Məhkəmə qərarları › İş №1(010)-561/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-561/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-561/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndə və vəkilləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1977-ci ildə Lerik rayonu, Rvarud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Lerik, Rvarud kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Sovxoz massivində yerləşən Şahid1 məxsus evin qarşısında sonuncunun evinə qonaq gəlmiş şəxslərin avtomaşınları düzgün park etməmələri səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı Şahid1 bacısı Zərərçəkmiş şəxs1 sağ qolunu və əllərini qəsdən əlləri ilə tutub sıxaraq ona sağ bazunun sıyrıq və qançırı, ağrı sindromu ilə müşayiət olunan sağ əlin V barmağının, sol əlin İV barmağının dırnaq lövhəsinin travmatik qopması, hər iki dırnaq yatağın qan sızması ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran xəsarətlər, habelə sonuncunun anası Zərərçəkmiş şəxs2 sağ qolunu əli ilə qəsdən tutub sıxaraq ona sağ bazunun hematoması ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, lizinq yolu ilə özünə “Mitsubshi L 200” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. O, həmin avtomobili hər gün işlərini qurtardıqdan sonra yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evinin qarşısında saxlayır. Onun yaşadığı evin küçəsi sıx olduğu üçün yolda bir maşın dayanarsa tıxac əmələ gəlir. 31 yanvar 2023-cü il tarixdə saat təxminən 22:00 radələrində o, idarə etdiyi “Mitsubshi L 200” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evinə qayıdarkən görmüşdür ki, darvazanın qarşısında tanımadığı bir Mercedes markalı dövlət qeydiyyat nömrəsi yadında qalmayan avtomaşın dayanmışdır. O, öz evinin həyətinə girə bilmədiyi üçün qonşuluğunda yaşayan Həlimənin yaşadığı evin qapısını döymüş, qapını tanımadığı sərxoş vəziyyətdə olan şəxs açıb və o, həmin şəxsdən “Mercedes” markalı avtomaşının sahibi kim olduğunu soruşduqda, həmin şəxs avtomaşın ona məxsus olduğunu demişdir. O, xahiş etmişdir ki, həmin avtomaşını onun yaşadığı evin darvazasının qarşısında kənara çəksin ki, o, da öz idarə etdiyi avtomaşınla evinin həyətinə girsin. Bundan sonra həmin şəxs idarə etdiyi avtomaşının onun yaşadığı evin darvazasının qarşısında çəkib o, da öz idarə etdiyi avtomaşınla evinin həyətinə daxil olmuşdur. Bundan təxminən 30 dəqiqə sonra o, yaşadığı evdə olarkən Şahid1 yaşadığı evdən çölə çıxaraq qışqır-bağır salmış, bu zaman o, çöldə olan səs küyə görə həyətə çıxmış və Həlimə ilə avtomaşınını onun yaşadığı evinin darvazasının qarşısında saxlayan şəxs mübahisə etdiklərini görmüşdür, Həlimə nəlayiq söyüşlərlə həmin şəxsi təhqir edirdi. Həmin vaxtı Həlimənin yanında təxminən 10 nəfər tanımadığı şəxslər olmuş və onlar hamısı sərxoş vəziyyətdə olmuşlar. Bu zaman Həlimə sərxoş vəziyyətdə onun üstünə qışqıraraq nəlayiq söyüşlərlə ona “sən kimsən ki mənim qonağıma gəl maşını götür deyirsən” sözlərini demiş və bu zaman Həlimə gəlib onun yaşadığı evin darvazasına təpiklə vuraraq, həmçinin yerdən daş götürüb onun üstünə atmışdır. Bundan sonra o, oradan aralaşıb öz yaşadığı evə getmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, həmin vaxtı orada Həlimə, onun bacısı Zərərçəkmiş şəxs1, anasi Ceyhun, Həlimənin qaynı Teymurda orda olmuşlar və onlar öz aralarında mübahisə aparmışlar. O, hadisə zamanı heç kimi vurub xəsarət yetirmədiyini, itələmədiyini, həmçinin Şahid3 avtomaşınına təpiklə vurmadığını bildirmişdir. Samir özü sərxoş vəziyyət idarə etdiyi avtomaşını arxaya verərkən arxasında olan ağaca vurmuşdur. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxslərin nümayəndə və vəkillərini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə saat 20:00 radələrində atası Rəşad, anası Ceyhun, bacısı Həlimə, əri Teymur, bacısı oğlu Röyal, əmisi oğlu Rəvan, gəlinləri Leyli, Röyalın dostu Samir, Röyalın digər dostu, qonşuları Mətanət xanım və Xanəli evdə oturub yemək yeyirdilər. Həmin vaxtı evin qapısı bərkdən dayanmadan döyülmüş, ilk olaraq evdən bacısı Həlimə çölə çıxmış, bacısının arxasınca isə Samir və əri Teymur çölə çıxmışdır. Evdə olduğu zaman o, səs küy eşidib çölə çıxmışdır. Çöldə görmüşdür ki, Samir özünə məxsus “Mersedes Benz” markalı avtomobili sürüb kənara çəkir, qonşu Rasim isə onun dalınca qaçır. Bu zaman Rasim Samirin üstünə qışqıraraq ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, Samirə maşından düşməyə imkan verməmişdir. Həmin vaxtı Rasim Samirin avtomobilinin qabaq sol hissəsinə bir neçə dəfə təpiklə vurmuşdur. Əri Teymur ona yaxınlaşmış, Teymur onu intizama dəvət etmiş və sakitləşdirməyə çalışmış, X16 məhəl qoymayaraq Samiri nəlayiq söyüşlərlə söyüb təhqir edərək polisə şikayət edib tutduracağı ilə hədələmişdir. Sonra Rasim öz qardaşının həyət darvazasını təpikləmişdir. Səs küyə bacısı oğlu Röyal, əmisi oğlu Rəvan, Röyalın dostu çıxmışdır. Rasim əri Teymurun, Röyalın və Rəvanın üzərinə hücum çəkmişdir. Rasim hücum edəndə onun qarşısına keçmiş, Rasim onunla əlbəyaxa olmuş, bu zaman Rasim onun hər iki əlini və sag qolunu möhkəm sıxıb ona xəsarət yetirmişdir. Nəticədə o, sağ qolunun baz hissəsindən, sol əlimin 4-cü və sağ əlinin 5-ci barmağından xəsarət almışdır. Rasim həmin vaxtı ona qəsdən xəsarətlər yetirmişdir. Orada olanlar Rasimi sakitləşdirməyə çalışanda, Rasim heç kəsə məhəl qoymamışdır. Bu vaxtı səsə anası Ceyhun çıxmış, anası onu Rasimin əlindən almaq istəyəndə Rasim anasının hər iki qolunun yuxarı hissəsindən tutub sıxaraq anasına qəsdən xəsarət yetirmişdir. Bu səs küyə atası, daha sonra qonşular Xanəli və bir neçə digər qonşular gəlmişlər. Atası Rasimə yaxınlaşıb onu sakitləşdirməyə çalışanda, Rasim atasını nəlayiq küçə söyüşləri ilə söyərək təhqir etmiş, atasının yaxasından tutub silkələyərək itələmişdir. Atası ayaq üstə olduğu zaman “mən pisəm məni tutun” sözlərini demiş, sonra isə yerə yıxılmışdır. Onlar hamısı atasına yaxınlaşdılar ki, atasını qaldırsınlar. Rasim həmin vaxtı oradan uzaqlaşmışdır. Atasına yerdə yardım etsələr də atası huşsuz olmuşdur. Sonra oradan DİN-nin 102 xidmətinə və təcili tibbi yardıma zang etmişlər. Rasimin xuliqanlıq hərəkətləri təxminən 30 dəqiqə davam etmişdir. Həmin vaxtı hadisə yerində yuxarıda adlarını sadaladığı şəxslər, qonşu Xanəli, onun 2 oğlu, adın bilmədiyi digər qonşular olmuşlar. Rasim atasının ürəyində stendlərin olduğunu qabaqcadan bilmiş və Rasim atasının ölümünə səbəb olmuş çünki, atasını itələmişdi Rasimin evin qapısını döyməyinin və xuliqanlıq edib ona, anasına xəsarət yetirib, atasının ölümünə səbəb olmasının səbəbi, Samirin bacısı Həlimənin öz evinin qarşısında “Mersedes Benz” markalı avtomobili saxlaması, güya Rasimin yolunu kəsməsi olmuşdur. Faktiki Samir maşını bacısının evinin qarşısında saxlamışdır. Hadisə zamanı ondan və anasından başqa heç kəs xəsarət almamışdır. Rasimin özünə də heç kəs xəsarət yetirməmişdir. Rasim hadisə zamanı özündə olmamış, onun bu hərəkətləri narkotik vasitə qəbulu vəziyyətində törətdiyindən şübhələnmişdir. Sonda o, təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə saat 20:00 radələrində o, əri, qızı Vüsalə, digər qızı Həlimə, yeznəsi Teymur, nəvəsi Röyal, qohumları Rəvan, gəlinləri Leyli, Röyalın dostu Samir, Röyalın digər dostu, qonşuları Mətanət xanım və Xanəli evdə oturub yemək yeyirmişlər. Həmin vaxtı evin qapısı bərkdən dayanmadan döyülmüşdür. İlk olaraq evdən çölə qızı Həlimə çıxmışdır. Sonra az vaxt sonra geri gəlib Həlimə Samirə demişdir ki, maşını kənara çəksin. Samir, Həlimə və Teymur çölə çıxmışlar. Onlar arxasınca çölə qızı Vüsalə çıxmışdır. Həmin vaxtı çöldən bərk səs küy qışqırıq səsləri gəlirdi. Səs küyə Röyal, Rəvan, Röyalın dostu çıxmışdır. Onlardan sonra isə o da, dözməyib evdən çölə çıxmışdır. Çöldə qonşu Rasimin yeznəsi Teymurun, Röyalın və Rəvanın üzərinə hücum çəkdiyini görmüşdür. Vüsalə Rasim hücum edəndə Rasimin qarşısına keçəndə Rasim Vüsalənin sol və sag əlini, sağ qolunu tutub möhkəm sıxmış, bu zaman Vüsalə hər iki əlindən xəsarət almışdır. Orada olanlar Rasimi sakitləşdirməyə çalışanda, o heç kəsə məhəl qoymamışdır. Bu vaxtı o, Vüsaləni Rasimin əlindən almaq istəyəndə Rasim onun hər iki qolunun yuxarı hissəsindən tutub sıxaraq ona qəsdən xəsarət yetirmişdir. Bu səs küyə əri, daha sonra qonşular Xanəli və bir neçə digər qonşular gəlmişlər. Əri qonşu Rasimə yaxınlaşıb onu sakitləşdirməyə çalışanda, Rasim ərini nəlayiq küçə söyüşləri ilə söyərək onu təhqir etmiş, ərinin yaxasından tutub silkələyərək itələmişdir. Əri ayaq üstə olduğu zaman “mən pisəm məni tutun” sözlərini deyib, sonra isə yerə yıxılmışdır. Onlar hamısı ərinə yaxınlaşmışlar ki, onu qaldırsınlar. Rasim həmin vaxtı oradan uzaqlaşmışdır. Ərinə yerdə yardım etsələr də əri huşsuz olmuşdur. Sonra oradan Vüsalə və əri DİN-nin 102 xidmətinə və təcili tibbi yardıma zəng etmişlər. Rasimin xuliqanlıq hərəkətləri o, evdən çölə çıxandan təxminən 20 dəqiqə davam etmişdir. Həmin vaxtı hadisə yerində yuxarıda adlarını sadaladığı şəxslər, qonşusu Xanəli, onun 2 oğlu, adını bilmədiyi digər qonşular olmuşlar. Rasim ərinin ürəyində stendlərin olduğunu qabaqcadan bilmiş və Rasim ərinin ölümünə səbəb olmuşdur. Rasimin evin qapısını döyməyinin və xuliqanlıq edib qızı Vüsaləyə, ona xəsarət yetirib, ərinin ölümünə səbəb olmasının səbəbi, Samirin öz evlərinin qarşısında Mersedes Benz markalı avtomobili saxlaması, guya Rasimin yolunu kəsməsi olmuşdur. Faktiki amma Samir maşını onların öz evlərinin qarşısında saxlamışdır. Hadisə zamanı qızı Vüsalədən, ondan başqa heç kəs xəsarət almamışdır. Rasimin özünə də heç kəs xəsarət yetirməmişdir. Rasim hadisə zamanı özündə olmamışdır. Sonda o, təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndə və vəkilləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə zərərçəkmiş şəxslərin ifadələrinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 31 yanvar 2023-cü il tarixdə saat 20:00 radələrində atası, anası Ceyhun, bacısı Vüsalə, bacısının əri Teymur, oğlu Röyal, əmisi oğlu Rəvan, gəlinləri Leyli, Röyalın dostu Samir, Röyalın digər dostu, qonşuları Mətanət xanım və Xanəli evdə oturub yemək yeyirmişlər. Həmin vaxtı evin qapısı bərkdən dayanmadan döyülmüşdür. O, evin balkonunda mətbəxdə olmuşdur. Qapiya yaxınlaşıb açanda qonşuları Rasim olduğunu və qapılarını təpiklədiyini görmüşdür. Rasim ona qışqıraraq “bu qədər maşın nədir yığmısız, bizim nəslimizdə heç bu qədər maşım yoxdur” sözlərini demiş və nəlayiq söyüşlər söyüb onu təhqir etmişdir. Rasimə heç nə deməyərək, o, evə daxil olub Samirə maşını kənara çəkməsini xahiş etmişdir. Sonra Samir, özü və Vüsalənin əri Teymur çölə çıxmışlar. Onun arxasınca evdən çölə bacısı Vüsalə çıxmışdır. Bu zaman Samir özünə məxsus Mersedes Benz markalı avtomobili sürüb kənara çəkdiyini, qonşu Rasim isə onun dalınca qaçdığını görmüşdür. Rasim Samirin üstünə qışqıraraq ondan şəxsiyyət vəsiqəsini tələb etmiş və Samirə maşından düşməyə imkan verməmişdir. Həmin vaxtı Rasim Samirin avtomobilinin qabaq sol hissəsinə bir neçə dəfə təpiklə vurmuşdur. Teymur Rasimə yaxınlaşmış, Teymur onu intizama dəvət etmiş və sakitləşdirməyə çalışmış, X16 məhəl qoymayaraq Samiri nəlayiq söyüşlərlə söyüb təhqir edərək polisə şikayət edib tutduracağı ilə hədələmişdir. Sonra Rasim öz qardaşının həyət darvazasını təpikləmişdir. Səs küyə Röyal, əmisi oğlu Rəvan, Röyalın dostu çıxmışdır. Rasim Teymurun, Röyalın və Rəvanın üzərinə hücum çəkmişdir. Vüsalə Rasim hücum edəndə Rasimin qarşısına keçəndə Rasim Vüsalənin sağ və sol əlini və sol qolunu tutub sıxmış, bu zaman Vüsalə hər iki əlindən xəsarət almışdır. Rasim həmin vaxtı Vüsaləyə qəsdən xəsarətlər yetirmişdir. Orada olanlar Rasimi sakitləşdirməyə çalışanda, Rasim heç kəsə məhəl qoymamışdır. Bu vaxtı səsə anası Ceyhun çıxmış, anası Vüsaləni Rasimin əlindən almaq istəyəndə Rasim anasının hər iki qolunun yuxarı hissəsindən tutub sıxaraq anasına qəsdən xəsarət yetirmişdir. Bu səs küyə atası, daha sonra qonşular Xanəli və bir neçə digər qonşular gəlmişlər. Atası Rasimə yaxınlaşıb onu sakitləşdirməyə çalışanda, Rasim atasını nəlayiq küçə söyüşləri ilə söyərək onu təhqir etmiş, atasının yaxasından tutub silkələyərək itələmişdir. Atası ayaq üstə “mən pisəm məni tutun” sözlərini demiş, sonra isə yerə yıxılmışdır. Onlar atasına yaxınlaşmışlar ki, onu qaldırsınlar. Rasim həmin vaxtı oradan uzaqlaşmışdır. Atasına yerdə yardım etsələrədə o huşsuz idi. Sonra oradan Vüsalə və əri DİN-nin 102 xidmətinə və təcili tibbi yardıma zang etmişlər. Rasimin xuliqanlıq hərəkətləri təxminən 30 dəqiqə davam etmişdir. Həmin vaxtı hadisə yerində yuxarıda adlarını sadaladığı şəxslər, qonşusu Xanəli, Xanəlinin 2 oğlu, adını bilmədiyi digər qonşular olmuşlar. Rasim atasının ürəyində stendlərin olduğunu qabaqcadan bilmiş və Rasim atasının ölümünə səbəb olmuşdur. Rasimin evin qapısını döyməyinin və xuliqanlıq edib bacısı Vüsaləyə, anasına xəsarət yetirib, atasının ölümünə səbəb olmasının səbəbi, Samirin onun öz evinin qarşısında Mersedes Benz markalı avtomobili saxlaması, guya Rasimin yolunu kəsməsi olmuşdur. Faktiki amma Samir maşını onun evimin qarşısında saxlamışdır. Hadisə zamanı bacısı Vüsalədən və anasından başqa heç kəs xəsarət almamışdır. Rasimin özünə də heç kəs xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Cumayev Röyal onun dostudur, Moskva şəhərində təhsil alır. Röyal da əvvəllər onunla birlikdə Bakı şəhərində Mədəni-Maarif Kollecində təhsil alıb, sonradan Röyal, Moskva şəhərinə təhsili davam etdirməyə getmişdir. 30 yanvar 2023-cü il tarixdə Röyal Moskva şəhərindən Bakı şəhərinə anasına baş çəkməyə gəlmişdir. Röyalın anasıgil Şəki şəhərindən olduqları üçün xx.xx.2023-cü il tarixdə babası və nənəsi də Röyalı görməyə Şəkidən Bakıya gəlmişdilər. Bundan başqa Röyalgildə xalası, xalasının əri, tanımadığı qohumu olan Rəvan adında bir nəfər və Elvin adlı bir dostu da olmuşdur. Elvində Rusiyada yaşayır, hazırda da Rusiyadadır. Həmin günü saatını dəqiq xatırlamır, lakin hava qaralmış o, da özünə məxsus “Mersedes” markalı avtomobillə Röyalgilə gəlmiş və maşını boş bir yerdə saxlamışdır. Maşınlar da rahat hərəkət etsin deyə, maşını kənarda saxlamışdır. Təxminən yarım saat keçmişdi Röyalgildə oturduğu zaman darvazanın möhkəm döyültüsünü eşitmişdir. Röyalı çölə çıxmağa qoymamışlar, Həlimə 2 dəqiqə sonra qayıdıb gəlib ona qonşu narazılıq etdiyini, maşını bir balaca irəli və ya geri çəkməyini demişdir. O, da çölə çıxmış üzünü həmin tanımadığı kişiyə tutub şirindil mənasında «eşidirəm əmican» demişdir. Adını sonradan bildiyi həmin Rasim adlı qonşu ona əsəbi halda «nə əmican?» demişdir. O, həmin kişinin hirsli olduğunu görüb, daha heç bir söz demədən maşınına oturub, maşının yerini dəyişmişdir. Rasim isə öz maşınını əvvəldən öz həyətinə salmışdır. Bundan sonra Rasim ona yaxınlaşıb maşının qapısını açmış və açanda maşının qapısını dəmirə vurmuşdur. Rasim ondan sənədlərini istəmiş, o, isə Rasimlə şirindillə danışmışdır, qanqaraçılıq salmamasını xahiş etmişdir. Bundan sonra Röyalın anası və ya xalası çölə çıxaraq Rasimə «sən o uşaqdan nə istəyirsən» demişlər, bununla da mübahisə başlamışdır. Mübahisə zamanı orada söyüş söyülməyini xatırlamır. Bundan başqa Rasim onların üstünə gəlmiş, qadınlar isə onu itələyirdilər ki, çıxıb getsin. Rasimi orada heç kim vurmamışdır. Həmin vaxtı tanımadığı bir oğlan gəlmiş və ona bir həyət qapısını göstərib maşınını orada saxlamağını, o evdə yaşayış olmadığını demişdir. O, maşını həmin yerə vermiş və qayıdanda Röyalın babası Rəşad kişi yıxılıb yerdə olduğunu görmüşdür. Bundan sonra təcili tibbi yardım gəlmişdir. O, həyətdə olduğu zaman Rəşad Cumayevin keçindiyini eşitmişdir. Səhərisi günü maşınının arxa hissəsində əzik yerləri olduğunu, Rasim hələ Röyalgilin qapısını döyməmişdən əvvəl onun maşınına təpiklə vurub əzdiyini bilmişdir. Çünki onun avtomaşınının arxasında batıq yeri hadisəyə qədər olmamışdır. Rasimin onun idarə etdiyi avtomaşının arxa hissəsinə təpiklə vurması nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, onların vəkilinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 98 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazunun sıyrıq və qançırı, ağrı sindromu ilə müşayiət olunan sağ əlin V barmağının, sol əlin İV barmağının dırnaq lövhəsinin travmatik qopması, hər iki dırnaq yatağının qan sızması. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 108 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazunun hematoması. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əməmlə gələ bilərlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixi 18 saylı rəyindən görünür ki, X5 meyitinin məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarət aşkar olundu: alt dodaq keçəcəyinin səthi əzilmiş yarası. Qeyd edilən xəsarət həyatidir, ölümdən az əvvəl bərk küt əşyanın təsirindən törənmişdir, canlı şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətin əlamətlərinə malikdir və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. R.N.Cumayevin ölümünə koranarokardiokleroz xəstəliyi nəticəsində, ürəyin xroniki işemik xəstəliyi fonunda inkişaf etmiş kəskin ürək çatmamazlığı səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvəl baş verə bilərdi. X5 meyitdən götürülmüş qanda məhkəmə- kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1723 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs primitiv şəxsdə xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman həmin xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlifir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müəlicəyə ehtiyacı yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 iyul 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs qarşı söyləyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamarı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini X8 qarşı söyləyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs qarşı söyləyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Rüspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və taqaüd haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbi ilə İİ qrup əlildir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2014-cü il təvəllüdlü X9 adlı uşağı var. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həyuat yoldaşı X1 qeydiyyatdadır və heç bir idarı, müəssisə və təşkilatda fəhlə və qulluqçu kimi işləmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə bildirdiklərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi barədə işin məhkəmə baxışı dövründəki ifadəsi reallıqda baş vermiş hadisəsi öz xeyrinə təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, İİ qrup əlil olmasını, ailənin dolanışığını təkbaşına həyata keçirməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməllərini törətməsi faktı şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri ilə və s. təsdiq olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 180 (yüz səksən) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar