Məhkəmə qərarları › İş №1(010)-572/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-572/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-572/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1978-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozu ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olmaqla fiziki şəxs Şahid3 icarəyə verilmiş 0,17 ha torpaq sahəsində Şahid3 tərəfindən torpağa əkilmiş hər birinin diametri 4 sm və dəyəri 80 manat olmaqla, cəmi 23 ədəd müxtəlif növ ağac tingini yerindən çıxararaq məhv etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın üç dəfə artırılması hesablandığını nəzərə alaraq, ümumilikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5520 manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 259.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, sonradan özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı evin yaxınlığında 40 sot torpaq sahəsi vardır və həmin torpaq sahəsi dövlətə məxsus olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Buna görə də, həmin torpaq sahəsində heç bir tikinti işləri aparmaq olmaz və yalnız kənd təsərrüfatı təyinatlı işlər görməyə icazə vardır. Qardaşı da həmin 40 sot torpaq sahəsindən 15 sot Abşeron rayon İcra Hakimiyyətindən 99 il müddətinə kənd təsərrüfatı təyinatlı işlər görmək üçün icarəyə götürmüş və bu barədə çıxarış almışdır. Sözü gedən torpaq sahəsindən qalan 25 sot torpağı isə onunla qonşuluqda yaşayan Şahid3 Abşeron rayon İcra Hakimiyyətindən almışdır. Bundan sonra o və qardaşı həmin torpaq sahəsinin qarşısında bir ədəd avtomobil yuma məntəqəsi düzəltmişlər və qardaşı oranı işlətməyə başlamışdır. Lakin Elşad isə həmin torpaq sahəsini hasara alaraq bəzi tikinti işləri aparmışdır. Bundan sonra Elşad onlardan aldığı torpaq sahəsinə yol kimi 5 metr enində və 30 metr uzunluğunda yol istəmişdir. Onlar da qonşu olduğu üçün razılaşmışlar və Elşada öz torpağından 5 metr enində və 30 metr uzunluğunda yol vermişlər. Lakin Elşad onların verdiyi yolu da obyekt kimi tikməyə başlamışdır. Bundan sonra həmin 45 sot torpaq sahəsinin yanında dəmiryol idarəsinə məxsus 17 sot torpaq sahəsini də yalandan dövlətdən aldığını bildirmişdir. O da Elşadın yalan dediyini sübut etmiş, çünki həmin torpağa dair heç bir sənəd olmamış və torpaq dəmiryol idarəsinin balansında olmuşdur. Buna baxmayaraq, Elşad həmin 17 sot torpaq sahəsini dəmir setka ilə hasara almış və bu qanunsuz olduğu üçün setka sökülmüşdür. O, həmin torpaq sahəsinin Elşada məxsus olmadığını dəqiqləşdirdikdən sonra bu 17 sot torpaq sahəsinin bir sot hissəsinə 30 ədəd zeytun və şam ağacının tinglərini əkmişdir. Buna baxmayaraq, həmin gün gecə Elşad həmin onun əkdiyi ağac tinglərini yerindən çıxararaq harasa atmış və özü həmin 1 sot torpaq sahəsində dəqiq sayını bilmədiyi miqdarda ağac tingləri əkmişdir. O, 31 avqust 2022-ci il tarixdə səhər tezdən saat 06:00 radələrində həmin torpaq sahəsinə gedib baxış keçirən zaman Elşadın onun əkdiyi ağac tinglərini çıxarıb harasa atdığını və özünün həmin bir sot torpaq sahəsində ağac tingləri əkdiyini görmüşdür. Bu zaman o, əsəbiləşərək Elşadın torpağa əkdiyi dəqiq sayını bilmədiyi sayda ağac tinglərini dartaraq yerindən çıxarmış və torpağın kənarına toplamışdır. Həmin ağacların təxmini sayı 20 ədəd olmuşdur. Bir az sonra Elşad həmin yerə gəlmiş və onun əkdiyi ağac tinglərini çıxardığı yeri və ağac tinglərini yığdığı yeri mobil telefon vasitəsilə çəkmişdir. Daha sonra Elşad onu cəzalandıracağını demiş, o da Elşada heç nə edə bilməyəcəyini demişdir. O, Elşadın əkdiyi torpağa əvvəlcə özü 30 ədəd ağac tingləri əkmiş və Elşad gecə ilə həmin ağac tinglərini çıxarıb özü ağacları əkdiyi üçün o, əsəbiləşib Elşadın əkdiyi ağac tinglərini yerindən çıxarıb kənara yığmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhəri 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 0,17 ha torpaq sahəsində qanunsuz ağac kəsilməsi faktı barədə məlumat daxil olmuşdur. Bundan sonra iş yoldaşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi müfəttiş vəzifəsində işləyən Şahid1 ilə birlikdə həmin ünvana getmişlər. Bu zaman həqiqətən də, sözü gedən torpaq sahəsində təzə əkilmiş 23 ədəd tingin əkildiyi yerdən çıxarılması məlum olmuş, lakin həmin vaxt 23 ədəd ting torpaqdan yeni çıxarıldığı üçün məhv olmamış və onlar orada olan Elşad və Təvəkkül adlı şəxslərə həmin tingləri yenidən torpağa əkmələrini və məhv etməmələrini göstəriş vermişlər. Həm də bu barədə akt tərtib edərək aidiyyəti üzrə göndərmişlər. Bundan iki aya yaxın müddət sonra yenidən həmin torpaq sahəsində qanunsuz tinglərin çıxarılması və məhv edilməsi barədə məlumat daxil olmuşdur. Yenə də iş yoldaşı Şahid1 ilə birlikdə həmin ünvana getmişlər. Orada Elşad və Təvəkkül adlı şəxslərin sözlə mübahisə etdiklərini görmüşlər. Həmin torpaq sahəsinə baxış keçirərkən iki ay əvvəl, yəni 01 sentyabr 2022-ci il tarixdə baxış keçirdiyi zaman torpaqdan çıxarılmış tinglərin yenidən əkilməsinə göstəriş versələr də, həmin göstərişin icra olunmaması və faktiki olaraq 23 ədəd hər birini diametri 4 sm əlan tinglərin məhv olmasını aşkar etmişlər. Onlar həmin faktı sənədləşdirərək bu barədə akt yazmışlar və iştirakçılara imza etmişlər. Daha sonra isə həmin faktla bağlı digər sənədləşmə işlərini də yekunlaşdıraraq araşdırma aparılması üçün nazirlik vasitəsilə Baş Prokurorluğa göndərmişlər. Hadisə zamanı məhv olmuş hər bir tingin diametri 4 sm olmaqla hər birinin dəyəri 80 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 saylı qərarına əsasən, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların yaşıllıq mühafizəsi sahəsində qanunvericiliyinin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyan 3 dəfə artırılmaqla hesablandığı üçün baş vermiş hadisə nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 23x80x3 hesabı ilə, cəmi 5520 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Məmmədov X7 ifadəsində bildirmişdir ki, "xxxx" Azərbaycan Dəmir Yoları” QSC-nin törəmə müəssisəsidir. O, "xxxx" MMC təsis edildiyi vaxtdan, yəni 2017-ci ildən həmin şirkətin direktorudur. Şirkətin fəaliyyəti QSC-nin əmlakını verilmiş etibarnamə əsasında idarə etməkdən ibarətdir. 21 sentyabr 2022-ci il tarixdə Şahid3 "xxxx" QSC-nin infrastruktur departamentinə dəmir yolunun Yeni Suraxanı-Hövsan mənzili 6 km pk 9+70 m-dən 7 km pk 0+70 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfindən təhkim zolağına boş torpaq sahəsinin əkinçilik üçün icarəyə götürmək müraciət etmişdir. Bununla bağlı departamentin razılıq rəyi əsasında xx.xx.2022-ci il tarixdə Şahid3la müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən Şahid3 icarəyə 0.17 ha rabitə, nəqliyyat və sənaye təyinatlı torpaq sahəsi verilmişdir. Dəmir yolunun mühafizə zolağında yerləşsə də 5 metr məsafədən kənar olduğundan oranı icarəyə vermək mümkün olmuşdur. Torpaq sahəsi icarəyə verilərkən orada yaşıllığın olub-olmaması yadında qalmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 0,17 ha torpaq sahəsində qanunsuz ağac kəsilməsi faktı barədə məlumat daxil olmuşdur. Bundan sonra iş yoldaşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhəri 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyən Nümayəndə ilə birlikdə həmin ünvana getmişlər. Bu zaman həqiqətən də, sözü gedən torpaq sahəsində təzə əkilmiş 23 ədəd tingin əkildiyi yerdən çıxarılması məlum olmuş, lakin həmin vaxt 23 ədəd ting torpaqdan yeni çıxarıldığı üçün məhv olmamış və onlar orada olan Elşad və Təvəkkül adlı şəxslərə həmin tingləri yenidən torpağa əkmələrini və məhv etməmələrini göstəriş vermişlər. Həm də bu barədə akt tərtib edərək aidiyyəti üzrə göndərmişlər. Bundan iki aya yaxın müddət sonra yenidən həmin torpaq sahəsində qanunsuz tinglərin çıxarılması və məhv edilməsi barədə məlumat daxil olmuşdur. Yenə də iş yoldaşı Nümayəndə ilə birlikdə həmin ünvana getmişlər. Orada Elşad və Təvəkkül adlı şəxslərin sözlə mübahisə etdiklərini görmüşlər. Həmin torpaq sahəsinə baxış keçirərkən iki ay əvvəl, yəni 01 sentyabr 2022-ci il tarixdə baxış keçirdiyi zaman torpaqdan çıxarılmış tinglərin yenidən əkilməsinə göstəriş versələr də, həmin göstərişin icra olunmaması və faktiki olaraq 23 ədəd hər birini diametri 4 sm əlan tinglərin məhv olmasını aşkar etmişlər. Onlar həmin faktı sənədləşdirərək bu barədə akt yazmışlar və iştirakçılara imza etmişlər. Daha sonra isə həmin faktla bağlı digər sənədləşmə işlərini də yekunlaşdıraraq araşdırma aparılması üçün nazirlik vasitəsilə Baş Prokurorluğa göndərmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2022-ci ilin mart ayında Abşeron rayonunun ərazisində yerləşən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,25 ha torpaq sahəsini ferma təsərrüfatı təşkil etmək üçün 99 il müddətinə icarəyə götürmüşdür. Həmin torpaq sahəsinin önündə yerləşən torpaq sahəsində 2022-ci ilin sentyabr ayında ağaclar əkmişdir. Ağac əkdikdən sonra Təvəkkül gəlib səs-küy salmış, əkdiyi ağacları məhv etmişdir. Sonradan Təvəkkülün qardaşı atasında üzrxahlıq etmiş və o, yenidən oraya ağaclar əkmişdir. Bu dəfə o, Təvəkkülün hərəkətlərini mobil telefonuna çəkmiş və saytlara yaymışdır. O, özü həmin ərazilərdə böyümüş və orada yaşayan Təvəkkül Aslanovu uşaqlıqdan tanımışdır. Onunla əvvəllər münasibətləri normal olmuş, Təvəkkül isə ona ağacları məhv etməkdə məqsədi həmin əraziyə avtoyuma məntəqəsini köçürmək olmuşdur. Sözü gedən 0.17 ha torpaq sahəsi onun tərəfindən torpaq sahəsinin mülkiyyətçisi olan "xxxx" QSC-dən xx.xx.2021-ci il tarixli 122035 saylı etibarnamə əsasında "xxxx" MMC-dən 2022-ci ilin oktyabr ayında icarəyə götürmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və X5 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 sentyabr 2022-ci il tarixli, 75188 nömrəli aktından görünür ki, ünvan 3 ünvanında yaşayan vətəndaş Şahid3 “əkdiyi ağacların qonşusu tərəfindən çıxarılması” ilə bağlı Nazirliyin “Qaynar xətt” xidmətinə daxil olmuş və araşdırılması üçün İdarəyə ünvanlanmış 26 avqust 2022-ci il tarixli İD-15344 qeydiyyat nömrəli məlumatı şikayətçinin və şikayət olunan Təqsirləndirilən şəxs Zilfi oğlunun iştirakı ilə tərəflərindən yerində araşdırıldı. Şikayətçi Şahid3 yazılı izahat verərək mülkiyyətində olan torpaq sahəsinin qarşısındakı boş ərazidə əkib qulluq göstərdiyi ağac və gül kollarının yolun digər tərəfindən yaşayan Təvəkkül adlı şəxs tərəfindən kökündən çıxarılaraq kənara atıldığını və ya maşınla məhv edildiyini bildirdi. Şikayət olunan Təqsirləndirilən şəxs da öz növbəsində yazılı izahat verərək qonşusu Şahid3 ağac əkərək ərazini zəbt etdiyini və onun özü tərəfindən qurumuş tinglərin çıxarılaraq yerinə yenilərinin əkildiyini bildirdi. Araşdırma ilə əlaqədar keçirilən baxış zamanı Hövsan-Hava Limanı avtomobil yolunun (MİDA-nın yaşayış binalarının yaxınlığından keçən hissəsindəki körpünün yaxınlığında) kənarında Şahid3 məxsus torpaq sahəsi ilə dəmiryolu xəttinin arasındakı ərazidə kök üstə yaş halda 43 ədəd zeytun tingi, 48 ədəd ekvalipt tingi, 12 ədəd palma kolu və tam quru halda 18 ədəd evkalipt tinginin olduğu, eyni zamanda Şahid3 mülkiyyətində olan torpaq sahəsinin digər hasarının xaricində kök üstə yaş halda 25 ədəd xan çinar tingi, 26 ədəd söyüd tingi, 14 ədəd evkalipt tinginin, 27 ədəd lüqustur kolu və 26 ədəd qızılgül kolunun əkildiyi və onlara qulluq göstərildiyi, 23 ədəd tingin isə kökündən çıxarılaraq kənara atıldığı müəyyən edildi. Araşdırma müddətində tinglərin kim tərəfindən çıxarılmasını müəyyən etmək mümkün olmadı. Ərazidən çəkilmiş fotoşəkillər akta əlavə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və X5 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 noyabr 2022-ci il tarixli, 76011 nömrəli aktından görünür ki, 05 noyabr 202-ci il tarixində 1 nömrəli Hövsan Zeytunçuluq sovxozun yaxınlığında dəmir yolu xəttinin kənarında yerləşən torpaq sahəsində yoxlama aparılarkən aşkar edilmişdir ki, sosial şəbəkələrdə Suraxanı rayonu, Hövsan qəsəbəsində “yeni əkilən ağacların kökündən çıxarılması” ilə bağlı yayılmış məlumat şikayətçi Şahid3 və şikayət olunan Təqsirləndirilən şəxs iştirakı ilə yerində araşdırıldı. Şikayətçi Şahid3 yazılı izahat verərək "xxxx" QSC ilə bağlanmış müqavilə sənədinə əsasən bağ-bostan üçün istifadə etmək məqsədilə ona icarəyə verilmiş torpaq sahəsinə əkdiyi tinglərin cari ilin avqust ayında qonşusu Təvəkkül adlı şəxs tərəfindən çıxarılaraq məhv edildiyini və qonşusu ilə yaranmış mübahisə zamanı telefonu yararsız hala düşdüyündən faktı təsdiq edən videogörüntünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdiyi şikayətə əsasən aparılmış araşdırmaya təqdim etmək mümkün olmadığını bildirdi. Şikayət olunan Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə həmin torpaq sahəsinə 30 ədəd Zeytun tingi əkdiyini bildirdi və yazılı izahat verməkdən imtina etdi. Araşdırma zamanı sözügedən ünvanda vətəndaş Şahid3 xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik və dəmir yolu xəttinin mühafizə zolağına aid olan 0.17 ha torpaq sahəsinin "xxxx" QSC ilə bağlanmış 14 oktyabr 2022-ci il tarixli müqavilə sənədinə əsasən bağ-bostan üçün istifadə etmək məqsədilə X3 icarəyə verildiyi məlum oldu. Baxış zamanı sözügedən torpaq sahəsinə 30 ədəd yeni zeytun tinginin əkildiyi məlumoldu. 2022-ci ilin avqust ayında çəkilmiş və sosial şəbəkələrdə yayılmış, eyni zamanda şikayətçi Şahid3 tərəfindən araşdırmaya təqdim edilmiş əlavə videogörüntülərə əsasən həmin torpaq sahəsində əkilmiş tinglərin bir hissəsinin (01 sentyabr 2022-ci il tarixli akta əsasən 23 ədədinin) vətəndaş Təqsirləndirilən şəxs tərəfindən çıxarılaraq məhv edildiyi məlum oldu. Bununla da Təqsirləndirilən şəxs tərəfindən “ətraf mühitin mühafizəsi haqqında Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulduğu müəyyən edildi. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 19 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs torpağa əkilmiş və sulanmış halda olan bir çox ağac tingini dayaq verilmiş taxta parçası ilə birlikdə çıxarıb atması müəyyən edilin. Təqsirləndirilən şəxs torpağa əkilmiş və sulanmış halda olan iki ədəd ağac tingini dayaq verilmiş taxta parçası ilə birlikdə çıxarıb atması müəyyən edilir. Diskdə olan 51 ədəd fotoşəkillərdə isə hadisənin baş verdiyi ərazi və torpaqdan çıxarılmış, kökündə sulanmış vəziyyətdə torpaq parçası qalmış ağac tinglərinin olması müəyyən olundu. İş materiallarında X1 xx.xx.2023-cü il tarixli, 99 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənləri nəzərə alaraq, 4 sm diametrində olan 1 (bir) ədəd ağac tinginin dəyərinin 80.0 manat olduğunu, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın üç dəfə artırılmaqla hesablandığını nəzərə alaraq, 23 ədəd ağac tinginin götürülməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş maddi ziyan 5520 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 013988 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zülfü oğlunun atası X2 ömürlük əlildir. İş materiallarına olan İV-JQ seriyalı 353811 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zülfü oğlunun qardaşı X4 05 avqust 1992-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs Zülfü oğlunun təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət törətməsini, himayəsində yaşlı ömürlük yataq xəstəsi olan atasının olmasını, İ-ci Qarabağ müharibəsində qardaşının şəhid olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, İİİ-cü qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Zülfü oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zülfü oğlu Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Zülfü oğlu CM-nin 259.1ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Zülfü oğlu Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək 5.500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs Zülfü oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, hadisə zamanı Təqsirləndirilən şəxs Zülfü oğlu tərəfindən torpaqdan çıxarılaraq məhv edilmiş diametri 4 sm olmaqla, cəmi 23 ədəd ağac tingi məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs Zülfü oğlunun hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Zülfü oğlu Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək 5.500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Zülfü oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, hadisə zamanı Təqsirləndirilən şəxs Zülfü oğlu tərəfindən torpaqdan çıxarılaraq məhv edilmiş diametri 4 sm olmaqla, cəmi 23 ədəd ağac tingi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs Zülfü oğlunun hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar