Məhkəmə qərarları › İş №1(010)-570/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-570/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-570/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük Sovxozunda qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(005)-529/2023 nömrəli iş üzrə 14 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 12 aprel 2023-cü ildən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş (Nərimanov Rayon Məhkəməsinin 4(005)- 971/2023 nömrəli iş üzrə 25 iyun 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 12 sentyabr 2023-cü il tarixədək uzadılmış) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə yivli odlu döyüş silahı hesab edilən, texniki cəhətdən saz və atəşə yararlı olan, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, ПА-2104 nömrəli, Makarov konstruksiyalı 01 ədəd tapançanı, Makarov konstruksiyalı odlu silahın komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 kalibrli patronların saxlanılması üçün nəzərdə tutulan 01 ədəd darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və sair silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 06 ədəd patronları qanunsuz olaraq əldə edib gəzdirməklə və daşımaqla özünün kirayədə yaşadığı ünvan 3 ünvanında gizlədərək saxlamış, qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 aprel 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 17:00-da ünvan 4 ünvanın yaxınlığında idarə etdiyi “Daewo Espero” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq həmin avtomobili ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 18:55-dən etibarən üzərində şəxsi axtarış aparıldıqdan, eləcə də saat 20:02-dən etibarən qeyd edilən idarənin inzibati binasının həyətində özünün razılığı və iştirakı ilə həmin ““Daewo Espero” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildikdən sonra 12 aprel 2023-cü il tarixdə saat 21:07- dən etibarən yaşadığı ünvan 3 ünvanına özünün razılığı və iştirakı ilə baxış keçirilərkən həmin mənzilin mətbəx otağındakı şkafın içərisində əvvəlcədən 01 ədəd qara rəngli sellofan torbada gizlədib saxladığı və baxış zamanı çıxarıb təqdim etdiyi yivli odlu döyüş silahı hesab edilən, texniki cəhətdən saz və atəşə yararlı olan, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, ПА-2104 nömrəli, Makarov konstruksiyalı həmin 01 ədəd tapança, Makarov konstruksiyalı silahın komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 kalibrli patronların saxlanılması üçün nəzərdə tutulan həmin 01 ədəd darağının içərisində zavod üsulu ilə istehsal olunmuş, 9x18 kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və sair silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən həmin 06 ədəd patronlarla birgə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində dəniz kənarı sahədə gəzişərkən orada yerdən təsadüfən bir ədəd “Makarov” markalı odlu silah tapança tapmışdır. Həmin tapançanın içindəki darağında altı ədəd də patronları olmuşdur. Tapançanın həmin əraziyə kim tərəfindən tullandığını özü bilmir. Sadəcə marağı olduğu üçün həmin tapançanı özü ilə götürmüş və gətirib qara sellofan torbaya bükərək öz kirayədə yaşadığı ünvan 3 ünvanında mənzilin mətbəx otağındakı şkafın içərisinə qoymuşdur. 12 aprel 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində öz idarə etdiyi “Daewoo” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 4 ünvanın yaxınlığında olduğu zaman üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmiş və ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah əldə etməsi və saxlamağı barədə məlumatları olduğunu bildirib onunla bağlı əməliyyat axtarış tədbiri keçirilməsini demişlər, onu özlərində olan bu barədə qərarla da tanış etmişlər. Polis əməkdaşları ondan hər hansı silah saxlayıb saxlamadığını soruşduqda özü etiraf edib tapança saxladığını onlara bildirmişdir. Bundan sonra polis əməkdaşları onu həmin avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Orada özü şübhəli şəxs kimi tutulmuş, hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq təqdim edilmiş, heç bir etiraz etməmişdir. Sonra video çəkilişdən istifadə edilməklə özünün üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü üzərində, nə də ki idarə etdiyi avtomobildə hər hansı bir qanunsuz əşya olmadığını, lakin hazırda yaşadığı ünvanda, yəni ünvan 3 ünvanında odlu silah saxladığını bildirmişdir. Daha sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən yaşadığı həmin evə aid açarları, şalvarının sol yan cibindən idarə etdiyi avtomobilə aid açarları, sürücülük vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Həmçinin əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı, şalvarının arxa sağ yan cibindən özünün 328 manat pul vəsaitini çıxarıb baxışa təqdim etmişdir. Polis əməkdaşları həmin əşyalara baxış keçirmiş, üzərindən başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşı pulu, avtomobilin açarlarını, mənzil açarlarını, siqaret qutusunu və alışqanı ona geri qaytarmış, 01 ədəd “Samsung” markalı mobil telefonu, sürücülük vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsi isə iş üzrə lazım olduğu deyilərək götürülmüşdür. Özü idarə etdiyi avtomobilə və yaşadığı ünvana da baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Sonra bu barədə protokol yazılmış, özü də doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra video çəkilişlə özünün və vəkilin iştirakı ilə «Daewoo» markalı, **-GJ- *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə də polis əməkdaşı tərəfindən yazılmış protokolu imzası ilə təsdiq etmişdir. Daha sonra həmin polis əməkdaşları ilə və vəkillə birlikdə kirayə yaşadığı ünvan 3 ünvanına getmişlər. Ünvana cibində olan açarı çıxarıb qapını açmaqla daxil olmuşdur. Mənzilə video çəkilişlə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı özü mənzildə mətbəx otağında şkafın içərisində qara sellofan torbada saxladığı həmin 01 ədəd odlu silah “Makarov” tapançasını polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin torbanın içindəki qeyd edilən tapançanı, həmçinin onun darağındakı 06 ədəd patronları da aşkar etmişlər, sonra götürüb qablaşdırmışlar. Sorğu sual zamanı özü həmin odlu silahı dənizkənarı ərazidən tapdığını, tapançanı özündə saxlamasında hər hansı bir başqa qanunsuz məqsədinin olmadığını, eləcə də tapançanı həmin evdə saxladığı barədə heç kimin xəbəri və məlumatı olmadığını bildirmişdir. Mənzilin digər yerlərinə də baxış keçirilmiş, başqa qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra birlikdə idarəyə qayıtmışlar. Aşkar olunanlarla bağlı tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 12 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat- axtarış tədbirində, onun üzərində şəxsi axtarış aparılması, idarə etdiyi avtomobilə və yaşadığı mənzilə baxış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri olaraq özü iştirak etmişdir. 12 aprel 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib üzərində və yaşadığı ünvanda saxlaması, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan özü həmin məlumatı baş idarənin rəhbərliyinə raportla məruzə etmişdir. Ona görə də Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik özünə həvalə olunmuşdur. Bundan sonra əməliyyat qrupu olaraq Təqsirləndirilən şəxs olduğu yer barədə əldə etdikləri məlumat üzrə hərəkət etməyə başlamış və 12 aprel 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsi həmin gün saat 17:00-da ünvan 4 ünvanın yaxınlığında idarə etdiyi “Daewo Espero” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edib dərhal saxlamışlar. Həmin vaxt xidməti vəsiqələrini göstərməklə özlərini ona təqdim etmişlər, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduğunu bildirmişlər, saxladıqları şəxsə də özünü təqdim etməsini təklif etdikdə həmin şəxs anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs oduğunu təsdiqləmişdir. Özləri Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı ona elan etməklə bildirmişlər ki, onun qanunsuz odlu silah əldə edib saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı var, əgər bu kimi qanunsuz predmet saxlayırsa bildirsin. Təqsirləndirilən şəxs da səmimi şəkildə etiraf edib bildirmişdir ki, özü yaşadığı ünvanda bir ədəd odlu silah tapança və patronlarını saxlamaqdadır. Özləri dərhal Təqsirləndirilən şəxs həmin avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Belə ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, avtomobilinə də baxış keçirilməsi zərurəti yaranmışdır. İdarəyə gələndən sonra Təqsirləndirilən şəxs onun tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək təqdim olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində, nə də ki idarə etdiyi avtomobildə hər hansı bir qanunsuz əşya olmadığını, lakin yaşadığı ünvanda, yəni ünvan 3 ünvanında odlu silah tapança saxladığını bildirmişdir, həmçinin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən yaşadığı həmin evə aid açarları, şalvarının sol yan cibindən idarə etdiyi avtomobilə aid açarları, sürücülük vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Eləcə də əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonunu, bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı, şalvarının arxa sağ yan cibindən özünün 328 manat pul vəsaitini çıxarıb baxışa təqdim etmişdir. Həmin əşyalara baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar olunmamışdır. Onun pul vəsaiti, avtomobilin açarları, mənzil açarları, siqaret qutusu və alışqanı özünə geri qaytarılmış, “Samsung” markalı mobil telefonu, sürücülük vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsi isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazı olmadığını da bildirmişdir. Şəxsi axtarış prosesi başa çatandan sonra bu barədə protokol yazılaraq ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra video çəkilişlə Təqsirləndirilən şəxs könüllü razılığı əsasında onun və müdafiəçisinin iştirakı ilə «Daewoo» markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmişdir. Avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə də onun tərəfindən tərtib olunmuş protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs razılığı əsasında onun və müdafiəçisinin iştirakı ilə onun yaşadığı ünvana, yəni ünvan 3 ünvanına getmişlər. Təqsirləndirilən şəxs özü cibində olan açarla mənzilin qapısını açıb onları içəriyə dəvət etmişdir. Mənzilə video çəkilişlə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs mənzildə mətbəx otağında şkafın içərisində qara sellofan torbada saxladığı predmeti təqdim edib odlu silah “Makarov” tapançası olduğunu bildirmişdir. Həmin sellofan torba açılıb baxılmış, onun içərisindən 01 ədəd odlu silah “Makarov” tapançasına bənzər predmet, həmçinin onun darağındakı 06 ədəd patrona bənzər predmetlər aşkar olunmuş və götürülüb qablaşdırılmışdır. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin odlu silahı və patronları özü dənizkənarı ərazidən tapmışdır, tapançanı özündə saxlamaqda hər hansı bir başqa məqsədi olmamış, eləcə də tapançanı həmin evdə saxlamağı barədə heç kimin xəbəri və məlumatı olmamışdır. Mənzilin digər yerlərinə də baxış keçirilmiş, lakin başqa qanunsuz heç nə aşkar olunmamışdır. Mənzilə baxış keçirmə prosesi də başa çatdırılmış, birlikdə idarəyə qayıtmışlar, aşkar olunanlarla bağlı orada onun tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs əməliyyat- axtarış tədbiri zamanı saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən, şəxsi axtarış, avtomobilə və mənzilə baxış prosesləri zamanı ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinin 13 aprel 2023-cü il tarixli 23/287R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd ПА-2104 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1961-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üzulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Təqdim edilmiş 06 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 03 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 4(005)-529/2023 nömrəli iş üzrə 14 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 aprel 2023-cü ildən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 4(005)-971/2023 nömrəli iş üzrə 25 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 12 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı 865276 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 aprel 2010-cu il təvəllüdlü X1 Səyyar Məclum oğlunun və X2 uşağıdır. İş materiallarında olan AZ-İİ seriyalı 007271 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 mart 2019-cu ildə ölmüşdür. İş materiallarında olan Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Türkan qəsəbəsi, Üzümçülük sovxozu ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs haqqında mənfi halların baş verməsi barədə qəsəbə nümayəndəliyində heç bir yazılı məlumat yoxdur. Onun barəsində Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” X8 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin arayışından görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, həyat yoldaşının vəfat etməsini, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 aprel 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sübutların saxlanc yerində saxlanılan 9 mm kalibrli, ПА-2104 nömrəli “Makarov” konstruksiyalı 01 ədəd tapança, həmin tapançaya aid 01 ədəd daraq və 9x18 kalibrli 03 ədəd patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 aprel 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sübutların saxlanc yerində saxlanılan 9 mm kalibrli, ПА-2104 nömrəli “Makarov” konstruksiyalı 01 ədəd tapança, həmin tapançaya aid 01 ədəd daraq və 9x18 kalibrli 03 ədəd patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar