Məhkəmə qərarları › İş №1(010)-56/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-56/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-56/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil X2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Qubaxəlilli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dənizkənarı küçəsində nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu ildə saat 01 radələrində şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər kişi cinsindən olan şəxslə bir qrup şəxs halında ünvan 1 ünvanında yerləşən «Araz» Supermarketdə baş satıcı işləyən Zərərçəkmiş şəxs onu marketdən alış-veriş etdikdən sonra kassa bağlı olduğu üçün özünün olduğu kassaya buraxmayıb digər kassada ödəmə etməsini təklif etməsinə etiraz əlaməti olaraq, bir-neçə dəqiqədən sonra yenidən marketə qayıdıb Zərərçəkmiş şəxs çölə çağırıb həmin marketin ictimai yer hesab edilən sol yan tərəfinə apararaq orada heç bir əsaslı səbəb olmadan, şəxsiyyəti istintaqa məlum olmayan digər iki nəfər kişi cinsindən olan şəxslərlə birlikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə əl və təpik zərbələri ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirərək xuliqanlıq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxx 2019-cu ildə saat 23:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Araz» marketə gələrək qardaşı qızı üçün «Kinder» və «Toybox» alıb dəyərini ödəmək üçün kassaya yaxınlaşmışdır. Kassada növbəsi çatdığına baxmayaraq, ondan sonra dayanan bir yaşlı kişiyə yol vermiş, həmin kişi aldığı malları kassaya vurdurub pulunu ödəyərək getmişdir. Bundan sonra özü kassirə yaxınlaşıb aldığı «Kinder» və «Toybox»u vermişdir ki, dəyərini hesablasın. Lakin həmin vaxt kassanın arxasında olan və əvvəllər tanımadığı bir şəxs (sonradan həmin şəxsin adının Zərərçəkmiş şəxs Adil oğlu olduğunu bilib) ona kassanın artıq bağlandığını bildirmişdir. Cavabında Zərərçəkmiş şəxs bildirmişdir ki, saat «00» olmasına hələ bir qədər var və tələb etmişdir ki, malların dəyərini kassaya vursun. Lakin Zərərçəkmiş şəxs yenə də etiraz edərək hesablama aparmaqdan imtina etmişdir. Bu zaman digər kassada olan kassir onu öz yanına dəvət edərək, aldığı malları kassaya vurmuş, o, isə dəyərini ödəyib getmişdir. Aldığı «Kinder» və «Toybox»u qardaşı uşağına verdikdən sonra yenidən «Araz» marketə qayıtmış və oradakı işçilərdən Zərərçəkmiş şəxs çağırmalarını xahiş etmişdir. Zərərçəkmiş şəxs gəldikdən sonra ona irad tutaraq müştəri ilə bu cür rəftar etməməli olduğunu bildirmişdir. Lakin Zərərçəkmiş şəxs kobud cavab vermişdir. Sonra hər ikisi marketdən çölə çıxmış və məsələni aydınlaşdırmaq üçün marketin sol yan hissəsinə doğru getməyə başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Bu zəmində aralarında mübahisə yaranmış, bununla əlaqədar ətrafa adamlar toplanmışdır. Eyni zamanda yaxınlıqdan keçən və tanımadığı iki nəfər kişi də zərərçəkmiş şəxsin söyüşlərini eşitmişlər. Münaqişə zamanı o, bir dəfə şillə ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə vurmuşdur. Həmçinin Zərərçəkmiş şəxs də bir dəfə onun alın nahiyəsinə yumruq vurub. Bundan sonra yuxarıda qeyd olunan iki nəfər də Zərərçəkmiş şəxs vurmuşlar. O, isə hadisə yerindən uzaqlaşaraq yaşadığı evə getmişdir. Əməlindən peşmandır və törətdiyi cinayət əməlinə görə zərərçəkmiş şəxsdən üzr istəyir. Mülki iddiaya münasibət bildirərək təqsirləndirilən şəxs bildirir ki, zərərçəkmiş şəxsə iddiada göstərildiyi məbləğdə deyil, müəyyən məbləğdə pul ödənişi edə bilər. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “Araz" marketdə baş satıcı vəzifəsində işləyib. Hər gün saat 16:00dan 02.00-dək işdə olurdu. İşi mağazada işləyən şəxslərə nəzarət etməkdən ibarət olub. Qeyd edir ki, hər gün saat 23.57-dən saat 24.00-dək günlük alış-veriş hesabatının çıxarılması məqsədilə kassaların fəaliyyəti dayandırılır. Belə ki, əgər kassa əməliyyatlarına saat 24.00-dan sonra nəticə vurulmuş olsa, cari günün əməliyyatları cari gün üzrə deyil, növbəti gün üzrə əməliyyatlara hesablanacaq. Kassaya yekun vurulması isə az bir vaxt aparır. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, xx xxxx 2019-cu ildə saat 16:00-da həmişə olduğu kimi iş yerinə gəlmiş və xidməti vəzifələrini icra etməyə başlamışdır. Onlunla eyni vaxtda marketdə mühafizəçi işləyən Anar, kassir Kənan və satıcı Vüsal da işdə olublar. Həmişə olduğu kimi saat 23.55-də kassalara yaxınlaşaraq demişdir ki, sonuncu müştərini də yola salıb kassa əməliyyatlarını dayandırsınlar. Özü də kassa aparatlarından birinin arxasına keçmişdir ki, gündəlik alış-verişin yekunlaşdırılması üçün lazım olan işi görsün. Həmin vaxt bir nəfər əvvəllər tanımadığı şəxs (sonradan onun adının Təqsirləndirilən şəxs olduğunu bilib) onun dayandığı kassaya yaxınlaşaraq aldığı malları kassaya vurmasını istəmişdir. Təqsirləndirilən şəxsə bildirmişdir ki, onun aldığı malları hazırda kassaya vura bilməz. Gözləməsi isə 2 – 3 dəqiqə çəkəcək. Ona görə həmin şəxsə təklif etmişdir ki, hazırda işləyən digər kassaya yaxınlaşıb malları vurdursun. Lakin təqsirləndirilən şəxs buna cavab olaraq “hörmətsizlik edirsən istəsən vura bilərsən. Tez ol vur, tələsirəm” demişdir. İşlərini görmək üçün tələsdiyinə görə təqsirləndirilən şəxsin bu sözlərinə əhəmiyyət verməmiş və kassadan hesabatları çıxarıb marketin içərisindəki otağa daxil olmuşdur. Bundan bir qədər sonra mühafizəçi Anar onun yanına gəlib bir nəfərin onu çağırdığını bildirmişdir. Çıxıb görmüşdür ki, təqsirləndirilən şəxs onu marketin rəhbərliyinin otağının qarşısında gözləyir. Təqsirləndirilən şəxsə yaxınlaşaraq onu çağırmasının səbəbini soruşmuş, sonuncu isə onu söhbət etmək üçün çölə çağırmışdır. Cavabında təqsirləndirilən şəxsə bildirmişdir ki, hazırda işləri var və çölə çıxa bilməz. İşlərini tamamladıqdan sonra çölə çıxmış, lakin onu heç kəsin gözləmədiyini görüb yenidən marketə qayıtmışdır. Bir müddət sonra təqsirləndirilən şəxs yenə də marketə gələrək onu çölə çağırmışdır. Beləliklə, təqsirləndirilən şəxsin təkidi ilə mağazadan çölə çıxmışdır. Təqsirləndirilən şəxs onu marketin sol tərəfinə çəkərək “içəridə nə hörmətsizlik edirdin, istəsəydin kassaya vura bilərdin" demiş, həmçinin əlləri ilə onu itələmişdir. Təqsirləndirilən şəxslə söhbət etdiyi vaxt onlara sarışın saçlı, yaşıl köynəkli başqa bir oğlan da yaxınlaşmışdır. Həmin adam onunla kobud danışmağa başlamış, o, təqsirləndirilən şəxslə söhbət etdiyi vaxt həmin yaşıl köynəkli oğlan qəfildən onun burun nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Burnunu tutub həmin şəxsdən nə etdiyini soruşmuş, bu zaman həm təqsirləndirilən şəxs, həm də yaşıl köynəkli oğlan onu baş nahiyəsinin müxtəlif yerlərindən yumruqla vuraraq döymüşlər. Zərbələrin təsirindən yerə yıxılmış və özünü qorumaq üçün üzünü əli ilə tutmuşdur. Lakin həmin şəxslər dayanmayaraq onu bədəninin müxtəlif yerlərinə təpiklə vurmuşlar. Bu zaman iki dişi sınmış, digər iki dişi isə zədələnmişdir. Hadisə vaxtı səs-küy və onu döyənlərin söyüş səslərinə ətrafa xeyli adam toplanmışdır. Güclə ayaq üstə qalxmış, mağazada işləyənlər gələrək onu aparmaq istədikdə yaşıl köynəkli adam qaçaraq ona tərəf gəlmiş və təpiklə qarın nahiyəsinə bir zərbə vurmuşdur. Daha sonra təqsirləndirilən şəxs onu üz nahiyəsindən bir dəfə də vurmuşdur. Ətrafa yığılan şəxslər onu döyən iki nəfəri sakitləşdirmək istəyir, lakin həmin şəxslər onları sakitləşdirmək istəyən şəxslərin əlindən çıxaraq onu vurdular. Elə bu ərəfədə onlara bir nəfər uca boylu, dolu bədən quruluşlu, üzü tüklü, əynində qara rəngli köynəyi olan başqa bir şəxs də yaxınlaşaraq onu 10 metr kənara aparmış və nə baş verdiyini soruşmuşdur. Həmin şəxsə cavab vermək istədikdə, o, ani bir anda onun boynundan tutaraq üz nahiyəsindən yumruqla vurmuş, sonra qolundan tutub ayağı ilə fənd işlədərək yerə yıxmışdır. Yerdə olduğu vaxt həmin şəxs onu ayaqları ilə döyməyə başlamışdır. Sonra həmin şəxs onun köynəyindən tutub ayaq üstə qaldırmış və mobil telefon nömrəsini istəyib, bildirmişdir ki, səhər ona zəng edib onunla görüşəcək və başa salacaqdır. Bundan sonra o, mağazanın arxa qapısından içəri girmişdir. Zərərçəkmiş şəxs bildirir ki, təqsirləndirilən şəxslə barışmayab. Ona qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində aldığı xəsarətlərlə bağlı müalicəsinə 1.328,32 manat pul xərcləyib. Həmçinin mülki iddiasının hazırlanması, bununla əlaqədar sübutların toplanması və s. işlərin görülməsi ilə əlaqədar vəkilə müraciət etmiş və ona hüquqlarını müdafiə etməsi üçün 520 manat miqdarında pul ödəmişdir. Bununla yanaşı mülki iddia ilə məhkəməyə müraciət etməsi üçün 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı ödəyib. Həmçinin ona cinayət nəticəsində vurulmuş mənəvi zərəri 10.000 manat miqdarında qiymətləndirir ki, bunun əsaslarını mülki iddiasında ətraflı təsvir edib. Göstərilənlərə əsasən mülki iddiasının tam təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid3 zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunur. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı xx xxxx 2019-cu il tarixli 575 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1994-cü il təvəllüdlü vət. Zərərçəkmiş şəxs Adil oğlunun məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ göz ətrafı yumşaq toxumaların qançırı, sağ gözün ağlı qişasının qansızması, sifətin və alın nahiyəsinin sıyrıqları, alının, sol gözün bayır bucağı nahiyəsinin, sağ alt göz qapağı nahiyəsinin, boyunun sol-yan səthinin, onurğanın, sol kürək nahiyəsinin qançırları, alt dodağın selikli qişasının qansızması, üst dodağın şişkinliyi və selikli qişasının qansızması, üst çənədə hər iki tərəfdə 1-ci dişin travmatik sınığı. 2. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər və dərəcələrinə görə sağ gözün ağlı qişasına qansızına, üst çənədə hər iki tərəfdə İ dişin travmatik sınığı hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 3. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınması inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini və onunla barışıq əldə etmək cəhdlərini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Mülki iddiaya münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur”, “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir” və “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, mülki iddianın əsası kimi istinad olunan halların, o cümlədən zərərçəkmiş şəxsin müalicəsinə xərclənmiş pulun miqdarının sübuta yetirilməsi vəzifəsi mülki iddiaçının üzərinə düşür. Mülki iddiaçı tərəfindən təqdim olunmuş tibbi sənədlərlə müəyyən olunur ki, o, cinayət nəticəsində aldığı xəsarətlərlə bağlı müalicəsinə 1.328,32 manat məbləğində pul xərclənib. Zərərçəkmiş şəxs həmçinin cinayət nəticəsində ona 10.000 manat miqdarında mənəvi zərər vurulduğunu iddia edir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın", "Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür". Azərbaycan Respublikası CPM-nin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Eyni Məcəllənin 181.3.1-ci maddəsinin mənasına görə zərər çəkmiş şəxsin müalicəsinə çəkilmiş xərclər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana aiddir. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin faktik hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzini tələb etmək hüququna malikdir. Araşdırılmış sübutlarla bu zərər 1.328,32 manat miqdarında müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurulması ilə yanaşı o, həmçinin mənəvi sarsıntılara və iztirablara məruz qalmışdır. Məhkəmə cinayət nəticəsində vurulmuş mənəvi zərəri 800 manat miqdarında qiymətləndirir. İş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən olunur ki, Zərərçəkmiş şəxs ona Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən hüquqi xidmət göstərilməsi ilə əlaqədar həmin Vəkil Bürosuna 521 manat miqdarında ödəniş edib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən «nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər» və «vəkillərə etdikləri kömək üçün ödənilən xərclər» işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri, habelə mülki prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarının cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadığını nəzərə alaraq hesab edir ki, müvafiq məhkəmə xərcləri Təqsirləndirilən şəxs aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurdu maddi zərərin əvəzi olaraq 1.328 (min üç yüz iyirmi səkkiz) manat 32 (otuz iki) qəpik, mənəvi zərərin əvəzi olaraq 800 (səkkiz yüz) manat, nümayəndənin (vəkilin) etdiyi kömək üçün çəkilmiş xərcin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi olaraq 31 (otuz bir) manat tutularaq Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə rədd olunsun. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar