Məhkəmə qərarları › İş №1(010)-559/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-559/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-559/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 29 yanvar1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-305/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 7(010)-606/2022 nömrəli iş üzrə 11 aprel 2022-ci il tarixli qərarına əsasən çəkilməmiş 01 il 03 ay 05 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azdlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanaraq azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 07 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 01 – 03 may 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 1,133 qram narkotik vasitə heroini 01 may 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik maddələrin əldə olunması saxlanması, istifadəsi, gəzdirilməsində şübhəli bilinəeək 01 may 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi, ev 212 ünvanının qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,133 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 may 2023-cü il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manat ödəməklə təxminən 01 qram miqdarında 01 ədəd şəffaf sellofan bükümdə narkotik maddə “kakos” almışdır. Münasib vaxt yarandıqda istifadə etməyi üçün əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 01 may 2023cü il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 4 ünvanına yaxınlaşarkən yaşadığı binanın qarşısında iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməyini tələb etmişlər. O, da ad, soyad, ata adını onlara bildirmişdir. Polis əməkdaşlarından biri ona narkotik maddələrin əldə olunması üzərində gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək ona 31-ci polis bölməsinə getməli olduğunu bildirmişlər. Onu 31-ci polis bölməsinin inzibati binasında yerləşən otaqların birinə gətirmişlər. Vəkil dəvət olunmuşdur. Vəkilin iştirakı ilə polis əməkdaşı tərəfindən ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə axtarış keçirilməsinə başlanmışdır. Polis əməkdaşı ona üzərində hər hansı saxlanması qanunsuz hesab edilən əşya varsa təqdim etməyini təklif etmişdir. O, da əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan içərisində “kakos” kimi tanıdığı narkotik maddə olan şəffaf sellofan bükümü çıxararaq stolun üstünə qoymuşdur. Polis əməkdaşı sellofan bükümü açmış və ondan içərisində nə olması barədə soruşmuşdur. O, da içərisində “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, 01 may 2023-cü il tarixdə saat 12:00 radələrində Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşlarından biri paltarlarını yoxlamışdır. Lakin başqa hər hansı əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Həmin 01 ədəd içərisində “kakos“olan büküm bir ədəd boş zərfə qoyularaq qablaşdırılaraq üzəri möhürlənmişdir. Onun və digər iştirakçıları tərəfindən imzalanmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 01 may 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmiıcan qəsəbəsi, Zahid Əliyev küçəsi ev 212-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsində yaşadığı evin qarşısında olması və üzərində narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı Suraxanı Rayon Polis İdarəsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsinə getmişlər. Həmin vaxtı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsində dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gəlmişdir. Bundan sonra onlar Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan qara rəngli idman cins şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə olan içərisində narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Ceyhun Abdulayevin üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 01 may 2023-cü il tarixdə saat 12 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata almaqla öz istifadəsi üçün özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol trtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşları Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ cibindən bir ədəd sellofanına bükülmüş bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyisellofan bükümünün içərisində narkotik vasitə olan heroindir və özü istifadə etmək məqsədilə Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manat almışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2516 N°li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 195” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri,soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,133 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-1,133 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq- 1,083 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2669 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 1,133 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 1,083 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)-305/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 7(010)-606/2022 nömrəli iş üzrə 11 aprel 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs çəkilməmiş 01 il 03 ay 05 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azdlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanaraq azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 07 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi Şəxsi tərəfindən verilmiş mətubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin əlamətləri olmadığından, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 01 – 03 may 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 16 oktyabr 2023-cü ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs“ növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,083 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 – 03 may 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 16 oktyabr 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs“növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,083 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar