Məhkəmə qərarları › İş №1(010)-562/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-562/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-562/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd sellofan bükümündə təmiz çəkisi 0,488 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, daşımaqla saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 iyul 2025-ci il tarixdə saat 15:21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsidə piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxlanılaraq orada videoçəkilişlə üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən təmiz çəkisi 0,488 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ildən artıqdır ki, narkotikin metamfetamin növündən çəkmə üsulu ilə istifadə etmişdir. Hadisə günü polis əməkdaşları Suraxanı rayonu, Dənizkənarı tərəfdə ona yaxınlaşmışlar. Üzərində narkotik vasitə olmuş, öz istifadəsi üçün idi. Əməlindən peşman olmağını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Yasamalda yaşayır. Həmin gün Suraxanıya narkotiki almaq üçün gəlmişdir. Həmin gün narkotiki götürmüş, lakin istifadə etməmişdir. Tanımadığı şəxsdən almış, yanında olan tanışın onu tanımışdır. Yanında olan tanışının adı Gülağa idi. Polislər tərəfindən ona qarşı heç bir fiziki təzyiq, döymə olmamışdır. Narkotiki könüllü formada təqdim etmişdir. Əməlindən peşmandır, reabilitasiya mərkəzində müalicə alır. Üzərində narkotik vasitə var idi, öz istifadəsi üçün idi. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tətbiq edilməsini xahiş etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “10 iyul 2025-ci il tarixdə tanışı Gülağa ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsinə gəlmişlər. Həmin tarixdə saat 15:21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsidə piyada hərəkətdə olduqları zaman üç nəfər şəxs maşından düşərək videoçəkilişlə ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, onun narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu, bu səbəbdən saxlandığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olduğunu demişlər. Sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa çıxardıb təqdim etməyi təklif olunmuşdur. O da başqa çıxış yolu olmadığından əynində olan qara rəngli şalvarının sağ yan cibindən özü istifadə etmək üçün saxladığı bir ədəd sellofan bükümündə olan metamfetamini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə metemfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 0.57 qram görsənmişdir. Sorğu sual zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini Əhmədli qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən özü istifadə etmək üçün 20 manat müqabilində əldə etmişdir. Sonra üstü yoxlanılmış və qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyularaq zərfin ağzı bağlanılmış, həm onun tərəfindən, həm də polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra üzərində olan qara rəngli şalvarın sağ yan cibindən aşkarlanmış ona məxsus Samsung markalı mobil telefon da bir ədəd zərfə qoyularaq zərfin ağzı bağlanılmış, həm onun tərəfindən, həm də polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra onlar Suraxanı RPİ-nin 30-cu PŞ- nə getmişlər”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, onlara əməliyyat məlumatı daxil olmuş və ondan, Şahid2, Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı Dədə Qorqud qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və isitifadəsi ilə bağlı şübhəli şəxs olması barədə daxil olmuşdur. Həmin vaxt oradan keçəndə görmüşlər ki, həmin əlamətlərə uyğun şəxs var və həmin şəxsə videoçəkilişlə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs da üzərində nə varsa təqdim etmiş və bir büküm metamfetamin çıxmışdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir: “Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsi daşıyır. ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxslə ədavət və düşmənçiliyi olmamışdır. 10 iyul 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantı Şahid3 və polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Suraxanı rayonu, Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsində Təqsirləndirilən şəxs görüb saat 15:21-də video çəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşub, könüllü surətdə təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd selofan bükümdə kristal şəkilli maddəni təqdim edib, həmin maddəni Əhmədli qəsəbəsi ərazisindən tanımadığı şəxsdən özünün istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddə Təqsirləndirilən şəxs iştirakı ilə tərəflərindən elektron tərəzidə çəkilmiş və 0,57 qram olması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansısa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm tərəflərindən bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Həmçinin üzərinə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon da tərəflərindən zərfə qoyularaq möhürlənmiş və həmin zərfi imzalamışlar. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Digər şahidlər Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahidlər Şahid2, Şahid3 və Şahid4 X1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs yol ilə hərəkətdə olduğu zaman polis əməkdaşları mülki geyimdə maşından düşərək videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu və bu səbəbdən saxlanıldığını bildirirlər. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə metamfetamin olduğunu, sual olunduğu zaman həmin metamfetamini Əhmədli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd sellofan bükümdə olan maddə elektron tərzidə çəkilir və çəkisi 0.57 qram görsənir. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır və qanunla qadağan olunmuş heç bir əşya aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyularaq zərfin ağzı bağlanılır, həm onun tərəfindən həmdə polis əməkdaşları tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus Samsung markalı mobil telefon bir ədəd zərfə qoyularaq zərfin ağzı bağlanılır, həm onun tərəfindən həmdə polis əməkdaşları tərəfindən imzalanır. Bundan başqa baxış zamanı Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı Vüqar İsizadə və digər polis əməkdaşları özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış psixotrop maddə metamfetaminə bənzər maddə, mobil telefon və əməliyyat tədbirinin keçirilməsi barədə disk təhqiqatçıya təqdim olunur. Bundan sonra keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış bükümdə olan olan psixotrop maddə metamfetaminə oxşar maddə MEM-ə göndərilmək üçün götürülür. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin vidogörüntüsünə baxış keçirilr. Sonda protokol tərtib olunur və polis əməkdaşları tərəfindən imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16- 16/2-6/2410/2025 saylı 11 iyul 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs A...” yazıları olan bir ədəd zərfin içərisində 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,488 qram maddə kütləsi psixotrop maddə metamfetamindir. Qalıq 0,438 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 5559 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 12 iyul 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşağı var. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,438 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınmalı, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,438 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınsın. Maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 (iki yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar