Məhkəmə qərarları › İş №1(010)-565/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-565/2025

16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(010)-565/2025 16.03.2026 BAKI ŞƏHƏRI SURAXANI RAYON MƏHKƏMƏSI Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 27 aprel 1981-ci il tarixdə Qazax rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3cü Bünyadzadə küçəsi, ev 7, mənzil 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşayan, 16 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, 19 yanvar 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə “həbs” növündə qətimkan tədbiri seçilmiş, 10 fevral 2026-cı il tarixdə tutulmuş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,809 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlayaraq üzərində daşımış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 avqust 2025-ci il tarixdə saat 23:22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən “Veteranlar parkı”nın qarşısında piyada hərəkətdə olduğu zaman saxlanılaraq orada videoçəkilişlə üzərinə baxış keçirilən zaman əlində olan kağız paketin içərisindən xeyli miqdarda, təmiz çəkisi 0,809 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il olar ki, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini çəkmək yolu ilə istifadə edir və istifadə etdiyi psixotrop maddəni şəhərin müxtəlif yerlərindən tanımadığı şəxslərdən almışdır. 16 avqust 2025-ci il tarixdə tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata bir ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır ki, münasib vaxt olanda istifadə etsin. Həmin gün, yəni 16 avqust 2025-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən “Veteranlar” parkının qarşısında bacısı X2 ilə birlikdə piyada hərəkət etdikləri vaxt üç nəfər şəxs ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını deyib, özlərini təqdim edərək, ona narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu, bu səbəbdən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olduğunu demişlər. O da polis əməkdaşlarına özünü təqdim edib etirazının olmadığını bildirmişdir. Bundan sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa çıxardıb təqdim etməyi təklif olunmuşdur. O da başqa çıxış yolu olmadığından əlində olan kağız paketin içərisindən öz istifadəsi üçün saxladığı bir ədəd bükümdə olan metamfetamini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu sual zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini öz istifadəsi üçün tanımadığı Səid adlı İran vətəndaşından 30 manat müqabilində əldə etmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyularaq zərfin ağzı bağlanılmış, həm o, həm də polis əməkdaşları tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır. Sonra onu 32-ci PB-yə aparmışlar və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19.12.2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra və tərəflərin etiraz etmədiklərini nəzərə alaraq şahidlər Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı şahid3 İlham oğlunun, Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməliyyat müvəkkilləri, polis leytenantı şahid2 və polis polkovnik-leytenantı şahid1 ifadələri elan edilməklə tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17.08.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 250100486 nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 16.08.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.08.2025-ci il tarixdə saat 23:22-də Bakı şəhəri, Suraxanı rayonu, Əhməd Mehbalıyev küçəsi, “Veteranlar parkı” ünvanında saxlanılmışdır. Saxlanılmış Təqsirləndirilən şəxsya yaxalanmasının səbəbləri barədə məlumat verilməklə ona tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını, həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini bildirmişdir, Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əlində olan ağ rəngli naxışlı hədiyyə paketinin içərisində şəffaf rəngli sellofana bükülmüş maddəni təqdim edərək həmin kütlənin metamfetamin olduğunu bildirmişdir (i.v. 12-13); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 17.08.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.08.2025-ci il tarixdə saat 23:22-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, “Veteranlar parkı”nın qarşısında saxlanılaraq üstü yoxlanılmış, əlindəki hədiyyə qutusunun içərisindən 1 bükümdə psixotrop müddəyə bənzər kütlə aşkar edilərək götürülməsi və qablaşdırılması raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan zərfə baxış keçirilmişdir. 1 ədəd DVD-yə komputerdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır (i.v. 17-18); şübhəli şəxsin tutulması haqqında 17.08.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 17.08.2025-ci il tarixdə saat 01:45də şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16.08.2025-ci il tarixdə saat 23:22-də tutulmuş hesab olunur (i.v. 30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.08.2025-ci il tarixli, 6/2794 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,809 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,809 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,709 qram (i.v. 47-51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18.08.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 62-63); qətimkan tədbirinin seçilməsi haqqında 18.08.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 82-83); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 18.08.2025-ci il tarixli, 5037 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 88-89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 94); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 03.09.2025-ci il tarixli qərardan görünür ki, xalis çəkisi 0,809 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,709 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı və təqdim olunan əşyaya baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 102-108); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-565/2025 saylı, 19.01.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmış, cinayət işi üzrə icraat dayandırılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 11.02.2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10.02.2026-cı il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq 10.02.2026-cı il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-565/2025 saylı, 11.02.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19.12.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.12. qadınlar. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPMnin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və o, qadın olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.12-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.12-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,709 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalı, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsya məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 176 (yüz yetmiş altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,709 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 176 (yüz yetmiş altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN 1900292431, h/h 40090019449212327214, BANK ABB Suraxanı filialı, SWIF+GODE İBAZAZ2X, müxbir hesabı 0137010002031, kod 805692, VÖEN 9900001881) ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar