, bu zaman Cəlil ona bir söz deyəcəyini bildirərək, bunu heç kimə danışmamasını tapşırmışdır. Sonra Cəlil bir gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən həyət evlərindən birinə girib oradan oğurluq etdiyini bildirmişdir. Cəlildən oğurluq etməyi nə vaxt qərara aldığını və həmin oğurluğu kiminlə birlikdə törətdiyini soruşduqda o, oğurluğu tək və pula ehtiyacı olduğuna görə etdiyini bildirmişdir. Bundan sonra Cəlil ona birlikdə gedib yemək yeməyi və spirtli içki qəbul etməyi təklif etmiş, o, isə razılaşmamış və işi olduğunu bəhanə edərək Cəlildən ayrılmışdır. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, həmçinin şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, gəncliyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, cinayəti maddi vəziyyətinin ağır olması səbəbindən törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-136/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda Suraxanı Rayon Məhkəməsinin 1(010)-136/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilmədiyi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar