Məhkəmə qərarları › İş №1(010)-552/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-552/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-552/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 02 iyun 1988-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 may 2023cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Oba market’in içində olan piştaxtanın üzərindən Zərərçəkmiş şəxs məxsus daxilində 10 manat dəyərində ***-***-**-** saylı GSM nömrə ilə istifadə olunan bir ədəd 1.100 manat dəyərində «iPhone 11 Pro Мах» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.110 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 may 2023-cü il tarixində saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən «Oba» marketdə alış-veriş edib kassaya yaxınlaşarkən qarşısında olan tanımadığı müştəri aldığı ərzaqların hesabını ödəyib çıxan zaman həmin qadının «iPhone 11 Pro Мах» markalı mobil telefonunu unutduğunu görmüşdür. O, dərhal kassaya yaxınlaşıb 3 ədəd aldığı «Go» içkisinin pulunu ödəyib kassa aparatının yanında qalan həmin telefonu götürmüş və tez mağazadan çıxmışdır. O, qərara gəlmişdir ki, telefonu satıb pul əldə etsin, buna görə də Nizami rayonunda yerləşən Neftçilər metrostansiyasına getmişdir. Həmin vaxt 2 nəfər üzdən tanımadığı şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onu Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-nə gətirmişlər. O da 32-ci polis bölməsində etdiyi oğurluğu səmimi etiraf edərək üzərində olan həmin telefonu təqdim etmişdir. Telefonu neçə oğurlamışdısa elə vəziyyətdə də təqdim etmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməklə aralarında barışıq əldə olduğunu bildirmiş, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 may 2023-cü il tarixində öz yaşadığı ünvandan çıxıb ünvan 2anında yerləşən anasının yaşadığı evə getmək qərarına gəlmişdir. Anası gilin yanına gəldikdən sonra evdə bəzi ərzaqların olmamasını görüb yaxınlıqda yerləşən «Oba» marketə getmişdir. Artıq saat 13:00 radələri olmuş, o, marketə daxil olub lazım olan ərzaqları alıb kassaya yaxınlaşan zaman orada tanımadığı bir nəfərin marketdə satıcı ilə aqressiv danışdığını görmüşdür. Bu da onda fikri dalğınlığı yaratdığı üçün ərzaqların pulunu vermək istəyəndə əlindəki özünə məxsus «İphone 11 Pro Мах» markalı mobil telefonunu kassanın üzərinə qoymuş və «Kapital Bank»-a aid kartından ödəniş etdikdən sonra marketdən çıxıb evə gəlmişdir. Evdə olarkən qardaşına zəng etmək istəmiş, lakin telefonunu tapa bilməyib bacısına telefonuna zəng etməsini xahiş etmişdir. Lakin telefon evdə olmadığı üçün o, yenidən «Oba» marketə qayıtmışdır. Orada kassada işləyən qızdan burada ona məxsus telefonu unutduğunu demişdir. Satıcı səhər bir telefon qaldığını onu da sahibinə qaytarıldığını söyləmişdir. O, artıq telefonunun oğurlandığını başa düşüb DİNnin 102 zəng xidmətinə müraciət etmişdir. Mobil telefonunun üzərində ***-***-**-** nömrə olmuş, nömrənin dəyəri 10 manat olmuşdur. O, ilkin olaraq telefonunun dəyərini təxmini olaraq 2000 manat göstərmişdir. Hazırda ona dəymiş maddi ziyan 1110 manatdır. Zərərçəkmiş şəxs ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödəilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 06 may 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Oba market”in içində mağazanın kassasında olan piştaxtanın üzərindən müştəri Zərərçəkmiş şəxs məxsus «İphone 11 Pro Мах» markalı mobil telefonu oğurlanmasına dair Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı Məmməd Əliyevin tapşırığına əsasən qeyd olunan oğurluq cinayətini xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası ətrafında saxlanılaraq 32-ci polis bölməsinə gətirilmişdir. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində Təqsirləndirilən şəxs etdiyi oğurluğu etiraf etmiş və oğurluq yolu ilə əldə etdiyi «iPhone 11 Pro Мах» markalı mobil telefonu təqdim etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin materiallarında olan müvafiq istintaq hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. İş materiallarında olan “CD diskdə olan video görüntüyə baxış keçirilməsi” haqqında 06 may 2023-cü il tarixli protokoldan görünür ki, 06 may 2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs DİN-in 102 xidmətindən Qaraçuxur qəsəbəsi “Oba Market” mağazasından “İphone 11 Pro” markalı mobil telefonunun oğurlanması barədə müraciəti Suraxanı RPİ-nin 32-ci polis bölməsinə daxil olmuş və “cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında 471 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqiqatçısı Məmməd Əliyevin icraatına qəbul edilmişdir. Hadisə ilə bağlı Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Oba market” mağazasının təhlükəsizlik kameralarında qeydə alınmış videogörüntüyə CD disk vasitəsilə Suraxanı RPİ-nin 32-ci PB-nin xidməti otağında baxış keçirdi. Baxış zamanı diskdə olan “03” ədəd 00:23, 00:39 və 01:00 saniyəlik videogörüntü vardır. Həmin videogörüntü 06 may 2023-cü il tarixdə təxminən günorta vaxtlarını əhatə edir. Videogörüntünün başlanğıcında bir nəfər şəxsin görüntünün mağazanın içərisində kassa aparatının yanında vət.Zərərçəkmiş şəxs mobil telefonu gizlin yolla oğurlayaraq götürdüyünü və daha sonra mağazanı tərk etdiyi açıq aşkar göründüyü tərəfindən müşahidə olundu. İş materiallarında olan 22 may 2023-cü il tarixli qəbzdən görünür ki, X3 22 may 2023-cü il tarixində həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus “İphone 11 Pro” markalı mobil telefonunu təhvil almışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2023-cü il tarixli 9/3968 saylı rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd “İphone 11 Pro Max” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 850,00 manat; 01 ədəd ***-***-**-** saylı GSM nömrə-4,00 manat. İş materiallarında olan “Axtarış və götürmə aparılması haqqında” 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, X1 məxsus bir AZE seriyalı, 14020621 nömrəli şəxsiyyət vəsiqəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü Mədən küçəsində yaşayış evlərinə çəkilmiş qaz boru xətlərinin dayağının üstündəki boşluq hissədən aşkar edilərək götürülmüş, digər sənədlər və bank kartları isə aşkar edilməmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X6 oğurluq yolu ilə əldə etdiyi pul kisəsinin içərisindəki 950 manat pulu götürdükdən sonra qalan sənədləri pul kisəsi ilə birlikdə atdığı qaz borusunun yerini 31-ci PB-nin əməkdaşlarına göstərmişdir. İş materiallarında olan 07 may 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 may 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi” haqqında 10 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.3 və 180-ci maddələrinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibi başlanması rədd edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2013-cü il təvəllüdlü X4 və 04 oktyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət törətməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin dəymiş zərərini ödəyərək barışıq əldə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahinin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 07– 08 may 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd üzərində ***-***-**-** saylı GSM nömrə ilə istifadə olunan bir ədəd “İphone 11 Pro Max” markalı telefon Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07– 08 may 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd üzərində ***-***-**-** saylı GSM nömrə ilə istifadə olunan bir ədəd “İphone 11 Pro Max” markalı telefon Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 809 oktyabr692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar